Kim deyir ki, lisanımız ayrıdır,
Nə adımız, nə sanımız ayrıdır,
Nə canımız, nə qanımız ayrıdır,
Ürək birdir, bədən birdir, Şəhriyar,
Vətən birdir, Vətən birdir, Şəhriyar.
Süleyman Rüstəm.
Türk dünyasının böyük şairi Seyid Məhəmmədhüseyn Şəhriyarın (1906–1988) bədii yaradıcılığı daim tədqiqatçılarımızın diqqət mərkəzindədir. Cənubi Azərbaycanın azadlıq uğrunda gedən mübarizədə iştirakçısı olmuş M.Şəhriyarın ədəbi yaradıcılığı bir çox mövzuları əhatə etsə də, onun şeirlərində ikiyə bölünmüş vətənin həsrəti, onun azadlığı, tarixi keçmişinə hörmət əsas leytmotiv təşkil etmişdir. «Sərdari–milliyyə»nin, yəni Səttar xanın rəhbərliyi ilə tarixə Məşrutə inqilabı kimi daxil olmuş 1905–1911–ci illər xalq hərəkatının ədibin uşaqlıq dövrünə təsadüf etməsi və siyasi proseslərin gedişatı haqqında tarixi yaddaşlara həkk olunmuş xatirələr şairin azadlıq ideyalarının formalaşmasına təkanverici amilə çevrilmişdir. Məhəmmədhüseyn Şəhriyar Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvəri kimi dahi azərbaycanlıların rəhbərlik etdiyi milli azadlıq hərəkatının təsiri altında yaradılmış müstəqil Azərbaycan dövlətlərinin canlı şahidi olmuş və azadlıq abı–havası onun ruhuna hopmuşdur. Ömürləri qısa olmuş 1905–1911, 1918–1922, 1945–1946–cı illərdə Cənubi Azərbaycanda yaradılmış müstəqil milli dövlətlərin taleyini və tarixi əhəmiyyətini poetik dillə əks etdirməyə müvəffəq olmuşdur.
Azərbaycanı parçalamış rus və fars imperializmi azərbaycançılılığın silinməsi, soydaşlarımızın ruslaşma və ya farslaşması istiqamətində uzunmüddətli siyasi kursun həyata keçirilməsinə üstünlük vermişlər. Soyundan, kökündən qoparmaq üçün millətimizin başına gətirilmiş tarixi faciələrin xalqımızın düşüncə tərzində «millət», «dil» məfhumunun tədricən silinməsinə gətirib çıxarması təzahürləri özünü büruzə verməyə başlamışdır. Moskva və Tehran azərbaycanlıların şərəfli və qədim tarixə, dövlətçiliyə malik türklərin varisləri olmasından ehtiyatlanaraq soydaşlarımızın şüurundan türkçülük ünsürlərinin silinməsinə çalışmışlar. Yaranmış durumda azərbaycanlıların öz tarixinə, köklərinə söykənərək müasir dünyada öz yerini almaq tələbi şairin əsərlərində əksini tapmışdır. Məhəmmədhüseyn Şəhriyarın «Türk övladı, qeyrət vaxtıdır!» şerində türkçülüyün milli inkişaf yolunda rəhbər xətt kimi tutulması səsləndirilir:
Türklərin qeyrəti Türkiyədə, Qafqazda gərək,
Qaynasın indi ki, islamda cahad meydanıdır.
Kərbəla faciəsi təcdid olur İranda,
Qeyrətin qaynasa, bil ki, bu Hüseynin qanıdır.
Milli örnəklərimizin qorunması və Ana dili problemi Şəhriyar yaradıcılığında özünün spesifikliyi ilə diqqəti cəlb edir. Şairin «Türkün dili» şeri xüsusi maraq kəsb edir. Tarixi prosesin inkişafı təcrübəsinə əsaslanaraq hər bir xalq özünün mənəvi aləmini–ədəbiyyatını, elmini, sənətini, qəhrəmanlıq tarixini öz ana dilində nəsildən–nəslə ötürür. Xalq bəşəriyyətdə öz ana dili ilə seçilir və tanınır. Ana dilin tənəzzüllünün artıq o millətin bir millət kimi məhvinə səbəb olmasını anlayan şair soydaşlarımızı Azərbaycan dilinin təmizliyini qorumağa, onun assimilyasiya edilməsinin qarşısını almağa çağırırdı:
Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.
Öz şerini farsa, ərəbə qatmasa şair,
Şeri eşidənlər, oxuyanlar kəsil olmaz.
* * *
Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair pəxil olmaz.
Şair вətəninin, elinin azadlığı uğrunda mübarizəni şeirlərində əks etdirməklə, qəsb olunmuş torpaqların ağrısını da oxucuya poetik dillə çatdırmağa müvafiq olmuşdur. Azərbaycanın çar rejimi tərəfindən işğal edilməsinin faciəvi nəticələri «Gecənin əfsanəsi» poemasında əks etdirilmişdir:
Kazak alayları çarın əmrilə
Necə qan uddurur o məzlum elə,
Bayraq dalğalanır, üstündə qartal
Ellərə gətirir sonsuz qəm, məlal.
Azərbaycanın iki hissəyə bölünməsi və bu baxımdan soydaşlarımızın iki ideoloji sistemin təsiri altında olması şairi narahat etmiş amillərdən başlıcası olmuşdur. Pəhləvi rejimi kimi bir dövrdə yazıb–yaratmış bu dahi şairin keçirdiyi həyəcanlar «Şer və hikmət» poemasında əksini tapmışdır:
Mənim bir ağ saçlı məmləkətim var,
Əcaib, qəraib bir millətim var,
* * *
İynənin gözündən keçsək də ellik,
Bəzən darvazadan keçə bilmərik.
Ögey ideoloji təsir altında milli dəyərlərin silinməsi, milli dövlətçiliyin süqutu, tarixi Azərbaycan torpaqlarında yad sivilizasiyon dəyərlərin yayılması təsiri altında soydaşlarımız arasında etik–mənəvi böhranın cərəyan etməsi M.Şəhriyarın yaradıcılığında ürək ağrısı və çılpaqlığı ilə ifadə olunur. Şairin «İman ilə getdi» adlı şeri buna parlaq misaldır:
Bizə bir din qala bilmişdi miras, bir də bu İran,
Din gedəndə dedi: «тək getmərəm!», İran ilə getdi.
İstədik qanla yuvaq ölkəmizin ləkəsin, amma,
Ölkəmiz xalis özü ləkə olub qan ilə getdi.
Şəhriyar millətimizin ayrılığının ağrılarını bir vətən oğlu kimi duyur və bunu «Aman, ayrılıq!» şerində poetik dillə əks etdirməyə müvafiq olur. İki əsrlik ayrılığın ağrılarını görən şair bunları ürəkağrısı ilə qeyd edir.
Arazım vursun baş daşdan–daşa,
Göz yaşı gərək başlardan aşa,
Necə yad olsun qardaş–qardaşa?
Nə din qanır, nə iman ayrılıq,
Aman, ayrılıq, aman, ayrılıq!
Azərbaycanın parçalanmasından hətta təbiətin də bu haqsızlıqdan əziyyət çəkməsini M.Şəhriyar «Məhəmməd Rahimə cavab» şerində poetik dillə vermişdir:
O taydadır Şəki, Şirvan, Qarabağ,
Bu tayda da Meşgin, Əhər, Qaradağ,
Bir–birlərin Arazdan almış soraq,
Araz bizi ayırmadan dağlayıb,
Son özü də gecə–gündüz ağlayıb.
Şair həmçinin Heydərbaba dağının adını ikiyə bölünmüş Azərbaycanın bir hissəsi olan Cənubi Azərbaycanın simvoluna çevirə bilmişdir. Heydərbaba deyəndə Şəhriyar və onunla bərabər Cənubi Azərbaycan, onun tarixi olayları gözümüzdə canlanır. Bu baxımdan xalqın başına gətirilmiş tarixi oyunların şahidinə çevrilmiş Heydərbaba dağının adı ilə bağlı «Heydərbabaya salam» poeması kamil sənət nümunəsi kimi diqqəti cəlb edir.
Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?
* * *
Heydərbaba, səni vətən bilmişdim
Vətən deyib, baş götürüb gəlmişdim,
Səni görüb göz yaşımı silmişdim,
Halbuki, lap qəmli qürbət səndəymiş,
Qara zindan, acı şərbət səndəymiş.
* * *
Divar ucaldı, gün bizə düşmədi,
Zindan qaraldı, göz–gözü seşmədi,
Gündüz gözü mənim lampam keşmədi,
Sel də basdı, evimiz dolub göl oldu,
Çox yazığın evi çönüb çöl oldu.
Ədib «İki qardaş arasında» adlı şerində Araz çayı üzərindəki məftilli–tikanlı səddin Azərbaycanı iki yerə ayırmasını ürəkağrısı ilə qələmə alır. Tarixi faktlara əsaslanaraq qeyd edək ki, 12 oktyabr 1813–cü ildə Qarabağın Gülüstan kəndində bağlanmış Gülüstan və 10 fevral 1828–ci ildə Türkmənçay müqavilələrindən sonra Araz bütöv Azərbaycanı ikiyə bölən bir çaya çevrildi. Tarixi hadisələrin Araz çayı ilə əlaqədar olmasını əsas götürən müəllif, bu tarixi olayları üstüörtülü şəkildə oxucularına çatdırmağa nail olur:
Göz yaşımsan, ay Araz, qoyma gözüm baxsa da görsün,
Nə yaman pərdə çəkibsən iki qardaş arasında.
Milli dəyərlərin böhranı və ayrılığın təsiri altında soydaşlarımız arasında ümidsizlik motivlərinin yayılması da M.Şəhriyarın yaradıcılığında əks etdirilmişdir. Belə ki, şair «Əziz Azərbaycanıma xitab» qəsidəsində özünü «yuvası yetim qalan bir qanadsız quş» obrazı ilə eyniləşdirir:
Ey məhəbbət, ey ülfət məskəni məğrur Vətən!
Gözü yolda, yaralı, həsrət anam da sənsən.
Qolumun zəncirləri nə vaxt parçalanacaq,
Həsrətinlə çırpınan körpə uşağam, uşaq!
Yuvası yetim qalan bir qanadsız quşam mən,
İsti ana köksünü arzularam ürəkdən.
Azadlıq müjdəsini alır hər yer, hər məkan,
Sən başı bəlalısan elə başdan, binadan.
Qorudun başla, canla ellərin iqbalını
Qorudun bir ər kimi İran istiqlalını.
Bununla yanaşı, M.Şəhriyar Azərbaycanın parçalanmasını öz şəxsi azadlığı ilə əlaqələndirir. Şair üçün Vətənin azadlığı uğrunda mübarizə şəxsi azadlıq mübarizəsi ilə müəyyən dərəcədə üst–üstə düşür. «İns və cin» şerində M.Şəhriyar İranı dolayı olsa da qazamat ilə, özünü isə dustaq kimi qələmə vermişdir:
Mən toyuq tək öz hinimdə dustağam illər boyu,
Bir xoruz yolla, tapam mən bəlkə bu hindən nicat.
Şəhriyarın da, əzizim, bir tutarlı ahı var,
Düşməni Əhriman olsun, tapmaz ahından nicat.
Şairin «Qardaşım Süleyman Rüstəmə» şerində həqiqətdə də zindanlara düşüb dustaq olduğu üçün deyil, mənən, yəni Azərbaycanın Güney və Güzey Azərbaycan kimi iki yerə bölünməsi baxımından özünü məhbus kimi hiss etməsi motivinə də rast gəlirik. 1905-1911- ci illərdə – Səttar xan, 1918-1922-ci illərdə – Şeyx Məhəmməd Xiyabani və 1945–1946–cı illərdə–Seyid Cəfər Pişəvəri kimi azadlıq mücahidlərinin rəhbərlik etdikləri xalq hərəkatları, bu azadlıq yolunda Şəriəti, Təxti kimi vətənsevər insanların qurban verilməsi də əsərdə bədii poetik dillə verilmişdir. Onu da xüsusi vurğulamaq lazımdır ki, bu deyilənlər Azərbaycan millətinin qanla yazılmış tarixinin səhifələridir.
Qırx ildi ki, dustağam mən,
Qaralar içrə ağam mən,
Deyirsən bəs ki, sağam mən?
Bağırmaqdan iş qurtulub,
Boğaz–bağırsaq yırtılıb.
* * *
Biz millətin var harası?
Hardan sağalsın yarası?
Öz şeytanı, öz barası,
Ona deyir: Qaç çaparı!
Buna deyir: Vur şikarı!
* * *
Biz bir dərya qan vermişik,
Zindanlarda can vermişik,
Qırx nəsil qurban vermişik,
Şəriətitək insanlar
Təxti kimi pəhləvanlar.
«Dustaqlıq»dan azad olmaq, müstəmləkəçilərlə mübarizə aparmaq M.Şəhriyarın bir şair kimi daxili tələbatına çevrilmişdir. «Haqqın səsi» poemasında Şairin azadlıq istəyi milli vətənpərvərlik mövqeyindən bir haraya, çağırışa çevrilmişdir:
Oyanıb yuxudan Təbrizim mənim,
Yatmır Şəhrizadım, əzizim mənim.
Azadlıq deyirik,
Azadlıq hələ–
Həyatda bizimçün birinci pillə.
Şəhriyar öz şeirlərində müstəmləkəçi rejimə qarşı üsyana, mübarizəyə çağırır, şair azadlıq carçısına çevrilir. Şairin «Sən"əti məmləkət» adlı şerində düşmənə nifrət aydın və açıq göstərilmişdir. Bununla yanaşı şair xüsusi vurğu ilə qeyd edir ki, düşmən onun millətini sındırıb əyə bilməyəcək:
Düşmən bizə dişlərini qıcırdır,
Körpə kimi belimizi qacırdır.
Xəmir kimi ayaxlayıb, acırdır,
Bələ böyürt yapır bizi təndirə,
Ötür, amma inanmıram sındıra.
* * *
Dini–dəni alıb bizdən tünlədi,
Dədələri xoruz kimi dənlədi.
Uşaq da ki, bilməz vətən, din nədi!
Uşaqları hambal edib, işlədir,
Çini qabı sındırıban, pişlədir.
Vətənə məhəbbətdən irəli gələn müstəmləkəçi rejimə nifrəti digər şeirlərində olduğu kimi «Oyun olduq» şerində də qabarıq şəkildə əksini tapmışdır. Milli siyasətdə buraxılmış tarixi qüsurlara diqqət yetirməyin özü şairin cəsarətindən xəbər verirdi.
İtimiz qurd olalı, biz də qayıtdıq qoyun olduq,
İt ilə qol–boyun olduq,
İt əlindən qayıdıb, qurda da bir zad boyun olduq,
İt ilə qol–boyun olduq,
Qurdumuz dişlərini hey qara daşlarda ititdi,
Qoyunun da işi bitdi.
Son soxuldu sürüyə, bir sürünü sökdü, dağıtdı,
Əkilib, it gedibitdi.
Biz də baxdıq, itilə qurd arasında oyun olduq,
İt ilə qol–boyun olduq,
Düşmənlə mübarizə aparan Azərbaycan torpağının birliyinin bərpası ideyası daim Şəhriyarı narahat etmiş, elin müsibətlərini şair öz duyğularının dili ilə qələmə almışdır. Şəhriyar yaradıcılığında iki hissəyə bölünmüş Azərbaycanın iztirabları, vətən torpaqlarının birliyə çağırışı «Məhəmməd Rahimə cavab» şerində də səsləndirilmişdir.
İnsanlarıq, insanlığı xoşlayın,
Bir millətik, birləşməyə başlayın,
Bu xan–xanlıq hökumətin boşlayın,
Bu gün bəşər gərək olsun bir millət,
Bir millətə olarmı yüz hökumət?!
Parçalanmış, ikiyə bölünmüş Azərbaycanın birliyi ideyası «Qafqazlı qardaşlar ilə görüş» şerində də verilir. Hələ birləşməyən, yəni bölünmüş, bütövləşməyən Vətənin bu dərdini unutmayacağını şair ürək ağrısı ilə qələmə alır. Onu qeyd etmək lazımdır ki, Azərbaycanın iki yerə bölünməsindən sonra buradakı hakim müstəmləkəçilərin totalitar dövlət rejimləri, xüsusi maraqları, bu millətin tarixinə, mədəniyyətinə bədxah münasibətləri xüsusilə də milli unutqanlılığı həyata keçirmək cəhdləri özlərini doğrulda bilməmişdir. Totalitar ideologiyaların bölünmüş vətəni öz əqidə və ideyasından döndərə bilmədiyini şair böyük məhəbbətlə qələmə almışdır:
Sən kimi qardaş öz qarındaşını
Atmayıb, özgə kimsə tutmayacaq.
Qoca Təbriz də yüz min il keçsə,
Bakı qardaşların unutmayacaq.
Şəhriyar «Azərbaycan» şerində Cənubi Azərbaycana Şimali Azərbaycanın həmişə mənəvi dayaq durmasını və ona ağır vaxtlarında yardım etməsini xüsusi vurğulayır. Şerdə Azərbaycan bir obraz kimi gözümüzdə canlanır.
Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayaram,
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan…
* * *
İgidlərin İran üçün şəhid olub, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan!
* * *
Övladların nə vaxtadək tərki–vətən olacaqdır?
Əl–ələ ver, üsyan eylə, oyan, oyan, Azərbaycan!
«El bülbülü» (Şəhriyarın cavabı) şerində şair yaman günlərin gec–tez bitəcəyinə ümidinin itmədiyinə inamın güclü olmasını poetik dillə qələmə almışdır:
Yaman günlər keçib–gedib itəndi,
Bir yaxşılıq muradına yetəndi.
O tay – bu tay fərqi yoxdu Vətəndi,
Orda burdan yüz il sənət qabaqdı,
Kənd gördüyün həmən taxta–tabaqdı.
XIX əsrdə kapitalizmin inkişafı ilə əlaqədar Azərbaycanın iqtisadi həyatında baş vermiş böyük dəyişikliklər, yurdumuzun iri dövlətlərin maraq dairəsinə düşməsi, xüsusilə də Azərbaycan neftinə marağın artması Rusiya imperiyasının «Odlar yurdu»nu və onun xalqını əsarətdə saxlamaq iddiasını gücləndirirdi. Bu baxımdan, Azərbaycanda Rusiya İmperiyasının müstəmləkəçilik ideologiyasına qarşı mübarizə kəskinləşmişdir. Rusiya İmperiyasının bu kimi mənfur ideologiyasına qarşı mübarizə aparan xalq içərisindən çıxmış qəhrəman insanlar azadlıq carçılarına çevrilmişdilər. Belə xalq qəhrəmanlarınadan biri olmuş, adı xalqımızın tarixi yaddaşlarında yaşayan Qaçaq Nəbinin xalqın azadlığı uğrunda, ictimai mühitə, xüsusilə də rus imperiyasına qarşı apardığı amansız mübarizə bədii ədəbiyyatda geniş əksini tapmışdır. Azadlığın carçısı M.Şəhriyar da Qaçaq Nəbi obrazını öz əsərində yaşatmağa nail olmuşdur. Şair «Qaçaq Nəbi» şerində Qaçaq Nəbi kimi xalqın qəhrəman oğullarının milli–azadlıq ideyaları uğrunda mübarizəsini əks etdirməklə, həmvətəndaşlarına örnək kimi göstərmiş və özlərinin istiqbalını müəyyənləşdirməsini arzulamışdır.
Haralı olmalı, bilə bilmədik,
Qanların ləkəsin silə bilmədik,
Bir də biz bu yana gələ bilmədik,
Arazın suyundan bir içax, Nəbi!
Qeyrətçün qurbanı, ay qoçax Nəbi!
Şəhriyar Güzey və Güney Azərbaycanın birləşməsi uğrunda mübarizədə özünün bədii yaradıcılığı ilə öndə getmiş və Azərbaycan tarixində azadlıq carçısı kimi gələcək nəsillərə bir örnək qoya bilmişdir. Şəhriyar öz yaradıcılığı ilə tarix və zaman fövqündə yüksələrək Şəhriyar ədəbi məktəbini yaratmağa nail olmuşdur. Şairə həsr olunmuş şeirlər «Şəhriyarnamə» yaratmışdır ki, bu da ədibin həm oxucular, həm də yazarlar tərəfindən daim maraq dairəsində olduğunun göstəricisidir. Milli azadlıq hərəkatını, xalqın milli oyanışını, milli ruhunu əks etdirən M.Şəhriyarın poetikası xalqımızın milli özünüdərketməsində müstəsna əhəmiyyətə malikdir. Gənc nəslin yaddaşlarında milli özünüdərk prosesinin zəifləməsi, milli problemlərə laqeydlilik dövrümüzdə ağır ümummilli problemlərimizin birinə çevrilmişdir. Şəhriyar yaradıcılığının unudulması, onunla yalnız məhdud dairələrin tanış olması da sözügedən prosesin mənfi nəticələrindən biridir.