Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Sehrli işığın izi ilə ... (“366 gün və ya uzun ilin inancı” romanı haqqında) - Mənzər Niyarlı

12-10-2023 [ 12:25 ] [ oxunub:238 ]
printerA+ | A-
103790

Yazıçı, publisist Dilarə Adilgili çox qiymətli yeni, üçüncü “366 gün və ya uzun ilin inancı” romanı ilə yenidən kəşf etdik. O, yaradıcılığa gec başlasa da, bir-birindən dəyərli iki kitabı ilə bizi əfsunlamışdır. Müəllif bu kitabını yazmağa başlarkən J.Simenondan misal gətirir və bizə elə gəlir ki, bunu nahaq yerə xatırlamır. Simenon yazır ki, “40-dan sonra yazıçının sözü qurtarır”. Dilarə xanım haqlı olaraq onun bu fikri ilə razılaşmır. “Yaşlı insanlara yazmağa həyat təcrübəsi, illərin gətirdiyi müdriklik kömək edir”, – deyir. Mən də müəllifin sözlərinə şərikəm. Bildiyimiz kimi, Dilarə xanım yaradıcılığa gec, kamillik yaşında başlamışdır. Təcrübə, geniş mütaliə, görüb-götürmək, intellektual səviyyə... Kitablarının uğur qazanmağı da sadaladıqlarımın sayəsində olub. Dilarə xanım bu son kitabında Azərbaycanın birillik tarixini yazdı. Dəqiqliklə, yerli-yerində.

Müəllif axırı qələbə ilə qurtaran 44 günlük müharibənin bizə – Azərbaycan xalqına gətirdiyi sevinc hisslərinə kitabda geniş yer verib. Əsərdə həmçinin Azərbaycanın ağır günləri – Birinci Qarabağ müharibəsi, o vaxtın dəhşətli anları, işğal olunan şəhər və kəndlərimizin yerlə yeksan olunması, bütün sərvətlərimizin talan, qəbirlərimizin təhqir edilməsi xatırlanır. Müəllif yazır: “Son 30 ildə o qədər acı çəkmişdik ki, ürəkdən sevinməyi də unutmuşduq. Bizi inandırmışdılar ki, heç kimik. Qaçqın, köçkün yox, xalq kimi itkin düşmüşdük. Özümüzü tapa bilmirdik”. Müharibənin başlanma xəbəri xəcalətdən aşağı dikilən başları yuxarı qaldırdı.

Dilarə xanım müharibədən yazarkən, Məhəmməd Füzulidən epiqraf verir: “Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək”. Sonra yazır: “Müharibə qədər qaranlıq kəlmə tanımıram, bilmirəm... Ancaq biz bəlkə də, yeganə millətik ki, müharibə başlayanda sevincimizdən ağlamışdıq. 27 il “atəşkəs” dövründə yaşayan, bu yalançı atəşkəsdə nə qədər şəhid verən və üstəlik torpaqları da işğalda qalan Azərbaycan üçün bu qaranlıq kəlmə tunelin sonunda görünən son işıq idi”. Nə gözəl bənzətmədir: “Tunelin sonunda görünən son işıq”.

Müharibəyə həsr olunmuş çox əsərlər oxumuşam. Ancaq bu kitabda müəllif 27 sentyabrdan başlanan  müharibənin hər anını, hər saatını, hər gününü, ilk kəndin alındığı gündən Şuşanın alınmasına kimi təsvir edir. Tarix kitablarında hadisələr qısa, konkret sadalanır. Hansı ildə nə olub, nə ilə qurtarıb.

Dəyərli alimimiz Sara Osmanovanın kitab haqda məqaləsini oxuyuruq: “44 günlük Vətən müharibəsinin gedişatı sanki bələdçisi kimi çıxış edən müəllif oxucunu bir-bir qaytarılan torpaqlarımızın azad edilməsi ilə bağlı əməliyyatların marşrutu üzrə aparır”.

“366 gün və ya uzun ilin inancı” əsərinin ən böyük əhəmiyyəti ondadır ki, yuxarıda dediyimiz kimi, müharibənin hərtərəfli verilməsi ilə yanaşı, müəllif qələminin publisistikası ilə bədiilik birləşir. Bu da kitabın oxunaqlı olması, maraqla qarşılanmasına səbəb olur.

Sən demə müharibənin başlanması hər bir azərbaycanlının intizarla gözlədiyi bir gün imiş. Dilarə xanım həmin günlərdə bir şeyi də bizə xatırladır. Müharibə gedən yerdə (artıq qələbəyə doğru irəliləyirdik) oktyabrın 10-da atəşkəs elan olunur. Bu, müvəqqəti atəşkəs idi. Müəllif atəşkəsin elan olunmasından sarsılaraq “Bir an içərisində ətrafımda nə var rəngini dəyişdi”, – yazır. Müəllifi qorxudan müharibənin dayanması idi. Ancaq həmin  an qonşu qızla, çoxuşaqlı, hüquqşünas Ülviyyə ilə rastlaşmağı onu sakitləşdirir (əsərdə müasir baxışlı Ülviyyə də maraqlı obrazdır). Bu cavan qızın pozitivliyi həyata real baxışı, diribaşlığı bizi heyrətə gətirir. O, çox arxayınçılıqla müəllifə başa salır ki, bu müvəqqəti atəşkəsdir (düşmənə meyitlərini aparmaqdan ötrüdür), qələbə isə yaxındadır. Yaxşı ki, bu atəşkəs 30 il deyil, bir-iki günlük imiş. Əsərdə, eyni zamanda döyüşçülərimizin əzmkarlığı, Prezidentimizin müdrik siyasəti, xarici ölkə jurnalistlərinə verdiyi müsahibələr də öz əksini tapmışdır.

Epiqrafların hər birinin yerli-yerində olması müəllifin geniş məlumatlılığından və düzgün seçim qabiliyyətindən xəbər verir.

44 günlük Vətən müharibəsinin gedişatının bələdçisi qismində çıxış edən müəllif oxucunu ardıcıl olaraq hansı gündə, hansı vaxtda torpaqlarımızın azad edilməsi ilə bağlı məlumatlandırır.

Dilarə xanım kitabın fəsillərinin birində dünyasını dəyişən əsgərlərimizə “niyə vəfat etdi, həlak oldu demirlər, şəhid oldu deyirlər”, – sualını doğru olaraq belə cavablandırır: “Şəhid. Bu bir titul – Allahın verdiyi fəxri adıdır”, – deyir. Ona görə ki, şəhidlərimiz uca zirvəyə layiqdir. Həmin zirvələrdən biri də Qızıl Qaya massivinin 2723 metr hündürlüyündə yerləşən adsız yüksəkliklərindən birinə alpinistlərin verdiyi addır. “Şəhidlər yüksəkliyi”. Kitabın əsas məziyyətlərindən biri də odur ki, generallardan tutmuş sıravi əsgərlərimizə qədər adları çəkilir, qəhrəmanlıqları sadalanır. Onların hər birinin keçdiyi ömür yolu xatırlanır.

Dilarə Adilgil oxucunu yormur. Bəzən mətləbdən yayınaraq başına gələn, yadına düşən məzəli hadisəni oxucusuna çatdırır. Müəllifin yubileyi – onun doğum günü qələbəmizlə eyni vaxta təsadüf edir. Müəllif yubiley günündən danışarkən belə bir ifadə işlədir: “Kosmik hədiyyə”. Ona verilən, yaxud özü özünə aldığı hədiyyələrdən başqa, Allahın ona bəxş etdiyi hədiyyəni “Kosmik hədiyyə” adlandırır. “Eksklüziv. Əsl yubiley bəxşişi”. Onun yubileyi ilə bir günə düşən “Zəfər günü”. Qələbə. Bundan da böyük hədiyyə ola bilərdimi?

Dilarə xanım Adilgilin kitabda o qədər yerinə düşən bənzətmələri var ki... Məsələn, 60 yaş. “Bu sadə rəqəm də deyildi, 60 idi. Rəqəmlər qocalmasa da, ağırlığını dərhal hiss elədim, sanki üstünə müdrik bir kədər çökdü”. Necə ki, 60 yaş sevimli Dilarə xanımı – bu istedadlı xanımı müdrikləşdirib.

Dilarə Adilgilin yazılarında bir səmimiyyət var. Əsərlərində ailə həyatına da yer ayırıb. Müəllifi ailədə də, doğmaları arasında da həssas təbiətli, qayğıkeş ana, nənə, xala, bacı kimi görürük. Onun həyatı, yaxın qohumlarla ünsiyyəti, mehribançılığı oxucu üçün əsl nümunədir.

Dilarə xanımın yazılarında istər sənədli romanlarında, istərsə də  məqalələrində bircə kəlmə də olsa şablon, çeynənmiş ifadəyə rast gəlməzsən.

Yazıçının “366 gün və ya uzun ilin inancı” əsərinə ön söz yazan dəyərli professorumuz Bədirxan Əhmədovun sözləri lap yerinə düşür. “Dilarə Adilgilin bu əsərində yeni bir üslub var; bu üslub ədəbiyyatımızda heç alışmadığımız bir üslubdur. Yəni, yazıçı özünün baş qəhrəmanı olduğu əsərdə bədiiliklə memuar ədəbiyyatını, publisistikanı bir araya gətirir”. Biz də yəqinliklə deyə bilərik ki, bu iki xüsusiyyət, hörmətli professorumuzun dediyi kimi, müəllifin yaradıcılığının əsas qayəsini təşkil edir.

Dilarə xanım dənizi sevir. Dənizdə, uzaqlarda görünən bizim diqqətimizi çəkməyən mayakı da. Onun gəmilərə yol göstərən işığında, orda çalışan insanın tənhalığında bir romantik həyat var. Bu bizi də o sehrli işığa bağlayır. Arzu edirəm ki, Dilarə xanım o sehrli işığı bizdən əskik etməsin. Həmişə yazsın, yaratsın.

“366 gün və ya uzun ilin inancı” romanı uğurlu bir əsərdir və həmişə öz aktuallığını saxlayacaq.

SİZƏ MARAQLI OLA BİLƏR