Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Gerçəklik fantastika tülündə - Cavanşir Yusifli

12-03-2024 [ 14:09 ] [ oxunub:332 ]
printerA+ | A-

Sənan İsmayılovun “Həyat sığortası” hekayəsi haqqında

Sənan İsmayılovun "Həyat sığortası" hekayəsi bəzi hekayə, daha doğrusu, daxili təhkiyə tipləri haqqında söz açmağa sövq edir.

Bəri başdan deyək: bəzi hekayə tipləri var, oxunduqca içinə yığılır, çünki onun "qara qutusuna" atılan faktlar təhkiyə boyu açıldıqca açılır, müəllifin nəzərdə tutduğu və oxucunun "kəşf etdiyi" məqamlar hekayənin sonunda bircə fakt "qırıntısı"na dayanır. Bir də oxuyanda hər şey o bircə nöqtədən başlayır, baş verən hadisələri həmin nöqtənin ekranında izləyə, ona film kimi tamaşa edə bilərsən. Oxucunun bu halda ikincili müəllif statusuna yiyələnməsi daha kreativ xarakter daşıyır.  

Başqa tip hekayələr var, oxuduqca, yaxud nəfəs dəydikcə içinə atılan sirlərdən xilas olur, hər şeyi açıb faş edir, yelkənləri o qədər geniş və sona qədər açır ki, sanki bir an əvvəl hadisələr dənizində üzəcək, səfərə çıxacaq. Ona bu dünyadan daha geniş bir aləm lazımdır, gözlərini geniş açıb hər şeyi ölçüsündən böyük görmək üçün. Qəzetin keçən nömrəsində Alpay Azərin haqqında danışılan hekayəsi ("Bubu və qatar") bu tipdən idi. Sərdar Aminin hekayələri də bu tipdəndir, ancaq bircə fərqli özəlliklə, Sərdarın hekayələrindəki məkan hər yerdən ayrılmış, qopmuş bir ərazidir. Təhkiyənin daxili niyyəti və inkişaf istiqaməti bu "itirilmiş cənnəti" dünyanın virtual varlığıyla bütövləşdirməkdir. Bu tipli hekayələrdə metafora işləkdir, adi, gerçək hadisəni metaforik düşüncə "suyuna çəkib" ifadə etmək əsasdır.

Birinci tip hekayələrdə isə metaforadan, metaforik düşüncəyə önəm verməkdən çox, şüuraltı hadisələrin dinamikasını əks etdirmək ən mühüm şərtdir. Belədə hadisənin, fakt və məqamın gerçək üzüylə, təxəyyüldən, fantaziyadan doğmuş üzü arasında şəffaf keçidlər yaranır, onları tanıyıb aldanır, aldanıb gerçəkliyin əzablı səhnələrinə qayıdırsan. Sən əşyaları tanıdıqca, onlara baxışınla və oxucu düşüncəsi ilə nüfuz etdikcə onlar da səni "tanıyır", gözdən itib, haçansa oxuduğun nağıllarda "tapılır". Sənan İsmayılovun "Həyat sığortası" hekayəsi və digər bədii mətnləri bizim nəsrdə çox fərqli yanaşma tipi sayıla bilər. Hekayədə iki əsas personaj var: Lul və Kuk - iki dost, Kuk bir zamanlar ağır xəstəliyə tutulub, sağalsa da, bir müddət müalicə proseduruna riayət etsə də, sonradan hər şeyi atmış, bu xəstəliyin haçansa geri qayıda biləcəyini unutmuşdur. Hekayədə baş verən hadisələri, real faktları elə real ardıcıllıqla sadalaya bilərik. 

Əslində hekayənin, yəni təhkiyənin iki üzü var: hər şeyi danışa bilirsən, faktlar arasında məntiqi əlaqələr də öz yerində. Ancaq bütün bunların yuxuyla, irreal aləmlə gerçəklik arasındakı sərhəddə baş verdiyini (yəni baş verməmə şansının daha yüksək olduğu bir ortamda-!) nəzərə aldıqda vəziyyət dəyişir. Arvadına çox sevib bəyəndiyi, vitrində həsrət və heyranlıqla süzdüyü, çox baha qiymətə satılan boyunbağını ala bilmək üçün vaxtilə bağladığı həyat sığortasını nəzərdən keçirir və kədərlənir. Şərtlər əlverişli deyil. Xəstəliyi geri qayıtsa öldüyü halda sığorta haqqı arvadına ödənilməyəcək. İntihar etmək də sığorta haqqını almağın üstündən xətt çəkir. Lulun yanına gedir. Dostu ona elə məsləhətlər verir ki, bir an əvvəl özünü öldürməkdə çox cəsur olan Kuk ölüm qorxusundan xoflanır. Şüuraltından sızıb gələn bir nüans deyir ki, ölüm sizin harda olduğunuzu çox dəqiq bilir. Demək, Lulun məsləhəti ilə Kuk yaxınlıqdakı yarıuçuq və çoxmərtəbəli tikiliyə yollanır, ora çatıb çətirini yerə atıb binaya tərəf qaçır, guya kimsə onu təqib edir, qaçıb qurtulmalı, ölüm təhlükəsindən xilas olmalıdır. Elə qaça-qaça hiss edir ki, hər bir hərəkəti alınmır, süni çıxır, məlum mərtəbəyə çatanda arxadan kiminsə nəfəsini hiss edir. Üzünü saqqal basmış, cır-cındır geyinmiş kişi onu qamarlayıb (guya-!) pəncərədən yerə atmaq istəyir...

Sənan bütün bu gerçək sosial ağrıları fantastika dəryasından çıxarıb təqdim edir. Bizim nəsrdə bu, fikrimizcə, ilk hadisədir və təqdirəlayiqdir.

Kuk yuxudan ayılır...

Binanın həyətinə tulladığı çətir Lulun əlində peyda olur, guya onun ofisində yaddan çıxıb. Hekayədəki əşyalar çox mütəhərrikdir, hərəkət edirlər, lazımi məqamda personajın yanında peyda olurlar.

Xəstəliyin (cəmiyyəti saran eybəcərliklərin...) geri qayıtmaması üçün tibbi-psixoloji prosedurdan keçir...

Hər şey olub və yuxu aləmindən şütüyüb keçib...

Mətnin gerçək və fantastik üzü bir-birinə qarışdıqda susaraq danışan insan obrazını vizuallaşdırır...

SİZƏ MARAQLI OLA BİLƏR