Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Əbədiyyətin əbədi ünvanı” mövzusunda genişləndirilmiş iclas keçirilib

22-12-2023 [ 10:49 ] [ oxunub:379 ]
printerA+ | A-
104098

Dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin “Heydər Əliyev İli”nin yekunlarına həsr olunan “Əbədiyyətin əbədi ünvanı” mövzusunda genişləndirilmiş iclası keçirilib.

Tədbirdən öncə “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın bölmələrində, elmi müəssisə və təşkilatlarında işıq üzü görmüş nəşr və rəsm əsərlərindən ibarət sərgi ilə tanışlıq olub.

Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərinə toxunub. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev sovet hakimiyyəti dövründə Azərbaycanı ittifaqın inkişaf etmiş respublikasına çevirməsi və SSRİ kimi dünyanın aparıcı dövlətinin rəhbərliyi səviyyəsinə yüksəlməsi ilə beynəlxalq aləmin diqqətini cəlb edib.

Akademik İsa Həbibbəyli dahi rəhbərin xalqımızı hələ sovet hakimiyyəti illərində dövlətimizin gələcək müstəqilliyinə hazırladığını söyləyib. Ulu Öndərin 1990-cı ilin sentyabrında Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Muxtar Respublikası Ali Sovetinə keçirilən seçkilərdə Naxçıvanda seçiciləri ilə görüşündə ən böyük arzusunun Azərbaycanın ərazi bütövlüyünün bərpası olduğunu dilə gətirdiyini bildirən AMEA rəhbəri dahi liderin bu arzusunun Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, 2020-ci ilin sentyabrında Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu” ətrafında birləşən Azərbaycan xalqı və ordusu düşmənin 30 illik işğalına son qoydu, 2023-cü il sentyabrın 19-da həyata keçirilən 23 saatlıq lokal xarakterli antiterror tədbirləri ilə isə Azərbaycanın Dövlət Bayrağı bütün respublika ərazisində ucaldıldı.

“Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən işlərdən danışan AMEA prezidenti akademiyanın elmi müəssisə və təşkilatlarında 50-dən artıq fundamental nəşrin ərsəyə gətirildiyini, 60-dan çox yerli və beynəlxalq konfransın keçirildiyini söyləyib. Qeyd edib ki, sözügedən nəşrlərin hər biri Ulu Öndərin həyat və fəaliyyətinin önəmli məqamlarını əhatə etməklə fundamental, akademik səviyyədə monoqrafik tədqiqatlardır. AMEA rəhbəri, həmçinin sözügedən tədbirlərdə 36 ölkədən hibrid formatda olmaqla yüzlərlə alimin iştirak etdiyini və onların Ümummilli Liderin həyat və fəaliyyətinin önəmli məqamları ilə yaxından tanış olduqlarını diqqətə çatdırıb.

Tədbirdə Milli Məclisin deputatı tarix elmləri doktoru Fəzail Ağamalı “Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin banisidir”, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva “Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti akademik tədqiqatlarda” mövzusunda çıxış ediblər. Həmçinin AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Leyla Hüseynovanın “Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü” mövzusunda məruzəsi dinlənilib. Milli Məclisin deputatı Tahir Rzayev isə görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Çıxışlardan sonra “Heydər Əliyev İli” çərçivəsində kitabları nəşr olunmuş müəlliflərə AMEA-nın təşəkkürnaməsi təqdim edilib.

https://azertag.az/