Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Yapon ədəbiyyatının Nobel mükafatı laureatlarına həsr edilmiş seminar keçirilib

01-11-2023 [ 19:59 ] [ oxunub:707 ]
printerA+ | A-
103913

MEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan – Asiya ədəbi əlaqələri şöbəsində yapon ədəbiyyatının Nobel mükafatı laureatları Yasunari Kavabata və Kenzaburo Oeyə həsr edilmiş seminar keçirilib.

Tədbir Asiya xalqları ədəbiyyatları ilə bağlı ənənəvi olaraq keçirilən seminarlar çərçivəsində təşkil edilib. Seminarda şöbə müdiri professor Bədirxan Əhmədli özünəməxsus estetik və sənət dəyərlərinə malik qədim Yaponiya mədəniyyətinin, onun böyük bir hissəsini təşkil edən, tarixi minilliklərlə ölçülən yapon ədəbiyyatının Asiya ölkələrinin ədəbi mühiti ilə yanaşı, dünya ədəbiyyatında mühüm yer tutduğunu söyləyib. Professor hələ sovet dönəmində Azərbaycan oxucularının müxtəlif şairlərimiz və tərcüməçilərimiz tərəfindən davamlı olmasa da, vaxtaşırı rus dili vasitəsilə çevrilərək təqdim edilən klassik yapon poeziya nümunələri ilə yanaşı, Yaponiyanın bədii nəsri ilə də yaxından tanış olduğunu nəzərə çatdırıb, 1968-ci ildə Yasunari Kavabata, 1994-cu ildə isə Kenzaburo Oe ilə Nobel mükafatı qazanan yapon ədəbiyyatına marağın bütün dünyada olduğu kimi ölkəmizdə də geniş vüsət aldığını bildirib.

Şöbənin əməkdaşı, Azərbaycan ədəbiyyatşünaslığında ilk və yeganə mütəxəssis olaraq yapon ədəbiyyatı sahəsində filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış Gülnar Yunusova hər iki Nobel laureatının həyat və yaradıcılığı haqqında məlumat verib, Yasunari Kavabataya dünya şöhrəti gətirən, Nobel mükafatı qazandıran “Köhnə paytaxt” romanının ideya-bədii xüsusiyyətlərini izah edib. Romanın sürətlə dəyişən, qloballaşan kapitalist dünyası qarşısında ənənəvi yapon mədəniyyətinin taleyi ilə bağlı narahatlıqların, təəssüf duyğularının bədii ifadəsi olması diqqətə çatdırılıb. Eyni zamanda, məruzəçi bu il dünyasını dəyişən, ikinci dəfə yapon ədəbiyyatına Nobel mükafatı qazandıran görkəmli yazıçı Kenzaburo Oenin yaradıcılıq istiqamətlərini, yazıçının həyatı ilə əsərlərindəki paralellikləri bədii nümunələrlə ətraflı izah edib. “Şəxsi təcrübə” romanının yazıçıya “gerçəkliyin və mifin birləşib bugünkü insani faciələrin ağlagəlməz mənzərəsini yaradan xəyali aləmi poetik siqlətlə əks etdirdiyinə görə” Nobel mükafatı qazandırdığı seminar iştirakçılarının diqqətinə çatdırılıb.