Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli “Yeni Müsavat”a müsahibə verib.

28-10-2023 [ 20:56 ] [ oxunub:310 ]
printerA+ | A-
103894

Nizami Gəncəvi Zəngəzura səfər edibmiş - AMEA prezidentindən açıqlamalar

İsa Həbibbəyli: “Qərbi Azərbaycanda 600-dən çox Azərbaycan toponimlərinin dəyişdirilməsi haqqında Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi və Ali Soveti vaxtilə rəsmi qərar qəbul edib”

Deputat, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli “Yeni Müsavat”a müsahibə verib.

Əslində bu günlərdə Abşeron ərazisində yaradılan yeni yaşayış məntəqəsinin adı ilə bağlı müzakirələr müsahibə üçün körpü rolunu oynadı. Milli Məclis yanında Toponimiya Komissiyasının iclasında Komissiyasının sədri İsa Həbibbəyli bir neçə gün əvvəl bildirmişdi ki, Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə ad verilməsi ilə bağlı vətəndaşlardan müraciət daxil olub.Müraciətdə həmin yaşayış məntəqəsinə “Şəfəq” adının verilməsi təklif olunub və həmin yaşayış məntəqəsinin “Şəfəq” adlandırılması məqsədəmüvafiq hesab edilib.

- İsa müəllim, bir çoxları hesab edir ki, yeni yaşayış məntəqələri yaradılırsa, ora şəhidlərimizlə, zəfərimizlə bağlı adlar qoyulsa, daha yaxşı olar. Abşeronda yaradılan yeni yaşayış məntəqəsinə Şəfəq adı verildi. Bu, bir az da sovet dövründən qalma adları xatırlatdı. Nədən bu adın üzərində dayanıldı?

- Şəfəq sözünün tarixin bütün dövrlərinə və bundan sonrakı dövrlərə də aid olacaq çox nikbin mənaları var. Onu yalnız bir ictimai formasiya ilə əlaqələndirmək doğru deyil. Niyə, bizim günümüzün öz şəfəqləri yoxdur? Niyə də olmasın? Var və daha böyük şəfəqlərin içərisində Azərbaycan bu gün cənab Prezidentin apardığı siyasətin nəticəsində yaşayır. Toponimiya komissiyasında adların dəyişdirilməsi, müəyyənləşməsi məsələsinə baxılarkən ilk növbədə orada yaşayan əhalinin, icmanın təklifləri nəzərə alınır. Bu ilin fevral ayında məcburi köçkünlər və qaçqınlar üçün nəzərdə tutulmuş 88 binada yaşayan icmanın nümayəndələri 3 dəfə müraciət edərək burada yaranacaq yeni yaşayış məntəqəsinin adının Şəfəq olmasını arzu ediblər və protokolu imzalayaraq, rayon İcra Hakimiyyətinə ünvanlayıblar. İcra Hakimiyyətində də məsələyə baxılıb və icma nümayəndələrinin təklifləri nəzərə alınıb. Biz bu məsələyə baxarkən araşdırma da apardıq. Araşdırma apararkən toponimlərin dəyişdirilməsi, yenidən müəyyən olunması ilə bağlı beynəlxalq qaydalara uyğun olaraq həmin yerə aid olan yerli toponimin nə olması məsələsini də daim diqqət mərkəzindən keçiririk. Aydın oldu ki, həmin 50 hektar ərazidəki 88 mənzilin tikintisi aparıldığı yer “Quldar otlaq yeri” adlandırılıb. Sumqayıtla Abşeronun qovşağında olan ərazidir. Orada əhali heyvandarlıqla məşğul olub. Quldar sözü bu gün heç bir cəhətdən bizim reallıqlarımıza uyğun gəlmədiyi üçün icmanın təklifi əsasında “Şəfəq” adını qəbul etdik. Həmin adamların da bir çoxu çadır düşərgələrində, vaqonlarda, yataqxanalarda yaşayıb, ora köçmüş şəxslərdir. Həmçinin şəhid ailələrinin üzvləridir, qazi ailələri, qaçqınlardır. Bu mənada həqiqətən onların həyatında yeni bir şəfəq doğub. Bu Şəfəq adı müstəqil Azərbaycanın doğurduğu yeni şəfəqi ifadə edir, fikrimcə, tamamilə məntiqlidir və qanunauyğundur. Nə üçün biz şəfəq sözünü ancaq sosializmə aid edirik. Bizim bu günümüzün böyük reallıqlarının hər addımı böyük şəfəqlərdən xəbər verir. Məncə, bu məqamda tamam doğru addır. İcma nəyi təklif edirsə, biz onun əsasında fikir mübadiləsi aparırıq. İcmanın budəfəki fikri müstəqil Azərbaycanın hazırkı təntənəsinə tamamilə uyğundur.

- Bəs, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, yeni yaşayış məntəqələrinə şəhidlərimizin adının verilməsi ilə bağlı təkliflərə münasibətiniz necədir?

- Şəhidlərimizin adlarının əbədiləşdirilməsi ilə bağlı ölkəmizdə böyük işlər görülür, dövlət səviyyəsində tədbirlər həyata keçirilir. Şəhidlərə hörmət və ehtiram hər birimizin borcudur. İcma tərəfindən belə bir təklif olsaydı, biz onu məmnuniyyətlə yerinə yetirərdik.

- İsa müəllim, ayrı-ayrı bölgələrdə toponimlərin əsassız olaraq dəyişdirilməsi ilə bağlı narahatlıqlar var. Hesab olunur ki, doğru-düzgün araşdırmalar aparılmadan, heç bir əsas olmadan qədim yer adları dəyişdirilib, bir sıra hallarda əcaib hala salınıb. Bu adlara yenidən baxıla bilərmi?

- Toponimiya Komissiyasına indiyə qədər bir neçə adların dəyişdirilməsi ilə bağlı məsələlərə baxmışıq. Nə qədərə təəccüblü olsa da, deyim ki, müstəqilliyimizin bərpasından 32 il keçməsinə baxmayaraq, bir neçə il bundan qabağa qədər rayonlarımızın bir çoxunda “Kommuna”, “Sovet kəndi”nə bənzəyən, həqiqətən sosializmdən qalmış adlar var idi. 27 belə adı müxtəlif iclaslarımızda Toponimiya Komissiyası dəyişdi. Adları dəyişdirərkən də məhz həmin yaşayış məntəqələrinin yerləşdiyi ərazidəki toponimləri, tarixi mənbələrdə o məntəqənin qədim adını, ağsaqqalların verdiyi tövsiyə və təklifləri təhlil edib, yekun qərara gəldik. Elə bilirəm ki, həm kənd, həm rayon ictimaiyyəti razı qaldı. Biz bu mənada elmi prinsiplər, beynəlxalq normalar əsasında Azərbaycanın müstəqil dövlətçiliyinin prinsiplərini də nəzərə alaraq, Azərbaycan kəndlərinin tarixi adlarını, yaxud toponimlərdə yaşayan adlarını bərpa etdik. Bu, milli-mənəvi dəyərlərimizə, soykökümüzə, özümüzə qayıdışlar bağlı problemləri də özündə ehtiva edir.

“Bəlkə də, bu, yeniləşmə prosesinin bütün cəmiyyətlərdə olduğu kimi, birdən-birə həzm olunmaması ilə əlaqədardır”

- Tarixi adlarımızın kütləvi şəkildə dəyişdirildiyi Qərbi Azərbaycanla bağlı hansı işlər aparılır? Toponimiya Komissiyasının bu məsələ ilə bağlı hansı təşəbbüsləri var?

- Ermənistanda, Qərbi Azərbaycanda 600-dən çox Azərbaycan toponimlərinin dəyişdirilməsi haqqında Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi və Ali Soveti vaxtilə rəsmi qərar qəbul edib. Hələ yerli icra hakimiyyətlərinin qərarlarını bir kənara qoyuram, belə qərarlar kifayət qədər çoxdur. Bu günlərdə Azərbaycan Respublikası Milli Məclisinin Regional inkişaf komitəsi ilə Toponimiya Komissiyası Qərbi Azərbaycan torpaqlarında tarixi toponimlərimizin zorakılıqla, süni yollarla dəyişdirilməsi məsələsini müzakirəyə çıxaracaq, məruzələr dinləniləcək. Hesab edirəm ki, ictimaiyyət üçün əhəmiyyətli fikirlər səslənəcək. Artıq qərara alınıb, məruzəçilər müəyyənləşdirilib.

- Bəs, prezidenti olduğunuz AMEA bu kimi məsələlərlə bağlı nələri planlaşdırır, yaxud reallaşdırır?

- AMEA-da Qərbi Azərbaycan Ensiklopediyası hazırlanır. Həmin ensiklopediyada bütün yer, tarixi adlarımız, tarixi abidələrimiz, eyni zamanda şəhər, tayfa adlarımız, bu istiqamətdə nələr varsa, hamısı öz əksini tapacaq Qərbi Azərbaycanın görkəmli simaları, yaradıcı şəxsiyyətləri, tarixi şəxsiyyətləri barədə . Akademiyanın müxtəlif institutlarının verdiyi çoxlu sayda təkliflər nəzərə alınıb. Ensklopediya artıq birinci mərhələdə işçi qrupu tərəfindən tərtib olunub, qurtarıb. Bu günlərdə Humanitar və ictimai elmlər bölməsində baxılacaq, ondan sonra Akademiyada yaradılmış Qərbi Azərbaycan üzrə Tədqiqatların Əlaqələndirmə Mərkəzində geniş ictimaiyyətin iştirakı ilə müzakirə ediləcək və qəbul olunacaq. Proses davam edir. Bu, bizim borcumuzdur. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsinə Azərbaycan Milli Elmlər Akademiyasının borcu və töhfəsidir. Ümumiyyətlə, toponimlərimizlə bağlı ciddi iş gedir.

- Ümumiyyətlə, tarixi Azərbaycan torpaqlarında toponimlərimizin xeyli hissəsi dəyişdirilib hazırda mövcud olan ölkələrin rəsmi qurumları tərəfindən. Həmin adların yaşadılması, imkan olarsa, qarşılıqlı əməkdaşlıq şəraitində bərpası olduqca vacib məsələdir...

- Akademiyada  3 şöbə yaradılıb. Tarix İnstitutunda Qərbi Azərbaycan şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan şöbəsi, Dilçilik İnstitutunda xüsusi şöbə yaradılıb. Həmçinin Coğrafiya İnstitutunda Coğrafi adlarla bağlı şöbə var. Bu şöbələrin qarşısında cənab Prezidentin qarşıya qoyduğu məsələlər, Qərbi Azərbaycanla bağlı reallıqlar, onların tədqiqi, öyrənilməsi, ümumiləşdirilməsi, təkliflərin, tövsiyələrin nəzərə alınması kimi məsələlər qoyulub. Bu işlər sistemli şəkildə və ardıcıllıqla davam edir. AMEA bu proseslərdən kənarda deyil, əksinə, onun içərisindədir.

- AMEA-nın töhfə vermək istədiyi başqa hansı sahələr var? Bir aralar Akademiyanın adı bir qayda olaraq qalmaqallarda çəkilirdi...

- Akademiyada yeniləşmə prosesi gedir. Həm struktur islahatları aparılır, lüzumsuz şöbələr ləğv olundu. Bir-birinə yaxın, amma eyni funksiyanı yerinə yetirən paralel şöbələr birləşdirildi. Yeni dövrün çağırışlarına uyğun olaraq yeni şöbələr yaradıldı. Hətta əlavə ştat vahidi, maliyyə istəmədən iki yeni institutun yaradılması haqqında təkliflə çıxış etmişik, proses gedir.

- İsa müəllim, lütfən, səmimi deyərdiniz, sizin fəaliyyətinizə mane olan şəxslər, çevrələr, qüvvələr yoxdur ki? Məsələn, keçmiş prezident Ramiz Mehdiyevin və tərəfdarlarının...

- Yox. Şikayət eləməyimizə əsas yoxdur. Biz cənab Prezidentin rəhbərliyi altında, Azərbaycan dövlətinin reallıqlarına uyğun şəkildə öz fəaliyyətimizi aparırıq. Elə bilirəm ki, bizim fəaliyyətimiz üçün dövlətimiz hər bir şəraiti yaradıb. Amma mediada reallığı demək əvəzinə, hər hansı təsadüfi faktı şişirdib, böyüdüb, ictimai rəyə çevirmək istəyənlər olub, mən buna çox təəssüf edirəm. Əlbəttə, bəlkə də bu, yeniləşmə prosesinin bütün cəmiyyətlərdə olduğu kimi, birdən-birə həzm olunmaması ilə əlaqədardır. Yeniləşmə prosesi bir az marifçilik, bir az səbr, bir az ardıcıllıq tələb edir. Biz səbrliyik, ardıcıl şəkildə öz fəaliyyətimizi davam etdirmək istəyirik. Fikrimiz Akademiyamızı yeniləşdirməkdən ibarətdir.

- Ənənəvi sual: bəs bizim “Nobel”çimiz nə vaxt olacaq?

- (Gülür.) Bu barədə proqnoz vermək çətindir. Nobel arzu ilə verilmir. Mən də çox arzu edirəm ki, Bakı neftinin, kapitalının, sərmayəsinin böyük yer tutduğu Nobel mükafatı alanlar arasında Azərbaycan vətəndaşı da olsun. Biz bu yaxınlarda “Nobel mükafatına gedən yolun dərsləri: mif, reallıqlar, çətinliklər və çağırışlar” adlı konfrans keçirmək istəyirik. Nobel mükafatı laureatı Əziz Sancara da müraciət etmişik ki, onlayn qaydada qoşulsun. Ölkəmizdə Nobel üzrə tədqiqatlar aparan, bu sahə ilə yaxından maraqlanan adamları cəlb etmişik, məruzəçilər müəyyənləşib. Məqsədimiz kiminsə Nobel mükafatına namizədliyini irəli sürmək deyil, məqsədimiz Nobelə gedən yolun dünya dünya təcrübəsini öyrənmək, çətinliklərini meydana qoymaq, prioritetlərini gündəmə gətirmək, elmi mühitimizi, Akademiyamızı ona doğru kökləməkdir. Əlbəttə, zaman-zaman iddiaçılar da çıxacaq. Məni çox narahat edən məsələ var: Nobel mükafatı haqqında elə mif yaranıb ki, Azərbaycanda heç təşəbbüs edən də yoxdur. Biz o eyforiyanı, mifi qırmaq istəyirik. İstəyirik ki, Azərbaycanda Nobelə gedən yolun təcrübəsini öyrənən, bu yolu keçən iddiaçılarımız  olsun. Özünəinamı qaytarmaq istəyrik. Bəziləri elə bilir ki, biz yığışıb, namizəd irəli sürəcəyik. Minlərlə namizədlər vermək olar, amma gərək reallıqlar olsun. Hazırda bizim işimiz o reallığı gələcəkdə hazırlamaqdan ibarətdir. Bu, təkcə Nobellə bağlı deyil. Nobelə təqdim olunan əsərlər dünya elminin prioritetləri deməkdir. Biz AMEA-nın işini həmin Nobel mükafatı alan görkəmli alimlərin apardığı elmi araşdırmaları doğru yola yönləndirmək istəyirik ki, onun içindən sabahın həm görkəmli alimləri çıxa bilər, həm də Nobel də olmasa, digər mükafatları alanlar çıxa bilər. Hətta heç mükafat almasın, əsl real, qalıcı, ölkəmizin inkişafına xidmət edən, insanları dəyişən, inkişaf etdirən elm yarana bilər.

- Zəngəzur dəhlizi ilə Naxçıvana nə zaman getməyi planlaşdırırsınız?

- (Gülərək.) Bu bizim ən böyük arzularımızdan biridir. Hesab edirəm ki, Zəngəzur dəhlizi Azərbaycan Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü, həm də dünyanın maraqlarına xidmət edən əhəmiyyətli bir layihədir. Hətta Ermənistana hamıdan çox xeyirdir. Mən əminəm ki, biz sizinlə bir yerdə Zəngəzur dəhlizini qət edəcəyik, Naxçıvana, oradan da Türkiyəyə gedəcəyik.

- AMEA alimləri Zəngəzur həqiqətlərinin dünya alimləri arasında yayılması istiqamətində hansı işləri görürlər?

- Zəngəzur dəhlizi məsələsi Zəngəzur probleminin öyrənilməsini tələb edir, bu da ayrı bir mövzudur. Akademiyada işğaldan azad olunmuş ərazilərlə bağlı Dövlət Proqramının tərkib hissəsi kimi elmi tədqiqatlar aparılır, kitablar çap olunur, o cümlədən Qərbi və Şərqi Zəngəzurla bağlı. Yeni nəslin əsərlərinin ingilis və digər dünya dillərdə dünyada çap olunmasına əvvəlki kimi maneələr yoxdur. Düzdür, təşəbbüslər azdır, təəssüf ki...Biz başa düşürük ki, elmimizin nailiyyətlərini dünyaya çatdırmasaq, öz həqiqətlərimizi, dünyaya çatdıra bilməyəcəyik. Zəngəzur həqiqətləri ilə bağlı Tarix İnstitutunda iki yaxşı kitab yazılıb, biz onları ingilis dilinə tərcümə etmək istəyirik. Sizinçün də maraqlı olar, mən indi bu mövzuda yazmağa hazırlaşıram: Nizami Gəncəvi Zəngəzura səfər edib, Atabəy hökmdarı ilə görüşüb. Xeyli materiallar toplamışam, yaxın günlərdə bu barədə yazacağam. Zəngəzur qədim Azərbaycan torpağıdır. Mən inanıram ki, aparılan siyasət, ortaya qoyulan mövqe Zəngəzur dəhlizinin açılmasının həyata keçirilməsini təmin edəcək, siz də, biz də, dünya xalqları da Çindən Avropayadək Zəngəzur dəhlizindən keçib gedə biləcəklər... 

Elşad PAŞASOY,

“Yeni Müsavat”, 28 oktyabr 2023-cü il