Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Görkəmli alim Aida Feyzullayeva Ədəbiyyat institutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsində elmi məsləhətçi təyin edildi

05-10-2023 [ 13:10 ] [ oxunub:260 ]
printerA+ | A-
103742

Alimlərimiz arasında milli-mənəvi dəyərlərimizi, tariximizi, ədəbiyyatımızı qoruyub saxlayaraq dövrümüzün qlobal çağırışlarına cavab verən intellektə, biliyə və dünyagörüşünə malik qadın alimlərimizin xüsusi yeri və çəkisi vardır. Azərbaycanın belə tanınmış qadın alimlərindən biri də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya Ədəbiyyatı və komparativistika şöbəsinin böyük elmi işçisi, filologiya elmləri doktoru, professor Aidə Hənifə qızı Feyzullayevadır. Elmi əsərləri ilə - “Azərbaycan yazıçıları Rusiyada: Milli ədəbiyyatın tarixi inkişafında təmas əlaqələrinin rolu”, “Oljas Süleymenov: yaradıcılıq fəaliyyətinin spektral tədqiqi təcrübəsi”, “Azərbaycanlıların dünyagörüşündə Şərq və Qərb amilləri. ". 20-ci əsr yazıçıları”, “Müasir Azərbaycan ədəbiyyatında milli və ümumbəşəri ideyalar”, “Müqayisəli tədqiqatlar işığında...: “Azərbaycanda müstəqillik dövrü rus ədəbiyyatının tədqiqinə” və s. kimi monoqrafiyalar, kitablar, elmi məqalələr, məruzələr və s.  - alim dünya xalqlarını Azərbaycan ədəbiyyatı, onun tarixi, ədəbi-mənəvi dəyərləri ilə tanış edir, ümumbəşəri dəyərlərin və humanitar biliyin elmi-nəzəri əsaslarını yaradır. Aida Feyzullayevanın tədqiqata müqayisəli-tipoloji yanaşması dünya ədəbiyyatının görkəmli yazıçılarının (F.M.Dostoyevski, V.V.Veresayev, L.Qumilyov, O.Balzak, K.Balmont, O.Süleymenov, A.Axmatova və b.) əsərlərini də əhatə edir. Aida xanımın böyük elmi yaradıcılıq ehtirası, Vətənini, Xalqını, onun bütün maddi-mənəvi dəyərlərini sevərək elmi yaradıcılığında tərənnüm etmək həvəsi, möhkəm elmi təməllər üzərindən  biliklərini paylaşmaq məharəti bu gün də davam etməkdədir. Aida xanım Feyzullayeva varlığı Müstəqil Azərbaycanımızda qadın alimlərin cəmiyyətdə perspektivli platformasının əsaslarının yaradıldığını, elmin müxtəlif sahələrində qadın icmasının fəal mövqeyinin təmin edildiyini, populyarlığının gücləndirildiyini, eyni zamanda,  onların bəşəriyyətin intellektual aləmini zənginləşdirdiyini bir daha təsdiq edir.

Oktyabrın 3-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclasında akademik İsa Həbibbəyli institutun əməkdaşı, filologiya elmləri doktoru Aida Feyzullayevanın səhhəti ilə əlaqədar tutduğu vəzifəsindən azad olunması barədə ərizə ilə müraciət etdiyini bildirib. Ədəbiyyat İnstitutunun ən çətin, ciddi problemlərinin həlli ilə məşğul olan Aida Feyzullayevanın insitutun, eləcə də ədəbiyyatşünaslıq elminin inkişafında özünəməxsus yeri və rolu olduğunu diqqətə çatdıran Akademik İsa Həbibbəyli görkəmli alim Aida Feyzullayevanın ictimai əsaslarla institutun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin elmi məsləhətçisi təyin edildiyini də söyləyib. Elmi şuranın iclasında Aida xanım Feyzullayeva həmkarlarına müraciətlə çıxış edib.

Filologiya elmləri doktoru, professor Aida xanım Feyzullayevanın Müraciəti:

          Əziz həmkarlarım! İsa müəllim başda olmaqla, sizin hamınızı salamlayıram. Bu gün mənim üçün xüsusi və əlamətdar bir gündür. Nizami Gəncəvinin adını daşıyan Ədəbiyyat İnstitutu mənim üçün həmişə doğma bir ocaq olmuşdur. Burada mən yarım əsrdən (55 il) çoxdur ki, işləyirəm.

         2019-cu ildə mən 80 illik yubiley ərəfəsində özümə hədiyyə etmək istərkən çapdan təzə çıxan 3 kitabımı İsa müəllimə təqdim edəndə o mənə demişdi ki, “Yaşayın, yaradın!”.

       Bu xeyirxah və taleyüklü sözlər mənim və güman edirəm ki, təkcə mənim yox, bütün əməkdaşların həyat devizi kimi hər zaman qorunacaqdır.

      Mən öz yaradıcılıq yolumdan çox da narazı deyiləm.  Əsasən, istədiyimə nail olmuşam. Son kitablarımın birində öz yaradıcılıq həyatımdan ətraflı yazmışam (6 səhifədən çox). Və bu səbəbdən, yəni yazdığım 12 kitabım haqqında geniş məlumat verdiyim üçün təkrara ehtiyac duymuram.

      İndi böyük şairimizin sözləri düşür yadıma:

     Yaşamaq yanmaqdır, yanasan gərək...

     Və... Çox əfsuslar olsun ki, mən indiki halda “yana” bilməsəm də, özümü işlək görmək istərdim...

     Elmdə, adətən, estafet gənclərə verilir. Düşünürəm ki, estafet ümidverici və etibarlı əllərdə olacaq. Elmin yeni tarixi inkişaf mərhələsində yeni kadrlara böyük ehtiyacı var. Bizim istedadlı tədqiqatçılarımızın taleyi tezliklə həll olunmalıdır. Bu olduqca önəmli və həlledici məsələdir.

03-10-2023