Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Xalid Səid Xocayevin “Yeni əlifba yollarinda əski xatirə və duyğularim” əsəri nəşr olunub

09-06-2023 [ 13:44 ] [ oxunub:1191 ]
printerA+ | A-
103506

XX əsr Azərbaycan dilçiliyinin görkəmli simalarından olan Xalid Səid Xocayev şəxsiyyəti, ədəbi-elmi fəaliyyəti, dərin düşüncəsi, atdığı doğru addımları ilə milli tarixi yaddaşlara həkk olunmuşdur. Xalid Səid Xocayevin “Yeni əlifba yollarında əski xatirə və duyğularım” adlı əsəri memuar tipli xatirələrdir. Müəllifin 1928-ci ildə qələmə aldığı bu əsər 1929-cu ildə ilk dəfə kitab şəklində işıq üzü görmüş və yeni latın əlifbası ilə yazılmış ilk kitablardan biridir. Bir əsrə yaxın müddət ərzində bir daha nəşr olunmayan bu əsərin yenidən nəşri –  Özbəkistan Milli Universitetinin professoru Həmidullah Baltobayev tərəfindən 2020-ci ildə Özbəkistanda baş tutmuşdur. Əsərin yeni nəşri özbək və Azərbaycan dillərində çap olunmuşdur. Xalid Səid Xocayevin “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri 2023-cü ildə yenidən nəşr olundu. Kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 06 aprel  2022-ci il qərarı, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin maliyyə dəstəyi ilə nəşr olunmuşdur. Kitab 204 səhifədən ibarətdir. Mətni 1929-cu il nəşrindən yenidən işləyən Nüşabə Adgözəlzadədir. Kitabın elmi redaktor: akademik  İsa Həbibbəyli, redaktoru , çapa  hazırlayanı filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova),  rəyçiləri filologiya  elmləri doktoru, professor Həmidulla Baltobayev,  filologiya  elmləri doktoru, professor Yaşar Qasımbəyli, məsul katibi  Şəbnəm  Mirzəzadə, korrektoru Şahnaz Nəsiblidir. Kitaba “Vəfa borcu” adlı ön sözü Almaz Ülvi yazmışdır. Xalid Səid Xocayevin Torontoda yaşayan 95 yaşlı qızı Bəhicə Məmmədovanın “Xoşbəxtəm ki, Xalid Səid kimi qeyri-adi şəxsiyyətlər unudulmayır. O, mənim atamdır” adlı yazısında Bəhicə xanım atasının həyat və yaradıcılığı ilə bağlı bir sıra faktları işıqlandırmışdır. Kitab Xalid Səid Xocayevin “Yazıçı tərəfindən bir neçə söz” adlı məqaləsi ilə açılır. Azərbaycan dillərində verilmiş başqa bir yazı Bakı Darülfünunun Şərq fakültəsi müdərrislərindən Əziz Qubaydullinin “Xalid Səid haqqında” təqdimatıdır.  “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri 3 hissədən ibarətdir: 1.Bakı-Krım-Moskva; 2.Moskva-Türküstan; 3.Türkolji qurultay. Bakı-Türkmənistan-Özbəkistan. Bakı-Krım-Moskva adlı birinci hissə “Haraya və nə üçün gedirik” yarımbaşlığı ilə başlayır və bu hissədən etibarən Xalid Səidin xatirələri fonunda qələmə alınan dövrün fövqəladə vəziyyəti və bu vəziyyətdən çıxmaq üçün keçilən yollar əks olunur. Bu hissə Mineralnı-Rostov, Rostov-Ağməscid, Ağməscid, Ağməscid.Baxçasaray, Ağməsciddə ilk iclas, Ağməscid-Sevastopol, Sevastopol yolunda, Ağməscidə doğru, Maarif evində kimi yarımbaşlıqlardan ibarətdir.

          “Moskva-Türküstan” adlı ikinci hissədə Türküstanın hüdudları və coğrafi mövqeyi, Daşkənddə, Qonaqlıqda yeni əlifba məsələsi, Daşkənd kəndlərində bir cəvəlan, Daşkəndə ümumi bir nəzər, Yeni və Əski Daşkənd, Əski şəhərdə maarif, Daşkənddə həyat və sənət, Daşkəndə tarixi  bir nəzər bölmələri daxildir.

 Türkolji qurultay. Bakı-Türkmənistan-Özbəkistan adlı üçüncü hissədə isə Türkoloji qurultay lazımdır, I Ümumi Türkoloji Qurultay, Qurultay açılarkən, Qurultaydan sonra, İkinci dəfə Türküstana doğru, Bakıdan hərəkət, Krasnovodsk qarşısında, Aşqabada doğru, Annagəldi baba ilə kiçik bir müsahibə, Türkmənistanda yeni əlifba məsələsi, Aşqabada ümumi bir nəzər, Səmərqəndə doğru, Özbəkistan daxilində, Səmərqənd şəhərində, Yeni əlifba ilə bağlı təşəbbüslər, Maarif Komissarlığında, Komisarlar Şurasının sədri yanında, Firqə məsul katibi yanında, Elmi Şurada qərar, Bir qərarın nəticəsi, Əski şəhərdə bir cəvəlan, Səmərqəndə tarixi bir nəzər adlı hissələr yer almışdır.

Son hissə “Türküstanda istifadə edilən müxtəlif əlifbalar və onlara tarixi nəzər” adlı yarımbaşlığın təqdimi ilə bitir.

SİZƏ MARAQLI OLA BİLƏR