Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Şahbaz Şamıoğlu. Mirzə Fətəli Axundzadə (müasirləri ilə əlaqələri və bədii yaradıcılığı)

08-12-2017 [ 09:14 ] [ oxunub:110 ]
printerA+ | A-
69117

Şamıoğlu Şahbaz. Mirzə Fətəli Axundzadə (müasirləri ilə əlaqələri və bədii yaradıcılığı) /elmi red. akademik İsa Həbibəyli; rəyçilər: f.e.d., prof. Alxan Bayramoğlu və f.e.d. Baba Babayev. – Bakı: Elm və təhsil, 2017.

Kitab AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şahbaz Şamıoğlunun milli dramaturgiya, realist bədii nəsr, professional ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsinin banisi Mirzə Fətəli Axundzadəyə dair növbəti monoqrafiyasıdır.  

Monoqrafiyanın birinci fəslində böyük ədibin Tiflisdən başqa, Bakı, Təbriz, Tehran, Peterburq, Paris və Londondan olan müasirləri ilə ictimai-ədəbi əlaqələri araşdırılıb. Müvafiq faktoloji materialların bolluğunu və elmi-metodoloji tələbi əsas götürən müəllif M.F.Axundzadənin müasirləri ilə əlaqələrini iki istiqamətdə - yeni əlifba uğrunda mübarizə sahəsində və “Kəmalüddövlə məktubları”nın çapı ilə bağlı çalışmaları çərçivəsində araşdırıb. Əsər ədəbiyyatşünaslığımızda M.F.Axundzadənin müasirləri ilə əlaqələrinin araşdırılması sahəsində ilk monoqrafik tədqiqat kimi qiymətlidir.

Monoqrafiyanın ikinci fəslində M.F.Axundzadənin bədii irsi – şeirləri, komediyaları və nəsr əsərləri təhlil edilib. Monoqrafiyada ilk dəfə yazıçının “Aldanmış kəvakib” povestindən əlavə, elmi-ədəbi ictimaiyyətə son illərdə məlum olan, müvafiq olaraq ərəb və fars dillərində qələmə alınan “Hekayə” və “Qəribə hekayə” (“Fəqəreyi-əcibə”) əsərləri təhlil olunub. Müəllif bu fəsildə, həmçinin, “Kəmalüddövlə məktubları”nın janrı və üsubu məsələsinə yeni mövqe nümayiş etdirib.

Qeyd edək ki, elmi ictimaiyyətin ixtiyarına verilən bu əsər Ş.Şamıoğlunun M.F.Axundzadəyə dair üçüncü monoqrafiyasıdır. Bundan əvvəl müəllifin “Mirzə Fətəli Axundzadənin gürcü müasirləri” (2012), “Mirzə Fətəli Axundzadə (dövrü, elmi bioqrafiyası və müasirləşmə konsepsiyası)” (2016) əsərləri çap olunub. Ş.Şamıoğlu ümumilikdə 7 monoqrafiyanın, Azərbaycanda və xaricdə çap olunan 50-dən çox elmi məqalənin müəllifidir.   

SİZƏ MARAQLI OLA BİLƏR