Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

OTHER NEWS

ANAS President, Academician Isa Habibbeyli‘s congratulations to Academy employees on the occasion of Novruz holiday

18-03-2024 [ 21:00 ] [ read:234 ]
printerA+ | A-
104382

Hörmətli həmkarlar!

Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, cansağlığı, ailə səadəti, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Əsrlər boyu böyükdən kiçiyə xalqımız tərəfindən böyük coşqu hissə ilə qeyd olunan Novruz bayramı öz adət-ənənələri ilə milli dəyərlərimizin, mədəniyyətimizin formalaşmasında mühüm rol oynamışdır. Xalqımız tarixin bütün dövrlərində bu adət-ənənələrinə daim sadiq qalmış, Novruz bayramını bütün çətinliklərə və qadağalara baxmayaraq nəsildən-nəsilə ötürərək yaşada bilmişdir.

Novruz bayramı, həmçinin əsrlərdən gələn və bu gün bütün dünya üçün örnək olan milli birliyimizin və həmrəyliyimizin təmin olunmasına və güclənməsinə də öz misilsiz töhfələrini vermişdir. Ölkəmizdəki çoxsaylı xalqlar bu bayramı Azərbaycançılıq ideologiyası işığında böyük sevinc və təntənə ilə qeyd edirlər.

Daim xalqımızın adət-ənənələrinin, milli dəyərlərinin keşiyində dayanan Ulu Öndər Heydər Əliyev “Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramıdır”, - deyərək öz yüksək münasibətini göstərmiş, Novruz şənliklərində iştirak edərək xalqımızla birlikdə bu bayramı qeyd etmişdir.

Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da xalqımızın keçmişinə, adət-ənənələrinə, milli dəyərlərinə xüsusi qayğı ilə yanaşır, müasir qloballaşma dövründə onların qorunmasına çalışırlar.

Dövlət başçısı 20 mart 2021-ci ildə Şuşada Cıdır düzündə xalqımıza müraciətində deyirdi: “...2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik”. Dövlət başçımızın Ali Baş Komandanlığı ilə Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra artıq 4 ildir ki, Novruz bayramını Qarabağda da qeyd edirik. Ötən ilin sentyabrında həyata keçirilən və ölkəmizin tam suverenliyi ilə nəticələnən antiterror tədbirlərindən sonra isə bu il ilk dəfə olaraq bütün Azərbaycan ərazisində Novruz şənliyi qeyd olunur və bayram tonqalları alovlandırılır.

Əziz həmkarlar!

Artıq bahar yurdumuza qədəm qoyur. Od, su, yel, torpaq çərşənbələrinin gətirdiyi ruzi-bərəkət süfrələrinizdən əskik olmasın.

Sizi bir daha Novruz bayramı münasibətilə təbrik edir, sağlam, xoş günlər arzulayır, elmi fəaliyyətinizdə uğurlar diləyirəm.

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

©  www.science.gov.az 

OTHER NEWS