Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

A critique of the "Seven Beauties" masnav‘s "Description of the Drought Year and Bahram‘s Compassion" portion by Siraceddin Haj

18-04-2024 [ 11:18 ] [ read:71 ]
printerA+ | A-

Nizami Gəncəvinin mərhəmət - sosial dövlət anlayışı - Siracəddin HACI

[Nizami Gəncəvinin mərhəmət - sosial dövlət anlayışı - Siracəddin HACI]17.04.2024 12:30 | 734 dəfə oxunub A A A-Elmi araşdırma

(Əvvəli burada)

İyirminci altıncı beytin şərhi:

onu səslədi

 

Şah belə yalvarıb sızlarkən,

Qeybdən hatif (mələk) onu səslədi.

 

Bəhramın duası bitdi, duada bunlar var idi: Allahı tanıma, Ona iman, təslimiyyət, mərhəmət, səmimiyyət, insanın acizliyi, məsuliyyət, yalvarış, bağışlanma istəyi, ümid.

Məsnəvinin süjet xətti yeni mərhələyə keçir - Bəhramın duasına qarşılıq verilir, Nizami onun duasının niyə qəbul olunduğunu açıqlayır, hansı dua qəbul olunar sualına cavab verir, uyğun bədii vasitələr seçir:

- Bu məqamda "şah" sözünə yer verir, o, şahdır, ancaq fərqlidir, sadə, təvazökar, mərhəmətli, Allahı tanıyan, məsuliyyətli, yerini/həddini bilən, acizliyini qavrayan, dövləti, şahlığı xalqın xidmətçisi sayan, dua edən şahdır;

- Nizami şahın halını ifadə edən "təzərro" sözünə yer verir, bu söz ərəbcədir, "yalvarış", "itaət" mənaları var, içində səmimiyyət daşıyır, inanaraq Allaha yönəlmədir, öz acizliyini, Allahın gücünü, mərhəmətinin sınırsızlığını anlayaraq Ondan yardım istəməkdir;

- "Təzərro" sözünü "uyğunlaşdırmaq"/"hazırlamaq" feilinə bağlayır ("saxtən" feilinin kökü olan "saz" biçimində), köklənmək mənası yükləyir, yəni səmimiyyətə kökləndi, içi ilə çölü, düşüncəsi, duyğusu ilə sözü, əməli uyğunlaşdı, üst-üstə düşdü, ahəng, hüzur ortaya çıxdı - səmimiyyət ahəngdir, insanın fitri halıdır, elə buna görə də duanın qəbul şərtdir;

- Nizami şahın "təzərro" / yalvarış-uyğunluq - səmimiyyət halını dərinləşdirir, onu beytin açar sözünə çevirir, bu məqsədlə iki vasitə seçir: a) "olmaq" feilinə yer verir, bu feil əməli ifadə edir - mərhəmət, səmimiyyət söz deyil, işdir, saleh əməldir, yalvarış sözlə gerçəkləşsə də, bir duruşdur - şah elə ki, o zaman ki oldu; b) "çenin / çonin təzərro" - belə, bu cür, bu biçimdə - o, sıradan bir yalvarış deyil, şahın bütün varlığı ilə Allaha yönəlməsidir, səmimiyyətə, fitrətə köklənmədir - şah elə bir biçimdə yalvardı ki, o dərəcədə səmimi oldu ki... Nizami "yalvarmaq" sözünə tərif verir: yalvarmaq Allahdan inanaraq istəməkdir;

- Allaha bu səmimi yönəlişin nəticəsi nə oldu? Qapı açıldı, duanın qəbulunun işarəsi gəldi, səs biçimində ortaya çıxdı. Nizami bu məqamda "hatif" sözünə yer verir, sonuna müəyyənlik əlaməti artırır, o hatif, bilinən, müjdə verən hatif, ya da o qaynağı bilinməyən hatif. Qeyd edim ki, tərcümədə hatifin mələk olduğu bildirilir. Hatif mələk deyil, bu söz ərəbcədir, irfana bağlı anlayışdır, gizli gələn, insanın içinə doğan səsdir, haqqa dəvət edir, müjdə verir, ona qeybdən xəbər gətirən mələk anlamı da yükləyirlər;

- Nizami deyir ki, o səs (şahın) içindən, içdən ("əz dərun") eşidildi, sonra o səsi tanıdır, bu məqsədlə "avaz" sözünü seçir, o, sıradan bir səs deyildi, nəğmə kimi, ahəngli, hüzur verən səs idi, müjdə gətirmişdi: o səs avaz biçimində ona - şaha səsləndi, müjdə verdi;

- Nizaminin ölçüsü budur: mərhəmət, səmimiyyət, saleh əməl duanın qəbulunun, bağışlanmanın yolunu açar;

 

İyirminci yeddinci beytin şərhi:

bəlanı uzaqlaşdırdı

 

Sən xeyirxah olduğun üçün Tanrı,

Bəlanı sənin şahlığından iraq etdi.

 

Nizami iç səsin - hatifin xəbər verdiyi müjdəni təqdim edir, mərhəmətli olmağın ilahi qarşılığı nədir sualına cavab verir:

- Mərhəmətin, mərhəmətli şahın, sosial dövlətin nə qədər böyük nemətlər, olduğunu göstərmək üçün şair onların qarşılığı olan ilahi müjdəni ayrıca mərasimlə tanıdır: özəl vaxt seçir, o iç səs dua anında - şah Allahla ünsiyyətdə olduğu zaman dilimində onun içinə doğulur, şah bütün varlığı ilə Allaha təslim olmuşdur, yalvarış halındadır - o, səsi də bu halı yaşayarkən eşidir, Nizami iç səsinə "avaz" deyir, o, hüzur verən səsdir, səsin tonu deyir ki, müjdə var - Allah duanı qəbul etmişdir, ey şah;

- Misra "ke" / "ki" bağlayıcısı ilə başlayır, bu işləri yerinə yetirir: iki misranı bir-birinə bağlayır, bir də iç səsin müjdəni açıqlaması üçün imkan formalaşdırır;

- İç səs Bəhrama səslənir, Yəzdan deyir, Bəhram atəşpərəstdir, onlar Allaha Yəzdan deyirlər, Nizami də onların anlayışına uyğun söz seçir - yəni müjdə Allahdandır;

- İç səs Bəhrama Yəzdan səni bağışladı demir - Allah onun günahsız olduğunu bilir, o, müjdənin - böyük mükafatın səbəbini açıqlamaq üçün "nikrəy" sözünü seçir, ona gözəl niyyət anlamı yükləyir: Allah sənin gözəl niyyətini, xoş məramını bilir, sən xalqını xilas etmək üçün çalışdın;

- Sən gözəl niyyətli olduğun, içində, əməlində mərhəmət daşıdığın üçün - böyük müjdənin səbəbi budur;

- İç səs Bəhramı mərkəzə qoyur, önə çıxarır, bu məqsədlə "sən" deyir, bu əvəzliyi iki dəfə işlədir, rədif mövqeyinə yerləşdirir, üstəlik, ona "üçün" qoşması ("bəhr") artırır: "sənin üçün", "sənə görə" - sənin gözəl niyyətin, mərhəmətin bu müjdəyə yol açdı;

- İç səs müjdənin - böyük mükafatların səbəbini açıqladı, indi birinci mükafatı tanıdır: Nizami "fətrət" sözünü seçir, bu sözün "zəiflik", "süstlük" mənalarını önə çıxarır (tərcümədə "bəla" kimi verilmişdir), dörd il davam edən quraqlıq qıtlığa, o da yoxsulluğa yol açdı, yəni qıtlıq hərəkətsizlik, inkişafın dayanması, yorğunluq, bezginlik, insanların, ölkənin zəifləməsidir;

- Allah bu zəifliyi, hərəkətsizliyi, yorğunluğu apardı, uzaqlaşdırdı - bu, qıtlıq dönəmi bitdi müjdəsidir, mərhəmət qıtlıq fəlakətini məğlub etdi, inkişafın, rifahın, ümidin yolu açıldı;

- İç səs Bəhramın mərhəmətinin dəyərini ifadə etmək üçün bir vasitə də seçir, deyir ki, Allah sənin padşahlığından - İran imperatorluğundan qıtlığı, zəifliyi, hərəkətsizliyi qaldırdı. Bir insanın - şahın mərhəməti bütün ölkənin qurtuluşuna səbəb oldu - Allahın mərhəmətə, mərhəmətli şaha, sosial dövlətə verdiyi dəyər, mükafat budur, məkanın böyüklüyü mərhəmətin böyüklüyünü ifadə edir, mərhəmət dünyanı xilas edər;

- Beyt deyir ki, öncə insan addım atmalıdır: sən mərhəmətli ol ki, Allah da mərhəmət yağışı yağdırsın;

 

İyirminci səkkizinci beytin şərhi:

razı olmadığın üçün...

 

Sən sevinc içində bu dörd ildə,

Aclıqdan baş vermiş bir ölümə razı olmadığın üçün...

 

İç səs Allahın müjdələrini bu sıralama ilə açıqlayır: müjdənin səbəbini göstərir, bu zaman Bəhramın mərhəmətini önə çıxarır, onu mərkəzə yerləşdirir, öncə insan addım atmalıdır mesajı verir. Səbəb nə idi? Bəhramın gözəl niyyəti var idi, xalqını qıtlıq fəlakətindən qurtarmaq istəyirdi, işini də bu hədəfə uyğun qurdu. Sonra nəticə gəlir, bu gözəl niyyətə Allahın qarşılığı nə oldu? Bütün ölkədə qıtlıq bitmişdir müjdəsi gəldi.

Bu beytdə də öncə müjdənin - böyük mükafatın səbəbi açıqlanır, Bəhram nə etdi ki, Allah onu müjdələdi sualına cavab verilir, səbəb-nəticə bağı göstərilir. Nizami uyğun vasitələr seçir:

- "Çon", bu söz mətndə səbəb mənası qazanır - özəl, çətin, çox sıxıntılı bir zamanı ifadə edir;

- "Sən", Nizami Bəhramı, onun mərhəmətini, sosial dövlətini mərkəzə yerləşdirir, bu məqsədlə iki beytdə dörd dəfə "sən" deyir (üçü "sən", biri şəxs sonluğu biçimində);

- O özəl, sıxıntılı, Bəhramın mərhəmətini, xalq/insan sevgisini ortaya çıxaran zaman dilimi hansıdır? Dörd ildir, bir gün, iki gün, bir il deyil, düz dörd ildir - quraqlıq, qıtlıq, aclıq, yoxsulluq illəridir, sıxıntılı zamanın çoxluğu, özəl vurğulanması bu məsələlərin ifadəsinə yol açır: a) Bəhramın insanlığını ortaya qoyur; b) mərhəmətin dəyərini göstərir - xalqı xilas edən mərhəmətdir; c) ilahi mükafatın böyüklüyünə yol açır - əmək böyük olanda mükafat da böyük olur; d) Bəhrama hüzur verir - Allah sənin o qorxunc dörd ildə nələr çəkdiyini bilir, əməyinə dəyər verir;

- "Xorsəndi" - "şadlıq", "sevinc", "razılıq" - ilahi müjdənin səbəbi odur ki, sən bu ağır dörd ildə xalqı qıtlığın əlindən qurtarmağının sevincini deyil, o bir insanın ölümünün üzüntüsünü önə çıxartdın, ona kökləndin, məhz buna görə Allaha dua etdin, belə demədin: bütün xalqı qurtardım, bir insan da öldü, nə edə bilərdim ki? Bəhram altı beytlik duasının heç bir yerində gördüyü işləri saymamış, bütün duanı o bir insanın ölümü üzərində qurmuşdur;

- İç səs də müjdənin səbəbini açıqlayarkən o bir insanın ölümünü yada salır: "ölmüş bir insanı" ("mordei ra"), Allahın müjdəsinin ana səbəbi xalqı qurtarmağın deyil, o bir insanın ölümünü qəbul etməməyindir - mərhəmətinin, ondan doğulan məsuliyyətinin dərəcəsidir - say azlığı mərhəmətin, ona verilən mükafatın böyüklüyünü göstərir;

- İç səs - Allahın mesajını çatdıran səs o bir insanın ölümünün səbəbini Bəhrama bağlamır, onu ittiham etmir, qıtlığa - Bəhramdan asılı olmayan səbəbə bağlayır, "ze fağe" - qıtlığın ortaya çıxardığı yoxsulluqdan deyir, Bəhrama onun ölümündə sənin günahın yoxdur mesajı verir, təsəlli edir, hüzura qovuşdurur;

- "Bəyənmədin" / "qəbul etmədin" - o bir insanın ölümündə günahın olmasa da, şaham, o, ölməməli idi dedin, məsuliyyəti üzərinə götürdün, bu, vicdanın, mərhəmətin göstəricisidir, səsidir, vicdan diridirsə, səsi gələr, əlaməti mərhəmət olar, vicdanının səsini dinləyənə Allah müjdə verən səs göndərər;

 

(Davamı olacaq)

OTHER NEWS