Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Nizami Gəncəvi - 880

Nizami Gəncəvinin "İskəndərnamə” poeması haqqında bəzi qeydlər - Zəhra Allahverdiyeva

24-04-2021 [ 19:31 ] [ oxunub:606 ]
printerA+ | A-
100790

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə” silsiləsində sonuncu əsəri "İskəndərnamə” poemasıdır. Böyük sənətkarın çoxşaxəli yaradıcılığının yekunuolan bu əsər dünya ədəbiyyatı tarixində müstəsna  yer tutur.  Poemanın mövzu və süjeti Makedoniyalı İskəndərin həyatı və yürüşləri haqqında mövcud  tarixi xronikalardan, əfsanə və rəvayətlərdən alınsa da, Nizami Gəncəvi məzmun və ideya baxımıdan yeni bir əsər ortaya qoymuş, Şərq ədəbiyyatında epik  janrın mükəmməl nümunəsini yaratmışdır.
 Nizami Gəncəvinin "İskəndərnamə” poeması haqqında ilkin məlumatlar Şərqin etibarlı məxəzləri hesab olunan təzkirələrdə yer alır. Dünya və Azərbaycan şərqşünaslığında şairin şəxsiyyəti və yaradıcılığına dair araşdırmalardaMəhəmməd Oufinin "Lübabül-əlbab”, Dövlətşah Səmərqəndinin "Təzkirətüş-şüəra”, Əbdürrəhman Caminin "Baharıstan” və "Nəfəhatül-üns”, Əlişir Nəvainin "Məcalisün-nəfais”, Lütfəli bəy Azərin "Atəşkədə”, Məhəmmədəli Tərbiyətin "Daneşməndane-Azərbaycan” və başqa məxəzlər əsas mənbə rolunu oynamışdır.
 Avropa şərqşünaslığının Nizami Gəncəvinin "İskəndərnamə” əsəri ilə tanışlığı XVII əsrin sonlarından, Fransız alimi d`Erblonun toplayaraq tərtib etdiyi "Şərq kitabxanası. Ümumi əsaslı lüğət” (Paris,1697) adlı işindən başlayır. Daha sonra bu monumental əsər U.Cons, S.Russo, Con Malkolm, Yozef fon Hammer, F.Erdman, F.Şarmua, Q.Auzli, Q.Flügel, V.Baxer, Ç.Riye, H.Ete, E.Braun və başqa alimlərin diqqətini cəlb etmişdir.
 Rusiyada və Azərbaycanda, eləcə də Qafqaz regionunda problem ətrafında Aqafangel Yefimoviç Krımski, Boris Dorn, Mirzə Fətəli Axundov, Abbaqsulu ağa Bakıxanov, Mirzə Məhəmməd Axundov, Aleksandr Osipoviç Makovelski, Yuri Nikolayeviç Marr, Yevgeni Eduardoviç Bertels, Həmid Araslı, Mir Cəlal Paşayev, Abdulla Şaiq, Əli Sultanlı,Mikayıl Rzaquluzadə,İosif Abqaroviç Orbeli, Mübariz Əlizadə, Əkbər Ağayev, Mikayıl Rəfili, Mirzəağa Quluzadə, Məmməd Cəfər, Cəfər Xəndan, Əli Abbasov, Qəzənfər Əliyev, Rüstəm Əliyev, Camal Mustafayev, Vaqif Aslanov,Zümrüd Quluzadə, Azadə Rüstəmova, Xəlil Yusifli, Konstantin Paqava, Çingiz Sadıqoğlu, Nüşabə Araslı, Teymur Kərimli və başqalarının tədqiqləri mövcuddur.
 
 Dünyanın bir sıra şərqşünas alimləri Nizami Gəncəvini Şərqin ən böyük lirik və epik şairi hesab etmişlər.  Görkəmli şərqşünas Y.E.Bertels Şərq poeziyasının iki böyük nəhəng şairini - Firdovsi və Nizami yaradıcılığını diqqətlə araşdırdıqdan sonra, belə bir qənaətə gəlmişdir ki, "...iki üslubun mübarizəsində Firdovsi deyil, Nizami ona görə qələbə çaldı ki, Firdovsi artıq öz yaradıcılığını başa vurarkən məğlub olmuşdu. Yaxın Şərqdə epik poeziyanın bütün sonrakı inkişafını Firdovsi deyil, Nizami müəyyən etdi.” [1]
"İskəndərnamə” poeması həcm etibari ilə şairin ən böyük əsəridir və 10 min 460  beytdən ibarətdir. Əsərin birinci hissəsi "Şərəfnamə”, ikinci hissəsi isə "İqbalnamə” adlanır. Poema əruz vəzninin mütəqarib bəhrində yazılmışdır.
 "İskəndərnamə” poemasının yazılma tarixi dəqiq məlum deyildir və əsərin heç bir yerində Nizaminin bu barədə dəqiq qeydi yoxdur. Yalnız əsərin başlanğıcında "Öz halı və rüzgarın gedişi haqqında” hissəsində şair artıq yaşlandığını, daha cavanlığının qalmadığını  bu beytlərlə ifadə etmişdir:
جوانی شد و زندگانی نماند
جهان گو ممان چون جوانی نماند
جوانی بود خوبی آدمی
چو خوبی رود کی بود خرمی
چو پی سست و پوسیده گشت استخوان
دگر قصه سخت روئی مخوان
غرور جوانی چو از سر نشست
ز گستاخ کاری فرو شوی دست[2]
                               Cavanlıq getdi və həyat qalmadı.
                   Cahana de: "Qalma, çünki cavanlıq qalmadı”.
                               İnsanın yaxşı nəyi varsa, cavanlıqdır,
                               Cavanlıq gedərsə, kim şad olar?
          Elə ki, ayağın süstləşdi, sümük boşaldı.
                               Başqa çətin qissədən danışma.
    Elə ki, gənclik qüruru başdan ötdü,
                               Çətin işlərdən əlini üz!
 Yazıldığı tarix dəqiq məlum olmasa da, bir sıra şərqşünas alimlər əsərin 1200-1203-cü illər arasında yazıldığını qeyd etmişlər.
 Nizami Gəncəvi "İskəndərnamə” əsərini Azərbaycan Atabəylər dövlətinin banisi Məhəmməd Cahan Pəhləvanın oğullarından biri, o dövrdə Azərbaycan və Arranın hökmdarı, sultan Nüsrətəddin Əbubəkr ibn Məhəmməd Bişkinə ithaf etmişdir.Şair "Şərəfnamə”nin əvvəlində Nüsrətəddin Əbubəkr haqqında yazır:
سکندر شکوهی که در جمله ساز
شکوه سکندر بدو گشت باز
زمین زنده‌دار آسمان زنده کن
جهان گیر دشمن پراکنده کن
طرفدار مغرب به مردانگی
قدر خان مشرق به فرزانگی
جهان پهلوان نصرةالدین که هست
بر اعدای خود چون فلک چیره‌دست[3]
                           Onda İskəndər əzəməti var, cümlə varlığı ilə,
                           İskəndərin əzəməti ona qayıtmışdır.
                           O yeri yaşadan, göyləri dirildən,
                           Düşmənləri pərakəndə salan cahangirdir.
                           Mərdlikdə Məğribin hökmdarıdır.
                           Müdriklikdə Məşriqin Qədir xanıdır.
                           Cahan Pəhləvan Nüsrətəddin ki,
                           Öz düşmənlərinə fələk kimi qalibdir.                         
Əsərin "İqbalnamə” hissəsində yenə də Nüsrətəddin Əbu Bəkr Bişkinin tərifinə xüsusi  bölmələr həsr etmiş, sultan Nüsrətəddinin əzəmətini vəsf etmişdir:
  شهی کانچه در دور ایام اوست                                    
 برو خطبه و سکه نام اوست                                      
سر سرفرازان و گردنکشان             
 ملکنصرةالدین  سلطان نشان                                   
طرف دار موصل بفرزانگی          
 قدرخان شاهان بمردانگی  [4]
                                 Elə bir şahdır ki, dövri- əyyam onundur,
                                 Xütbə ondan ötrü və sikkə onun adınadır.
                                 Başçıların başçısı və iftixarı
         Əzəmətli Sultan Məlik Nüsrətəddin-
                                 Bilicilikdə Mosul sərrafı,
                                 Mərdlikdə şahların Qədir xanıdır.                                    
       Görkəmli şərqşünas alim Y.E. Bertelsin də qeyd etdiyi bir məsələ - "İqbalnamə” əsərinin sonunda "Məlik İzzəddinin mədhi” bölməsinə əsasən, əsərin Mosul Atabəyi İzzəddin Məsuda ithaf olunması[5]  fikri əslində yanlış bir versiyadır. Görünür, bu mədh hissə şairin ölümündən sonra əsərin sonuna əlavə olunmuşdur. Yuxarıda nümunə gətirdiyimiz beytlərdən də görünür ki, burada söhbət Atabəy  Məlik Nüsrətəddindən gedir. Həmçinin Nizami elə "İqbalnamə”nin başlanğıcında Əbu Bəkrin əmisi Atabəy Qızıl Arslanın ölümündən təəssüfləndiyini bildirir. Əsərin "Sözə sitayiş və məliklərə nəsihət haqqında” hissəsində Nizami cavan Atabəy məliklərinə öyüd-nəsihət verir və ardınca  "Təzim xitabı” bölümündə  Nüsrətəddin Əbu Bəkr Bişkinə belə söyləyir:
دلت تازه بادا و دولت جوان
تو بادی جهانرا جهان پهلوان[6]
                       Könlün təzə olsun və bəxtin cavan,
                       Cahanın Cahan Pəhləvanı sən olasan!         
"İskəndərnamə” əsəri Nizami Gəncəvinin islami fəlsəfi-didaktik və məhəbbət mövzusunda yazdığı əvvəlki poemalarından fərqlənir. Bu poemada qəhrəmanlıq və kamillik təcəssüm olunmuş, bəşəri ideyalar  daha geniş aspektdə qoyulmuşdur. Nizami Gəncəvi yaradıcılığında mühüm yer tutan İskəndər haqqında bu dastan hünər və bəşəri kamilliyin təntənəsinə həsr olunmuş  zirvə əsəridir. Şair yüksək bəşəri ideyalarını dünya miqyasında təbliğ etmək üçün cahan fatehi, haqqında Qərbin və Şərqin yazılı və şifahi mənbələrində zəngin məlumatlar olan Makedoniyalı İskəndəri öz əsərinə əsas qəhrəman olaraq seçmişdir. Burada şairin məqsədi İskəndərin fatehlik tarixini deyil, öz islami- bəşəri ideyalarını, kamil şəxsiyyət və hökmdar haqqında, cəmiyyət quruculuğu haqqında ictimai-fəlsəfi görüşlərini təbliğ etmək idi. Bu əsərdə şairin missiyası insan cəmiyyətinin daha çətin problemlərinin həllinə yönəldilmişdir və bu baxımdan, "İskəndərnamə” Nizaminin möhtəşəm  yaradıcılığının müdrik sonluqla yekunu idi. Şairin özünün söylədiyi kimi, artıq "bəzm”in vaxtı ötmüşdü. Əsərin "Nəsihət və öz nəfsinə vəz haqqında söylər” hissəsində bu beytlər diqqəti cəlb edir:                         
چهلّه چهل گشت و خلوت هزار
ببزم آمدن دور باشد ز کار [7]
Qırx çillə və min xəlvətdən sonra,
 Bəzmə gəlmək işə yaramaz.
   Tarixdə cəmi 33 il ömür sürmüş (e.ə.356-323) dünya fatehi Makedoniyalı İskəndərin həyat və fəaliyyəti, onun göstərdiyi şücaətlər, Şərq ölkələrinə etdiyi yürüşlər haqqında qədim Yunan və Roma tarixçilərinin əksəriyyəti məlumat vermişlər. Qədim tarixçilər İskəndərin hərbi-siyasi fəaliyyətini  yüksək qiymətləndirmiş, onu "ilahi tərəfindən qorunan” müdrik bir dövlət xadimi kimi qələmə vermişlər. Ellinizm tarixinin görkəmli araşdırıcısı Оtto Оskaroviç Крюгер yazırdı: "Поход Александра на восток — это одно из проявлений эллинизма. Он производил на античных историков такое большое впечатление, что они считали его ключом к началу новой эры. Этот поход дал возможность македонцам и грекам познакомиться с неизвестными или мало известными племенами и народностями, их бытом, культурой.”[8]
  
Yunan tarixçisi Flavi Arrian "İskəndərin yürüşü” əsərində dünya fatehini müşayət edən  salnaməçilərdən Ptolemey və Aristobulun verdiyi tarixi məlumatlara əsasən, İskəndərin Şərqə yürüşünün coğrafi konturlarını, işğal etdiyi ölkələrdə yaşayan xalqların həyatı və məişətini müfəssəl şəkildə təsvir etmişdir. F.Arrian İskəndərin əzəmətli yürüşünə həsr etdiyi 7 kitabdan ibarət  bu əsərinin başlanğıcında yazırdı: "Есть и у других писателей сведения, которые показались мне достойными упоминания и не вовсе невероятными; я записал их как рассказы, которые ходят об Александре. Если кто изумится, почему мне пришло в голову писать об Александре, когда столько людей писало о нем, то пусть он сначала перечтет все их писания, познакомится с  моими - и тогда пусть уж удивляется.”[9]
  Qərbin tarixi xronikalarında Saxta Kallisfenin adı ilkin sırada çəkilir.
Kallisfen e.ə. 370-327-ci illərdə yaşamış yunan tarixçisidir. O, Aristotelin qohumu və tələbəsi olmuş, onun sayəsində İskəndər sarayına daxil olmuşdur. Antik mənbələr onun haqqında belə məlumat verir ki, "Поклон­ник Алек­сандра Македон­ско­го, участ­во­вал в его похо­де на Восток; в 327 г. попал в неми­лость, посколь­ку сопро­тив­лял­ся введе­нию неко­то­рых восточ­ных обы­ча­ев при дво­ре, впо­след­ст­вии был каз­нен за дей­ст­ви­тель­ное или пред­по­ла­га­е­мое уча­стие в заго­во­ре.” [10]
Kallisfen İskəndərin e.ə.357-345-ci illərdə Şərqə yürüşünü "Müqəddəs müharibənin tarixi” adlı əsərdə qələmə almışdır. Beləliklə, bu əsər Ptolemey, Arrian və başqa tarixçilərin istifadə etdiyi ilkin mənbədir. Sonralar Kallisfenin İskəndər haqqında romanının ilkin variantı itirilmiş, əsərin dəyişilmiş variantı "Saxta-Kallisfen” adı altında məşhurdur.
  "Saxta-Kallisfen”  pəhləvi, Suriya, həbəş, ərəb və türk dillərinə tərcümə olunmuşdur və bir çox alimlər bu əsəri Şərqdə İskəndər haqqında yaranmış süjetlərin əsas mənbəyi hesab etmişlər. Nizami Gəncəvinin "İskəndərnamə” əsərinin ilk tədqiqatçılarından biri olan  Azərbaycan alimi Əli Abbasov  yazırdı: "Biz Nizaminin "Saxta Kallisfen” əsəri ilə tanış olduğunu bilmirik, buna şairin özü də işarə etməmişdir...Nizami bu əsərin özü ilə tanış olmasa da, hər halda həmin kitabın müxtəlif dillərə tərcümə edilməsi nəticəsində onun təsiri ilə yaranmış rəvayətlərdən xəbəri olmuşdur.”[11]
    Şərqdə islam xalqlarının yazılı və şifahi mənbələrində İskəndər ədalətli hökmdar olaraq yüksək qiymətləndirilmiş, "İskəndər Zülqərneyn”, "İskəndər Rumi”, "İskəndəri-Kəbir” adları ilə məşhur olmuşdur. İslami qaynaqlarda İskəndər Zülqərneyn yer üzündə ədalət, qəhrəmanlıq və kamillik mücəssəməsi kimi təmsil olunmuş, bu sərkərdənin ilahi qüvvə tərəfindən idarə olunduğu və Peyğəmbərlik məqamına çatdığı göstərilmişdir. Müqəddəs Qurani-Kərimin Əl-Kəhf (8) surəsinin 83-98-ci ayələrində hökmdar, fateh və peyğəmbər İskəndər Zülqərneyn haqqında deyilir: " 83.(Ya Məhəmməd) səndən "Zülqərneyn” barəsində soruşurlar. De: "İndicə onun barəsində bir xəbər söyləyəcəyəm”. 84. Biz onu yer üzündə qüvvətləndirdik. Və hər işin çəmini ona verdik. 85. Və o, işinin davamını tutub (getdi). 86. Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onun qara palçıqlı bir çeşmədə batdığını gördü. Və onun yanında bir qövm tapdı. Dedik: "Ey Zülqərneyn! Onlara əzab da verə bilərsən və onlarla yaxşı rəftar da edə bilərsən”. 87. Dedi: "Zülm edənə əzab verəcəyik, sonra Rəbbinin hüzuruna qaytarılacaq, Rəbbi də ona pis bir əzab verəcəkdir”. 88. İman gətirib saleh əməl edənlər üçün daha yaxşı əcr vardır. Və ona əmrimizin asan olanını söyləyəcəyik”. 89. Sonra öz yoluna davam etdi. 90. Nəhayət, günəşin çıxdığı yerə çatdıqda onun bir qövmün üstünə düşdüyünü gördü ki, onlardan ötrü günəşin (isti şüalarının qarşısını almaq üçün) bir örtü (qalxan) yaratmamışdıq. 91. Beləliklə, biz onun yanında olan bütün xəbərləri ətraflı olaraq bilirdik. 92. Sonra öz yoluna davam etdi. 93. Nəhayət, iki səddin (iki dağ) arasına gəlib çatdı. Oranın yanında bir dil anlamayan qövmü gördü. 94. Dedilər: "Ey Zülqərneyn! Yəcuc və Məcuc yer üzündə fəsad salandırlar. Ola bilər ki, bizimlə onların arasında bir sədd çəkmək üçün sənə bir məbləğ xərclik verək?” 95. Dedi: "Rəbbimin mənə verdikləri daha xeyirlidir. (Bununla belə) mənə (gərəkli olan) bir güclə köməklik edin ki, sizinlə onların arasında möhkəm bir sədd çəkim.” 96. "Mənim üçün dəmir qırıqlarını gətirin!” İki dağın arası (dolub) bərabər olduqda dedi: "Od kürələrini üfürün!” Dəmiri od halına saldıqda dedi: "Mənə ərimiş mis gətirin, onun üstünə töküm”. 97. Nəticədə, Yəcuc - Məcuc nə o (səddi) aşa bildilər, nə də dəlib keçə bildilər.” [12]
     Bundan əlavə, İskəndər haqqında məlumatlar ət-Təbəri (IX əsr), Dinəvəri (IX əsr), Bəl`əmi (X əsr), əs-Səalibi (X əsr)  və başqa ərəb tarixçilərinin əsərlərində yer almışdır.
     Şərqdə İskəndər haqqında məlumat verən etibarlı mənbələrdən biri  Əbu Cəfər Məhəmməd ibn Cərir - ət Təbərinin IX əsrdə yazdığı "Tarix əl-ümam vəl-müluk” əsəridir. Nizami Gəncəvi özü də "İskəndərnamə”də bu müəllifin adını çəkmişdir. Nizami Gəncəvi əsərlərinin məxəzləri ətrafında araşdırmalar aparan Azərbaycan alimi R.Azadənin verdiyi məlumata əsasən, "Təbəri İskəndərin Rövşənəklə evlənib bütün İrana sahib çıxmasından, bir milyon qoşununun olmasından, İranda olan müxtəlif elm sahələrinə aid kitabları əvvəl Suriya dilinə, sonra yunancaya çevirtdirib Ruma göndərməsi, bütün zərdüşti abidələri yandırıb, atəşpərəst kahinlərə divan tutması,... Hindistana səfəri, Çinə getməsi, Tibeti özünə tabe etməsi, dörd mindən ibarət qoşunla Şimal qütbünə tərəf yönəlib əbədi qaranlıqlar ölkəsinə çatması və burada 18 gün qalıb dirilik suyu axtarması, onu tapmadan geri dönməyə məcbur olması təsvir edilir.”[13]
"İskəndərnamə” əsərinin mənbələrindən biri də Firdovsinin "Şahnamə” əsəri hesab olunur və bu iki əsərin əlaqəsinə dair şərqşünaslıqda kifayət qədər araşdırmalar aparılmışdır. Lakin qədim İran ənənələrini dirçəltməyə çalışan Firdovsi "Şahnamə”sindən Nizami əsərinin köklü surətdə fərqləndiyini  bir çox tədqiqatçılar qeyd etmişlər. Y.E. Bertels "Nizami Gəncəvi əsərinin süjetlərin alındığı mənbələr baxımından da fərqləndiyini” göstərirdi. O, "Nizami əsərində əsas qəhrəmanın mənşəyinə münasibətdə İran ənənələrinə heç bir bağlılığın olmadığını, hadisələrə fərqli yanaşmasını, ümumbəşəri ideyalar və sənətkarlıq baxımından Firdovsi əsərindən tam ayrıldığını” qeyd edirdi.[14]
    Göstərilən problem ətrafında uzun araşdırmalardan sonra Y.E. Bertels belə bir nəticəyə gəlmişdir ki, "Если у Фирдовси все внимание устремлено на престол, династию, ради которой все может быть принесено в жертву, то у Низами – в центре человек, данный индивидуум с его характерными неповторимыми свойствами. Отсюда и стремление к углублению психологического анализа, столь характерное для Низами и особенно резко выступающее при сравнении его манеры письма со стилем его предшественника».[15]
    Şairin əsas mənbələrindən biri də sözsüz ki, İskəndər haqqında Azərbaycanda yayılmış nağıl, rəvayət və dastanlar idi. Azərbaycan alimi Əli Sultanlının yazdığı kimi, "...qırxdan artıq Azərbaycan nağılı var ki, ancaq İskəndərə həsr edilmişdir. Bu nağıllarda İskəndər haqqında məlum olan əsas nüvə saxlanmaqla, İskəndər yeni macəralar, yeni keyfiyyətlər içərisində yaradılmışdır...Burada tilsimli qəsrlər, cadugər qadınlar, əlçatmaz və imkansız iş dalınca göndərmələr, qocaların məsləhəti ilə tilsimi qırmaq, keçəl hadisələri və sairə kimi sırf Azərbaycan folkloruna xas olan keyfiyyətlər verilmişdir.”[16]
 Bütün bunlar həmçinin İskəndərin Azərbaycana gəlməsi haqqında qədim mənbələrdə olan məlumatları təsdiq edir.F.Arrian yazırdı: Александр «покорил уксиев, арахотов и дрангов, завоевывая Парфию, Хореем и Гирканию до Каспийского моря, перешел через Кавказ за Каспийскими Воротами» [6, книга 7-ая,s.11]
Məsələ ətrafında tədqiqat aparan görkəmli alimlərdən biri Mikayıl Rəfili yazırdı: "Azərbaycanda indinin özündə də İskəndərin yürüşü, onun xəzinəsinin Azərbaycan ərazisində basdırılması və sair əfsanələr dolaşmaqdadır. İskəndər haqqında əfsanələr və rəvayətlər  əsasında yaranmış bir sıra  nağıllar və xalq poeziyası materialları vardır. Bu əfsanələrdən biri 1833-cü ildə "Moskovskiy teleqraf” jurnalında çap olunmuşdur.”[17]
 Qeyd etmək lazımdır ki, 1941 - ci ildə H. Əlizadə və M. Təhmasib tərəfindən toplanaraq, Bakıda nəşr olunan "Nizami əsərlərinin el variantları” kitabında İskəndər haqqında Azərbaycan folklorunda yayılmış rəvayətlər də yer almışdır.[18]
    Beləliklə, Nizami Gəncəvi Makedoniyalı İskəndər haqqında yazarkən, Avropa və Şərqdə yaranmış tarixi-dini mənbələr, həmçinin Azərbaycanda geniş yayılmış müxtəlif folklor versiyaları və Firdovsinin "Şahnamə” əsəri mühüm məxəz rolunu oynamışdır.Dahi şairin malik olduğu ensiklopedik biliklər, yüksək tolerant dünyagörüş bu əsərin fabula və məzmununa  mükəmməl orijinallıqlar gətirmişdir.Akademik T.Kərimlinin haqlı olaraq söylədiyi kimi, "Nizaminin böyük epik poemalarının meydana çıxmasını da müəyyən dərəcədə "yad ünsürlərə (başqa dinlərə və mədəniyyətlərə) açıqlıqla” izah etmək lazımdır. Bunu tarixi dövrün və şairin yaşadığı regionun müəyyən özəllikləri də isbata yetirməkdədir.”[19]
 Beləliklə, Nizami Gəncəvi İskəndərin həyatını, yürüşlərini və kamil şəxsiyyət olaraq bədii obrazını ilk dəfə olaraq qələmə  almış, yüksək ideya-fəlsəfi dəyəri olan  ecazkar bir sənət nümunəsi yaratmışdır.
    Şair özü əsərin "Dastanın xülasəsi və İskəndərin cahangirlik tarixi” adlı başlanğıc hissəsində çoxlu mənbə ələ gətirdiyini və bunlardan həqiqətə uyğun olanları seçdiyini qeyd edərək  yazırdı:
چو میکردم داستان را بسیچ
سخن راست رو بود و ره پیچ پیچ
اثرهای آن شاه آفاق گرد
ندیدم نگاریده در یک نورد
سخنها که چون گنج آ کنده بود
بهر نسختی در پراکنده بود
ز هر نسخه برداشتم مایها
برو بستم از نظم پیرایها
زیادت ز تاریخهای نوی
یهودی و نصرانی و پهلوی
گزیدم ز هر نامهً نغز او
ز هر پوست برداشتم مغز او[20]
                         Mən bu dastanı yazarkən,
                         Söz düz gedirdi, yol isə dolaşıq-dolaşıq (idi)
                         O üfüqləri gəzən şahın izini (əhvalatını)
                         Bir nüsxədə yığcam yazılmış görmədim.
                         Xəzinə kimi toplanmış sözlər
                         Ayrı-ayrı nüsxələrdə pərakəndə idi.
                         Hər bir nüsxədən bir maya aldım,
                         Onu öz şeirimə düzdüm, bəzədim.
                         Yeni tarixlərdən ziyadə
                         Yəhudi, Nəsrani və Pəhləvi tarixini aradım.
                         Hər bir kitabdan qiymətlisini seçdim,
                         Hər qabıqdan onun məğzini aldım. [21]
Bir sıra  alimlər Nizami Gəncəvinin bu əsəri sifarişlə yazmadığını qeyd etmişlər. Lakin əsərin ithaf olunduğu padşaha xitab hissəsindən məlum olur ki, Nizami Atabəy Məlik Nüsrətəddindən  əsərin onun adına itfaf olunmasını sifariş almışdır:
چو فرمان چنین آمد از شهریار
که بر نام ما نقش بند این نگار                                      
           بگفتار شه مغز را تر کنم                                           
بگفت کسان مغز در سر کنم                                       
                                   فرستم عروسی بدان بزمگاه                                        
کزو چشم روشن شود بزم شاه [22]
Elə ki, şəhriyardan belə fərman gəldi
                                  Ki, bu gözəlin nəqşini bizim adımıza vur!
                                  (Gərək)sözlə şahın məğzini[23] təzələyəm.
                                  Başqa kəslərin ağlına baş qoşmayam.
                                  O məclisə bir gəlin göndərəm
                                  Ki, ondan şah məclisinin gözləri işıqlansın.
 
"İskəndərnamə” əsərinin birinci hissəsi olan "Şərəfnamə” Nizaminin başqa poemalarına xas ənənəvi "Minacat”, "Nət”, "Peyğəmbərin meracı”, "Kitabın nəzmə alınması tarixi haqqında”, "Öz halı və rüzgarın gedişi haqqında”, "Nəsihət və öz nəfsinə vəz”,"Hatifin Nizamiyə verdiyi təlim”, "Səadətli padşah Nüsrətəddin  Əbubəkrin tərifi”,  "Padşaha xitab”, "Dastanın xülasəsi və İskəndərin cahangirlik tarixi”, "Nizaminin bu dastana olan meyli” haqqında olan müqəddimə ilə başlayır. "İskəndərin şərəf dastanının başlanğıcı” adlı hissədən etibarən dastanın  zəngin məzmunu çoxşaxəli süjetlər üzrə davam etdirilir.
İskəndərin doğulmasını, təlim-tərbiyə almasını, məktəbə getməsini təsvir edən Nizami Gəncəvi İskəndərin həyatı haqqında tarixi yanlışlıqları da aradan qaldırır, onun Daranın oğlu olması haqqında uydurma görüşləri bir kənara qoyur və İskəndərin Yunan şahı Feyləqusun (Filipp) oğlu olduğunu qəti şəkildə göstərir:
دگر گونه دهقان آذر پرست
بدارا کند نسل او باز بست
ز تاریخها چون گرفتم قیاس
هم از نامهً مرد ایزد شناس
در آن هر دو گفتار چستی نبود
گزافه سخن را درستی نبود
درست آن شد از گفتهً هر دیار
که از فیلقوس آمد آن شهریار[24]
                          Azərpərəst dehqan başqa cür (söyləyir),
                          Onun nəslini Daraya bağlayır.
                          Mən tarixlərdən elə müqayisə apardım,
                          Həm də ilahişünas kişinin əsərindən.
                          Onların hər ikisində doğru söz yox idi.
                          Uydurma sözlərin dürüstü yox idi.
                          Hər diyarın  rəvayətindən dürüstü bu oldu
                          Ki, o şəhriyar Feyləqusdan doğulmuşdur.
Əsərin baş qəhrəmanı İskəndərin təlim-tərbiyəsi əsərdə önəmli yer tutur. "İskəndərin məktəbə gedib təlim alması” hissəsində təsvir olunur ki, öz oğlunun ağıllı olduğunu görən müdrik  Feyləqus  onu bilik öyrənməyə yönəldir, Nizaminin sözləri ilə desək, "çünki daş cilalanıb işıqlanandan sonra gövhərə çevrilir.”
 İskəndər Nequmaxos  adlı müdrik bir müəllimdən  dərs alır. Nequmaxosun oğlu Ərəstu da şahzadə ilə həmdərs idi və ürəklə ona xidmət edirdi.  Atasından öyrəndiyi elm və hünəri həvəslə İskəndərə  öyrədirdi. Ağıllı müəllim şahzadənin təliminə çox çalışdı, onun ayağının xəzinə üstündə olduğunu duyub, onu qorudu. Ölüm yetişəndə, şahzadəyə öz oğlunu tapşırdı. Dedi: "Bütün dünyaya padşahlıq edəndə, bu dərsi, bu təlimi yada salarsan və qızıla-gümüşə pərəstiş etməzsən. Mənim haqqımı oğluma verərsən. Onu özünə vəzir edərsən. Ağıllı məsləhətçi qılıncdan və sərvətdən yaxşıdır”.  Şahzadə müəlliminin vəsiyyətinə əməl edir, bir an belə ağıllı Ərəstudan ayrılmır.
Nizami İskəndərin taxta çıxmasıdan başlayaraq, onun yürüşlərini, apardığı müharibələri - Zəngi qoşununun hücumundan xəbər tutması, İskəndərin Zəngibar şahına peyğam göndərməsi, Zəngibar şahına qələbə çalması, İskəndərin Misirdən Ruma qayıtması, İskəndərin hikməti və güzgü qayırması, Daranın İskəndər üzərinə qoşun çəkməsi, Daranın İskəndərlə müharibəsi, Daranın öz sərkərdələri tərəfindən öldürülməsi, İskəndərin İran atəşkədələrini dağıtması, İskəndərin İsfahanda Daranın qızı Rövşənəyə evlənməsi, İskəndərin İstəxrdə taxta oturması, Daranın qızı Rövşənəyi Ruma göndərməsi, İskəndərin Ərəbistana getməsi və Kəbəni ziyarət etməsi, İskəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi, Nüşabə ilə işrət məclisinə oturması, İskəndərin Əlbürz dağına getməsi, Dərbənd qalası yanında döyüşü, Sərir qalasına, Reyə, Xorasana, Hindistana, Çinə getməsi, ruslarla  müharibəsi, Nüşabəni azad etməsi, dirilik suyu axtarması, zülmətə getməsi və sair süjetlərdə məzmun mükəmməl, zəngin fəlsəfi- ideya xətti üzrə inkişaf etdirilir.
 İskəndərin Nizaminin doğma vətəni Azərbaycana gəlməsini şair böyük bir məhəbbətlə tərənnüm etmişdir. İskəndərin Bərdəyə gəlməsi və Azərbaycan hökmdarı Nüşabə ilə görüşməsinin təsviri yüksək sənətkarlıq qüdrəti ilə işlənmişdir. Bu görüş süjeti yüksək milli-əxlaqi dəyərləri, əsil Azərbaycan mənəviyyatını əks etdirir. Təsadüfi deyildir ki, görkəmli Azərbaycan alimi Həmid Araslı yazırdı: "Böyük sənətkar xüsusən vətənin tarixindən aldığı Nüşabə surətini, daha yüksək bir zirvəyə qaldırır. Dünyaları titrədən İskəndər bu bacarıqlı hökmdarın qarşısında aciz qalır. Nüşabə onunla əhd-peyman bağlayıb, öz ölkəsinə zərər yetirməyəcəyinə söz alır...İskəndər bu mərd qadının ağlı, fərasəti və düşüncəsinə heyran olur.”[25]
 Şair bu əsərində bir-birindən zəngin, dolğun xarakterli obrazlar silsiləsi yaratmışdır. Onun qəhrəmanları fərdi xarakteri ilə seçilən insanlardır. "Nizami azərbaycanlının psixologiyasını azərbaycanlı, rus psixologiyasını rus, yaxud çinlinin, rumlunun psixologiyasını olduğu kimi vermişdir”.[26]
 Nizami Gəncəvi İskəndər obrazı vasitəsi ilə öz humanist ideyalarını daha dolğun və mükəmməl şəkildə ifadə etməyə nail oldu. Əli Sultanlının da qeyd etdiyi kimi, "Nizaminin "İskəndərnamə”sində Makedoniyalı İskəndər - qəhrəmandır, səxavətlidir, mərd adamdır, müdrik bir alim, filosof, tədbirli bir hakim, azadlığın mücahidi, maarifçi-monarx, ədalətli bir hökmdar, eyni zamanda, Şərqli bir aşiqdir. Belə bir mürəkkəb səciyyə ilə əsərdə təcəssüm edən İskəndər, tarixi reallıqdan ziyadə, şairin öz ictimai-siyasi məfkurələrinə çox uyğun idi.”[27]
Nizami Gəncəvi bu əsərdə ədalətli dövlət quruculuğu ideyasını çox geniş miqyasda təbliğ etməyə nail oldu. Görkəmli Azərbaycan alimi Məmməd Cəfərin yazdığı kimi, " Nizaminin axtardığı ideal şah yox, ideal cəmiyyət, ideal dövlət quruluşu, "ellə birlikdə idarə” olunan bir üsuli-quruluş... olmuşdur.”[28]
Nizami Gəncəvinin ictimai ədalət axtarışlarının nəticəsidir ki, şair öz qəhrəmanını əsərinin "İqbalnamə” hissəsində xoşbəxtlər ölkəsinə, azad cəmiyyətə gətirib çıxarır. Bu cəmiyyət Nizaminin ictimai ədalət, kamil və azad insan axtarışlarının son idealı idi. Görkəmli Azərbaycan filosofu Heydər Hüseynov Nizaminin utopik cəmiyyət haqqında ideyalarını yunan, o cümlədən Platonun utopiyası, Zenon stoiklər məktəbi, Evgemerin görüşləri, Yambul fəlsəfəsi ilə müqayisə etmiş və belə nəticəyə gəlmişdir ki, "Nizami utopiyası qədim dünya utopik görüşləri ilə müqayisədə orijinal və dərindir... Nizami  ideal cəmiyyəti ilə öz dövrünün tarixi şəraitindən çox-çox yüksəyə qalxır. Onun cəmiyyətində şahlıq üsul-idarəsi yoxdur. Bu ideal cəmiyyətdə hətta kilsə və din xadimləri belə yoxdur”.[29]
 Nizami Gəncəvi "İqbalnamə”də İskəndəri daim filosofların əhatəsində, onların ağıl və məsləhətlərinin çevrəsində göstərir. Qəhrəmanlıq və şərəf hissi ağıl və kamilliklə birləşdirilir. İskəndərin yeddi filosofla xəlvətə çəkilməsi, Ərəstu, Bolinas, Sokrat, Forfuriyus, Hermes, Əflatun  kimi filosofların hikmət və nəsihətləri onun  kamillik məqamına yetişməsində əsas amillərdən biri kimi götürülür. Maraqlıdır ki, Nizami özünü də bu filosoflar cərgəsinə daxil edir. 7-ci filosof Nizaminin özüdür. Azərbaycan alimi Nüşabə Araslının göstərdiyi kimi, "...sarayda qurulan məclislərdə elmi-fəlsəfi görüşləri, hikmətli mülahizələri ilə şahı bir alim, yetkin insan kimi yetişdirən Ərəstu, Əflatun, Hermes, Sokrat və başqa bilici obrazlarında biz şairin öz şəxsiyyətini səciyyələndirən cəhətləri də görə bilirik. Bu obrazların təmsil etdiyi müdriklik, təmkin, zəka, əməksevərlik, zəhmətə hörmət, elmə, biliyə rəğbət, təmiz əxlaq, ləkəsiz mənəviyyat, insanpərvərlik, humanizm, gəncliyə inam, insan hünəri və qüdrətinə pərəstiş kimi ali keyfiyyətlər həm də şairin daxili aləminin ifadəsi kimi dəyərləndirilə bilər.”[30]
"İskəndərin peyğəmbərliyə çatması” bölümündə Nizami təsvir edir ki, İskəndər bütün elmlərin əsasını öyrəndi, ağlı o qədər kamilləşdi ki, bir daha Yaradılışdan söz açmayıb, yalnız dünyanı Yaradanı axtardı. Gecələrini - gündüzə qatdı ki, o ələ gəlmyəni necə ələ gətirsin? Bir mələk gəldi və ona pak Allahdan vəhy gətirdi ki: "O, sənə dünya hakimliyi verməkdən başqa,  peyğəmbərliyə də layiq görmüşdür.”[31]
 "İskəndərnamə” süjet və kompozisiya cəhətdən də orijinal quruluşa malik bir əsərdir. Əsərdə süjetlər şaxələnir, lakin bütün çoxşaxəli hadisələr baş qəhrəmanın ətrafında cərəyan edir. Bir sıra alimlər əsərin süjetini Avropa cəngavər romanlarının quruluşu ilə müqayisə etmiş, təhkiyə üsulunda Nizaminin tam fərqli bir sənətkar olduğunu xüsusi qeyd etmişlər.[32]
 Nizami Gəncəvinin "İskəndərnamə” əsərinin bədii dili  zəngin və xəlqidir. Dahi şair saqinamələr vasitəsi ilə əsərə orijinal məzmun və yeni bir üslub gətirmişdir.
 
Ədəbiyyat:
1.Abbasov Ə.M. Nizami Gəncəvinin "İskəndərnamə” poemasında sülh və müharibə məsələləri // AMEA-nın "Xəbərləri”.-1961,№1.-s.61-73.
2.Abbasov Ə.M. Nizami Gəncəvinin "İskəndərnamə” poeması.- Bakı:1966.-197 s.
3.Антич­ные писа­те­ли. Сло­варь. — СПб.: Изда­тель­ство «Лань», 1999.
4.Araslı H. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. Bakı: Gənclik, 1998, 732 s.
5.Araslı N. Nizaminin poetikası. Bakı: Elm, 2004, 454 s.
6.Aрриан. Поход Александра // Перевод  с латинского М.Е.Сергеенко,   предисловие    О.О. Крюгера. - Москва: МИФ.- 1993.
7.Azadə R. Nizaminin poeziya sələfləri. Bakı: "Elm”, 1999,280 s.
8.Bertels Y.E. Nizami və Firdovsi. "Nizami” almanax, II kitab, Bakı: 1940,241 s.
9.Бертельс Е.Э. Роман об Александре и его главные версии на Востоке.-Москва- Ленинград: Издательство АН СССР.-1948.- 252 с.
10.Бертельс Е.Э. Низами и Физули. Москва: Издательство Восточной литературы.-1962.- 556 с.
11.Cəfərov M.C. Nizami yaradıcılığında humanizm // "Vətən uğrunda” 1942, №3,s.48-53.
12.Cəfər Xəndan. "Şərəfnamə”nin bəzi bədii xüsusiyyətləri //Nizami Gəncəvi (Məqalələr məcmuəsi). Bakı: Azərbaycan EA nəşriyyatı, 1947.- s.114-119.
13.Əli Sultanlı. İskəndərnamə və Qərbi Avropa ədəbiyyatı // Nizami (Məqalələr məcmuəsi) Bakı: Azərbaycan EA nəşriyyatı, 1947.- s.75-87.
14. Qurani-Kərim,Azərbaycan dilinə tərcüməsi və transkripsiyası,tərcüməsi:Mirzə Rəsul  İsmayılzadə Duzal, Bakı,Beynəlxalq  əl-Huda nəşriyyatı,2005, 610 səh.
15.Гусейнов Г. О социальных воззрениях Низами. Баку:1946.
16.Kərimli T.  Nizami və tarix. Bakı: Elm, 2002, 244 s.
17.Крюгер О.О. Арриан и его труд «Поход Александра» // Предисловие в книге: Арриан. Поход Александра. - Москва: МИФ, 1993.
18.Маковельский А.О. О поэме Низами «Искендернаме»//«Низами».сб.IV, Баку:1947.- стр.58-70.
19.Nizami əsərlərinin el variantları .- Bakı: 1941.
20.Nizami Gəncəvi. İskəndərnamə. Şərəfnamə // Filoloji tərcümə, izahlar və  qeydlər: professor Qəzənfər Əliyevindir; İqbalnamə // Filoloji tərcümə: filologiya elmləri doktoru Vaqif Aslanovundur. Bakı: "Elm”, 1983, 650.
21.
نظامی  گنجوی ، شرف نامه  ،ترتیب دهندهً متن علمی و انتقادی:   ع.ع. علی زاده  ، باکو،1947.
22.
نظامی  گنجوی ، اقبال نامه  ،ترتیب دهندهً متن علمی و تدقیقی :   ف. بابایف  ، باکو،1947.
23.Рафили М. Низами. - Москва: Гослитиздат.-1941.- 120с.
 

SİZƏ MARAQLI OLA BİLƏR