Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Nizami Gəncəvi - 880

Nizami dühasının mükəmməl elmi təqdimatı

10-11-2021 [ 15:10 ] [ oxunub:214 ]
printerA+ | A-
101585

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Nizami Gəncəvi ili” elan edilmiş 2021-ci ilin bitməsinə çox qalmayıb. Demək, tam doqquz ayı başa vurduq. O doqquz ay ki kainatın ən böyük möcüzəsi, yaranmışların ən şərəflisi olan İNSAN bir qətrə sudan insan şəklinə düşmək və Yer üzərinə doğulmaq üçün bu müddət qədər yol keçir...

Demək, canlı bir orqanizm olan Nizami Gəncəvi ilinin nizamişünaslığı da artıq doğulmuşdur və mübarək qədəmlərini monitor və kağız üzərinə qoymaqla bütün gözəlliyi və möhtəşəmliyi ilə cilvələnməkdədir. Yubiley tədbirləri çərçivəsində yazılıb nəşr edilən, eləcə də müxtəlif qurumların sevə-sevə keçirdikləri rəngarəng tədbirlər dövlət səviyyəsində dəstəklənən dahi şairimizə qarşı özünü göstərən bir ümumxalq sevgisi təsiri bağışlamaqdadır.

Ancaq hər bir yubileyin başlıca əlamətdar hadisəsi - “gözəllərin axıra qalmışı” - yubilyar haqqında dünyanın müxtəlif dillərində çap edilmiş tanıtma kitabıdır. Sevinirik ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə də belə bir tanıtma kitabı dünyanın doqquz dilində nəşr olunmuşdur... Bəli, bu da bir simvol sayılmalıdır ki, “Nizami Gəncəvi ili”nin məhz doqquzuncu ayında belə bir möhtəşəm kitab “dünya işığına” çıxmışdır.

O da az sevindirici deyil ki, bu cür qiymətli tanıtma kitabı başqa birisinin deyil, məhz çağdaş Azərbaycan ədəbiyyatşünaslıq elminin ən böyük nümayəndələrindən biri, humanitar elmimizin başbiləni, akademik İsa Həbibbəylinin qələmindən canlanaraq, dahi Nizamini bütün dünyaya bir daha tanıtmağa, onun əsərlərindəki yüksək humanist idealları yenidən qiymətləndirməyə və onların çağdaş əhəmiyyətini daha qabarıq şəkildə vurğulamağa yol açmışdır.

Bu janrda və bu formatda nizamişünaslıq kitabının nəşrini zəruri edən amillərdən biri də budur ki, son dəfə Azərbaycan nizamişünaslığında bu tipli əsər düz 40 il bundan öncə rus və ingilis dillərində görkəmli nizamişünas alim, AMEA-nın müxbir üzvü, mərhum Azadə xanım Rüstəmovanın qələmindən çıxmış və lap çoxdan biblioqrafik nadirəyə çevrilmişdir.

Bundan başqa, bu keçən 40 il ərzində Nizamişünaslıq elminin özü də iri addımlarla inkişaf etmiş və yeni rakursdan ümumiləşdirilərək sistemləşdirilməyə, eyni zamanda humanitar elmin çağdaş səviyyəsindən yeniləşdirilməyə və qiymətləndirilməyə olan ehtiyacını heç də gizlətməmişdir. Elə buna görə də 40 ilin “aclığını” aradan qaldırmağa böyük tələbat duyan Nizamişünaslıq dünyası belə bir qiymətli əsərin ortaya çıxmasını səbirsizliklə gözləyirdi. Gözləyirdi və nə yaxşı ki, bu intizar uzun sürmədi: 440 səhifəlik sanballı bir əsər mütəxəssislərin və Nizami Gəncəvi sevərlərin ixtiyarına verildi: “İsa Həbibbəyli. Böyük Azərbaycan şairi Nizami Gəncəvi (Azərbaycan, türk, ingilis, rus, alman, Çin, polyak, gürcü, Ukrayna və bolqar dillərində). Bakı: “Elm”, 2021”.

Kitab Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 2000-ci il mayın 24-də dahi Nizami Gəncəvinin vətəni olan Gəncədəki məqbərəsini ziyarət edərkən söylədiyi bu tarixi sözlərlə açılır: “Bütün Azərbaycan xalqı Nizami Gəncəvi ilə fəxr edir. Onun əsərləri təkcə şeirdən ibarət deyildir, onların hər birində böyük elm var, böyük fəlsəfə, dahi fikirlər var. Buna görə də onun əsərləri də yaşayır, özü də yaşayır”.

Növbəti səhifədə, təbii ki, Ümummilli Lider Heydər Əliyev ideyalarının həyatımızın bütün sahələrində qüdrətli davamçısı və yüksək səviyyədə inkişaf etdiricisi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il yanvarın 24-də Gəncədə Nizami Gəncəvi Muzeyinin açılışı zamanı söylədiyi aşağıdakı dərinmənalı sözlər təqdim edilir: “Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır”.

Qeyd etdiyimiz kimi, Azərbaycan dilindən başqa dünyanın daha doqquz dilində Nizamini tanıdan kitab öz doğma xalqının dilindəki 70 səhifəlik oçerklə açılır. Bəri başdan deyim ki, bu oçerk eyni ilə türk, ingilis və rus dillərinə də hər biri həmin həcmdə olmaqla tərcümə edilmişdir. Bizim kitab barədə mülahizələrimiz də daha çox bu oçerkin Azərbaycan dilindəki variantı üzərində qurulacaqdır.

Akademik İsa Həbibbəyli həmişə təvazökarlıqla özünün Nizamişünas olmadığını desə də, kitabın elə ilk səhifələrindən qarşında məhz mükəmməl bir nizamişünas qələmindən çıxmış əsərin olduğunu düşünməkdən özünü saxlaya bilmirsən. Bu yerdə mənim yadıma oçerkin sonuna yaxın - “Nəticə” hissəsində İsa Həbibbəylinin özü tərəfindən verilən bir ritorik sual və onun da dolğun cavabı yadıma düşür:

Kimdir Nizami?

Bu suala verilmiş ən yüksək cavab belədir: Şeyx Nizami və Azərbaycan ədəbiyyatının Makedoniyalı İskəndəri!”

Buna analoji olaraq mən də belə bir sual-cavab yazmaq istərdim:

Kimdir nizamişünas?

Təkcə dəri dilini bilib, Nizami Gəncəvi əsərlərini orijinaldan oxuya bilənmi? - Yox!

Belələrinin də mətnşünas kimi əməyini yüksək qiymətləndirmək lazımdır. Lakin bu suala verilən ən yüksək cavab belədir: Nizami Gəncəvi irsini genetik səviyyədə anlayaraq dərindən qavrayan, orijinal və ya tərcümədən oxumasından asılı olmayaraq, peşəkar ədəbiyyatşünas səviyyəsində nəzəri cəhətdən ümumiləşdirə bilən tədqiqatçı! Əlbəttə, Azərbaycan nizamişünaslığı tarixində bu cür presedentlər olub və bu gün onların adlarını biz fəxrlə çəkə bilərik:

AMEA-nın həqiqi üzvü, akademik Məmməd Cəfər Cəfərov!

AMEA-nın müxbir üzvü, akademik Yaşar Qarayev!

Professor Arif Hacıyev!

Adlarını çəkdiyim, sözün əsl mənasında bu üç nizamişünas alim məhz dərin nəzəri təfəkkürə söykənərək, tərcümə mətnlərinin verdiyi poetik informasiya əsasında Nizami Gəncəvi yaradıcılığının elə problemlərini çözmüşlər ki, onlar indi də özünün dərin elmi əhəmiyyətini saxlamaqdadır.

Akademik İsa Həbibbəyli də məhz bu cür nizamişünaslar nəslinə mənsubdur. Ona görə ki, o, hər şeydən öncə, çağdaş ədəbiyyatşünaslığımızın böyük  nəzəriyyəçilərindən biridir və bu istedad ona imkan verir ki, dövründən və dilindən asılı olmayaraq,  hər hansı bir yazıçı və şair haqqında sanballı, orijinal fikir söyləsin və bu sahədə yeni bir yol açsın!

Bütün hallarda “Ədəbi şəxsiyyət və zaman” kitabında (2017, 1067 səh.) Azərbaycan ədəbiyyatının minilliklər ərzində keçdiyi inkişaf yolunun bütün tarixi mərhələlərində  özünün müəllifi olduğu yeni dövrləşdirmə konsepsiyası əsasında klassik ədəbiyyatdan yeni dövrə, oradan da müstəqillik mərhələsinə qədər müxtəlif əsrlərdə yaşayıb-yaratmış 67 yazıçı və şair (o cümlədən də Nizami Gəncəvi) haqqında çap  etdirdiyi portret-oçerklərdə nümayiş etdirdiyi yüksək professionallıq akademik İsa Həbibbəylinin yaşadığı dövrdən və mənsub olduqları ədəbi cərəyanlardan asılı olmayaraq, klassiklərimiz və müasirlərimiz olan sənətkarlar haqqında sözün əsl mənasında mükəmməl elmi söz demək istedadını aydın surətdə nəzərə çarpdırır. “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı da İsa Həbibbəylinin dərin elmi biliklərə və yüksək elmi-nəzəri dünyagörüşə malik bir professional ədəbiyyatşünas olduğunu göstərir.

Bu baxımdan mənə elə gəlir ki, İsa müəllim hər halda özünün nizamişünas olmadığı haqqında təvazökarlıqla dediyi fikrə bir də qayıtmalı və tənqidi yanaşmalıdır...

“Böyük Azərbaycan şairi Nizami Gəncəvi” tanıtma kitabının başlıca tezislərini əhatə edən “Giriş”dən sonra akademik İsa Həbibbəyli Nizaminin tərcümeyi-halı haqqında əyyami-qədimdən bu günə qədər yazılan məlumatları ümumiləşdirərək, bir sıra yeni fakt və polemik fikri də elmi dövriyyəyə gətirməyi yaddan çıxarmır və onlara öz münasibətini bildirməklə qalmayıb, həm də tərəfdarı olduğu fikrin sübutu üçün möhkəm və əsaslandırılmış dəlillər gətirir. Məsələn, Nizaminin Gəncədən kənara çıxdığı yeganə səfərin təfərrüatlarını bir zərgər dəqiqliyi ilə araşdıran müəllif vaxtilə professor Rüstəm Əliyevin bu barədə yazdıqlarından sonra səbirlə, addım-addım irəliləyərək belə bir inandırıcı möhkəm qənaətə gəlir ki: “...Nizami Gəncəvinin Qızıl Arslanla görüşmək üçün Zəngəzur bölgəsinin Şəki kəndinə etdiyi yeganə səfər 1187-ci ilin iyul ayında baş vermişdir” (səh. 16).

Məlumdur ki, başqa Şərq klassikləri kimi, Nizami Gəncəvinin də elmi tərcümeyi-halını yazmaq çox çətin, bəlkə də mümkünsüz bir işdir; çünki şairin özünün verdiyi məlumatlardan başqa əlimizdə heç bir sanballı qaynaq yoxdur. Ancaq təbii ki, akademik İsa Həbibbəyli səriştəli bir ədəbiyyat tarixçisi və  nəzəriyyəçi alim kimi burada da ruhdan düşmür və ilk baxışda əhəmiyyətsiz görünən ən xırda detalları da işə cəlb etməyi və onlardan faydalanmağı bacarır. Bu baxımdan nizamişünaslıqda heç də birmənalı olmayan “Əxilər” təşkilatı ilə əlaqənin məhz nəzəri səviyyədə təqdim edilərək əsaslandırılması, dahi şairin nəsil şəcərəsinin və hətta ən yaxın dostunun kim olmasını konkretləşdirərək təqdim olunması da maraq doğurmaya bilmir.

Kitabın növbəti bölmələrində Nizami Gəncəvinin yaradıcılığı “Lirikası” və ayrı-ayrı poemaları üzrə nəzərdən keçirilir. Bu bölmələrdə də akademik İsa Həbibbəyli bir xülasəçi (buna Orta əsrlərdə “təlxis” də deyirdilər) kimi çıxış etmir, əksinə, Nizami Gəncəvi yaradıcılığına yeni rakursdan baxaraq, bu baxımdan yeni mənalar və məqamlar üzə çıxarmağa çalışır. Məsələn, Nizami lirikası haqqında indiyə qədər məncə heç kimin ağlına gəlməyən belə bir cəsarətli fikir ancaq nəzəriyyəçi alim tərəfindən irəli sürülə bilərdi: “Nizami Gəncəvi poemalarının başlanğıc hissələrindəki minacat, nət, mədhiyyə və fəxriyyələr, şairin lirik ricət kimi istifadə etdiyi saqinamələr də müstəqil poetik formalardır” (səh. 33).

Doğrudan da, indiyə qədər adı çəkilən janrlar Nizami poemalarının mətnində olduğu üçün avtomatik olaraq onun lirik yaradıcılığından kənarda qalmışdır, halbuki akademikin çox doğru olaraq müəyyənləşdirdiyi kimi, bu janrlar da Nizami lirikasının kontekstində öyrənilməlidir.

Nizami Gəncəvi irsinin beş ləçəkli solmaz gülü olan “Xəmsə”nin tanıdılmasında da akademik İsa Həbibbəyli ədəbiyyat dərsliklərində və ədəbiyyat tarixlərində rast gəldiyimiz sönük təsvirlərdən fərqli olaraq, hər bir poemanı canlı orqanizm kimi təqdim etmək yolunu tutur və bu məqsədinə yüksək elmi səviyyədə nail olur. Hələ bunlar da azmış kimi, akademik İsa Həbibbəyli dərin elmi fikirlərini elə bir obrazlı dillə təqdim edir ki, oxucunu öz cazibə sahəsinə salıb tədqiqatı birnəfəsə oxumağa məcbur edir. Məncə, yazılarını terminoloji lüğətə döndərənlər, yarım səhifəlik anlaşılmaz cümlələrlə, qupquru akademizmlə özlərini göstərənlər bu baxımdan akademik İsa Həbibbəylidən çox şey öyrənə bilərlər. Faktların aydın təqdimatı, yenilik meyli, elmi-nəzəri təhlillərin aparılması və nəticə səviyyəsində ümumiləşdirməsi, hətta obrazlı dəyərləndirmələr onun tədqiqatlarının mahiyyətini təşkil edir.

Kitabda diqqəti çəkən cəhətlərdən biri də - sanki lirik ricət kimi qısa və sərrast cümlələrlə Nizami Gəncəvinin hər bir poemanın, eləcə də poemalara daxil olan obrazların, elə Nizami Gəncəvinin özünün də dəqiq xarakteristikasının və qiymətinin verilməsidir desək, qətiyyən yanılmarıq. Bu yöndə bir-iki nümunə verməkdən özümü saxlaya bilmirəm:

“Nizami Gəncəvinin poemaları təkrarsız böyük sənət nümunələridir.

“Sirlər xəzinəsi” Nizami Gəncəvinin zəngin söz və hikmət xəzinəsidir.

“Xosrov və Şirin” - siyasi hakimiyyətin təqdimatı, eşqin hakimiyyətinin ibrətamiz dastanıdır.

“Leyli və Məcnun” - dünya ədəbiyyatında “Romeo və Cülyetta”dan əvvəl doğulmuş romantik məhəbbət poemasıdır.

“Yeddi gözəl” - dünya ədəbiyyatının yeddi möcüzəsindən biridir.

“İskəndərnamə” - ədalətli hökmdar və ideal cəmiyyət haqqında möhtəşəm mənzum poemadır” (səh.36-37).

Nizami Gəncəvinin Azərbaycan və dünya ədəbiyyatındakı yeri və xidmətləri haqqında aparılmış aşağıdakı uğurlu və orijinal müqayisə akademik İsa Həbibbəyliyə məxsus düstur kimi səslənir. Nizami Gəncəvi dünya ədəbiyyatının Makedoniyalı İskəndəridir. İskəndərin qılıncla fəth etdiyi ölkələri  Nizami Gəncəvi qələmi ilə fəth etmişdir.

....Nizami Gəncəvi Şərq dünyasının və Azərbaycanın Qərb ölkələrində və ümumən dünyada ən böyük bələdçisidir.

Tanıtma kitabında verilmiş “Renessans məsələsi” bölməsində Şərq və Azərbaycan renessansı (intibahı) barədə indiyə qədər irəli sürülmüş konsepsiyaların ümumiləşdirilməsi ilə yanaşı, təbii ki, görkəmli nəzəriyyəçi alim kimi akademik İsa Həbibbəyli bu problemə də öz baxış bucağını ifadə edir. Fikrimizcə, Nizami Gəncəvi və renessans məsələsinin şərhində aşağıdakı mülahizələr yalnız akademik İsa Həbibbəyliyə məxsusdur. “Dünyanı geniş coğrafi miqyasda aydın şəkildə dərk etməsi Nizami Gəncəvinin renessans  dünyagörüşünə malik mütəfəkkir sənətkar olduğunu nümayiş etdirir... Bu cəhətdən Nizami Gəncəvini qitələrdən-qitələrə səfərlər etmiş dünyanın ən məşhur səyyahları ilə müqayisə etmək olar. Nizami Gəncəvi Azərbaycan ədəbiyyatının Kolumbu və Magellanıdır.

....Elmi-ədəbi fikirlərinin universallığına görə Nizami Gəncəvi Azərbaycanın Aristotelidir. “İsgəndərnamə” Azərbaycanın və Şərqin Platon Akademiyası funksiyasını həyata keçirən böyük sənət abidəsidir.

....Nizami Gəncəvinin zəngin və çoxcəhətli yaradıcılığı Şərq intibahı və Qərb renessansının qovşağındakı ən böyük sənət hadisəsidir”.

Nəhayət, çox təbii olaraq, “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” tanıtma kitabındakı beş oçerk “Azərbaycançılıq” bölməsi ilə başa çatır. Az qala yüz ilə yaxın müxtəlif tədqiqatçılar tərəfindən ələk-fələk edilmiş bu problemdə də akademik İsa Həbibbəylinin nəzəriyyəçi gözü yeni detallar aşkara çıxarmağa və onları müstəqil dövlətçilik yönündən qiymətləndirməyə nail olur. Belə ki, məktəbli uşağa da məlum olan “Bərdənin tərifi”ni (“İsgəndərnamə”) öz yüksək elmi-vətənpərvərlik səviyyəsindən orijinal şəkildə qiymətləndirən akademik İsa Həbibbəyli yazır: “Azərbaycanın qədim Bərdə şəhərini vəsf etdiyi məqamlarda şairin Vətən sevgisi aşkar olaraq qabarıq şəkildə nəzərə çarpır. Şeirdə Nizami Gəncəvi Tərtər-İstisu, Naxçıvan-Zəngəzur-Şəki səfəri zamanı gördüyü Bərdəni, onun uzaq ətrafındakı dağlarda iyul ayındakı təbiət mənzərələrini ilhamla tərənnüm etmişdir. Eyni zamanda şair Bərdənin timsalında bütövlükdə Vətəni Azərbaycanın gözəlliklərini qürur hissi ilə canlandırmışdır. Bu mənada “Bərdənin tərifi” şeirini “Azərbaycanın tərifi” şeiri kimi də adlandırmaq olar. Yaxud da şeirdəki “Bərdə nə gözəldir” sözlərini “Ölkəm nə gözəldir” sözləri ilə ifadə etsək, məna və mətləb dəyişməz” (səh. 66).

Akademik İsa Həbibbəylinin qeyd etdiyimiz tədqiqat janrına artırdığı uğurlu yeniliklərdən biri də kitabın sonunda 40 səhifəlik “Nizami Gəncəvi almanaxı” adlandırdığı fotoalbomun verilməsidir. Buradakı şəkillər elə seçilmişdir ki,  onlara baxmaqla Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında əyani təsəvvür əldə etmək mümkündür.

Bütövlükdə akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi (Azərbaycan, türk, ingilis, rus, alman, Çin, polyak, gürcü, Ukrayna və bolqar dillərində)” tanıtma kitabının yazılıb nəşr edilməsi yubiley ilində Azərbaycan elminin qarşısında duran mühüm vəzifələrdən  biri, həm də bu janrda yazılmış əsərlər üçün yeni bir elmi üslubun başlanğıcını qoyan əhəmiyyətli monoqrafik əsər kimi qiymətləndirilə bilər.

Böyük Azərbaycan şairi Nizami Gəncəvini xalqımıza və dünyaya akademik İsa Həbibbəylinin təqdim etdiyi dərinlikdə və ucalıqda tanıtmaq dahi sənətkarı zəngin və çoxcəhətli yaradıcılığının möhtəşəm miqyası ilə təqdim etmək deməkdir.

Teymur KƏRİMLİ, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik

“Azərbaycan” qəzeti

2021, 11 noyabr

SİZƏ MARAQLI OLA BİLƏR