Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Nizami Gəncəvi - 880

Akademik Məmməd Cəfər Cəfərovun Nizami dünyası

19-09-2021 [ 13:12 ] [ oxunub:546 ]
printerA+ | A-
101167

Görkəmli ədəbiyyatşünas alim, akademik Məmməd Cəfər Cəfərovun elm dünyası, elmi fəaliyyət dairəsi geniş olub, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqiddən başqa tarix, fəlsəfə, estetika, folklorşünaslıq, dinşünaslıq, dilçilik, pedaqogika və s. sahələri əhatə etmişdir. Onun çoxcəhətli elmi fəaliyyətində ədəbiyyatşünaslıq aparıcı istiqaməti müəyyən etmişdir. Akademik Məmməd Cəfər Cəfərov dərin nəzəri təfəkkürə malik professional ədəbiyyatşünas alimdir. Bununla belə, o, məşğul olduğu elm sahələrinin hər birində əsl peşəkarlıq nümunəsi göstərmişdir. Bu mənada o, Azərbaycan humanitar elmləri sahəsində çalışan alimlər arasında ən universal alimlərdən biri kimi qəbul olunur. 

Bundan başqa, akademik Məmməd Cəfər Cəfərovun elmi fəaliyyətində bir neçə mühüm elmi problem: ədəbi tənqidin tarixi və nəzəriyyəsi və Azərbaycan ədəbiyyatında romantizm problemləri aparıcılıq təşkil edir. Mirzə Fətəli Axundzadənin ədəbi-tənqidi görüşləri, yaxud da sadəcə Mirzə Fətəli Axundzadə dedikdə, Azərbaycan ədəbiyyatında romantizmdən söz açılarkən ilk olaraq, akademik Məmməd Cəfər Cəfərov yada düşür. 
Eyni zamanda, başqa ədəbiyyatşünaslar kimi akademik Məmməd Cəfər Cəfərovun da daha çox sevdiyi və ya haqqında xüsusi ilhamla yazdığı bir çox görkəmli sənətkarlar vardır: Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid və Səməd Vurğun. "Füzuli sevir" məqalələr serialı Məmməd Cəfər Cəfərovun Azərbaycan Füzulişünaslığında elmi möhürüdür. "Mirzə Fətəli Axundzadənin ədəbi-tənqidi görüşləri" monoqrafiyası Axundzadəşünaslıqda olduğu kimi, tənqidşünaslıqda da hadisədir. Hüseyn Cavidin həyatı və yaradıcılığına həsr edilmiş monoqrafiya və Azərbaycan romantizm ədəbiyyatının banilərindən biri olan şair-dramaturqun yaradıcılığının poetikasından bəhs edən əsərləri romantizmşünaslıqda olduğu qədər də, Cavidşünaslıq üçün də təkrarsızdır. Etiraf etməliyik ki, aradan altmış ilə yaxın vaxt keçməsinə və bu müddətdə həm Hüseyn Cavid və həm də romantizm haqqında çoxsaylı elmi əsərlərin yazılıb çap edilməsinə baxmayaraq, Məmməd Cəfər müəllimin həmin mövzulardakı tədqiqatları hələ də zirvədə dayanır. Xalq şairi Səməd Vurğunun şeir və dram yaradıcılığından bəhs edən məqalələri ilə də Məmməd Cəfər Cəfərov Azərbaycan Səməd Vurğunşünaslığının elmi-nəzəri əsaslarını yaradanlardan biri hesab edilir.  Fikrimizcə, akademik Məmməd Cəfər Cəfərovun elmi fəaliyyətində xüsusi mövqeyə malik olan mövzulardan biri də böyük Azərbaycan şairi Nizami Gəncəvi ilə əlaqədardır. Əvvəla, görkəmli alim ən müxtəlif  mövzulardan və ədəbi şəxsiyyətlərdən söz açarkən fikirlərinə aydınlıq gətirmək üçün dəfələrlə Nizami Gəncəvinin söz və sənət haqqındakı fikirlərinə istinad etmişdir. İkincisi, Məmməd Cəfər müəllim 1941-1947-ci illərdə dahi şairin 800 illik yubileyi dövründə Nizami Gəncəvi haqqında yazdığı sanballı elmi məqalələri ilə Azərbaycan Nizamişünaslığına qiymətli əlavələr etmişdir. Onun 1941-ci ildə yazıb, az sonra "Vətən uğrunda" jurnalında çap etdirdiyi "Nizami yaradıcılığında humanizm" məqaləsi ilə o dövrə qədər həyatı və yaradıcılıq yolu əsasən ədəbiyyat tarixçiliyi baxımından araşdırılan böyük sənətkarın zəngin ədəbi irsinin problemlər üzrə tədqiq edilməsi istiqamətində ilk addımlardan biri atılmışdır. Nəinki öz dövrü üçün, hətta XXI əsrin indiki mərhələsi üçün də aktual və əhəmiyyəti olan Nizami yaradıcılığında humanizm məsələsini otuz iki yaşlı cavan tədqiqatçısı Məmməd Cəfər Cəfərov özünəməxsus obrazlı düşüncə ilə nəzəri şəkildə aşağıdakı kimi izah etmişdir: "Nizamiyə görə, humanizm insanın, insan qəlbinin ən yüksək duyğularını, qəlbin ən ali, incə və nəcib hisslərini canlandıran, insan ruhunu çiçəkləndirən bahar nəsimi kimidir. Onsuz insan mənəviyyatı müzlüm, qaranlıq qış gecələri kimi soyuq və miskindir".  Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 1947-ci ildə keçirilmiş anadan olmasının 800 illik yubileyinə Məmməd Cəfər Cəfərov dahi sənətkar haqqında yazdığı "Sözlərin hakimi" və "Klassik şeirimizdə Nizami yaradıcılığı motivləri" adlı sanballı məqalələri ilə özünün layiqli elmi töhfələrini vermişdir. Yubiley ilində və yəqin ki, yubiley münasibətilə yazılmasına baxmayaraq, bu məqalələrdə yubiley ənənəsindən gələn təntənəli pafos, təbliğat motivləri yox, ciddi tədqiqatçılıq səyləri aparıcılıq təşkil edir. "Sözlərin hakimi" məqaləsində ilk dəfə olaraq Məmməd Cəfər Cəfərov Nizami Gəncəvinin söz və sənət haqqındakı baxışlarını nəzəri-fəlsəfi baxımından şərh etmişdir. Bədii əsərlərində böyük romantik olan Nizami Gəncəvinin söz və sənət haqqındakı qənaətlərində realist yanaşmaların olması tezisi yalnız Məmməd Cəfər Cəfərova məxsus olan mühüm nəzəri müddəadır. Həmçinin, "Klassik şeirimizdə Nizami yaradıcılığı motivləri" məqaləsində də qüdrətli şairin davamçılarının sadalanmasından deyil, sonrakı əsrlərdə onun şeir-sənət ənənələrinin yaradıcı şəkildə davam etdirilməsi məsələlərindən nəzəri səviyyədə bəhs edilmişdir. Bu məqalələr heç də yubiley ovqatı və ya təəssüratı olmayıb, Nizami Gəncəvi sənətinə ədəbiyyat nəzəriyyəsi baxımından yanaşılaraq, ciddi elmi təhlillər əsasında yaradılmış mükəmməl nizamişünaslıq nümunələridir. 

Akademik Məmməd Cəfər Cəfərov Azərbaycan ədəbiyyatının ayrı-ayrı problemlərinə və ədəbi şəxsiyyətlərinə həsr edilmiş elmi əsərlərində də ən müxtəlif məqsədlərlə Nizami Gəncəvi sənətinə müraciət etmişdir. O, Mirzə Fətəli Axundovun ədəbi-tənqidi görüşlərindən bəhs edərkən böyük mütəfəkkirin nəzəri müddəalarını əsaslandırmaq baxımından Nizami Gəncəvi sənətini nümunə olaraq göstərmişdir. Bu cəhətdən Mirzə Fətəli Axundovun ədəbiyyatda məzmunla formanın vəhdəti təlimində "həm məzmun və həm də ifadə gözəlliyinə malik olan nəzm" dedikdə hansı miqyası ədəbi meyarı nəzərdə tutduğunu əyaniləşdirmək üçün həmin tələblərə cavab verən əsərlərin sırasında ilk əvvəl Nizami Gəncəvinin "Xəmsə"sinin misal görülməsinin səbəbini bu məşhur sənət abidəsinin bədii mükəmməlliyi ilə əlaqələndirmişdir. Bundan başqa, Azərbaycan ədəbiyyatında klassik romantikadan romantizmə qədər keçilən bir neçə əsrlik yolun başlanğıcındakı romantik poetik enerjinin intəhasız miqyası da Nizami sənəti əsasında müəyyən edilmişdir. Məmməd Cəfər Cəfərov XX əsrdə Səməd Vurğunun "Fərhad və Şirin" poeması ilə Nizami mövzusuna müraciət etməsini "Xəmsə" yaradıcısının qaldırdığı problemlərin sonrakı bütün dövrlər üçün də aktual və müasir olması ilə əsaslandırmışdır. Hətta estetikaya həsr olunmuş elmi əsərlərində də Məmməd Cəfər Cəfərov Nizami sənətinə dönə-dönə müraciət edərək böyük sənətkarın zəngin ədəbi irsinə fəlsəfi cəhətdən qiymət vermişdir: "Nizami "Həyatın mənası hünər deməkdir, nə şöhrət, nə yuxu, nə də yeməkdir" - dedikdə, məlumdur ki, yeyib-içməyin, istirahətin əleyhinə çıxmamışdır. ...Şübhəsiz ki, o, məhz aşağı dərəcəli və daha çox sövqi-təbii ilə əlaqədar olan həzləri (ləzzəti) əsl estetik hisslərdən fərqləndirməyi tövsiyə etmişdir".

Beləliklə, Nizami Gəncəvi mövzusu bütün elmi fəaliyyəti boyu Məmməd Cəfər Cəfərovu müşayiət etmişdir. Məmməd Cəfər Cəfərovun ədəbiyyat hadisələrinə baxışlarında Nizami Gəncəvi dərinliyi və müdrikliyi vardır. Görkəmli alimin ömrünün müdriklik çağında, 1979-cu ildə, 70 yaşında yazdığı "Nizaminin fikir dünyası" monoqrafiyası qüdrətli sənətkarın yaradıcılığına Məmməd Cəfər Cəfərov müdrikliyi səviyyəsində bəslənilən dərin elmi münasibətin canlı nümunəsidir. 

Məlum olduğu kimi, Məmməd Cəfər Cəfərovun "Nizaminin fikir dünyası" monoqrafiyasına qədər Azərbaycan Nizamişünaslıq elmi daha çox ədəbiyyat tarixçiliyi və mətnşünaslıq istiqamətində inkişaf etmişdir. Şairin anadan olmasının 800 illik yubiley tədbirlərinin işığında meydana çıxmış Nizami Gəncəvi "Xəmsə"sinə daxil olan poemaların Azərbaycan dilinə tərcümə edilməsi və nəşr olunması Azərbaycan Nizamişünaslığında mühüm hadisədir. Nizami Gəncəvinin tərcümeyi-halı və yaradıcılıq yoluna həsr edilmiş ilk monoqrafik tədqiqatların yaranması Nizamişünaslığının möhkəm əsaslarının formalaşdırılmasına xidmət etmişdir. Bununla belə, digər görkəmli sənətkarlarımız kimi, Nizami Gəncəvi sənətinin də poetikası və şairin ədəbi-nəzəri görüşləri məsələsi ədəbiyyat tarixiliyi ilə müqayisədə xeyli dərəcədə geridə qalmışdır. Məmməd Cəfər Cəfərovun "Nizaminin fikir dünyası" monoqrafiyası onun yaradıcılığının inkişaf dialektikası fonunda yazılmış, dahi şairin ədəbi-nəzəri və fəlsəfi baxışlarını yüksək elmi səviyyədə açıb qiymətləndirən ilk mükəmməl elmi abidədir. Bu, nəinki Nizami Gəncəvinin ədəbi-fəlsəfi görüşlərinin öyrənilməsi sahəsindəki boşluğu aradan qaldıran, həmin mühüm istiqamətin möhkəm bünövrəsini yaradan fundamental tədqiqat əsəri kimi mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycan ədəbiyyatşünaslıq elmində Nizami Gəncəvinin ədəbi-nəzəri və ictimai-fəlsəfi görüşlərinə həsr edilmiş birinci sanballı monoqrafik tədqiqat əsəri kimi elmi tariximizdə özünəməxsus yer tutur. 

Məmməd Cəfər Cəfərovun "Nizaminin fikir dünyası" kitabında mövzunun elmi həllinə şairin həyatı və yaradıcılıq yolunun təcrübəsi əsasında yanaşma prinsipini əsas götürməklə, onun ədəbi-nəzəri və ictimai-fəlsəfi baxışlarının dövrün mövcud proseslərindən, elmi nailiyyətlərindən, ədəbi ənənələrindən, nəhayət, sənətkarın öz əsərlərindən çıxış etməklə elmi qiymət verməyin nümunəsini göstərmişdir. Monoqrafiyadakı Nizami Gəncəvinin "Dövrü, həyatı və şəxsiyyəti" bölməsi şairin yaradıcılığına stimul vermiş tərcümeyi-hal faktları və mədəni-tarixi hadisələrin onun bədii əsərlərindəki nəsil-şəcərə, ata-övlad detalları ilə üzvü əlaqə əsasında yazılmış yeni tipli tədqiqatdır. Bu, Azərbaycan ədəbiyyatşünaslıq elmində nəzəri aspektdə yazılmış tərcümeyi-hal modelidir. Məmməd Cəfər Cəfərov Nizami Gəncəvinin həyat yolunu "fəsadlara hamilə olan" dünyanın və "qılınclarla əhatə olunmuş ölkə"nin ədəbi-tarixi hadisələrinin işığında təqdim etməklə onun dövründən və keşməkeşli taleyindən yaradıcılığına gedən yolları aydın surətdə nəzərə çatdırmışdır.

Nizami Gəncəvinin dünyabaxışı məsələsi fəlsəfə elminin obyekti olsa da, filosof-tənqidçı kimi tanınmış Məmməd Cəfər Cəfərov mütəfəkkir şairin cəmiyyət həyatına münasibətini və ictimai ideal axtarışlarını ədəbiyyatşünaslıqla fəlsəfənin sintezi əsasında fərqli bir yöndən obyektiv şəkildə aydınlaşdırmışdır. Ölkə fəlsəfə elmində, həm də Azərbaycan ədəbiyyatşünaslığında şairin sadə xalqın nümayəndələrini müdafiə etməsi, onlara fərqli rəğbət bəsləməsi Nizaminin demokratizmi kimi qiymətləndirilmişdir. Şairin "İskəndərnamə"də irəli sürdüyü "yer üzündə xalqları əsarətdən xilas etmək" ideyası Nizami demokratizminin strategiyası, İskəndərin ölkələri fəth edərkən yerli şahzadələrin içərisindən xalqa daha yaxın olan bir nümayəndəni seçib hakim təyin etməklə öz məqsədlərini həyata keçirməsi isə taktikası hesab oluna bilər. "Dünyanın fəsaddan hamilə olması"nın səbəblərini aramsız çəkişmələr və feodal müharibələri ilə müşayiət olunan mövcud cəmiyyət quruluşunun xarakterində axtarılıb təhlil edilməsi, tarixi faktlar və ədəbi materiallar əsasında əsaslandırılması da Nizaminin cəmiyyətşünaslıq baxışlarının təzahürləri kimi səciyyələndirilir. Təkcə ədəbiyyatşünaslıqda yox, Nizamişünaslıqla məşğul olan Azərbaycan humanitar və ictimai elmlərində tədqiqatçıların xüsusi diqqət yetirdikləri "Nizami ideal şah axtarmışdırmı?" sualına Məmməd Cəfər Cəfərovun verdiyi cavab tamamilə fərqli və orijinal olması ilə seçilir. Alimlərimizin mütləq əksəriyyəti bu sual ətrafında araşdırma apararkən çox hallarda Makedonyalı İskəndərin və ya Azərbaycan hökmdarı Nüşabənin simasında Nizami Gəncəvinin ədalətli və ya ideal hökmdar yaratdığı qənaətinə gəlmişlər. Akademik Məmməd Cəfər Cəfərov isə Nizaminin ədalətli hökmdar deyil, ideal cəmiyyət yaratmaq ideyası ətrafında düşünərək, gəlib çatdığı yekun qənaət haqqındakı fikirləri elmdə tamamilə yeni olub, şairin əsərlərində öz təsdiqini tapmış obyektiv reallığın ifadəsidir: "Məlumdur ki, Nizami heç bir yerdə... ideal şah yaratmaq fikrində olduğunu deməmişdir... Nizaminin axtardığı ideal şah yox, ideal cəmiyyət, ideal dövlət quruluşu, "ellə birlikdə" ifadə olunan bir üsuli - idarə ...olmuşdur". Nizami Gəncəvinin "İskəndərnamə" poemasında özünün ideal cəmiyyət ideyasını gerçəkləşdirdiyi "Xoşbəxtlər ölkəsi" və ya "Bərabərlik şəhəri" haqqındakı fikirləri Məmməd Cəfər Cəfərovun yuxarıdakı mülahizələrini bir daha təsdiq edir. Bu cəhətdən Nizaminin "Bərabərlik şəhəri" dedikdə nələri nəzərdə tutduğu haqqında Məmməd Cəfər Cəfərovun fikirləri sərrast bir ədəbiyyatşünas düşüncəsindən çox kamil bir cəmiyyətşünas filosofun gerçək cavabı kimi səslənir: "Nizaminin "Bərabərlik şəhəri" haqqında utopiyası, hər şeydən əvvəl, onun ağlın gücü ilə cəmiyyət işlərinin nizama salınmasının, ictimai ziddiyyətlərin aradan qaldırılmasının və ədalətli bir cəmiyyət yaradılmasının mümkün olduğuna inamını əks etdirmişdir". Məmməd Cəfər müəllimin Nizami Gəncəvi irsindən seçib, təhlilə cəlb etdiyi aşağıdakı misralar da həm "Xəmsə" yaradıcısının məqsədlərini və həm də monoqrafiya  müəllifinin təhlillərini tamamlayıb ümumiləşdirir:
    
Öylə bir ixtiyar olsaydı məndə, 
Qoymazdım bəndəyə möhtac bir bəndə.

Akademik Məmməd Cəfər Cəfərovun XX əsrin yetmişinci illərində, ölkədə sosializm ideyalarının qüvvətli şəkildə hökm sürdüyü, materialist baxışın mütləq normaya çevrildiyi, idealizmin kapitalist quruluşunun ideologiyası kimi qəbul edildiyi çətin və mürəkkəb bir şəraitdə 1979-cu ildə çapdan çıxmış "Nizaminin fikir dünyası" monoqrafiyasında Nizami Gəncəvini dini baxışlarının əsas xüsusiyyətlərinə görə idealist hesab etməsi Nizamişünaslıqda  tam yeni münasibətin ifadəsi olmaqla bərabər, zamanı nəzərə alınarsa, elmdə cəsarət nümunəsi sayılmalıdır. Nizami Gəncəvinin az qala materialist baxışların əsaslarını yaratması, "Xoşbəxtlər ölkəsi" ideyasının utopik kommunizm kimi qiymətləndirildiyi bir dövrdə onu birdən-birə idealist adlandırmaq: 1. obyektiv reallığın; 2. cəsarətin; 3. uzaqgörənliyin ifadəsi idi. Məmməd Cəfər Cəfərov özünün bir çox elmi fikirləri ilə, o cümlədən, keçən əsrin yetmişinci illərində Nizami Gəncəvini idealist sənətkar kimi dəyərləndirməsi ilə zamanı çox qabaqlayan elm xadimi olduğunu nümayiş etdirir. Məmməd Cəfər Cəfərovun Nizami Gəncəvinin yaşayıb-yaratdığı dövrdə nəinki Şərqdə, hətta Qərb aləmində də varlıq və şüur məsələlərinin ideyalar üzrə yanaşmalar olmadan şərh və dərk edilməsinin mümkünsüzlüyü haqqındakı tezisləri də şairin dünyabaxışına görə idealist olması fikrinin davamı olub, həmin müddəanı daha da qüvvətləndirən ciddi elmi mülahizələrdir. Məmməd Cəfər müəllimin Nizami Gəncəvinin idealizmində "real düşüncə, təcrübə, dünyəvilik əsasdır" - qənaəti şairi radikal qatı dindar hesab etməməsi xatirinə mətnə daxil edilmiş sözlər olmayıb, böyük şairin yaradıcılığının təbii daxili məntiqindən çıxarılmış obyektiv elmi müşahidələr və qənaətlərdir. Etiraf etmək lazımdır ki, aradan 42 il keçməsinə və bu müddət ərzində ölkəmizdə siyasi sistemin  dəyişdirilərək demokratik bir cəmiyyət qurulmasına baxmayaraq, hələ də humanitar və ictimai elmlərdə örtülü şəkildə olsa da, Sovet ideologiyasının müəyyən streotiplərinin bəzi əlamətləri müşahidə olunmaqdadır. Fikrimcə, Məmməd Cəfər Cəfərovun elmi irsində ifadə olunan bir çox mətləblər, o cümlədən, XX əsrin yetmişinci illərinin axırlarındakı Nizami Gəncəvi ilə əlaqədar baxışlar müasir dövrün elmi fikri üçün də bələdçi funksiyasını həyata keçirə bilər. Bu, sağlığında çoxlarının cəmiyyət işlərinə müdaxilə etməyib, yalnız elmi araşdırmalarla məşğul olduğu zənn edilən Məmməd Cəfər Cəfərovun əslində, onu əhatə edən siyasi-ideoloji mühitin hadisələri və təfərrüatlarını dərindən müşahidə etməsinin, açıq desək, ayıq nəzərlərlə izləməsinin əyani sübutudur. Bizə görə, Nizami Gəncəvinin sufizmə münasibətində Məmməd Cəfər Cəfərov təkcə öz dövrü üçün deyil, bizim günlər üçün də yeni və əhəmiyyətli olan elmi fikirlər irəli sürmüşdür. Onun Nizami yaradıcılığında sufizmi mütləqləşdirmək, maksimalist səviyyədə göstərmək və ya Nizamidə sufizmin olduğunu inkar etmək kimi baxışların hər ikisi məqbul hesab edilməmişdir. Məmməd Cəfər Cəfərovun fikrincə, Nizaminin dərvişvarı həyat keçirməsi, yaxud əsərlərində yalnız tərki-dünyalığı təbliğ etdiyini düşünənlər, təbliğ edənlər "Azərbaycan fəlsəfi fikrindən tamam xəbərsiz olanlar, ya da bilə-bilə həqiqəti təhrif edənlərdir". Ona görə də məsələyə aydınlıq gətirmək üçün Məmməd Cəfər Cəfərov Nizaminin dünyabaxışının əsl mahiyyətini yalnız sufizmdə yox, əslində, daha çox şairin tərcümeyi-halının bağlı olduğu əxilikdə axtarmağı, məsələyə hər iki ideoloji baxışın qovşağında qiymət verməyi zəruri hesab etmişdir. Bundan başqa, sufizm təliminin ancaq asketizm kimi təsəvvür edilməsi və zahidliyin xarakterinə Nizami Gəncəvinin yaradıcılıq təcrübəsi ətrafında yenidən baxılması zərurəti haqqındakı baxışları ilə o, əslində, yaşadığı sosializm dövründə dini xarakterli baxış kimi tamamilə inkar edilən sufizmin gerçək xarakterindəki fərqli olan xüsusiyyətləri açıb göstərməklə, 1. sufizmin geniş anlayış olduğunu müəyyən etmiş; 2 .beləliklə, sufizmə bəraət qazandırmışdır. Bütün bunlara isə hər hansı bir elm xadiminin təkcə mükəmməl ədəbiyyatşünas olmaqla deyil, həm də dərin biliklərə malik tarixçi və filosof olmaqla gəlib çatması mümkün ola bilərdi ki, Məmməd Cəfər Cəfərov özündə məhz belə bir universallığı nümayiş etdirmişdir. 

Azərbaycan Nizamişünaslığında böyük mütəfəkkir şairin elmi dünyagörüşü, elmə xüsusi münasibəti və müxtəlif elm sahələrində dərin biliklərə malik olması haqqında kifayət qədər tədqiqatlar aparılmış və demək olar ki, əsasən yekdil qənaətlərə gəlinmişdir. Fikrimizcə, akademik Məmməd Cəfər Cəfərovun Nizami və elm mövzusu ətrafındakı fikirləri də Azərbaycan nizamişünaslığının ümumi yekun müddəaları ilə səsləşir. Əgər müəyyən dərəcədə fərqli yanaşmalar axtarsaq, onda Məmməd Cəfər Cəfərovun Nizami Gəncəvinin elmi dünyagörüşü və ya elmi biliklərə yiyələnməsi məsələsini sistemli şəkildə təhlil edib qiymətləndirdiyini, müxtəlif baxışlara malik olan qədim dövr alimlərinin hər birinin xidmətlərinə dair konkret elmi qənaətləri ifadə etməsini, Şərq və Qərb elmi-fəlsəfi fikrinin dəqiq müqayisələrini verməsini və nəhayət, elm və cəmiyyət məsələlərini mütəfəkkir ideoloq kimi istiqamətləndirməsini önə çəkmək mümkündür. Monoqrafiya müəllifi geniş təhlillər aparmaqla qəti olaraq belə bir fikrə gəlmişdir ki, Nizamiyə görə "elmlər, istər təbiətə, istərsə də ilahiyyata aid olsun, təbiətin və insanın mənəvi aləmini sirlərini öyrənmək üçündür... Nizami təbiət elmlərinin vasitəsilə yalnız yer kürəsinin və bəşərin deyil, göylərin, bütün kainatın da sirlərini öyrənməyi mümkün və zəruri hesab edirdi... Ən əhəmiyyətlisi budur ki, Nizami sadəcə ...elmə çağırışlarla kifayətlənmirdi. Özü bu yolda nümunə göstərir, kainatın sirlərini öyrənir, kainatın sonsuzluğu, ulduzlarda da həyat olduğu haqqında yeni fikirlər, fərziyyələr irəli sürürdü... Təkcə yer kürəsinin deyil, bütün səma cisimlərinin yuvarlaq və daimi hərəkətdə olduğunu söyləyirdi". Məhz bütün bu mühüm elmi nəticələrdən sonra Məmməd Cəfər müəllim dahi şair Nizami Gəncəvinin özünəməxsus alim-mütəfəkkir obrazını canlandırmışdır. "İskəndərnamə" mənzum epopeyasında Nizami Gəncəvi dünyanın fərqli baxışlara malik alimlərini bir məclisə yığıb, onların vasitəsi ilə bir sıra unudulmuş mühüm elmi ideyaları yenidən cəmiyyətin diqqətinə çatdırmaqla insanlığı inkişaf etdirib daha irəli baxmağa nail olmaq istəmişdirsə, Məmməd Cəfər Cəfərov da İskəndərin ətrafında olan dünya alimlərinin fərqli ideyalarını Nizaminin gözü və özünün yetkin elmi sözü ilə dərindən aydınlaşdırıb qiymətləndirməklə Azərbaycan elmi fikrinin üfüqlərini daha da genişləndirmişdir. Məmməd Cəfər Cəfərovun Nizami Gəncəvinin "İskəndərnamə"sindəki Alimlər Məclisini təmsil edən görkəmli alimlərdən hər biri haqqındakı əsaslı nəzəri təhlilləri görkəmli bir elm xadimi kimi onun özünün də qədim Şərq və Qərb elmi məktəblərinin təmsilçiləri kimi dərin biliklərə malik olduğunu göstərir. Alimlər Məclisində iştirak və çıxış edən Falesin "ilk yunan filosofu və varlığın əsasını maddi başlanğıcda görən Milet fəlsəfi məktəbinin banisi", bu məktəbin isə fəlsəfi yanaşmalarının mistikadan uzaq olması qənaətinə gəlməsi Məmməd Cəfər Cəfərovun "İskəndərnamə" ilə yanaşı, həm də apardığı əlavə araşdırmalar vasitəsi ilə əldə etdiyi nəticədir. Dünyada böyük mütəfəkkir alimlər kimi məşhur olan Sokratı və Platonu "yunan idealizminin iki məşhur nümayəndəsi" kimi, Aristoteli isə "fəlsəfi fikirlərin dərinliyi ilə fərqlənən", ..."varlığı hərəkət edən cism" adlandıran "aydın düşüncəli alim" miqyasında təqdim etməklə Məmməd Cəfər Cəfərov antik dünyanın elmi məktəbləri arasındakı köklü fərqləri dəqiq müəyyən etmişdir. Romalı təbiətşünas Plinin "ilk tərkibi substansiyanın maddiliyində gördüyünü", "tarixdə xristian ilahiyyatçılarının əleyhdarı kimi tanınmış" suriyalı mütəfəkkir filosof  Porfirinin "dörd ünsürdən əvvəl bir cövhərin olması fikrini irəli sürməsini, dörd ünsürün həmin cövhərdən, kainatın isə tədricən dörd ünsürün birləşməsindən formalaşmasına dair elmi ideyaları nəzərə çatdırmaqla Məmməd Cəfər müəllim "İskəndərnamə"də təmsil olunsalar da, haqlarında elmdə geniş məlumat olmayan bu alimləri ilk dəfə olaraq Azərbaycan cəmiyyətinə əsaslı şəkildə təqdim etmişdir. Eyni zamanda, "Nizaminin fikir dünyası" monoqrafiyasının müəllifi Alimlər Məclisində Şərqi təmsil edən Hörmüzün də Sokrat kimi dünyanın "bir yaradan", "bir işıq", "bir nur" tərəfindən yaradıldığını bildirməklə Nizami Gəncəvinin elmi təfəkkürünün miqyasını və əhəmiyyətini nəzərə çatdırmışdır. Məmməd Cəfər Cəfərovun "Nizaminin təbiət fəlsəfəsi, elmi dünyagörüşü" haqqındakı dərin və əsaslı fikirləri böyük alim-mütəfəkkir şəxsiyyətin möhtəşəm kimliyi ilə bir sırada təqdim etdiyi Alimlər Məclisinin də mahiyyətini daha aydın surətdə dərk etməyə yol açır. Beləliklə, Məmməd Cəfər Cəfərovun Alimlər Məclisi haqqındakı tədqiqatları və təhlilləri Nizami Gəncəvinin "İskəndərnamə"sinin izahlı elmi-tənqidi şərhləri təəssüratı yaradır. Məmməd Cəfər Cəfərov Nizami Gəncəvinin ensiklopedik xarakterə malik olan bu əsərinə həsr etdiyi tədqiqatlar mükəmməl bir "İskəndərnamə" ensiklopediyası adlandırıla bilər. "İskəndərnamə" mənzum epopeyası Nizami Gəncəvinin təqdimatı və Məmməd Cəfər Cəfərovun elmi-nəzəri şərhləri ilə birlikdə daha aydın şəkildə və dərindən başa düşülür. 

Akademik Məmməd Cəfər Cəfərovun "Nizami Gəncəvinin fikir dünyası" monoqrafiyası böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı haqqındakı elmi araşdırmaları dekonstruksiya edən dərin və əsaslı tədqiqat əsəridir. Bundan əvvəl təhlilə cəlb etdiyimiz məsələlərdə olduğu kimi, Nizami Gəncəvinin məhəbbət fəlsəfəsinə baxışda da görkəmli elm xadimi yeni və fərqli bir baxışı meydana qoymuşdur. Belə ki, Məmməd Cəfər müəllim Nizami Gəncəvinin yaradıcılığında eşqin insanı dəyişdirmək, yeniləndirmək, tərbiyələndirmək funksiyalarını həyata keçirən əsas bədii vasitə olması barəsindəki ümumiləşdirilmiş elmi fikirləri qəbul etməklə bərabər, həm də şairin məhəbbət fəlsəfəsinin "onun humanizminin tərkib hissəsi" olması ideyasını irəli sürmüşdür. Bu elmi ideya əsasən Məmməd Cəfər Cəfərovun Nizami Gəncəvinin "hər şey kainatda cəzbə bağlıdır, filosoflar onu eşq adlandırır" kimi fikirlərinə istinad edərək, mütəfəkkir şairin eşqin fəlsəfi idrak vasitəsi olaraq "kainatdakı heyrətamiz ahəngi, cazibə qüvvəsini, təbiət hadisələrinin bağlılığını, əlaqəsini, daimi, arasıkəsilməz hərəkət yolu ilə maddi varlıqların bir-birinə təsirini və bu hərəkətin yaratdığı əzəmətli nizam və intizamı" ifadə etdiyi qənaətinə gəlmişdir. Apardığı dərin müşahidələrə və araşdırmalara əsasən filosof tənqidçi eyni zamanda, Nizami mətnlərindən çıxış edərək eşqin "cəmiyyət halında yaşayan insanlar arasında da onları ümumi səadət uğrunda birləşdirən, aralarında iş, əməl birliyi, mütəqabil hörmət, mehribanlıq yaradan, onları bir-birinə sevdirən, bir-birinə kömək etməyə, qeydinə qalmağa sövq edən mənəvi qüvvə" olmasını da heyrətamiz həssaslıqla görüb göstərmişdir. Beləliklə, Nizami Gəncəvinin məhəbbət fəlsəfəsi haqqında elmi-fəlsəfi fikirdə mövcud olan qənaətlər mənəvi tərbiyələndirmə və ya mənəvi təmizləmə anlayışından ümumdünya ahəng qanunu və insanlıq eşqi səviyyəsinə yüksəldilmişdir. Nizami Gəncəvi sənətinin mahiyyətində ifadə olunan məhəbbət fəlsəfəsinin xarakterini və funksiyalarını tapıb üzə çıxarmaq və nəzəri cəhətdən düstur kimi formullaşdırmaq Məmməd Cəfər Cəfərovun kəşfidir. 

Nizami Gəncəvinin dahi şair kimi ədəbiyyatda novatorluğu məsələsinin elmi cəhətdən dərki və şərhi istiqamətində də Məmməd Cəfər Cəfərov ədəbiyyatşünaslıq elminin qənaətlərini yenidən qurmuşdur. Məmməd Cəfər müəllim doğru olaraq müəyyən etmişdir ki, Nizami Gəncəvi ədəbiyyatı ona qədərki və öz dövründəki məhdud milli, qövmi təəssübkeşlikdən ümumibəşəri idealların təsviri və tərənnümü səviyyəsinə qaldırmışdır. Mütəfəkkir elm xadiminin fikrincə, ədəbiyyatı saray əsarətindən, mədhiyyəçilikdən xilas edib, insanlığa xidmət etməyə doğru istiqamətləndirmək də Nizami Gəncəvinin sənət qarşısındakı mühüm xidmətidir. 

Məmməd Cəfər müəllimin təqdimatında Nizami ədəbiyyatda sözü qiymətdən salan yalançılığı xalqa xəyanət hesab etmiş, "doğrunu" yazmağı ədəbi amala çevirmişdir: "Doğru sözlə səadət xəzinəsini ələ keçirmək olar". Nizami ağıla, idraka əsaslanan ədəbiyyat yaratmaqla xalqa xidmət etməyin mümkünlüyünə inanmışdır. Deyilənləri qətiyyən təkrar etmədən tamam orijinal fikirlər və ideyalar irəli sürmək, ədəbiyyatı yeni mövzular və süjetlər, təzə obrazlarla zənginləşdirmək Nizami Gəncəvinin sənət amalı olmuşdur. Məmməd Cəfər Cəfərovun fikrincə, "Nizaminin yaradıcılığında folklorizmin çox güclü olması onun yazılı şeirə gətirdiyi mühüm yeniliklərdən biridir... Sənətkarlıq cəhətdən Nizami Gəncəvinin yeniliyi, əzəməti onun insan qəlbinin mahir bilicisi kimi müxtəlif təbəqələrin daxili aləminə nüfuz edə bilməsində, tip, xarakter yaratmaq məharətində, müstəsna şair-psixoloq olmasında, orta əsr epik şeirində ilk dəfə olaraq Xosrov surətində verilən şəxsiyyətdə ikiliyi görməsində və bu ikiliyi insanın təbii meylləri ilə ictimai mövqeyi arasındakı ziddiyyətlərin təzahürləri ilə əlaqələndirməsində, ...belə ziddiyyətli tiplərlə yanaşı, Şirin, Fərhad, Leyli kimi xaraktercə qəlb aləmi bütöv olan sürətlər yaratmasında idi, ...mənalı ictimai konfliktlərin, sarsıdıcı dramatizmin, epik-lirik motivlərin bir-birini tamamlamasında məzmunlu dialoqlarında, qəlb aləminin açılmasına kömək edən daxili monoloqlar da və reallığı, gözəlliyi, təbiiliyi, həm də elmliyi ilə oxucunu heyran edən təbiət təsvirləri idi".

Göründüyü kimi, akademik Məmməd Cəfər Cəfərovun Nizami Gəncəvi sənətində novatorluq haqqındakı cəmi bir-iki səhifədə ifadə etdiyi tezislərdə geniş bir monoqrafiyanın materialları və elmi nəticələri öz əksini tapmışdır. Həm "Nizaminin fikir dünyası" monoqrafiyasında və həm də bütövlükdə Məmməd Cəfər Cəfərovun tədqiqatlarında elmi ümumiləşdirmə imkanlarının genişliyi və yüksək nəzəri səviyyəsi əsl profesionallıq nümunəsi kimi təzahür edir.

Akademik Məmməd Cəfər Cəfərovun Nizami Gəncəvi və Renessans probleminə dair baxışları özünə qədər bu məsələyə dair deyilmiş fikirləri bir daha möhkəmləndirməkdən əlavə, faktlar və müddəalarla daha da zənginləşdirməkdən ibarət olmuşdur. Görkəmli Nizamişünas akademik Yevgeni Bertelsin dahi şairin şeirləri və poemalarının "Avropa renessansının ən yaxşı əsərlərinin əhəmiyyətli dərəcədə yaxın olması" müddəalarını onun yaradıcılığının əsas faktları ilə bir daha möhkəmləndirmək üçün böyük sənətkarın epik məsnəviləri və lirikasının forma və məzmun yeniliklərinə, habelə dünyəvi ideyaları tərənnüm etdiyinə görə intibah hadisəsi olması müddəası irəli sürülmüşdür. Eyni zamanda, Renessans üçün zəruri olan antik yunan elmi və mədəniyyətindən Nizami Gəncəvinin yaradıcılıqla istifadə etməsindən başqa, Məmməd Cəfər Cəfərov ilk dəfə olaraq şairin özündən əvvəlki Şərq fəlsəfəsinin, xüsusən, Çin və hind fəlsəfi irsinin, həmçinin, qədim dövr türk-müsəlman dünyası sənətkarlarının ideyalarından yerli-yerində faydalanıldığını diqqətə çatdırmışdır. Nizami Gəncəvi yaradıcılığının məhdud dini və milli təəssübkeşliyindən uzaq olması, bəşəri ideyaların təsvir etməsi haqlı olaraq Renessans hadisəsi kimi təqdim olunmuşdur. Nəhayət, Məmməd Cəfər Cəfərov "humanizm" anlayışını Renessans hadisəsinin sinonimi hesab etməklə Azərbaycan ədəbiyyatının insan amili əsasında dövrün böyük ideyalarının geniş şəkildə canlandırılmasına göstərdiyi xidmətin əhəmiyyətini diqqət mərkəzinə çəkmişdir. Bu cəhətdən Məmməd Cəfər Cəfərovun 1941-ci ildə yazdığı "Nizami yaradıcılığında humanizm" məqaləsinin "Nizaminin fikir dünyası" monoqrafiyası üçün ilk məşq funksiyasını yerinə yetirdiyini düşünmək mümkündür. Nizami Gəncəvi haqqında ilk məqalədən böyük şairə həsr edilmiş sanballı monoqrafiyaya qədər keçilən yolun elmi təcrübəsi, elmi-ədəbi prosesdə baş vermiş dəyişikliklər, müəllifin geniş dünyagörüşü və parlaq istedadı "Nizaminin fikir dünyası"nı meydana çıxarmışdır.  Akademik Məmməd Cəfər Cəfərovun "Nizaminin fikir dünyası" monoqrafiyası Nizami Gəncəvi haqqında yüksək elmi səviyyəyə malik möhtəşəm elmi tədqiqat əsəridir. 

"Nizaminin fikir dünyası" əsəri Nizami Gəncəvi haqqında Azərbaycan elminin intibahıdır.

"Nizaminin fikir dünyası" Azərbaycan ədəbiyyatşünaslığının mükəmməl elmi hadisəsidir. 

"Nizaminin fikir dünyası" - Azərbaycan Nizamişünaslığının elmi abidəsidir. 

"Nizaminin fikir dünyası" monoqrafiyası akademik Məmməd Cəfər Cəfərovun elmi nəzəri-fikir dünyasının barometridir.

Vaxtilə dahi Lev Tolstoy böyük rus tənqidçisi Vissarion Belinskinin əsərlərini oxuduqdan sonra Aleksandr Puşkinin yaradıcılığını təzədən başa düşdüyünü etiraf etmişdir. 

Akademik Məmməd Cəfər Cəfərovun "Nizaminin fikir dünyası" monoqrafiyası Nizami Gəncəvi yaradıcılığını, Azərbaycan ədəbiyyatının Şərq və dünya ədəbiyyatındakı özünəməxsus yerinin, novatorluğunun və mövqeyinin daha dərindən və əsaslı şəkildə başa düşülməsinə, dərk olunmasına və elmi cəhətdən təzədən qiymətləndirilməsinə tam əsas verir. 

Burasını da etiraf etməyi özümə borc bilirəm ki, tələbəlik və aspirantura dövründən və sonrakı bütün mərhələlərdə əsərlərini diqqətlə oxuyub-öyrəndiyim, haqqında bir neçə dəfə məqalələr yazdığım, məruzələr etdiyim akademik Məmməd Cəfər Cəfərovun "Nizaminin fikir dünyası" monoqrafiyasını indiki yaşımın işığında bir də dərindən oxuduqdan sonra unudulmaz böyük müəllimimizin özünəməxsus heyrətamiz və fərqli elm dünyasını və mütəfəkkir şəxsiyyətini bir daha yenidən, daha dərindən, həm də bütün aydınlığı ilə görmək imkanı əldə etdiyimə görə daxili bir xoşbəxtlik hissləri yaşadım.

"Nizami Gəncəvi ili"nə bir elmi töhfə kimi düşündüyüm bu məqalə isə həm dahi Nizami Gəncəvi, həm də ustad ədəbiyyatşünas Məmməd Cəfər müəllim qarşısında mənəvi borcumun ifadəsidir. 

11 avqust 2021-ci il

525-ci qəzet, 2021, 18 sentyabr