Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Şərqin şöhrəti Mövlana Məhəmməd Füzuli Cənubi Azərbaycan ədəbiyyatında - Lətifə Mirzəyeva

10-05-2024 [ 11:43 ] [ oxunub:85 ]
printerA+ | A-

Cənubi Azərbaycanın əksər söz sənəti yolçuları Vətənimizin keçmişinə, bu gününə, onun görkəmli sənətkarlarının həyat və yaradıcılığına, saya-hesaba gəlməyən dəyərli əsərlərinə, onların məna və ünvanlarına yaxşı bələddirlər. Elə ona görədir ki, onların yaradıcılığında  klassik ədəbiyyatımızın nümayəndələrinə həsr edilən səmimiyyət dolu əsərlər mühüm yer tutur. Bu qələm sahiblərinin bütün türk xalqlarının böyük şairi, alimi, mütəfəkkiri, filosofu, Azərbaycan, fars və ərəb dillərində yazıb-yaradan Məhəmməd Füzuli (1994-1558) kimi dünya şöhrətli söz ustalarımızı öz əsərlərində böyük məhəbbətlə tərənnüm edib oxucularına yaxından tanıtdırması, sələflərinin onlara etibar etdikləri xalqa sədaqətlə xidmət etmək sahəsindəki tövsiyələrinə sadiq qalmaq yolundakı səmərəli fəaliyyətləri klassiklərimizə, onların irsinə olan dərin hörmət və sonsuz məhəbbət hisslərinin təzahürüdür.

Bu əsərlərin sırasında Məhəmmədəli Manafzadə Sabitin (1888-1908), "Füzuli xatirəsinə", Məhəmmədhüseyn Şəhriyarın (1906-1988) "Əziz şairimiz Füzuli", Əli Tudənin (1924-1996) "Füzuli ilə söhbət" "Azərbaycan torpağı", Aşıq Hüseyn Cavanın (1916-1985) "Füzuli", Firudin Hasarinin (1934-2020) "Süleyman qardaşıma", Mir Mehdi Çavuşinin (1909-1967) "Yurduma", "Azərbaycan", Həsən Məcidzadə Savalanın (1940) "Qəzəl", Əli Şərif Dilçuyi Adsızın (1955) "Dilim", "Sərmayə sahibi", Sabir Nəbioğlunun (1926-2013), "Mən Azərbaycanam!", Fərman Fəzli Mövlanın (1978) "Etməzmidin (Böyük Füzuliyə)" və başqa əsərlərdə Məhəmməd Füzuli şəxsiyyəti gözəl mənalandırılmışdır.

 

Sənət heykəlisən, vüqarlı dağsan,

İlham mənbəyisən, qaynar bulaqsan,

Xalqının qəlbində həmişə sağsan,

Sanma ki, dünyadan köçdün, Füzuli!

 

- deyən Təbrizin ən məşhur şair-aşıqlarından olan H.Cavan hər misrasına ləldən, cəvahirdən, dürdən, gövhərdən don biçən, şeir, sənət vurğunu, həqiqət yolunda daim mətin dayanan, həmişəyaşar Füzulini eyniadlı şeirində oxucusuna belə təqdim edir.

1945-ci ildə Təbrizdə "Vətən yolunda" qəzeti yanında yaradılan "Şairlər məclisi" üzvləri Əli Fitrətin, Mir Mehdi Etimadın, Hüseyn Səhhafin, Müzəffər Derəfşinin, Mir Mehdi Çavuşinin, Yəhya Şeydanın və Balaş Azəroğlunun İran Azərbaycanı Milli Hökumətinə ünvanladıqları məktub - şeirdə onlar dahilər yetişdirən Vətənimiz Azərbaycanla hərtərəfli, o cümlədən, görkəmli insanları ilə də fəxr etdiklərini böyük qurur hissilə vurğulayırdılar:

 

Azəristan torpağında saysız insanlar yatıb,

Düşmənin bir qanına min qan edib, qana batıb.

Çox bu torpaqda yatıb Xaqanitək dürdanələr,

Ya Nəsimi, ya Füzuli tək ulu fəvzanələr.

Bu məkan olmuş əzəldən qəhrəmanlar məskəni,

Əymə qəddin düşmənə, aslan ana doğmuş səni.

 

"Şairlər məclisi"nin işində Cənubi Azərbaycandan olan və Azərbaycan dilində  yazıb-yaradan 40-dan artıq şair və yazıçılarla birlikdə o dövrdə ordu sıralarında  İrana, Cənubi Azərbaycana  gedən şimallı qələm sahibləri də iştirak etmişdilər. "Şairlər məclisi"nin məşğələlərində, bir qayda olaraq, əvvəlcə klassik ədəbiyyatın nümayəndələrinin əsərlərindən nümunələr oxunur, təhlil edilir, fikirlər söylənilir, sonra müasir şairlərin şeirləri oxunub rəy verilirdi.

O taylı-bu taylı Azərbaycanın görkəmli şairi Ə.Tudə yazır: "Biz hər məşğələdə ədəbi söz ustadımız Məhəmməd Füzulinin bir qəzəlini səbrlə, diqqətlə, heyrətlə təhlil edirdik. Sonra növbə ilə şeirlərimizi oxuyub rəy söyləyirdik. Bu rəy sorğusunda Şimaldan gəlmiş qələm sahibləri də öz fikirlərini bildirirdilər. Bəyənilmiş şeirlər, həm "Şairlər məclisi" məcmuəsində, həm də "Vətən yolunda" qəzetində dərc olunurdu".

M.Füzulinin rəsmində təsvir edilən ağ çalmasını həyatın ağır yumruğu, düyünlü qaşlarını üsyankar xəncər, saqqalını zamanın dümağ qoruğu, kədərli gözlərini dumanlı səhər kimi qələmə verən Ə.Tudə "Füzuli ilə söhbət" şeirində həyatın hər üzünü görmüş bu söz ustadına layiq hər hansı şeir misrası yazmağa, hər hansı kəlam söyləməyə çətinlik çəkir. Onun şeirdə layiqli surətini vermək üçün dünya poeziyasının iftixarı Nizami Gəncəvinin (1141-1203) sağlığını vacib bilir və M.Füzuliyə müraciətlə deyir:

 

Elə sikkədir ki, sənin hər kəlmən,

Min gövhər gərəkdir xırdalamağa!

Elə mənadır ki, sənin hər nəğmən,

Min əsər yazılar sadalamağa!

Ömürlük məhəbbət bəs edilməyən aşiq, muğam məclislərində yeri ən başda olan sənətkar, ona həsr edilən əsərlərə öz misraları yaraşıq verən qüdrət sahibi, öz surətini neçə əsr qabaq yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poemasında yaradan dahi, xalqının diləklərinin "muzdsuz qələm çalan tərcümanı" olan M.Füzulinin dili ilə əsərinin sonunda dediyi aşağıdakı misralar şairin əzablı həyatını oxucusunun gözü qarşısında canlandırır:

 

Həqiqət gəzməkdən qəddim əyildi,

Dəmir misralarım çəliklərimdir.

Qarşımda əriyən şamlar deyildi,

Qəzəbdən əriyən sümüklərimdi.

 

Fələyin əlindən zara gəlsəm də,

Demədim kef çəkim, saraylar görüm.

Mən şeirə can verdim, dedim, ölsəm də,

Qoy, şeirin ömründə uzansın ömrüm.

 

M.Füzulinin adının əsrlər boyu ümman kimi aşıb-daşması onun şeirinin ömründə özünün ömrünün uzandığının bariz nümunəsidir. Ürəklərə yol tapan Nizami Gəncəvi və Məhəmməd Füzuli yaradıcılığını böyük məhəbbətlə təhlil və tədqiq edən ədəbi problemlərin mahir bilicisi, görkəmli siyasi xadim Məhəmməd Əmin Rəsulzadə şairanə bir məhəbbətlə yazırdı:

"Nizami Məcnunu şeirləşdirmişsə, Füzuli şeiri Məcnunlaşdırmışdır".

M.Füzulinin ziddiyyətlərlə, ağrı-acılarla dolu bir həyat yolu keçməsi Cənubi Azərbaycanın tanınmış şairi F.Hasarinin "Süleyman qardaşıma" adlı şeirində də vurğulanır. Əsərdə müəllif M.Füzulinin kədərli həyatını bir daha yada salır və eyni zamanda öz həyatının da onunku kimi ah-nalə içərisində keçməsindən, bu dərdi duyub ona şərik çıxanın, sağalması üçün dərman tapanın belə olmamasından şikayətlənir:

 

Füzulitək göylərə qovzandı ahım,

Fələkdən başqası yanan olmadı.

Ney oldum, göylərə ucaldı naləm,

Naləmi, dərdimi qanan olmadı.

 

Bu və bunun kimi bir çox əsərlərdən bəlli olur ki, müasirlərimiz klassiklərimizin həyatını, yaradıcılığını dərindən mənimsəyərək onlardan yalnız sənətkarlığı deyil, dərdə dözümlülüyü də öyrənmişlər.

Ədəbiyyat aləminin bütün dövrlərində Azərbaycan dilinə qarşı olan təzyiqlər onun qüdsiyyət və varlığının qorunmasını əsas məsələ kimi qarşıya qoyub. Əsl yaradıcılığa inqilab illərində başlayan Ə.Ş.Dilçuyi "Adsız" təxəllüsü ilə şöhrət tapmış Cənubi Azərbaycan şairi, gah güldürən, gah ağladan, xalqının şad və dərdli günlərində ona ortaq olan Azərbaycan dilinin Nizamidən, Nəsimidən, Füzulidən, Vurğundan qüdrət aldığı üçün daim yüksəldiyini fəxrlə vurğulayır. Onun daim bir güzgütək parladığından iftixarla söz açır:

 

Almış o qüdrət  Füzulimdən, Nəsimimdən mənim,

Vurğunun təbində indi yüksələn dağdır dilim!

Çox sitəmlər görsə də, çıxdı sınaqdan, sınmadı,

Sabit oldu aləmə hər bir zaman haqdır dilim!

 

Cənub poeziyasında elə bir şair tapmaq olmaz ki, Dil mövzusunda əsər yazmasın.

Ünsiyyət, məhəbbət aləmi olan şeir dünyasındakı gözəllikləri oxucuya çatdırmaq qabiliyyəti Cənubi Azərbaycan poeziyasının yeni nəslinin nümayəndələrindən olan Nasir Davəraninin şeirlərində də yüksəkdir:

 

Dilim Füzulinin yazdığı qəzəl,

Cənnətdir Vətənim, hər yeri gözəl.

Şeiriyyət bizimlə yaranıb əzəl,

Kəlmələr gül-çiçək, dilim bahardır.

 

Mirzə Ələkbər Sabir və Hüseyn Cavidin əsərlərini mütaliə etməklə şeir yazmağa başlayan M.M.Çavuşi "Azərbaycan" şeirində Xaqani, Nizami, Füzuli kimi ölməz sənətkarlar yetişdirən Azərbaycanla qürur duyur və qanında onların qanı olduğu üçün bu dahilərin haqq yolundan ayrılmayacağına and içir.

Azərbaycanın Şimalında olduğu kimi, Cənubunda  da bir çox sənətkarlarımız öz əcdadlarının yolu ilə getməyi, nə olursa-olsun, hansı çətinliklərlə rastlaşırlarsa-rastlaşsınlar, onların haqq yolundan dönməməyi qarşılarına məqsəd qoymuş və onları özləri üçün bir məktəb hesab etmişlər. Bu baxımdan, vətənpərvər şair H.M.Savalanın "Qəzəl"i maraq doğurmaya bilməz:

 

Eşqdə yannam Füzulitək, sədaqət gözlərəm,

Yurdum odlar yurdudur, atəşi bünyadım mənim.

 

Gər Nəsimitək soyulsam eşqdə başdan-başa,

Dönmərəm, çün dönməyiblər

            haqdan əcdadım mənim.

 

H.M.Savalanın M.Füzulinin həyat və yaradıcılığı haqqında bir sıra məqalələr yazıb Azərbaycandilli "Varlıq" jurnalında dərc etdirməsi də onun Füzuli dühasına böyük məhəbbətindən irəli gəlir.

Uzun illər Azərbaycan ədəbiyyatı sahəsində fasiləsiz olaraq böyük bir mətanət və əzmlə çalışan Yəhya Şeyda yazır:

- Nizami, Nəsimi, Füzuli, Vaqif, Seyid Əzim, Sabir Azərbaycan ədəbiyyatının parlaq kökünün ən dirəxşan ulduzlarındandır. Onların əsərləri Avropa ariyantalistlərinin (şərqşünaslarının) ağzını təhsin və təəccüblə açmışdır.

Əsərləri Avropa şərqşünaslarının ağzını təəccüb və heyrətlə açmağadək gətirib çıxaran Nizamiləri, Füzuliləri bəsləyən Vətəni ilə fəxr edən M.M.Çavuşinin "Yurduma" şeirini oxuyarkən, onun doğma yurduna olan böyük sevgisinin, onunla, qucağında bəslədiyi görkəmli adamlarıyla qürur duyduğunun şahidi oluruq:

 

Gəlinidir qoca Şərqin, gözəlidir dünyanın,

Yer üzündə cənnət kimi diyarı var yurdumun.

Qucağında Nizamilər, Füzulilər bəsləyən

Tarixlərdə fəxr elənən diyarı var yurdumun.

 

Ə.Tudə də "Azərbaycan torpağı" şeirində Nizami  iradəli, Füzuli şöhrətli bu Vətən torpağı ilə fəxr etdiyini söyləyir. Cənubşünas alim S.Nəbioğlu isə, "Mən Azərbaycanam!" adlı məqaləsində "Mən kiməm?", "Ata-babalarım kimlər olmuşdur?" suallarının cavabında deyir:

"Mənim köküm bəşər özünü dərk etdiyi gündən ilk şüurlu addımlarını atdığı çağlara aparıb çıxardı. Bildim ki, beşiyim başında öz dühaları ilə dünyanı heyran qoyan Xaqanilərin, Nizamilərin, Füzulilərin, Nəsimilərin ötdükləri nəğmələr qəlbimi, ruhumu, şüurumu Vətən adlı müqəddəs torpağa bağlayan ustadlarım olmuşdur. Bu nadir zəka sahiblərinin mənə verdikləri təlimin baş qayəsi havasını udduğum, suyunu içdiyim Vətən adlı müqəddəs diyara məhəbbət bəsləmək olmuşdur. Onların verdikləri təlimin  məğzi, məna və məzmunu bu sözlərdə ifadəsini tapmışdır:

- Sən gecələri, gündüzləri atəşi səngiməyən əbədi Odlar yurdunun - Azərbaycanın övladısan".

Ə.Ş.D.Adsızın "Sərmayə sahibi qəzəli də Füzuli şəxsiyyətinə, Füzuli yaradıcılığına böyük məhəbbətin nəticəsi kimi meydana gəlmişdir. M.Füzulinin əsərlərindən ilham alaraq təsirlənən şair onun Füzuliliyin Məcnundan böyüklüyünü təsdiq edən "Məndə Məcnundan füzun aşiqlik istedadı var", "Aşiqi-sadiq mənəm, Məcnunun yalnız adı var" - misralarını öz qəzəli üçün epiqraf  götürmüşdür. O, bu misraları dövrünün tələblərinə uyğunlaşdıraraq "Məcnun" adını "Çingiz", "aşiqlik" sözünü "zalimlik" sözü ilə əvəz etmişdir:

 

Məndə Çingizdən füzun zalimlik istedadı var,

Zalimi-sadiq mənəm, Çingizin ancaq adı var.

Millətin kəsdim dilin, qoydum açılmış ovcuna,

Ol səbəbdən ağlayar, bizdən dili-naşadı zar.

 

M.Füzulinin cəmiyyətdə ən çirkin saydığı şeylərdən biri pula hərislik, rüşvət və rüşvətxorluq olmuşdur. Elə ona görə də onunla həmfikir olan Adsız, dövrünü məzəmmət edərək deyir:

 

Biz də aşiq olmuşuq pulə, vurulmuşuq şöhrətə,

"Leylinin Məcnunu, Şirinin əgər Fərhadı var".

Küfrə uymuşlar deyirlər dalımızca çoxlu söz,

Sanmayın ol sözlərin bir zərrəcə bünyadı var.

 

M.Füzulinin şeirlərindən təsirlənərək əsər qələmə alan Cənubi Azərbaycan şairləri az deyildir. Onlardan biri də Bulud Qaraçorlu Səhənddir.

M.Füzulidə ilk düşüncənin novatorluğunu aşkara çıxaran Azərbaycanın xalq yazıçısı, akademik Mirzə İbrahimova Qasım Cahani vasitəsilə gəlib çatan Bulud Qaraçorlu Səhəndin "Dəli Domrul" poemasını o, Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam"ından sonra Cənubdan Şimala gələn ən qiymətli yadigar və qardaşlıq töhfəsi hesab edərək yazırdı: "Biz bu poemada, nəinki ölməz "Dədə Qorqud" dastanlarının ətrini duyur, Nizami, Füzuli, Vaqif poeziyasının isti nəfəsini hiss edirik".

Şair, yazıçı, ədəbiyyatşünas, elmlər doktoru Ələkbər Turabinin görkəmli tədqiqatçı Alavın "Ədəbi-tənqidi araşdırmalar" adlı kitabına yazdığı müqəddimədə isə oxuyuruq:

"Əgər Nəimilər, Nəsimilər, Füzulilər, Sabirlər, Möcüzlər, Şəhriyarlar yaratdıqları ədəbi ömürlü əsərləri ilə ədəbiyyatın mənəvi və mədəni atası olduqlarını göstərdilərsə, son iyirmi ildə yaranan əsərlərin müəllifləri öz sələflərinin ləyaqətli övladları olduqlarını sübut etdilər".

Ə.Turabinin sözlərinə bunu da əlavə edək ki, yalnız o dediyi tarixdə deyil, ədəbiyyatımızın bütün dövrlərində öz sələflərinin ləyaqətli övladları olduqlarını bəlli edən qələm sahiblərimiz az olmamışdır. Cənubi Azərbaycanın dəyərli övladlarının bu baxışı həmişəki kimi, yenə də qüvvədə qalır ki, xalq özünün  yazar qələmə malik olan övladlarını ona görə ərsəyə gətirir ki, onlar da xalqının istək və arzularını, Vətənin şanı, şöhrəti, görkəmli insanları haqqında yazıb onları dünyaya tanıtsın.

SİZƏ MARAQLI OLA BİLƏR