Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Anarın elmi-nəzəri və ədəbi-tənqidi görüşlərinin mətn estetikasına dair - Əlizadə Əsgərli

01-05-2024 [ 14:18 ] [ oxunub:38 ]
printerA+ | A-

          Xalq yazıçısı Anar Rəsul oğlu Rzayev nasir, dramaturq, ssenarist və tərcüməçi olmaqla yanaşı, özəl fikir mövqeyi, görüşlər sistemi olan sənətkardır. Onun elmi-nəzəri və ədəbi-tənqidi görüşlərinin fərdi üslubu, özünəməxsus mətn estetikası vardır. Bu baxımdan sənətkarın 5 cilddə “Söz dünyası” adlı kitabları tədqiqat üçün xeyli material verir (I cild, Bakı, “Şərq-Qərb”, 2018, 520 s.; II cild, Bakı, “Şərq-Qərb”, 2020, 924 s.; III cild, Bakı, “Şərq-Qərb”, 2022, 728 s.; IV cild, Bakı, “Şərq-Qərb”, 2022, 624 s.; V cild, Bakı, “Şərq-Qərb”, 2024).

       6-7 dekabr 2023-cü il tarixdə Bakı Dövlət Universitetində Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş “Mütaliə mədəniyyəti və oxucu məmnunluğu” mövzusunda Respublika elmi konfransı keçirilib. Hörmətli oxucularımızın ixtiyarına verdiyim bu yazı “Anarın elmi-nəzəri və ədəbi-tənqidi görüşlərinin mətn estetikasına dair” adlı məruzəsinin eyni adlı mətni əsasında hazırlanıb.

        Anar seçkin ziyalıdır. Azərbaycan vətəndaşı, vətənpərvəridir, rəsmi statuslu şəxsdir. Azərbaycanın qabaqcıl milli-xəlqi şəxsiyyətidir, müdrik dünyagörüşlü fikir adamıdır, ideologiya, siyasi-diplomatik və mədəni idrak sahibidir. Bu səbəbdən onun yazı üslubunun axarları bədii üslubla yanaşı, elmi, elmi-publisistik, memuar və danışıq üslublarının koloriti ilə qovuşandır. Belə bir üslubun özəl mətn müəyyənliyi, özü demişkən, estetik fəzası vardır.

        Anar görkəmli yazıçıdır, –yazıçı isə xalq adamıdır, xalqın ruhuna, koloritinə, arxeologiyasına, etnoqrafiyasına, mənəviyyatına və dünyagörüşünə yaxındır. Bu baxımdan şərtiliklə desək, Anarla xalq arasında olan körpü onun obrazlı təfəkkürü, ədəbi idrakıdır, bu isə   üslubdur, yaradıcı insanın milli üslubu, xalq-folklor üslubu, danışıq-ünsiyyət üslubudur.

       Anarın yazı mətnlərinin mənbəyində estetik duyğu, qavrayış, təsəvvür, təxəyyül, anlayış, mühakimə və əqli nəticələr dayanır. Bu mətnin fərdi təhkiyəsinin  əsasında isə əhatəli dioloji monoloqu, monoloji dialoqu durur. Anar özü və qarşı tərəflə danışır, yəni onun bədii təhkiyəsinin  I, II, III şəxslərinin təki və cəmi ilə ifadə olunan yönləri, ünvanları vardır.

        I şəxsin təkinə aid olan təhkiyə bizə yaradıcı, müdrik Anarı xatırladır. Tribunasından dayanıb şıxışlar edən, nitqlər söyləyən, bəyanatlar verən, aydın, lakonik məntiqi, elmi-estetik mühakiməsilə özünü təqdim edən Anar. Onun əlvan söz-fikir dünyasına daldığımız Anar... Milli eqosu olan Anar... Anarın fərdi “mən”i mənlik, kimlik anlayışıdır, millilik, xəlqilik və dövlətçilik, ictimai xadim anlayışıdır. Belə olanda Anar yaradıcı-təşkilatçı mövqeyi, dövlət əhəmiyyətli təklifləri ilə də görünür. Xatırlayağın onun ədəbiyyatımızın tarixini “Kitabi-Dədə Qorqud”dan başlamaq, Dədə Qorqudun 1300 illik yubileyini keçirmək, habelə, Heydər Əliyev Fondunu yararmaq təkliflərini və s...

         II şəxsin təkinə aid olan təhkiyə doğmalıq və yaxınlığın, dostluq və səmimiyyətin nurani və xəyali ifadəsinə– ən yaxın məsafəsinə aiddir. Məsələn, Yusif və Vaqif Səmədoğlularla, Çingiz Hüseynovla, İntiqam Qasımzadəylə, Fikrət Qocayla, Rafael Hüseynovla, Sabir Rüstəmxanlıyla, Ramiz Rövşənlə, Çingiz Abdullayevlə... keçən günlərin dadı, tamı. Ötüb keçən zaman... Şirin və turş xatiratlar...

         Anarın II şəxsin təkinə  aid olan təhkiyəsində gizlinlərdən aşkarlanan sarkazma, ifrat eqo və ironiyaya, mənəvi-əxlaqi mənfiliklərin islahına da rast gəlmək olur. Görünür, bunlar o zaman olub ki,  opponentlərində –oppozisiyalarda Anar nüfuzunun qarşısında dözülməzlik effekti doğulub, sinirli psixoloji nüanslar yaşanıb... Anarın 5 cildliyində belə islahedici gülüş və ya yumorun, yeri gələndə tənqidi-satirik gülüşün şahidi də oluruq. Ad-ünvan yönləmək, fikrimizcə, gərəkməz...

        Anarın əsərlərinin III şəxsin təkinə və cəminə  aid olan təhkiyəsində  ciddi mətləblər dayanıb, ədəbiyyatın və sənətin yeniliyi, yeni poetik nəfəslər, 60-cılar nəsli və nəsri (“Yeni nəsil, yeni nəsr”, “Nəsrin fəzası”, “Qəribə dünyanın adamı”, “Ağrılı ömür”, “Hələ görüləsi işlərimiz çoxdur”, ...), poeziya (“Çinar ömrü”, “Durna taleyi”, “Cüt gəldik, niyə getdin tək”, “Bəxtiyarlıq”, “Əli Kərim təbəssümü”, “Hamımızın dünyası”, “Xəlilin mübarizəsi... Xəlil uğrunda mübarizə”, “Şair ləyaqəti”, “Nərimanın nərdivanı”, “Şairlər yurdunun şair oğlu”, “Ürəyin işıq yolu”, “Vaqif olmaq”,”Ruhun zərifliyi”,”Böyük dənizlərin həsrətində”, “Vətən mənim içimdə”, “Oxşarlıq və oxşarsızlıq”,”Nə yaxşı göylər varmış”, “Xalq və tarix qarşısında cavabdehlik”, “Dünyayla barışmaq”, “İztirablı yollarla”...), nəsr (“Böyük ömür yolu və kiçik bir hekayə haqqında”,“Yaradıcılıq meredianları”,“Ədəbiyyatımızın həqiqət günü”, ”Doqquzuncu portret”, ”Dəniz topuğundan olan adam”, “İnsanda insanlığın tərənnümü", “Hörmətli Əzizə xanım”, “El üçün yaşayıb-yaradan Elçin”,”Həyatım ağrıyır”,”Dünyanın sehri”,”Seyran Səxavətə”, “Çingiz Abdullayev–mənim gənc köhnə dostum”...) və dramaturgiyanın (“Sübhün səfiri”, “Anlamaq dərdi”,“Faciələr müəllifinin faciəsi”, ”Azad bir quşdum”,”Çətin yolun yolçusu”, ,”Keçən günlərin xiffəti”, “İnsan olmaq istedadı”...) milli mənlik, özünəqayıdış ruhu, milli-mənəvi dəyərlərin vüsəti, Sənətkar, Şəxsiyyət və Zamanın diqtəsi. “O” və “Biz”in mənəvi birliyi, vəhdəti...

   Heydər Əliyevlə olan görüşlər... HeydərƏliyevlik və onun uğrunda mübarizə. Ədəbi-siyasi və ictimai  memuarın– “Unudulmaz görüşlər”in 40 illik əks-sədası. Ulu öndərlə görüşlər, mükalimələr, yazıçıların qurultaylarındakı çıxışlar, ədəbi mübahisələr, yaxın keçmişimizin mürəkkəb, ziddiyyətli dövrü, siyasi liderin müdrik və qalibiyyətli  obrazı...  

         Və bizim üçün III şəxsin təkində, təhkiyəsində olan Anar. Nəsri (“Ağ liman”, “Macal”, “Dədə Qorqud”, “Əlaqə”,”Otel otağı”,”Beş mərtəbəli evin altıncı mərtəbəsi”, “Kərəm kimi”, “Vahimə”, “Yaxşı padşahın nağılı”,”Ağ qoç, qara qoç”, “Molla Nəsrəddin –66”, “Molla Nəsrəddin –86”...), dramaturgiyası (“Keçən ilin son gecəsi”, “Sizi deyib gəlmişəm”,”Şəhərin yay günləri”, “Səhra yuxuları”...), ssenariləri ( “Evləri köndələn yar”,”Təhminə”,”Otel otağı”,”Nigarançılıq”,“Cavid ömrü”, ”Sübhün səfiri”...), film və tamaşaları (“Dədə Qorqud dühası”,”Dağ dağa rast gəlməz”,”Evləri köndələn yar”, “Təhminə və Zaur”...) və s. və i.a. əsərləri ilə yaddaşlarda qalan Anar. Həmin əsərlərin şüurumuzda, həyatımızda, məişətimizdə yaratdığı panoram, doğurduğu xəyal, əks-səda, söz-söhbət... Əlvan rənglər dünyası...

        Bir də Anar mənsubiyyəti. Məmmədxanlılar nəsli. Rəfibəylilər nəsli. Anar kübarlığı, bəylik şəcərəsi və aristokratlığı, bəylik nəcabəti... Anar ömrünün müdrikliyi...

         III şəxsin cəminə  aid olan Söz təhkiyəsində ”onlar” anlayışı elə ədəbiyyatımızın kəmiyyət və keyfiyyət göstəriciləri deyilmi? Tənqid və ədəbiyyatşünaslığımızın yeni pafosu, meyar və kriteriləri deyilmi? Yaşar Qarayev tənqidi, habelə, ədəbiyyatşünaslığın Anar yaradıcılığına tuşlanan obyekti, Mir Cəlal, M. Arif, M.C. Cəfərov, Y.Qarayev, B. Nəbiyev, R. Hüseynov, T. Hacıyev, N. Cəfərov... deyilmi? Dədə Qorqud dünyası (“Dədə Qorqud”), Nəsimi üsyankarlığı (“Nəsimi”),  Cavid ömrü (“Qəm pəncərəsi”), Üzeyir ömrü (“Üzeyir ömrü”) deyilmi?.. Anarın elmi-nəzəri və ədəbi-tənqidi görüşləri, 5 cilddə “Söz dünyası”, onun mətn-mündəricə estetikası deyilmi?..  III şəxsin təkində və cəmində olan Anarın simasında görülmüş işlərə, xidmətlərə, uğurlara, qüsurlara  dəyər və qiymət... İstək və romantika... Etiraflar,  məmnunluqlar...Təəssürlər...

        Anarın nitqi, onun bədii dilinin  II şəxsin cəminə  aid olan təhkiyəsində “Siz” bir cəbhədir, qarşı tərəfə açılan cəbhə. Anar ömürlüyünün Mirzə Cəlil Məmmədquluzadədən– irsin ədəbi məktəbindən, yeni ədəbiyyatın istiqamətindən, ”Molla Nəsrəddin”dən –əsrin nüfuzlu orqanından, əlifba, qadın azadlığı, təhsil və məktəbdən, ədəbiyyat və sənət uğrunda mübarizədən, dramaturq, ədib, jurnalist və ictimai xadim kimi fitrətindən, “Anamın kitabı”ndakı xalq taleyindən, “kiçik” adamların ədəbi həyata gəlişindən, satirasının həzin lirika məziyyətləri və yumorundakı fərəh hissindən, əmək adamları– kəndlilər, fəhlələr və sənətkarların gülüş obyekti edilməsindən, onların şən gülüşlə, zarafatla qarşılanmasından, mənfi və müsbət surətlərin olduğu kimi təqdimindən, bədii dil və üslubun koloritli, şirin təhkiyəsindən açılan cəbhə... Mirzə Ələkbər Sabirdən– ideya cəhətdən xalqa, azadlığa və demokratiyaya  yanaşma, milyonların gülüşü, xalq mübarizəsinə qoşulma, tüfeylilərə sarkastik  atəş, canlı danışıqdan şeirə gətirilən təsvir-təhkiyə və ifadə vasitələri, janrın yeni məzmunu, çağdaş şəkilləri, tipin öz sözü ilə ifşası, məcazi ifadələr, kinayə, istehza, mübaliğə,– bir sözlə, Azərbaycan satira məktəbindən, satira üslubundan nəfəs götürən cəbhəsi... Sənətə, Ədəbiyyata və Cəmiyyətə açılan cəbhə... Bir də Rəsul Rza və Nigar Rəfibəyli “Siz”sizliyindən gələn missiyanın həm estetik idealı (milli istiqlal), həm də mənfiliklərə (gerilik, mövhumat, cəhalət və fanatikliyə) olan istehza, acı gülüş, tənqid və ifşa pafosu... Qısaca belə...

        Anar yaradıcılığının I şəxsin cəminə  aid olan təhkiyəsində bir də “biz” anlayışı vardır. Bu, artıq üstün mövqedən Anarın missiyasıdır, kredosudur, bütün sahələr üzrə fəaliyyətidir, yazıçı və xadim kimi, təşkilatçı və rəhbər, xalq elçisi kimi fəaliyyəti, sağlam məfkurə və şüur mövqeyi, əqidə müəyyənliyidir. Səbat, dözüm və iradəsi, dəyanət və qətiyyətidir. Anarın milliliyi, dövlətçiliyi, azərbaycançılığı, türkçülüyü, turançılığı və bəşəriliyidir. Anar mədəniyyəti və sivilizasiyasıdır. Bu mənada biz Anar yaradıcılığından çox suallara cavab tapa bilirik, çox mətləblərə əyar ola bilirik...

       Anar millət xadimi, ictimai xadim, xalq adamı olduğundan onun şüur və  məfkurəsinin keçidləri həm Azərbaycanla (”Nizami bizimlədir, burdadır”, “Şairin hünəri”, “Şairin zəfəri”, “”Şairin kədəri”, “Dilimizi yaşadanlar”,”Sübhün səfiri”, “Dildə, fikirdə, işdə birlik”, “Aşıq gördüyünü çağırar”, “Ümmətdən millətə”, “Cənub işıq(lı) ları,” “Anlamaq dərdi”, “Molla Nəsrəddin–80”, “Dəryada duran qocaman dağ”, “Faciələr müəllifinin faciəsi”, “Ucundadır dilimin həqiqətin böyüyü”,“Bu yoldan 30 il öncə də keçdim”, “Güneydən gələn səslər”, “Vurğunluq”, “Bəxtiyarlıq”əsərləri...), həm azərbaycançılıqla (5 təməl prinsipi: azadlıq, müstəqillik, bərabərlik, qardaşlıq, dostluq), həm də türk xalqları, dövlətləri (“Min beş yüz ilin Oğuz şeiri”, “Min ilin 100 şairi”, “Dədə Qorqud dünyası”, “Manas”, “Türkçülüyün banisi”, “Xoşbəxtliyin açarı”, “Əhməd Yəsəviliklə bağlı düşüncələr”,“Çağdaşımız Mövlana”, “Gəl, gör məni eşq neylədi”,”Tütkmən xalqının milli şairi”,...) ilə möhkəm bağlıdır. Anarın sözü bizimlə və bütün türk dünyasıyla ortaqdır. Ortaq məkan Orxon–Yenisey, Dədə Qorqud, Manas, Alpamış dünyasına aiddir. Təsadüfi deyil ki, Anar Azərbaycan–Türkiyə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin sədridir.

      Anar milli ədəbiyyatımızı “Kitabi-Dədə Qorqud”la başlamağı iddia edənlərin birincisidir. İsa Həbibbəyli də tantem olaraq bunun icraçısı– 10 cildlik milli ədəbiyyat tariximizi “Kitabi-Dədə Qorqud”la başlamağın carçısı, Azərbaycan ziyalısının birincisidir.

        Anarın elmi-nəzəri görüşlərinin təşəkkülü, başlanğıcı “Kitabi-Dədə Qorqud”la, “Manas”la, “Alpamış”la bağlıdır. Və təkamülü bütün Azərbaycan, bütün türk ədəbiyyatları– bədii fikir tarixi  boyuncadır (“Sübhün səfiri”, “Təməllər”, “Cənub işıq(ı)lıları”, “Əkinşi” haqqında xatirələr”, Dildə, fikirdə, işdə birlik”, Ümmətdən millətə”, “Ucundadır dilimin həqiqətin böyüyü”,”Əhməd bəy Ağaoğlu: mən kiməm?”, “Anlamaq dərdi”, “Dəryada duran qocaman dağ”, “Faciələr müəllifinin faciəsi”, “İki şairin acı taleyi”, “”M.Ə. Rəsulzadənin bir məruzəsi haqqında”,”Qarabağımızın qövr eyləyən yaraları”,”Azad bir quşdum”, “Bu yoldan otuz il öncə də keçdim”, “Güneydən gələn səslər”,”Ömrüm keçdi, gələmmədim, gec oldu”, “Şair, nazir, molla”, “Vurğunluq”, “Səni kim unudar”...).

       Anar özəl fikirlərini, düşüncələrini– başqa sözlə, fərdiləşdirmələrini ümumiləşdirəndə monoloji dialoqu, ayrı-ayrı xalqları, dilləri Azərbaycan ideyasına, Azərbaycançlığa kökləyəndə– yəni ümumiləşdirmələrini fərdiləşdirəndə isə dialoji monoloqu müəyyənləşir. Hər iki halda Anar konseptual görünür. Məsələn, deyir ki, bütün türk ölkələrinin “Dədə Qorqud”u öyrənilməklə düzgün elmi sistem qurula, tamamlana bilər və daha çox gizlinlər Dədə Qorqud dərkində müəyyənlik tapa bilər. Təsadüfi deyil ki, Anar 1500 ilin oğuz şeirini (“Min beş yüz ilin Oğuz şeiri”...), 1000 ilin oğuz şairlərini (“Min ilin 100 şairi”...) antolojiləyib. “Dədə Qorqud dünyasını” yazıb.  Cəlaləddin Rumini (“Çağdaşımız Mövlana”), Yunus Əmrəni (“Gəl, gör məni eşq neylədi”), Məhdimqulunu (”Tütkmən xalqının milli şairi”...) yazıb.  Türkü – Namiq Kamalı, Əbdülhəq Hamidi, Tofiq Fikrəti, Əhməd Haşimi, Yəhya Kamalı, Nəcib Fazil Qısakürəyi, Aşıq Veysəl Şatıroğlunu yazıb. Böyük Nazim Hikməti yazıb. Özbəki (“Türkçülüyün banisi”/M. Kaşğari/, “Xoşbəxtliyin açarı”/Yusif xas Hacib/...), qazaxı (Oljas Süleymenov...), qırğızı (Çingiz Aytmatov...), türkməni (Mahdimqulu...) yazıb – hamısını düşüncə sisteminə daxil edib...

      Anar Azərbaycan və türk xalqlarının ədəbiyyat tarixi ilə irəliləyib– mühazirələr oxuyub, icmallar yazıb (“Odlar yurdunun söz və sənət sərvəti”, “Tariximizin şeir yaddaşı”, “Türkün sözü”,”Ən əski yazılarımız”... ), osmanlı türkcəsinə uyuşdurub nəşr etdirib. 5 cildlik elmi-nəzəri və ədəbi-tənqidi görüşlərini ehtiva edən “Söz dünyası” kitabını çap etdirib. Beləliklə, Anarın poetikası deyilən elmi tədqiqat əsərinin yazılmasına ehtiyac yaranıb.

       Anar yaradıcı təfəkkürü zəngin olduğundan həmişə üstün mövqe ifadə edib, mühakiməli, anlayışlı, məntiqli görünüb, yəni hissi və məntiqi idrakın imkanlarına əsaslanıb. Belə olanda o, əsasən, mənbəsiz, fəqət ənənə imkanları əsasında yenilikçi kimi görünüb. Bəzən isə mənbəşünaslığın, mətnşünaslığın imkanlarından istifadə edib. Mühakimələrində mənbəşünaslığa əsaslanıb. Azərbaycan, türk və rus mənbələrinə rəvac verib,  həm də daha çox sovet elmşünaslığı dövrünə istinad edib...

       Anar 60-cılar nəsli: poeziya, nəsr, dramaturgiya və elmşünaslığın elmi-nəzəri və ədəbi-tənqidi əsaslarını göstərib: özü, müasirləri, onların sənət örnəkləri və görüşlərini əks etdirib...

       İdeya, konseptual yanaşmalar Anarın mətn estetikasının əsasında dayanıb. O, formalizmə yox, kökə, mənəvi-əxlaqi olanlara, milli formaya, milli koloritə istinad edib, modernist və postmodernist ünsürlər onun nəsri, yaradıcılığı və görüşlərinə yad olmayıb, fəqət milli ruh, milli kolorit, mif, folklor, etnoqrafiya və məfkurəvi şüur Anar estetikası üçün vacib amildir...

       Anar portret-oçerklərin, monoqrafik tədqiqatların, məqələ və ressenziyaların müəllifidir (“Nəsrin fəzası”, ”Dədə Qorqud dünyası”, “Odlar yurdunun söz və sənət sərvəti”, “Türkün sözü”,”Ən əski yazılarımız”...). Bir sözlə, bütün ədəbi dövrlərin ədəbi salnaməsi, söz dünyası, söz səltənəti Anar üçün bəllidir, bəlgəlidir.

Anar poeziya, nəsr, dramaturgiya və ədəbi tənqid (“Tənqidçi təmkini”, “Təsəllimiz yaşamağı bacarmaq”,”Ədəbiyyat xəzinəmizin xəzinədarı”/H.Araslı/,”Dəyərli alim, əsil ziyalı”/M.C.Cəfərov/,”Böyük ömür yolu və kiçik bir hekayə haqqında qeydlər”/Mir Cəlal/,”Mehdi Hüseyni düşünərkən”/Mehdi Hüseyn/,”Sənət yanğısı”/C.Cəfərov/, “Abdulla Şaiq yadigarı”/K.Talıbzadə/, “Əziz Əziz müəllim”/Ə. Mirəhmədov/, “Görkəmli alim”/B.Nəbiyev/, “Yaşar tənqidinin yaşarılığı”, “Elçinlə Elçin və ədəbiyyat haqqında”,”Aydın surəti” /A.Məmmədov/, ”Ədəbiyyat təəssübkeşi” /İ.Həbibbəyli/, ”Şərəfli adların qayıdışı” /V. Quliyev/, “Vaxt və baxt haqqında düşüncələr” /R.Hüseynov/, ”Mübahisədən başlayan dostluq” /N. Cəfərov/, ”Türk düşüncəsi” /A.Turan/, “Vurnuxan fikrin poeziyası”/Ə.Cahangir/... ) sahəsində ardıcıl, dövrlər üzrə və problematik yazıb.

       Anarın sırf elmi tədqiqat, akademik üsluba istinad edən mətnləri yox kimidir. O, yazılarını müəllif, yazıçı tənqidi, elmi-nəzəri fikri, publisist düşüncəsi ilə, realist və romantik təxəyyül və memuar şərtilikləri ilə mətn müəyyənliyi edən ziyalıdır. Belə olanda müəllif konkret, dəqiq mənbə göstərir də, göstərmir də. Bəzən modal sözlərlə “filankəsə görə” deyib, ara söz və cümlələrlə mötərizələr açıb, faktlar, misallar gətirib, bəzən də başqalarının sözlərini vasitəli nitqə çevirib mühakimə yürüdüb. Ən əsası budur ki, Anar mühakiməli, anlayışlı, əqli nəticəli ziyalıdır.

       Anar qədim, klassik və müasir mövzulardan, habelə, çağdaş nəsnələrdən yazanda  alim kimi, kifayət qədər meyarlı, mövqeli və məqsədyönlü görünür.

       Beləliklə, Anar (və ədəbi nəsli) sosialist realizmi yaradıcılıq metodunun çərçivələrini dağıdıb, bədii fikrimizin, düşüncəmizin panoramını açıb, bədii nəsrin fəzasını nişan verib. Anar özünün mənəvi-əxlaqi və tənqid pafosunu formalaşdırıb, mükəmməlləşdirib. Yox, Anar qətiyyən nə modernist, nə də postmodernist yazıçıdır. Bizdə bu metodların (ədəbi cərəyanların)  həyati, sosial-siyasi zəmini olmayıb, yoxdur və olmayacaq da! Ədəbi cərəyanları Qərb, inqilablar, milli hərəkatlar və burjuylar doğurub. Qərb ədəbi cərəyanlar, Şərq isə dinamik, təkamüldə olan fikir təlimləri, təmayülləri ilə birlikdə olub. Biz azərbaycanlıyıq, həmişə sabit bir mühitin, genin-kodun üstündəyik. Bu isə islami-mənəvi dərk müəyyənliyi olub bizi bizdən almağa, ayrıntılara yol vermir.

       Anar estetikası əlvan rənglərə malikdir. Biz isə onlardan yalnız bir neçəsinin üzərində dayandıq. Görünür, bir sistem olaraq Anarın poetikasının işlənməsinə ehtiyac yaranıb və bu missiyanı üzərimizə götürməkdən məmnun qalırıq.

 

                                                                         Əlizadə Əsgərli

                       AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

                                                            direktorunun müşaviri,  filologiya elmləri doktoru