Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Ədəbiyyat, Şair, Şeir və Quli Ağsəs -Lütviyyə Əsgərzadə

07-05-2024 [ 13:28 ] [ oxunub:42 ]
printerA+ | A-

Tarixlə ədəbiyyat qoşa qanad kimidir. Tarixdə yaşanmış hadisələr ədəbiyyatda da inikas edir. Hətta daha təsirli. Tarixdə bir dəfə yaşanan hadisə ədəbiyyatda dəfələrlə əsərlərə mövzu olur. Tarixdə baş verən hadisələri, cəmiyyətimizin keçmişini bizlərə öyrədir. Tarixlə ancaq tarixçilər məşqul olur, ədəbiyyatı isə hər kəs oxuyur. Hətta bəzən oxucu ədəbiyyatdan tanış olduğu tarixi hadisələri dəqiqliklə öyrənmək üçün tarixə üz tutur. Bu anlamada, tarixi yaşatmaq və öyrətməkdə ədəbiyyatın böyük rolu var,  bu mübahisəsizdir. Ədəbi yaddaşımızda ağrı-acısıyla iz qoymuş soyqırımları, torpaqlarımızın işğalı, gül­lələnmiş abidələrimiz, dağıdılmış məzarlarımız, köçkünlük, Şəhidlər Xiyabanında heykələ dönərək əbədiyyətə yüksəlmiş şəhidlərimiz, nənə-babalarımızın yurd həsrəti, ağrıları, “ədəbi fakt” kimi ədəbiyyatımızda öz əksini tapır. Yaxın dünənimizdə yaşananlar, Qarabağ savaşları, Azərbaycan Ordusunun sonu zəfərlə taclanan 44 günlük şanlı Qarabağ savaşı bütün müstəvilərdə ədəbiyyatımızda öz əksini tapır. Zəfər tariximiz salnamə olaraq yazılır. Belə əsərlərin sayı çoxdur, onları həyacansız oxumaq qeyri-mümkündür. Mən isə, “Ulduz” jurnalının baş redaktoru, Azərbaycan Respublikası Prezident təqaüdçüsü, Azərbaycanın əməkdar jurnalisti Qulu Ağsəsin ruhumuza məlhəm olan, misralarından Qarabağ ətri süzülən, ruhumuza hakim kəsilən “Ağam, Adam, Ağdam” şeirindən bəhs etmək istəyirəm. O Qulu Ağsəsdən ki, şeiri yalnız Allahdan gələndə yazır. Şairin “Ağam, Adam, Ağdam” şeiri də Allahdan gələndə yazdığı şeirlərdəndir

“Mal, sahibi, mülk sahibi, Hanı bunun ilk sahibi” misalı “Söz”ün də sahibi “O”dur. Sözsüz ki Allahın  olmadığı yerdə söz də yoxdur, varsa da o söz urvatsızdır.  Şairin sirri də, pıçıltısı da, harayı da sözündədir.  “Şeir Allahdan gələndə yazan” Qulu Ağsəs “Mən sirrimi vərəqə yazası oldum, özü də qələmlə, işin ən yüngülündən yapışdım, neçə ildir şeir yazıram, deməli, ömrümün çoxunu qaya başında keçirmişəm, -  deyir. Şairin “neçə ildir şeir yazıram, deməli, ömrümün çoxunu qaya başında keçirmişəm” sözlərindəki böyük həqiqətlə razılaşsaq da,  “işin ən yüngülündən yapışması” qəbuledilən deyil. İşin ən çətinindən yapışan şairin həyatındakı ağrı detallarını; yurd-yuvasının işğalı, taleyinə yazılmış didərginlik, yurd həsrəti, Ağdam nisgili, cəmiyyətdə yaşananlara reaksiyasını da nəzərə alsaq, şair işin ən çətinindən yapışıb, deyə bilərik. Bunları yazmaq çox  məsuliyyətli, əzablıdır. Bunları yazmaq, həsrətə bürünməkdir, əzab çəkməkdir, ağrımaqdır. Və bütün bunlar Qulu Ağsəs poeziyasında aparıcı xəttdir. Şair yaşadıqları ağrını yurdun gözəlliklərinə, müqəddəsliyinə, nisgilinə bürüyərək  poetikləşdirir.   Başdan-başa gözəlliklər diyarı, Yaradanın ən gözəl əsərlərindən olan Qarabağın gözəllikləri şairin şeirlərində ağrı ilə yoğrularaq poetikləşir. Ağrı və gözəllik... Qulu Ağsəs poeziyasında əsir yurduna yazdığı şeirləri üstünlük təşkil edir (bu məqamda Almas İldırımın “Əsir Azərbaycanım” şeirini xatırlamamaq mümkün deyil). Şair, "Şuşa" şeirində bioqrafiyasının müəyyən detaları, yaşadıqları əks olunan xatirələrində yaşatdığı şəhərin sözlə rəsmini çəkir:

“Özün dağ başına qoyan şəhərin

ayağın xan kəndi yuyurdu

kürəyinin təri

cıdırda soyuyurdu.

Girməzdi

dumanına gün işığı,

havasına çay qaşığı.

Qayaları sərxoş idi,

adamları tay-tuş idi,

küçələri tay-keş idi.

Qəbirüstü yazıları

nəğmə kimi oxunurdu,

kolda-kosda tələf olan

qurd-quşu gül qoxuyurdu.”

 

Sözlə oynamağı, sözlə rəsm çəkməyi bacaran, sözə istədiyi mənanı, gözəlliyi, sevinci, kədəri, ağrını, acını yükləyən şairin təsvir etdiyi  “qəbirüstü yazıları nəğmə kimi oxunan” şəhərin kol-kosda tələf olan qurd-quşu gül qoxuyurdu. Dumanı duman, havası dərman, təbiəti loğman idi bu şəhərin.

 “Ana kimi yar, Vətən kimi diyar olmaz!” İşğal altında canı ağrıyan torpaq Q.Ağsəsin doğulduğu torpaqdır, vətəndir. Sıldırım qayalarlarla əhatə olunan, alınması mümkünsüz olan alınmaz qalanın alınması ilə barışa bilməyən şair doğulduğu yurda, vətənə olan sevgisini, ağrısını, nisgilini misralara pıçıldayır:

 

“Kim idi qalxan o boyda dağı? -

yağışdan sallanıb enirdi qonağı.

...Dağın dizləri əsdi bir may səhəri

gözünün yaşı

ayağının suyuna qarışdı şəhərin...”

 

Doğulub böyüdüyü yurdunun mənfur ermənilər tərəfindən işğal olunmasını bu qədər yanğı ilə, ağrı ilə ifadə etmək həm asandır, həm də çətin.  Asandır, çünki o, sözlə ağrı-acının şəklini çəkə bilir. Sözlə ağrı-acının şəklini çəkmək, poetikləşdirmək Qarabağ dərdini yaşayan şairin qələmində daha təsirli, daha güclü alınır.  Çətindir, çünki doğulub böyüdüyü yurdu mənfur ermənilər tərəfindən işğal olunub. Şair bu ağrılardan bəhs edərkən yalnız yazmır, hər dəfə yenidən yaşayır, şairin vətən həsrəti ağrıya qarışaraq misralarına süzülür. Bu ağrını yaşayan Qulu Ağsəsin şeirlərini həyəcansız oxumaq mümkün deyil. Adətən səhər açılanda “Günəş doğdu”, - deyirik. Bu ifadəyə poetik çalar qatan şair, "Səhəri doğan Günəşin  körpəsi " adlandırır:  

 

“Görsən ki, qaranlıq çökür aləmə,

Görsən ki, axşamdı...

fikir eləmə.

Bir uçuq yuxudu gecənin boyu

Nə qədər imkan var

rahatlan, uyu...

Qəflətən bir çağa salar hay-həşir

Səhər - körpəsidi doğan Günəşin.

Onu ovutmağa tələsər hamı.”

 

Hamımızın bildiyi bir həqiqət var. Günəş doğmazsa, bəşəriyyətin sonu olar. İnsanlar soyuqdan məhv olar. Yalnız adamlar deyil, bütün canlı aləm məhv olar.  Dünyanı “qaramat”  basar. Günəşin körpəsi olan şəhəri doğması dünyanın işıqlanması, isinməsi, varoluşu deməkdir. İşdir, birdən günəş körpəsi səhəri doğmasa? İnsan donmağa, üşüməyə  məhkum olsa?  Belə məqamda nə etmək olar? Şair Qulu Ağsəsin belə məqamlarda oxucusuna tövsiyəsi həm qəbuledələndir, həm də qəbul edilməyən. Qəbulediləndir ona görə ki, Günəşin doğmaması dünyanın sonudur, bütün canlıların ölümüdür. Qəbuledilməyəndir, çünki isinmək üçün can yandırılmaz. Doğrudur  bu, məsələyə Qulu Ağsəs prizmasından yanaşmadır. Bəlkə belə ölüm, donaraq ölməkdənsə, yanaraq ölmək daha doğrudur?:

    

“Təzədən qaramat basar dünyanı,

Hanı doğan Günəş?

körpəsi hanı?

...Görsən hər tərəfdən əlin üzülür,

Görsən üşüyürsən...

yandır özünü...”

 

 Qulu Ağsəsin  yurd həsrəti, vətən dərdini onun bu mövzularda yazdığı şeirlərdə də izləmək olur.

Yalnız Qulu Ağsəs deyil, bütövlükdə Azərbaycan ədəbiyyatı 30 ilə yaxın bir zaman kəsimində Qarabağdan, torpaq itkisindən bəhs edirdi. Poeziyamıza ağrı yüklənsə də bu ağrı Qarabağ ağrısı idi. Şükürlər olsun, 44 günlük  haqq savaşında torpaqlarımız azadlığına qovuşdu. Ali Baş Komandanın və Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində Yeni tariximiz yazıldı. Bu zəfər, bütün sahələrdə olduğu kimi, Azərbaycan ədəbiyyatına, həmçinin şair-publisist Qulu Ağsəs poeziyasına yeni rəng, yeni çalar qatdı.  Ağdama həsr etdiyi bir-birindən gözəl şeirlər kimi. Bu şeirlər yalnız ölkəmizdə deyil, sərhədlərimizdən kənarda da oxunan, sevilən şeirlərdəndir. Şair müsahibələrindən birində bu haqda deyir: “Güney Azərbaycanda bu şeiri Ağdam işğaldan azad olunandan sonra əslən qarabağlı olan Səxavət bəy gedib anasının məzarı başında oxuyub. Buna çox mütəəsir oldum, çox. Yəni, yazmağa davam. Qarabağ, vətən mövzusunda yazmağa davam.“ Yeni yazılar var, inşallah onları da təqdim edəcəyəm. Qulu Ağsəsin “Ağdam” şeirini ilk dəfə Rəşad Məcidin ifasında televiziya verilişlərindən birində dinlədim. Rəşad Məcid “Şuşa” şeirini ifa etdikdən sonra Qarabağla bağlı bir şeir də istəyən aparıcıya: “Qulu Ağsəsin “Ağdam” şeirini söyləyim, dedi və şeiri elə gözəl, yanğılı ifadə etdi ki, şeir ruhuma həkk olundu; ”Ağam şəhərim! Adam şəhərim! Ağdam şəhərim! Şeiri dinlədikcə sanki Ağdam gözümün önündən gəlib keçirdi. Amma daha möhtəşəm, daha vüqarlı, daha əzəmətli, Ağam şəhərim!  Öz-özümə pıçıldadım, şeir belə yazılar, Ağdama belə şeir yaraşır. Bu şeirdən çox, şairin şəxsləndirdiyi, “Ağ alınlı qızılı atların vətəni, seyid cəddinə içilən andların vətəni! Sən dar gündə Şuşaya arxa, Xocalıya ümid olan, Son nəfəsəcən döyüşən, son nəfərəcən şəhid olan şəhərinə - Ağasına, Ağdamına sevgisi, duası, tədqiqatı və təqdimatı idi:

"Sən öl"ü, "sağ ol"u bəlli

yaranandan üzü bəri

yasında yasin oxunan

toyunda tüfəng atılan -

                                    şəhərim!

Dünyanı bazara çıxaran

dünya bazarında satılan -

                                    şəhərim!

Yuxarı başına keçən kafirə

yuxarıdan aşağı baxan,

Allahdan da çəkinməyən

bircə əsarətdən qorxan!

Ağ alınlı qızılı atların vətəni,

seyid cəddinə içilən andların vətəni!

Sən dar gündə

Şuşaya arxa,

Xocalıya ümid oldun.

Son nəfəsəcən döyüşdün,

son nəfərəcən şəhid oldun...

Ağam şəhərim!

Adam şəhərim!

Ağdam şəhərim!

Şeirin son misralarında hamımızın dilimizdən düşməyən “şükür” sözü şairin ifadəsində daha da poetikləşir. Ağdamın qurtaran külünə də şükür edən şair, coşub-daşan sevincini qəhrəmancasına hayqırır: “Şükür qayıdış gününı! / Sevincdən ağlımız çaşıb, / yüz min dəliynən gəlirik, / bir “Uzundərə” havası çal, / çıx Bərdə yoluna – Uzundərəynən gəlirik!...” Sözlər o qədər sərrast, yerində  seçilmiş ki, oxucu “yüz min dəlinin zəfər coşqusunu, “Uzundərə”nin sədasını eşidir sanki:

“Şükür külünə,

şükür qayıdış gününə!

Sevincdən ağlımız çaşıb

yüz min dəliynən gəlirik.

Bir "Uzundərə" havası çal,

çıx Bərdə yoluna -

Uzundərəynən gəlirik!..”

Doğrudur, Qarabağsız günlərimizdə də ədəbiyyat adamları, Qarabağın işğalı ilə barışmağa, Qarabağı işğal etməyə qoymadılar. Şairin sözləri ilə desək, “poeziyada Qarabağı diri saxlamağı bacardılar. Ağdam, Füzuli, Laçın, xüsusilə Şuşa işğal olunmadı. Şuşanın işğal dövründəki yazılara baxın. Orda işğal havası yoxdur, hamısında Şuşa bizimdir. Mən o dövrdə bir esse yazmışdım. Orda ermənilər kəndə basqın edib işğal etmək istəyirlər. Yazdım ki, yazını burda dayandırıram və erməniləri kəndə buraxmıram. Çünki Qarabağ mənimdir, esse mənimdir, qələm mənimdir. Onların nə həddi var ki, kəndə girsinlər.” Şair, “deyirdilər ki, torpaqlar işğal olunub, niyə bu haqda yazırsınız. Bu cür ittihamlar var idi. İndi də deyirlər ki, niyə qələbəmizdən yazmırsınız. Bu gün torpaqlarımız işğaldan azad olundu. Qarabağın qələbəsi isə bizim ordunun əsəri oldu. Amma ordunu da ona hazırlayan Azərbaycan ədəbiyyatı idi”, - sözlərində nə qədər haqlı görünür. Yazdığı essede belə erməniləri kəndə buraxmayan şairin ürəyi doludur, Şuşasına deyəcəkləri var. Daha doğrusu, Şuşanın qulağına pıçıldayacaqları var. Şuşaya “Xoş gördük, əyil qulağına söz deyim, Şuşam”, - müraciəti,  da-rıx-mı-şam!.. sözü şairin həsrətinin, sevincinin ölçüsüdür. Misraları oxuyarkən gözümün önünə anası üçün darıxan, onu bağrına basıb qulağına sevgisini, həsrətini pıçıldayan oğul obrazı gəlir. Bu ana həm də vətəndir. O vətən ki, şair onun “yad səslərdən qulağına yağan”, “28 bəlaya gəlmiş ilin nisgilini üstündən almaq istəyir, təmizləmək istəyir. Onunla həsb-hal etmək, ona sarılmaq, qulağına söz demək istəyir. Vətənə olan həsrətini, özləmini bir layla kimi qulağına pıçıldamaq istəyir, “da-rıx-mı-şam!...” Şairin Vətənə olan bütün duyğularını bu bir kəlməyə  yükləyir. “Xoş gördük”, deyə müraciət etdiyi Vətənlə - Şuşa ilə ana ilə dərdləşən kimi dərdləşmək, ona duyğularını hiss etdirmək istəyir. Bəlkə elə buna görə ananı vətən bilirik,  vətənə ana deyirik.

“Xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
nə vaxtdı,
yad səslərdən yağır qulağına...
mən pambıq götürüm,
sənsə çöp götür,
enək İsa bulağına –
təmizləyək nisgilin,
28 bəlaya gəlmiş ilin!
...Bir də xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
da-rıx-mı-şam!..”

Ana və Vətən mövzusuna köklənən Qulu Ağsəs “Ağ-qara-bağ” şeirində oxucusunu Ağdamın Gülablı kəndinə aparır. Gülablı şairin doğulduğu, böyüdüyü, ilk dəfə əlinə çanta alıb məktəbə getdiyi kənddir. Bu kənd şairin analı xatirələrinin məskənidir. Şeirdə dərsə gedən bir oğlan və ömrünü, həyatını, həmçinin ümidlərini, gələcəyini oğluna bağlayan ana obrazı ilə qarşılaşırıq. Lirik qəhrəmanın təqdimi ilə tanış olduğumuz, ömrünü oğluna adayan ananın “bircə dərdi” oğlunu böyütmək, yedirtmək və sonda bütün analar kimi arzusu “Oğluna toy vurdurmaqdır.” Oğlunun mürvətini görməkdir. 

“Bir anamdı, bir də mən.
Camaat uyuyardı,
Anamsa çay qoyardı,
Balası ac qalmasın:
Bu da qozu, alması.
Yerimə gətirərdi,
Bircə mən idim dərdi:
Ağacları kəsdirək
Qoyunları qırdıraq,
Quluya toy vurduraq!
(Kəsildi ağac, anam,
Kəsildi əlac, anam,
Qəbri torpağa, özü
Atama möhtac, anam…”

... Qulu Ağsəs poeziyası mövzu mündəricəsinə görə çoxşaxəlidir. Yaradıcılığında  vətən, ana, torpaq, təbiət mövzuları yer tutan şairin poeziyasında bütövlükdə cəmiyyətdə gedən bütün proseslərə, hadisələrə reaksiyasını görmək olur. 2020-ci ildə dünyanı sarsan koronavirus bəlasına, onun yaratdığı faciələrə, “çölə çıxma”, “maska taxma”, “toy etmə”, “yas saxlama”  yasağına və s.   şairin reaksiyası diqqətçəkicidir.  

“ Əgər doğrudan sevirsənsə,

şərtim budur:

çəkilək bir hücrəyə,

amma məndən uzaq dur...

Sabun köpüyü partlatsın

qoxusu sarımsağın,

Kefli əllərin doqquz yazsın

on barmağı...

Çölə çıxma!

Telefona baxma!

Darıxma!”

 

Dünyanın koronavirus faciəsi ilə üz-üzə qaldığı sərt, qorxunc bir zamanda qoyulan qadağalardan insanların çəkdiyi mənəvi əzabları oxucuya çatdıran şairin misralarda sətraltı etirazını da hiss etmək olur. “Yas olmazsa, ölüm də olmasın.” Sözü astar üzündən oxusaq, ölüm varsa,yas necə olmasın. Yası qədağan edənlər “ölüm” qədağan edə bilərmi? Sevgi olmasa, toy olarmı? Xəstəlik varsa, ölüm varsa, yas olmazmı?

Karonaviriusun gətirdiyi ən böyük qadağa insanların evlərə həbs olunması idi. Və bir də böyük faciəni qadağalar dövründə həyata vida deyənlərin yaxınlarının yaşadıqları. Ölənlər sanki lənətə tuş gəlmiş kimi, xəbərsiz-ətərsiz, yassız, “Yasin”siz  dəfn edilirdi (içimdən keçən bir arzunu qeyd etmədən keçə bilməyəcəyəm. Allah adama ölümün də gözəlini qismət eləsin!). Nə isə…Bu mövzunu burada nöqtələmək istəyirəm, çünki mözvu o qədər genişdir ki...

Qayıdaq şairin bu qadağalar dövründə yaşadığı çətinliklərə. Bütün qadağaları qəbul edən şair, sevginin olmasını istəyir.  Nədən? Çünki sevgi varsa, həyat var. Sevgi varsa, gələcək var. Sevgi varsa, gözəllik, gözəllik varsa sevgi var. Hər ikisi varsa həyat davam edir deməkdir. Amma şair bu şərtlərdən, qadağalardan sıxılmış olacaq ki, “özünü şərt cümləsinin budağından asmaq istəyir: “Asacam özümü! - şərt cümləsinin budağından...”

 Qeyd edək ki, şairin şeirlərində asmaq, asılmaq, ölüm, Allah (göydəki isim), əcəl sözlərinə tez-tez rast gəlinir. Olum və ölüm həyatın fəlsəfəsidir. “Olum” varsa, ölüm labüddir. Yəni insan dünyaya gəldiyi gündən öləcəyini bilir. Hətta ölümü ondan əvvəl yazılır. Qulu Ağsəs şeirində fəlsəfi qat güclüdür:

 

Şükür o göydəki ismin halına,

Şükür yağışına, şükür qarına.

Şükür – adımızı öz jurnalına

Əcəl – adqoydudan qabaq yazdırıb...

İlk fəlsəfə dərsimizi bugünkü kimi xatırlayıram. Müəllimimiz auditoriyaya girib fəlsəfədən ilk mühazirəsini oxuyanda, “Bilirsiniz fəlsəfə nədir? Bizdən cavab almayınca demişdi: “İnsan qəbrə mübarizdir, son mənzili, donu bu, Yaşa, Yaşa öləcəksən, insanlığın sonu bu!” Fəlsəfə olumla ölüm arasında yaşananları öyrənən elmdir. Yəqin ki biz anlayaq  deyə bu şəkildə ifadə etmişdi.

İnsan özündən icazəsiz, özünün istəyi olmadan doğulur və ölür. Yazılanı yaşayır, ona verilən ömür yolunu sonunun harada gələcəyini bilmədən gedir. Bu labüddür. İnsan həyatının labüd sonluğu olan ölüm haqqında düşüncələr, ölümün labüdlüyü   Qulu Ağsəs poeziyasında da tez-tez rast gəlinən mövzulardandır.   

 

“Hərəmiz borcludu bir can ölümə,

Ölsək də, tapmarıq əncam ölümə.

Tanrı qırmır bizi... Ancaq ölümə

yoxladır.”

 

Ölümü dərk edənlər, ölmədən öncə ölənlər ölümdən qorxmur. Ölmədən öncə ölənlərdən olan Qulu Ağsəs də  ölümdən qorxmur, sevdiyinə etdiyi vəsiyyətində bunu açıq-aşıkar hiss etdirir:

“İşdi-qəzadı

səndən əvvəl ölsəm,

məni son mənzilə aparırlar görsən,

vəsiyyətimə əməl elə:

Arxamca su at, 

uğur dilə.

Saçını yolma,

köksünü ötürmə.”

 

Şairin vəsiyyətindəki detallar maraq doğurur. Bilirik ki, insan öləndə suya tutulur, kəfənlənir və “Yasinlə” son mənzilə yola salınır. Şairin isə “işdi-qəzadı sevgilisindən öncə ölsə” son mənzilə uğurlananda ondan istədikləri başqadır.  "Arxamca su at, uğur dilə. Saçını yolma, köksünü ötürmə.” Şair bilir ki, əzizini son səfərə uğurlayanlar, təbii ki bu məcburi deyil, ağı deyib, saç yolur, kədərə bürünüb köks otürür. Qulu Ağsəs sevgilisinə bunları etməməsini, “saç yolub, köks ötürməməsini”, əksinə onun arxasınca su atmasını, uğur diləməsini vəsiyyət edir.  Adətən uzaq yola, səfərə çıxanda arxasınca su atılır, uğur arzulanır; “yolun uğurlu olsun!” söylənilir. Şairin ölümə münasibəti və son mənzilə uğurlanma arzusu qəbuledilmiş qanunlardan fərqlidir. Bu, ölümün fəlsəfəsini anlayanların yanaşmasıdır. Ölüm yoxluq deyil, deyə düşünürəm. Yaşayan ölülər də var, ölərək yaşayanlar da.  Ölərək yaşamaq, daima diri qalmaq söz adamlarının haqqıdır. Çünki söz hər zaman diridir və sahibini diri tutur, yaşadır. Digər tərəfdən, bəlkə bu yolun o biri başı da var. Bəlkə ölüm bir başlanğıcdır. Və bu başlanğıcda şair özünə “uğur arzulanmasını istəyir. Təbii ki bu bir oxucu kimi bizim yanaşmamızdır. Amma şairin sözlə ifadə etdikləri də bizə bu duyğuları yaşadır. Şair getdiyi yeri bilir. O, onu yaradanın –Allahın yanına gedir. Sevgilisinə “faniyə uyma”magı vəsiyyət edir.  Gözəl vəsiyyətdir. Həm də bir tapşırıqdır, uyarmadır, “faniyə uyma!” Qulu Ağsəsin bu uyarısında, bütövlükdə dünya, ölüm, fanilik və s. samanizmin, sufizmin izləri duyulur. Bu məqamda mütəfəkkir Cavid əfəndini anmadan keçmək olmur: “Bəni öldürsələr də bən yaşarım, Tərk edib xəlqi xaliqə qoşarım.” Qulu Ağsəsin bəhs etdiyi ölüm aktı xəlqi tərk edib xaliqə qoşmaqdır. Bu səbəbdən, sevgilisinə arxasınca su atıb uğurlanmasını, “ürəyinə ayrı şey gətirməməsini” vəsiyyət edir. Şairin üzü göylərədir. Getdiyi məkan Allahın yanıdır:

“Allahın yanına gedirəm

ürəyinə ayrı şey gətirmə.”

Nə gözəl ifadədir. “Ürəyinə ayrı şey gətirmə, Allahın yanına gedirəm!” Həmçinin  dünyəvi işləri də düşünən şairin söylədikləri də diqqətçəkicidir. İnsan öldümü, ilk qapısını borclu olduğu adamlar döyər. Lirik qəhrəmanın  borclu olduğu kimsə yox. Əvəzini vermədiyi sadəcə aldığı “son nəfəs”dir. Son nəfəsinin əvəzini verəcəyi yerə, Allahın yanına, Allah qatına yüksəlir. 

Qulu Ağsəsin poeziyasında sufizmin, şamanizmin izlərini araşdırmaq ciddi bir tədqiqat tələb edir. Yeni yazılan məqalələrdə bu məsələyə qayıtmaq istəyi ilə hələlik bu mövzuya bir nöqtə qoyuruq. Qulu Ağsəs poeziyası mövzu mündəricəsinə görə o qədər zəngindir ki, şairin hər bir mövzunu araşdırmaq,  ayrı-ayrı şeirlərinə məqalələr yazmaqla onun şair ruhunu anlamaq mümkündür. Qulu Ağsəsə Allaha gedən yolda uzun ömür və yaradıcılıq uğurları arzuları ilə yazımızı sonlandırırıq.

SİZƏ MARAQLI OLA BİLƏR