Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Məhəmməd Füzuli və Sultan Baho: Azərbaycan və Pakistan arasındakı ədəbi əlaqələr” mövzusunda konfrans keçirilib

29-04-2024 [ 16:46 ] [ oxunub:218 ]
printerA+ | A-
104515

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Sultan Baho: Azərbaycan və Pakistan arasındakı ədəbi əlaqələr” mövzusunda konfrans keçirilib. Konfransda bir sıra pakistanlı alimlər, müxtəlif elm və təhsil ocaqlarını təmsil edən ziyalılar iştirak ediblər. Konfransı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, bu konfrans Azərbayca-Pakistan əlaqələrinə həsr olunmuş dördüncü konfransdır. İlk konfransı pakistanlı qonağımız olmadan 2017-ci ildə keçirmişdik. Lahor Universiteti ilə həm Bakıda, həm də Lahorda konfranslar keçirmişik. Pakistan Ədəbiyyat Akademiyasının başqanı olmuş professor Yusuf Xuşun da adını çəkmək istərdim.
Akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd olunması haqqında qərar qəbul etdiyini xatırladıb. Bildirib ki, ölkədə və dünyada Məhəmməd Füzuli konfransları keçirilir. Bu kofrans da Füzulinin 530 illiyinə həsr olunub. Məhəmməd Füzuli XVI əsrdə yaşayıb-yaratmış böyük qəzəl ustadıdır. “Leyli və Məcnun” poeması ona dünya şöhrəti qazandırmışdır. Sultan Baho da Pakistanın Məhəmməd Füzulisidir. Bu gün onların
hər ikisinin xidmətlərini müqayisəli şəkildə ilk dəfə Azərbaycan cəmiyyətinə çatdıracağıq. İnstitutumuzda Pakistan mərkəzi də var, orada Pakistana aid çoxlu kitablar toplanıb. Bu konfrans da Pakistan-Azərbaycan elmi-ədəbi əlaqələrinin yeni səhifəsi olacaqdır. Əlavə edib ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin davamçısı İmadəddin Nəsimi əsərlərini üç dildə yazmışdır. Nəsimi ərəb və farsca əsərlər yazsa da, nə ərəbdir, nə də fars, azərbaycanlıdır. İmadəddin Nəsimidən böyük Azərbaycan şairi kimi bəhs etdiyinə görə qonaqlara təşəkkür edib. Bu konfransdan sonra 12 min adda 5 min əlyazma qorunan Əlyazmalar İnstitutunu da göstərəcəklərini bildirib.

Pakistanlı alimlərdən Muslim İnstitutunun sədri Sahibzadə Sultan Ahmed Ali “Məhəmməd Füzuli və Sultan Baho yaradıcılığı Azərbaycan-Pakistan ədəbi əlaqələri kontekstində” geniş məruzəsində əlaqələrin tarixindən və bu günündən söz açıb. Lahor Urdu Kollec Universitetinin dosenti, dr. Safeer Heyderin “Sultan Bahonun mistik simfoniyasında insan mənliyini əksi” adlı məruzəsi maraqla qarşılanıb. Konfransda Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli “Azərbaycan-Pakistan ədəbi əlaqələri keçmişdən bu günə” adlı geniş məruzə edib.
Qeyd edib ki, Azərbaycanla Pakistanı bir-birinə yaxınlaşdıran təkcə dini, milli yaxınlıqlar deyil, həm də keçmişimizdir, eyni tarixdən gəlməyimizdir. Xalqlar arasındakı yaxınlıq onların ədəbi-mədəni əlaqələrində də eyni dərəcədə təzahür edir. Bu baxımdan Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələrinin böyük bir keçmişi vardır. Məhz bu keçmişin üzərində dayanaraq biz həm də gələcəyimizi qururuq. Hər iki xalqın gələcəyə yönəlik baxışları onların ədəbiyyatında, mədəniyyətində də dərin iz buraxmışdır. Pakistanda Azərbaycan klassikləri Nizami Gəncəvi, Nəsimi, Füzuli, C.Məmmədquluzadə və b. yaradıcılığı öyrənildiyi kimi, Azərbaycanda da Pakistanın filosof şairi Əllamə Məhəmməd İqbal yaradıcılığı öyrənilir və nəşr edilir. Bu tanıtım prosesinin böyük bir keçmişi vardır.
C.Məmmədquluzadənin hekayələri urdu dilinə tərcümə edilmişdir. Azərbaycan öz müstəqilliyini 1918-ci ildə qazandıqda dövlət bayrağında “türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü formuluna, Pakistan isə “islamlaşmaq, millətləşmək və müasirləşmək” formuluna üstünlük vermişdir.
Göründüyü kimi, üst-üstə düşən və bir-biri ilə səsləşən bu formullar bu gün də uğurla davam etdirilir. Vrije Universiteti Brüssel təmsilçisi, professor Filip Hambl çıxış edərək hər iki Şərq mütəfəkkiri haqqında fikirlər səsləndirib, Qərblə də əlaqələrin inkişaf etdirilməsinin önəmindən danışıb. Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətlinin “Orta əsrlərdə Azərbaycan-Pakistan siyasi və mədəni əlaqələrinə bir baxış”, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlının “Məhəmməd Füzuli və Türk dünyası”, BDU-nun Şərqşünaslıq fakultəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Eldost İbrahimovun “Həzrət  Sultan Baho yaradıcılığında tərbiyəvi ideyalar” mövzusunda məruzələri ilə konfrans davam edib.


İctimaiyyətlə əlaqələr şöbəsi

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR