Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

İNSTİTUT KİV-də

"Kardeş kalemler"in bu il üçün son sayı

18-12-2019 [ 10:34 ] [ oxunub:182 ]
printerA+ | A-

Bugünlərdə Avrasiya Yazarlar Birliyinin (AYB) mətbu orqanı olan "Kardeş kalemler" dərgisinin 2019-cu ilə olan son buraxılışı işıq üzü görüb.

Dərgi AYB-nin sədri Yaqub Öməroğlunun Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinın 70 illik yubileyi münasibətilə təbrik yazısı ilə başlayır. Müəllif burada İ.Həbibbəylinin AYB, "Kardeş kalemler" dərgisi və bütün Türk dünyası ədəbiyyatının inkişafında göstərdiyi dəstəkdən söz açıb, bu münasibətlə onun AYB-nin "Şərəf" medalı ilə təltif olunduğunu qeyd edib.

Türkiyədən dərgi oxucularını ilk salamlayan Mehmet Əli Kalkanın şeirləridir. Bu rubrikanı Fateh Sultan Yılmazın şeirləri, Əli Akbaşın akademik İsa Həbibbəyliyə həsr etdiyi "Torpağı vətən edərlər" şeiri, Nilufər Sayğının "Uzaqlardakı səs" hekayəsi, Çulpan Zaripova Çətinin "Yerə-göyə sığmayan iki şair: Segiyt Remiev və Nəsimi" məqaləsi davam etdirir

Oxucular bu sayda Noqaydan Kadriyə Orazbayevna Temirbulatovanın tərcümeyi-halı və şeirləri, Qaraçay-Malkardan Kanşaubiy Mizievin təqdimatında Tənzilə Zumakulovanın şeirləri, Uyğurlardan Zuynun Qadirinin "Şəfqət bacısı" (tərcümə Ümid Şahin), Xakasiyadan İvan Qriqoryeviç Kotyuşevin "Yağışda" (tərcümə Əkrəm Arıkoğlu) hekayələri ilə tanış olacaqlar.

"Kardeş kalemler"in bu sayında Azərbaycana daha çox yer verilib. Bu rubrikadakı materialların əksəriyyəti akademik İsa Həbibbəyli haqqındadır. Rubrika Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarın "Ədəbiyyat təəssübkeşi İsa Həbibbəyli" məqaləsi ilə başlayır. AYB-nin katibi Rəşad Məcidin "70 yaşın tükənməyən enerjisi", yazıçı-dramaturq Pərvinin "Əziz İsa müəllim" yazıları da buradadır. Məqalələri Türkiyə türkcəsinə Ülkü Taşlıova tərcümə edib. İsa Həbibbəyli haqqındakı məqalələri Avrasiya Yazar Birliyinin təltif etdiyi "Şərəf" medalı haqqındakı xəbər davam etdirir.

Azərbaycandan dərgidə yer alan digər yazılar: Afina Barmanbay və Belqız Dilmaçın Xalq yazıçısı Mövlud Süleymanlı ilə "Dədə Qorqud nəfəsli Mövlud Süleymanlı ilə "Köç"ə səfər" başlıqlı müsahibəsi, Sabir Əhmədovun "Aşağı obada" (tərcümə Aynur Qəhrəman), Xalidə Hasilovanın "Xoruzlu dəsmal" (tərcümə Əli Akbaş) və Xalq yazıçısı İsa Hüseynovun "Dərd" (tərcümə Elnurə Rzayeva, İsmayıl Alpər Kumsa) hekayələri.

Dərgi ənənəvi olaraq "Xəbər" rubrikasıyla tamamlanır. Burada Özbəkistanın Hive şəhərinin 2020-ci ilin Türk Dünyası Mədəniyyət paytaxtı seçilməsiylə bağlı Oş konfransından və digər mühüm tədbirlərdən reportajlar yer alıb.