Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Rəsmi xəbərlər

Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb

08-12-2017 [ 13:27 ] [ oxunub:101 ]
printerA+ | A-
69329

Dekabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Əzəli dostluq riştələri: Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri” mövzusunda elmi konfrans keçirilib.

Əvvəlcə iştirakçılar Ədəbiyyat İnstitutunda, eləcə də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Daşkənddə son zamanlar özbək dilində nəşr edilmiş kitabların sərgisi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan münasibətlərinin çoxəsrlik tarixindən, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişafından söz açıb, son illərdə mədəni-ədəbi əlaqələrin daha da genişləndirildiyini bildirib. Müasir dövrdə ikitərəfli əlaqələrimizin təməlinin ümummilli lider Heydər Əliyev və Özbəkistanın sabiq Prezidenti İslam Kərimov tərəfindən qoyulduğunu vurğulayan akademik İsa Həbibbəyli qarşılıqlı əlaqələrin bu gün Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babur, Nəsimi, Əmir Teymur və digər ədiblərin Özbəkistan-Azərbaycan əlaqələrindəki rolundan bəsh edən AMEA-nın vitse-prezidenti hər iki ölkənin ədəbiyyatı və mədəniyyətinin bir-biri ilə qarşılıqlı vəhdətdə zənginləşdiyini və inkişaf etdiyini bildirib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, rəhbərlik etdiyi Ədəbiyyat İnstitutunda Özbəkistan ədəbiyyatının nümayəndələrinin yaradıcılığının təbliği istiqamətində mühüm işlər görülür. Ötən il Ədəbiyyat İnstitutunda Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsi fəaliyyətə başlayıb, aparılan tədqiqatlar nəticəsində bir sıra kitablar nəşr olunub, Azərbaycanda yaşayıb-yaratmış özbək ədəbiyyatının tanınmış nümayəndələrinin irsi araşdırılıb.

AMEA-nın Özbəkistan Elmlər Akademiyası ilə əməkdaşlığından danışan akademik İsa Həbibbəyli bugünkü tədbiri çoxəsrlik ənənələrə malik olan Azərbaycan-Özbəkistan əlaqələrinin müstəqillik dövrü mərhələsinin əlamətdar hadisəsi adlandırıb, konfransın işinə uğurlar arzulayıb.

Konfransda çıxış edən Özbəkistan Respublikasının Azərbaycandakı səfiri Şerzod Fayziyev ölkələrimiz arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib, müsəlman ölkələri arasında elm, mədəniyyət sahələri üzrə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, ölkələrimiz İslam mədəniyyətinin və dünya mədəni-tarixi irsinin mərkəzi sayılır və Türk dünyasının böyük mədəniyyətə sahib xalqlarıdır.

Sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb. Memorandumda Azərbaycan və Özbəkistanın elm, mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə araşdırmaların aparılması, layihələrin reallaşdırılması, elm, ədəbiyyat sahəsində mübadilənin həyata keçirilməsi və s. məsələlər nəzərdə tutulur.

Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun "Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri: həyata keçirilən layihələr, perspektivlər”, Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın “Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 2 ildə Daşkənddə özbək dilində çap olunan kitablar haqqında” mövzusunda məruzələri dinlənilib.

Daha sonra “Əbədi dostluq riştələri” sənədli filminin rejissoru Etibar Məmmədov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları, filologiya elmləri doktorları Əlizadə Əsgərli və Asif Rüstəmli, tarix elmləri namizədi Cəbi Bəhramov və başqaları çıxış ediblər.

Akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan ədəbi-elmi əlaqələrinin inkişafında xidmətlərinə görə dost ölkənin bir qrup tədqiqatçı alim və mütəxəssislərinə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Fəxri fərmanlarını təqdim edib.

Konfrans çərçivəsində, həmçinin “Əzəli dostluq riştələri” adlı filmin nümayişi olub.

Tədbirdə elmi ictimaiyyətlə yanaşı səfirlik və media nümayəndələri, mədəniyyət işçiləri də iştirak ediblər.

SİZƏ MARAQLI OLA BİLƏR