Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Tahir Taisoğlu şeirlərində fəlsəfi məqamlar - Mərziyyə Nəcəfova

26-11-2024 [ 12:49 ] [ oxunub:18 ]
printerA+ | A-

Azərbaycanda və xarici ölkələrdə nəşr olunmuş bir neçə şeirlər kitabının, habelə elmi-nəzəri, publisistik əsərlərin müəllifi Tahir Taisoğlu şeirləri ən çox fəlsəfi məqamlarının genişliyi ilə diqqət çəkir. Şeirlərində poeziyanın ictimai-siyasəti və fəlsəfəsi, fəlsəfənin isə poetik çalarları daha çox yer alır. Həyati mövzulara daha çox yer ayıran şair kiçik həcmdə yazdığı şeirlərində çox təsirli məqamları xatırladır. Üçbucaq şəklində keçən həyat sırası və bu üçbucağın bir bucağı ömür, bir bucağı ölüm, bir bucağı isə həyat həqiqətləridir. Şairin həyat fəlsəfəsi son dərəcə maraqlı və təsirlidir:

 

Üçbucaqşəkilli

uçur durnalar.

Həyat sırası kimi

keçir durnalar.

Bir bucağı ömürdü,

Bir bucağı ölümdü.

O birisi nədir bəs?

 

Əslində şeirin sonuna doğru həyat həqiqətləri aydınlıq tapır. Bu həqiqətlər müxtəlif ola bilsə də, amma şairin daxili dünyasında hər şey üçbucağın sonuncu bucağından keçir. Bu üçbucağın üçüncü bucağı həyat həqiqətlərindən keçir:

 

Üçüncüdədir hər şey!

Yaxşılıq,

Pislik,

Ucalıq,

Alçaqlıq,

ələm, mey.

Görmək-götürmək,

ağlamaq,

gülmək.

Hər şey üçüncünün başındadır.

Elə ona görə də üçüncülər

Qoca dünyanın yaşındadır.

 

"Üçüncülər"

 

"Həqiqətin üzü" şeirində də həyat mövzusu çox incə detallarla əks edilir. Həqiqətin üzünü poetikləşdirən şair haça olan varlıqları yada salır. Biri qaranquşun quyruğu biri isə ilanın dilidir. Ayrı-ayrı missiyanı yerinə yetirən bu haçaquyruq və haça dilin gördüyü işi şair özünəməxsus tərzdə təqdim edir:

 

Haçadır qaranquşun quyruğunun ucu,

Bəlkə ona görə də uçur!

Arada-bərədə fırlanır.

İlanın isə dili haçadır.

Dilinin haçalığıyla duyur təhlükəni,

Eşidir səsi,

hiss edir yad nəfəsi.

Bu haçalanmaq onların işidir.

 

Bu haçalanmaq yalnız quşlara, heyvanlara aid edilmir. Dünyanın haçalanmağı daha təhlükəlidir. Əslində hədəfdə dünya deyil, insanların haçalanmağıdır. İlk görünüşdə quşun, ilanın haçalanan görüntüləri diqqətə çatdırılsa da, sonradan dünya çərçivəsində haçalanmaq daha ciddi və fəlsəfi məqamları aşılayır. İlk növbədə, dünyanın iki tərəfə haçalanmağı var, həyat və ölüm. Bu həyatı, ölümü doğru yaşayan insan nə qədər haçalanır:

 

Dünyanın da haçalanmağı, bölümü var -

Həyatı, ölümü var!

İnsanların da ikiləşməyi,

haçalanmağı olur.

Yoxsa, yaşaya bilməzlər onlar.

 

Bu dünyaya uyğunlaşmağa çalışan "insanın alan və verən əlləri kimi əməlləri də haçalanır". Bu fəlsəfi fikir oxucunu düşündürdüyü kimi də təsirləndirir. Əslində hər misrada çətin və ağrılı məqamlara rast gəlirik. Nə yazıq ki, bu ağrılı və acı həqiqətlər heç bir qüvvə tərəfindən aradan qaldırıla bilmir. İnsanın əməlləri ilə haçalanmağı gah yaxşılığa, gah pisliyə doğru yönəlməsi eyni zamanda onun özündən asılı olmayan səbəblərdən də olması daha ağır sınaqdır.Və bu sınaq dünya ilə insan arasındakı keşməkeşli yolların başlanğıcıdır:

 

Sevincin, kədərin

Qaranın, ağın,

Əyrinin, çağın

Arasındadır insan.

Yollarının ağında,

Qarasındadır insan!

 

Ömür yolunu haçalaya-haçalaya gedən insanın bu yollardan öyrəndiyi çox həqiqətlər var. Haçalanan bu ömür yolu sonunda çox həqiqətləri üzə çıxarır. Çox təəssüf ki, bu həqiqətlər içərisində güvənsizlik duyğusu da iz buraxır, şairi ən çox təsirləndirən məqamlardan ən başlıcası da elə son misralardakı həyatdan, dünyadan və əsas da insanlardan gələn güvənsizlik duyğusudur:

 

Gedir,

Gedir!

Ömrünü hecalaya-hecalaya,

Yollarını bölə-bölə,

haçalaya-haçalaya.

 

Həyatdan incik düşən, insanlardan ikiüzlülük görən şair bu haçalanmış yollarda yorğun və bir az da kədərlidir. Haçalanan dünya neçə yerə ayrılıb. Amma möhkəm inanır ki, qarşıda işıqlı sabah var, arxada dolu dünən. Ən əsası da, bu uzun yolda şair güvənə biləcək nəyisə tapa bilmir:

 

Dünya da haçalanır -

Gecəsinə, səhərinə.

Həyat da ikiüzlüdür -

Sevincinə, kədərinə.

Ona görə bilmirəm

İndi kimə güvənim?!

 

"Həqiqətin üzü"

 

Şairin şeirlərində içini göynədən. cavab tapılmayan, ağrı dolu suallar çoxdur. Şair bütün şeirlədində bu suallara cavab axtarır. Bəzi məqamlarda suallar açılsa da, bəzən bu suallara cavab tapılmır. Bəzi hallarda o qədər düşündürücü suallar çıxır ki, oxucunun qarşısına... hər zaman qulaqlarına gələn addım səsləri və şairin "ayaq səslərindən adamların kimliyini ayıra bilməməsi... və bəs bu səsləri neyləyim? Hara yığım bu addım səslərini?" Şairin özü ilə səssiz həmsöhbət olması, özünə verdiyi suallar başdan-başa fəlsəfi, qeyri-adi suallardır. "Heç biri ayağına olmayan yad ayaqqabıdır". Şairin fəlsəfi dünyası o qədər zəngindir ki, orada bu ideyalar çoxaldıqca şeirin misraları rənglənir, düşündürür və oxucusunu fəlsəfi fikrin sularına qərq edir. Şeirdə güclü bənzətmələr şeirin təsir gücünü artırır:

 

Bir ovuc nar dənəsi kimidir -

Hərəsi bir yana diyirlənir.

Gəlir addım səsləri, gəlir, gəlir...

Yazı makinasının xarab etdiyi

Yarımçıq vərəqlər kimidir -

Bir-bir səpələnir sola-sağa.

 

"Pəncərənin "əlləri"

 

Tahir Taisoğlunun önəm verdiyi mövzulardan biri də insanın cəmiyyətdəki rolu, özünəməxsus bir yer tuta bilməsi məsələsidir. Xeyirə-şərə yarıya bilmək, insanların dərdinə-sərinə yaramaq bir Azərbaycan vətəndaşı kimi onu düşündürmüş, rahatsız etmişdir. O, öz şeirlərində yararsız insanı içərisi olmayan, daxili aləmi quruyub-qurtarmış qarpıza bənzədir. Və bu bənzətmələrdə də fəlsəfi çalarlar diqqət çəkir. Bu baxımdan, "Ola-ola yox olan adam" adlandırması da fəlsəfi məqamlara köklənir. Müəllif ola-ola olmayan adamı, lazımsız adamı belə təqdim edir:

 

Öz içini yeyə-yeyə yaşadı,

Öz qanını içə-içə yaşadı,

Qarıdı...

Bir gün gördü

həyat keçib qatar kimi.

Qarşıdakı "Dayan!" deyən barıdı...

 

Şair yararsız o adamı çəpər dibində öz-özünə bitən, heç kəsin xeyrinə, işinə yarımayan, hətta bağbanın belə yerini bilmədiyi, lazımsız bir qarpız kimi təsvir etməsi çox məqamları poetikləşdirir, fəlsəfi münasibət isə şeirin təsir gücünü bir daha artırır. İnsan unudulunca dərilməmiş, gözdən uzaq bir qarpız kimi öz tağından (cəmiyyətdən!) ayrılır, pərən-pərən düşür, tənhalığından, qüssəsindən qarpız kimi özü-özünü yeyib bitirir. Lazımsız insan da yalnız üzdən, görünüşdən insana bənzəsə də, iç boş və lazımsız bir qeyri varlıq olur:

 

Handan-hana tapdılar

O didərgin qarpızı.

Gördülər, çoxdan ayrılıb, qırılıb öz tağından.

Gördülər, çoxdan yeyib qurtarıb özünü -

tənhalığından, acığından!

Kəsdilər, böldülər -

cərrah illər xəstəsini yaran kimi.

Gördülər, bomboşdu.

Gördülər, çoxdan yeyib qurtarıb özünü,

Təkcə saxlamışdı bir sifətini, üzünü.

Tumları göyərib qalmışdı içində!

 

Lazımsız, yararsız bir insanı bundan təbii və səmimi heç bir bənzətmə, təsvirlə ifadə etmək olmaz. Müəllif üzərinə düşən vəzifəni həm bir şair kimi, həm də dünyagörmüş ağsaqqal kimi çox mükəmməl şəkildə əks etdirə bilmişdir. İnsanın cəmiyyətdəki yeri və rolu bu şeirdə bir örnək rolunu oynayır və oxucusuna çox həqiqətləri bəyan edir. Bəs belə insanın sonu, taleyi necə olacaq? - deyə şair cavabı da özü şeirin sonunda açıqlayır:

Uzaqlarda tək-tənha qarpız kimi

Yaşadı o adam,

Xəlvət çəpər dibində.

Bir gün gəlib tapdılar

Birotaqlı tənha mənzilində

Gördülər yoxdu.

Bircə məktubu "diri" qalmışdı cibində.

Yeyib qurtarmışdı özünü

Günlərin bir günündə...

 

"Ola-ola yox olan adam"

 

Tahir Taisoğlunun yaradıcılığı ilə tanış olduqda aydın olur ki, o təkcə həyat hadisələrini söyləməklə, müəyyən ideya ifadə etməklə məhdudlaşmır, elə sözlər, elə ifadələr yaradır ki, oxucuya estetik zövq verir.

 

Dağların dibində üzülmüşdü qar,

Qıpqırmızı güllər qarı biçirdi.

 

Onun misralarını oxuduqca insanda elə təəssürat yaranır ki, sehrli bir aləmə düşmüsən, ətrafında kəpənəklər kimi sözlər uçuşur, bu sözlər bəzən al-əlvan kəpənəyə, bəzən nazlana-nazlana yerə enən qar dənəciklərinə bənzəyir. Şairin misraları gah insanı həyəcanlandırır, cuşa gətirir, gah da buz kimi soyudur - üşüdür.

Müəllifin yaradıcılığını izlədikcə aydın olur ki, o poetik istedadını sərbəst şeir formasında ifadə etmişdir. Böyük şairimiz Rəsul Rza ədəbi üslubu kimi tanınan bu üslub Tahir Taisoğlu yaradıcılığında mühüm rol oynamışdır. Müəllif ictimai-siyasi ruhlu şeirlərinin böyük əksəriyyətini məhz sərbəst şeir formasında yazmışdır. Ümumiyyətlə, "Yol ağardıram" şeirlər kitabında yer alan 1968-2001-ci illərdə yazılmış şeirlərdə siyasi, fəlsəfi lirika üstün mövqedədir.

Tahir Taisoğlu lirik yaradıcılığında, istər keçmiş sovet cəmiyyətində, istərsə də yeni cəmiyyətdə baş verən hadisələrə cavab verməyə çalışır. İctimai-siyasi proseslərdə baş verən dəyişikliklərin insanlara təsirini poetik çalarlarla işıqlandırıb. Bu baxımdan, onun 1972-ci ildə yazdığı "Türkmən dostuma" şeiri diqqəti cəlb edir. Sovet ideologiyasının qardaşı qardaşdan ayırdığı bir dövrdə şair türkmən dostunun Azərbaycan türkünə bənzədiyini yazır. Sanki bununla hər kəsə xatırlatmaq istəyir ki, türkmənlər bizim qan qardaşımızdır, böyük Turanın bir parçasıdır. Şair bu şeirdə zorla bir imperiyaya tabe etdirilmiş türklərin qardaş olduğunu etiraf etməklə məhdudlaşmamış, "Bataqlıqlar tənhalıq qoxuyur" ifadəsi ilə imperiyanı bataqlığa bənzətmişdir.

Tahir Taisoğlu "Qızıl Sarmaşıq" (1981) şeirində də Qırmızı ordunu bitkiləri məhv edən alaq otuna - sarmaşıq bitkisinə bənzədir. Diqqətli oxucu onun misraları arasında Sovet imperiyasına olan nifrətini asanlıqla duyur.

Şairin qırmızı imperiyaya nifrəti səbəbsiz deyildi. O hiss edirdi ki, çox keçməyəcək, həmin Qırmızı ordu 20 Yanvar faciəsini törədəcək, vətənin yüzlərlə övladını şəhid edəcək, anaları gözüyaşlı qoyacaqdır və o "Şəhidlər Xiyabanı"nı yazacaqdır.

 

Kədər alıb aparır bütün Azərbaycanı...

Bu gün əbədiyyətə qovuşduqları zamanın

40-cı günüdür onların.

 

Mənfur qonşumuzun Azərbaycan torpaqlarına göz dikməsi, minlərlə soydaşımızı ev-eşiyindən didərgin salması, qaçqın düşərgələri, vaqon evlərdə yaşamağa məhkum edilən günahsız insanların acı taleyi də Tahir Taisoğlunun poetik düşüncəsindən kənarda qalmamışdır. Bu mənada, onun "Vaqon evlər"də şeiri maraqlıdır:

 

"Vaqon evlər"də yaşayırlar

qaçqınlar

Yayın istisində,

Qışın ortasında

"Vaqon evlər"də.

 

Müəllif ikiüzlülüyə, tamahkarlığa, saxtakarlığa sərt münasibət bəsləyir. "Yuxarıda olanda" şeiri bu mənada, hədəfin konkretliyi ilə seçilir. Bu şeirdə yüksək dövlət vəzifəsində çalışdığı zaman sadə insanlara xor baxan, xalqı saymayan, vəzifə kürsüsündə gözü ayağının altını görməyən bir obraz təsvir olunur.

Şairin qəhrəmanı zamanında yuxarı vəzifədə idi. O zaman bu tip heç kimi saymırdı. Telefonlara katibəsi cavab verirdi. Xidməti maşınlar, cangüdənləri ətrafını sarmış, onu xalqdan uzaq tutmuşdu. Az keçmir ki, şair onunla aşağıda - metroda ayaq üstə görüşür. Kiçik bir poetik parçada şair, maraqlı bir təzad yaradır. Yuxarı vəzifədə olduqda insanları saymayan bu Tip indi aşağıda metrodadır və ayaq üstündədir. Bir növ, o, əkdiyini biçir:

 

Yuxarıda olanda

Kiməsə yaxşılıq etmişdinmi,

Aşağıya düşəndə sənə

Oturmağa yer göstərsinlər?

 

Ümumiyyətlə, Tahir Taisoğlunun poeziyasında insan və onun taleyi, sosial dəyərlərin müdafiəsi mövzusu daha qabarıqdır.

Tahir Taisoğlunun məhəbbət mövzulu şeirlərində işlənən surətlərin əsas xüsusiyyəti təmizlik və daxili-mənəvi saflıqdır. Onun yaratdığı bədii obrazların ən böyük idealı təmiz sevgi və həqiqi məhəbbətdir, bu poetik qəhrəmanlar mənəvi keyfiyyətlərinə görə vəfalı, sədaqətli, doğrucul, həqiqətpərəstdir.

 

Səni gözlədiyim gecələr

Uzundurmu,

deyim?!

Həsrətinin ümmanlarında

Yosundurmu,

deyim?!

...Həmin gecələrin qara, meşin yağışlıq kimi

Dəngil-düngül xışıltısında

Yuvalanır misralarım -

Uzaqlarda qaralır gözlərim,

O gecələr həsrətini hecalayır!

 

T.Taisoğlu poeziyasının ən üstün cəhəti zəngin, çoxəsrlik Azərbaycan poeziyasına dərin köklərlə bağlı olmasındadır. Şairin məhəbbət mövzusunda yazdığı şeirlər həm də ona görə diqqəti cəlb edir ki, bu şeirlərdə zəngin metaforik ifadələr vardır. Müəllif Azərbaycan dilinin zənginliyindən məharətlə istifadə edərək, "Sən onu sevmişdin" şeirinin hər misrasında bir metafora yaratmışdır.

 

Gecələr yatacaq qəlbin yarası,

Səhərlər təzədən oyanacaqdır.

Qara gecələrin bir cüt parası

Gözünün içində islanacaqdır.

 

Şair birinci misrada qəlb yarasının gecələr yatacağını - sakitləşəcəyini, ağrı-acının azalacağını söyləməklə orijinal metafora yaratmış, ikinci misrada isə ağrı-acının oyanması metaforik deyim olmaqla yanaşı, birinci misra ilə bədii təzad təşkil etmişdir. Üçüncü misrada "qara gecələr" ifadəsi bədii təyin kimi uğurlu tapıntıdır. Oxucu gecənin qaranlıq olmasını bilir, lakin şairə görə gecə həm də ona görə qaradır ki, o öz sevdiyindən ayrı düşmüşdür. Burada qaranlıq məcazlaşır, öz həqiqi anlamından uzaqlaşmaqla şeirin təsir gücünü artırır. Oxucunu ovsunlayır.

Üçüncü misrada "gecələrin parası" mübtədası dördüncü misradakı "gözünün içində islanacaqdır" metoforası ilə tamamlanır.

Şairin poeziyası təkcə məzmun baxımından deyil, həm də bədii sənətkarlıq baxımından doyumlu, duyumlu, oxucu qəlbini fəth edə biləcək bir poeziyadır. Onun poeziyası qəmli könülləri sevindirən, insanı düşündürən, həyata baxışlarını dəyişdirə bilən nikbin bir poeziyadır.

Ümidvarıq ki, T.Taisoğlu poeziyası susuz səhralara can verən, dupduru, göz yaşı kimi şəffaf, sərin şəfalı bir bulaq kimi qaynayıb daşacaq, gələcəkdə də poeziyasevərlərin, şeir-sənət aşiqlərinin könlünü oxşayacaqdır.

SİZƏ MARAQLI OLA BİLƏR