Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Məhəmməd Füzulinin "Su qəsidəsi"nin iki beytinin şərhi - Siracəddin Hacı

25-11-2024 [ 11:11 ] [ oxunub:171 ]
printerA+ | A-

Bu məqalə Məhəmməd Füzuli irsini doğru oxumağın, qavramağın, öyrənməyin, təhlil və təbliğ etməyin bir yolu, üsulu, örnəyidir.

1. Qəsidə janrının özəllikləri

"Qəsidə" sözü ərəbcədir, "qasada" kökündəndir, "bir şeyə niyyət etmək", "yaxınlaşmaq", "qəsd", "niyyət", "istəmək" mənalarını daşıyır, qəsidə yazan şairin məqsədi bir şəxsiyyəti öymək, qarşılığında yardım istəməkdir - bu, çox zaman belədir, təbii ki, istisnalar da var.

Qəsidə bir ədəbi janr olaraq ərəb ədəbiyyatında ortaya çıxmış, sonra fars, oradan da türk ədəbiyyatına keçmişdir, tutumu qəzəldən böyükdür, doqquz beytlik qəsidə də, yüz beytlik qəsidə də yazılmışdır, üslubu təntənəlidir, qəzəl kimi qafiyələnir (aa, ba, ca..., qəsidənin növlərinin qafiyələnməsi isə məsnəvi biçiminə uyğundur: aa, bb, cc, dd...).

Qəsidənin ilk (mukaffa) beytinə mətlə (başlanğıc), son beytinə məqtə deyilir, məzmunca, formaca ən gözəl beyt şah beyt ("beytül-qasid") adlanır, şairin təxəllüsü çox zaman qəsidənin sonunda olur, bu, tac beytdir.

Bir qəsidə, əsasən, dörd bölməyə ayrılır:

a) Nəsib/təşbib - giriş, şair bu bölmədə sevgidən, sevgilinin gözəlliyindən danışır, ilin fəsillərini, bağın gözəlliyini, bayramın sevincini təsvir edir (nəsib), başqa mövzulara da yer verir (təşbib);

b) Mədhiyyə - qəsidənin nəsib / təşbib bölməsi bitir, bir keçid beyti yazılır (girizgah / qaçış yeri), sonra mədhiyyəyə yer verilir, şair qəsidəsini təqdim edəcəyi insanın igidliyini, cəsarətini, ədalətini, səxavətini, mərhəmətini mübaliğəli biçimdə tərifləyir;

c) Fəxriyyə - şair bu bölmədə şeirini, sənətini öyür, dəyərinin bilinmədiyini deyir;

d) Dua - şair bu son hissədə qəsidə yazdığı insana uzun, xeyirli, bərəkətli ömür verməsi, sərvətini artırması, dövlətini gücləndirməsi üçün Allaha dua edir, halını, ehtiyacını dilə gətirir, yardım istəyir;

Qəsidə əruz vəznində yazılır, giriş bölməsindəki mövzuya görə adlandırılır, məsələn, bahariyyə, şitaiyyə (qışın təsviri), bayramiyyə ... Qəsidələrə rədiflərinə görə də ad verilir - "Su qəsidəsi", "Sünbül qəsidəsi", "Sözüm qəsidəsi", "Gül qəsidəsi", qəsidənin rədifi olmasa, qafiyələrin son hərfi ad kimi seçilir - raiyyə, mimiyyə, vaviyyə, şiniyyə... Qəzəldən istifadə olunmuş qəsidələr də var, elə qəsidələr də yazılmışdır ki, giriş (nəsib, təşbib) bölməsi yoxdur.

Qəsidənin mövzularına görə bu növləri var:

- tövhid - Allahın varlıq və birliyini tanıdır;

- münacat - şair Allaha yalvarır, günahlarının bağışlanması, əsəri yazması üçün yardım istəyir;

- nət - şair Allah Rəsuluna, dörd xəlifəyə sevgisini bildirir;

- mədhiyyə - padşah/soltan, dövlət böyükləri, önəmli şəxsiyyətlər öyülür;

- cülusiyyə - şair padşahın taxta çıxmasını qutlayır;

- həcviyyə - şair bir şəxsi tənqid edir;

- az olsa da, başqa mövzularda yazılmış qəsidələr də var;

Şairin divanındakı şeirlər sıralanarkən qəsidələr ilk sıraya yerləşdirilir: tövhid, münacat, nət, mədhiyyə... Qəsidələrin başlığına təriflənən şəxsin adı, ünvanı yazılır - "Qəside dər nəti - həzrəti - fəxri - kainat".

 

2. Ərəb ədəbiyyatında qəsidə

 

Qəsidə ərəb ədəbiyyatında ortaya çıxmış bir şeir biçimidir. Deyə bilərik ki, cahiliyyə dövrü ərəb ədəbiyyatının ən önəmli janrı qəsidədir. Şairlər qəsidələr yazır, ildə bir neçə dəfə "Ukaz" adlanan yerdə toplanır, şeir/qəsidə yarışmaları keçirir, seçilən qəsidələri qızıl suyu ilə yazıb Məkkənin qapısına / Kəbənin qapısına, divarına asır, bu yolla qalibləri xalqa elan edir, onları mükafatlandırırdılar.

Bu qəsidələrin mövzusu qəbilə həyatı, sevgi, ayrılıq, igidlik, kədərdir, sonrakı dönəmlərdə saray həyatı, böyük adamların tərifi qəsidənin mövzuları sırasına yerləşdi.

Ərəb ədəbiyyatının ən tanınmış qəsidə ustaları bunlardır: İmrü-ül-Qays, Tərəfə, Kəb ibn Zuheyr, Ləbid, Amr bin Gülsüm, Antərə, Həssan ibn Sabit, Haris bin Hilliza, Əbu Nuvas, Əbu Təmmam, Buhturi, Mütənəbbi...

Kəb ibn Zuheyr "əl-Burdə" qəsidəsini Allah Rəsuluna həsr etmiş, Elçi bu şeiri çox bəyənmiş, əbasını ("burdə")  şairə bağışlamışdır. Kəb ibn Zuheyrdən altı yüz il sonra yaşamış Şərafəddin əl-Busrinin "əl-Burdə" qəsidəsi isə Allah Rəsuluna yazılmış bütün şeirləri kölgədə qoymuşdur, bu qəsidənin  "Şəfa" adı da var - rəvayət edilir ki, bir tərəfi iflic olmuş əl-Busri bu qəsidəni yazdıqdan sonra şəfa tapmışdır. Onun şeirinə saysız-hesabsız nəzirə, şərh, təştir, təxmis, təsdis, təsbi, təsmi, təşir yazılmışdır. Bu qəsidənin çoxsaylı əlyazma nüsxəsindən bir neçəsi qızıl suyu ilə nəqş olunmuş, insanlar bu əsəri şəfa niyyəti ilə üzərilərində gəzdirmişlər.

Əl-Busrinin "əl-Burdə" qəsidəsi on bölmə, yüz altmış beytdir, latın, italyan, ispan, fransız, alman, ingilis, hind, türk, fars dilinə tərcümə olunmuş, Azərbaycan alimi Aynur Hüseynova qəsidəni dissertasiya mövzusu seçmişdir.

 

3. Fars ədəbiyyatında qəsidə

 

Fars şairləri Sasanilər dövründə qəsidə yazmağa başlayırlar. Bu dönəmin ən böyük şairi Rudəkidir, onun "Mədari-mey" qəsidəsi məşhurdur. Sonrakı dönəmlərdə Fərruxi, Əsədi, Unsiri, Fəryabi, Vatvat, Kamal İsfahani, Sədi Şirazi, Hafiz Şirazi... kimi şairlər qəsidə örnəkləri ilə fars ədəbiyyatını zənginləşdirmişlər.

 

4. Türk ədəbiyyatında qəsidə

 

XI-XII yüzilliyin ən böyük qəsidə şairi Xaqani Şirvanidir, Nizami Gəncəvi də gözəl qəsidələr yazmışdır.

XIII yüzillikdə yaşamış Mövlananın "Divani-Kəbir"ində üç yüz qəsidə var, onların çoxu tövhid və münacatdır.

XIV-XV yüzillikdə qəsidə yazan şairlər sırasında Aşıq Paşanın adını çəkə bilərik, onun türkcə yazdığı "Qəribnamə"sində nətlər var, Əhmədinin, Germiyalı Şeyxinin - o, türkcə qəsidə yazmaq ənənəsinin qurucularından sayılır - qəsidələri seçilir, şairin Cem Sultanın qardaşı ikinci Sultan Bəyazidə yazdığı "Kərəm" adlı qəsidəsi məşhurdur, Əhməd Paşa qəzəl, qəsidə ustasıdır, Necati Bəyin iyirmi altı qəsidəsi var.

XVI yüzil türk ədəbiyyatının qəsidə ustaları bunlardır: Baqi, Xəyali Bəy, Nevi, Ruhi, Məhəmməd Füzuli. Füzulinin divanında otuz yeddi qəsidə var, onlardan səkkizi tövhid, nət, iyirmi doqquzu mədhiyyədir.

XVII yüzil türk ədəbiyyatının ən böyük qəsidə şairi Nəfidir, Saib Təbrizinin, Şərif Səbrinin, Nailinin, Nəbinin də gözəl qəsidələri var.

XVIII yüzil türk ədəbiyyatında qəsidə janrını Yəhya Nazim təmsil edir - o ən çox nət yazan şairdir, Nədim, Şeyx Qalib kimi böyük şairlər də qəsidə janrının ustaları sırasında yer tuturlar.

XIX yüzillikdə qəsidə janrı mövqeyini itirir, az yazılır, daha çox dini mövzuları əhatə edir, Avropa mədəniyyətinin türk ədəbiyyatına təsiri artır, yeni janrlar ortaya çıxır...

 

5. Nətin özəllikləri

 

Nət qəsidənin bir növüdür. "Nət" sözü bir şeyi/şəxsi tərifləmək mənasını daşıyır, Allah Rəsulunu tanıdan, təbliğ edən, sevdirən, ona sayğı bildirən, öyən şeirin adı nətdir, ancaq nət başqa şəxsiyyətlərə də yazılmışdır.

Demək olar ki, nət yazmayan divan şairi yoxdur, divan tərtibində tövhid, münacatdan sonra nət gəlir - elə divanlar da var ki, nətlə başlayır. Nət daha çox nəzmlə yazılır, ancaq nəsrlə yazılmış nətlər də var.

Nətlər fərqli janrlarda yazılır, tutumu, adətən böyük olur, Qurani-Kərim ayələrinə, hədislərə, Allah Rəsulunun möcüzələrinə yer verilir, mübaliğələrdən, çarpıcı məcazlardan istifadə olunur, səlat, salam, dua ilə bitir... (Qəsidə janrının özəllikləri bu qaynaqlar əsasında yazılmışdır: İpekten Haluk, Eski türk edebiyyatı nazım şekilleri, Ankara, 1985; İz Mahir, Eski türk edebiyyatında nazım, I cild, İstanbul, 1967; Levend Agah Sırrı, Divan edebiyyatı, kelimeler ve remizler, mazmunlar ve mefhumlar, İstanbul, 1984; Onan Necmettin Halil, İzahlı divan şiiri antolojisi, İstanbul, 1989; Soysal Orhan, Edebi sanatlar ve tanınması, İstanbul, 1987; Şahiner Necmeddin, Edebi sanatlar, İstanbul, 1975; Adem Çalışkan, Füzulinin su kasidesi ve şerhi, Ankara, 1999; TDV İslam Ansiklopedisi, Kaside maddesi, https://islamansiklopedisi.org.tr/kaside; Vəcihə Feyzullayeva, Füzulinin qəsidələri, Bakı, 1985; Aynur Hüseynova, Ərəb poeziyasında mədhiyyə janrı və əl-Busrinin yaradıcılığı (avtoreferat), Bakı, 2008);

 

6. Məhəmməd Füzulinin "Su qəsidəsi"

 

Məhəmməd Füzulinin "Su qəsidəsi" bir şah əsərdir, türkcə yazılmış ən gözəl nətdir, şairin islami dəyərlərə bağlılığını, Allah Rəsuluna sevgisini, düşüncəsinin ana qaynağını, imanının, sənətinin gücünü göstərir.

"Su qəsidəsi" kimi tanınan nətin əsl adı belədir: "Qəside-i - dər nəti - həzrəti Nəbəvi" ("Həzrət Nəbinin tərifi ilə bağlı qəsidə").

Məhəmməd Füzulinin "Su qəsidəsi" otuz iki beytdir, əruz vəznində yazılmışdır (failatün, failatün, failatün, failün), ilk beş beyt nəsib/təşbib, 6-16-cı beytlər keçid, 17-29-cu beytlər mədhiyyə, 30-cu beyt tac, 31-32-ci beytlər dua bölməsidir.

Şair qəsidəsinə "su" sözünü rədif seçmiş, "Allah Rəsulu insanlığın ehtiyacıdır, aləmlərə rəhmətdir" mesajı vermişdir, belə ki, su maddi ehtiyacdır, həyat qaynağıdır, xeyir, bərəkət, rəhmətdir, səsi ruha şəfadır, varlıqlara, torpağa, torpaqda bitən hər şeyə can verir, dirildir. Füzuli deyir ki, su maddi dirilik qaynağıdır, insanın bir də ruhu - mənəvi dirilik qaynağına, rəhmətə, mərhəmətə, sevgiyə, hidayətə - doğru yola ehtiyacı var. Allah Rəsulu insanlığın bu mənəvi - ruhi ehtiyacını ödəyən nemətdir, Allah Onu ən gözəl örnək seçmişdir, əxlaqı, tövhid, mərhəmət, ədalət uğrunda mücadiləsi insanlığa yol göstərir.

Qəsidənin "su" rədifi deyir ki, Hz.Məhəmmədin aləmlərə rəhmət üçün göndərilməsi insanlığa mənəvi su olması, ölmüş, çürümüş, şirkə bulaşmış, kölələşmiş, fitrəti pozulmuş ağıla, qəlbə, vicdana, iradəyə tövhidlə, mərhəmətlə, ədalətlə, gözəl əxlaqla şəfa, can, dirilik verməsidir. "Su" rədifi deyir ki, maddi su olmasa, varlıqlar, insan, mənəvi su - Allah Rəsulu, Onun gətirdiyi dəyərlər olmasa, insanlıq ölər.

 

7. "Su qəsidəsi"nin birinci beytinin şərhi:

 

Saçma, ey göz, əşkdən könlümdəki odlarə su,

Kim bu dənlü tutuşan odlarə qılmaz çarə su.

(Ey göz(üm), könlümdəki atəşlərə göz yaşından (yaşımdan) su saçma. Belə ki, bu dərəcədə tutuşan atəşlərə/odlara su çarə qılmaz)

- Allah Rəsulunun sevgisi/həsrəti ilə könlü yanan, acılarla qıvrılan bir Füzuli var, o bu sevginin böyüklüyünü göstərmək üçün beytin məna yükünü imkansızlıq anlayışına yükləyir.

- Şair könlündəki atəşi söndürməyə çalışan gözünə "saçma" deyir, məhz əmr feili seçir, bu feil təkid, israr bildirir, imkansızlığı, Füzulinin halından məmnunluğunu göstərir, yəni boşuna çalışırsan, əməyin əsla nəticə verməyəcək, ey göz! Əmr feili bu bağlamda bir də çoxluq mənası daşıyır, çoxaldır, belə ki, saçmaq çoxlu su səpmək - göz yaşı axıtmaqdır, şair göz yaşına deyir ki, nə qədər göz yaşı axıtsan da, göz yaşın sel olsa da, xeyiri yoxdur.

- Füzuli gözünə müraciət edir, "ey göz" deyir, "gözüm" biçimini seçmir, mənsubluqdan imtina edir, gözü rəqibə çevirir, Allah Rəsulunun sevgisi ilə yanan könlümün odunu niyə söndürməyə çalışırsan ki! "Ey" çağırış nidası şairin təkidini gücləndirir, ey göz, göz yaşı saçma, imkansız/boş işlə məşğul olma!

- Şair "əşk" sözünə yer verir, "əşk" göz yaşıdır, divan ədəbiyyatının ən önəmli obrazlarından biridir, aşiqlər göz yaşının çoxluğu ilə öyünürlər, aşiqin göz yaşı axsa, sel toplansa, dəniz olar, onun göz yaşının rəngi qırmızıdır ("gözümdən qanlu axar su"), səbəbi həsrətdən, yuxusuzluqdan qızarmış göz, sevgilinin al yanaqları, qırmızı dodaqlarıdır, ağlamaq aşiqin sərmayəsidir, o, halından razıdır, göz yaşları aşiqin sevgilinin yanındakı dəyərini artırır, "...sevgilinin gözəllik bağçası aşiqin göz yaşları ilə suvarılır, gözəlləşir, bu baxımdan göz yaşı bir bulaqdır. Aşiq göz yaşları ilə sevgilinin həyətini, yolunu, məhəlləsini sulayır ki, toz olmasın... Aşiqin göz yaşı su, ab, abi-rəvan, səbil, yağmur, boran, sel, seylab, dəniz, Nil, Dəclə, Tunca, Ceyhun, Araz, Zəmzəm, bulud, qətreyi-şəbnəm olur, rəngi qırmızıdır - ləldir, qan, gül, şərabdır, yuvarlaqlığı, şəffaflığı ilə incidir, toplananda simabdır. Göz yaşları bir yetim, dilənçi, üftadə, şaqqa, qəltandır. Aşiqin göz yaşlarının ulduz, kövkəb, nəcm, əxtər, səyyarə, ülkər olması sevgilinin günəş üzü görünəndə ulduzların batması ilə bağlıdır..." (İskender Pala, Ansiklopedik divan şiiri sözlüğü, İstanbul, 2004, s. 142).

- Füzuli bir aşiqdir, aşiqlik onun işidir, könlü Allah Rəsulunun sevgisi ilə yanır - aşiqlik yanmaqdır, göz yaşı (əşk) istəyir ki, Füzulinin qəlbinin atəşini söndürsün, onu xilas etsin, şair deyir ki, göz yaşının o sevgi atəşini söndürmək imkanı yoxdur.

- Aşiq Füzuli "odlarə" deyir, atəşi çoxaldır, bu odlar Allah Rəsuluna sevgini təmsil edir, göz yaşları insanı sakitləşdirər, təsəlli edər, psixoloji yükünü boşaldar, ancaq Füzuli bu acıdan, atəşdən, yükdən qurtulmaq istəmir, deyir ki, su maddi atəşi söndürər, mənim könlümdəki atəş mənəvidir - Allah Rəsuluna sevginin odu, atəşidir, ey göz, sənin o sevgi atəşini söndürmək imkanın yoxdur, ağlamaqla bu həsrət bitməz.

- Aşiq Füzuli beytin ikinci misrasında Allah Rəsuluna sevgisini göstərmək üçün bu vasitələri seçir: birincisi, "ki" ("kim") bağlayıcısını mətnə yerləşdirir, onun işi aydınlaşdırmaqdır, gözə bu qədər ağlamağın, şairin könlündəki odlara su saçmağın niyə faydasız olduğunu izah edir, səbəb-nəticə bağı qurur, ikincisi, "bu dənlü" (bu dərəcədə) deyir, işarə əvəzliyi ilə Allah Rəsuluna sevgisinin alovlandırdığı atəşin dərəcəsini göstərir, üçüncüsü, məhz "tutuşmaq" ("tutuşan") feilini seçir - şairin könlü söndürülməsi imkansız olan biçimdə yanır, atəş bütün qəlbini əhatə etmişdir, dördüncüsü, "od" sözünü ikinci dəfə cəmdə işlədir, atəşin çoxluğunu vurğulayır, beşincisi, "çarə qılmaz" feilinə ("qılmaz çarə" biçimində) yer verir, imkansızlığı bildirir - bu dərəcədə tutuşan odlara çarə qılmaq olmaz, ey göz, özünü öldürmə, altıncısı, göz yaşının acizliyini ifadə edir, yəni bu elə bir oddur ki, su ilə sönməz, onun dərmanı Allah Rəsuludur, yeddincisi, beytdə bədii təzad var - od və su, odu su ilə söndürərlər, ancaq Allah Rəsuluna sevginin Füzulinin könlündə tutuşdurduğu odların üzərinə su (göz yaşı) tökdükcə atəş daha da alovlanır.

Məhəmməd Füzuli "Su qəsidəsi"nin ilk beytində mənanı bu bədii vasitələrə yükləyir:

- Gözə müraciət edir, onu şəxsləndirir (təşxis), adam yerinə qoyur;

- "Ey" nidasını gözə bağlayaraq iltifat sənətindən istifadə edir, xitabın yönünü dəyişdirir - Füzulidən gözə çevirir, gözün şəxsləndirilmə imkanını artırır, imkansızlıq vurğusunu gücləndirir - göz yaşı Allah Rəsulunun sevgisi ilə yanan könlü söndürməz;

- "Ürək", "qəlb" sözlərini deyil, "könül" qəlibini seçir - könül sevən ürəkdir, aşiqlərin qəlbidir, aşiqin dərd ortağıdır, könül bir quşdur, qidası qəmdir, kədərdir, sevgilinin xəyali ilə hüzura qovuşur, onun nazı ilə özünü itirir, əsla ümidsiz olmaz, könlün səbrini sevgilinin eşqi yağmalamışdır, pərişandır, dərdlidir, heyrandır, biçarədir, şikəstədir, özünə yer tapa bilmir...

- Füzuli könlündəki acıları atəşə/oda bənzədir - divan ədəbiyyatında bu məcazın adı açıq istiarədir;

- "Bu dənlü tutuşan odlarə" deyir, təmsili istiarəyə yer verir (kəlmə qrupu ilə düzələn istiarə), imkansızlığı vurğulayır.

- Göz yaşını (əşk) odun üzərinə tökülən suya bənzədir, bu, təşbihi-bəliğdir (bənzətmə yönü, bənzətmə ədatı olmur).

- Od və su bədii təzaddır.

- "Ey" nidası türkcədir, tərsinə oxuyanda ərəbcə olur - "ya", bu, əksi - müfrəddir, sözün hərfləri sondan önə doğru oxunanda mənalı kəlmə alınır.

- Göz - əşk - su - saçmaq, od - tutuşmaq, sözlərin məna bağlılığı tənasüb sənətini ortaya çıxarır.

- Füzuli könlündəki atəşi / odu böyütdükcə böyüdür, mübaliğəyə yer verir, su atəşi söndürər, ancaq şairin könlündəki atəşi söndürməyə gücü/suyu çatmaz, belə ki, bu, sıradan bir atəş deyil, eşq acısıdır, maddi su mənəvi acını - Allah Rəsulunun sevgisi/həsrəti ilə tutuşan könlün odunu söndürməz;

 

8. İkinci beytin şərhi:

 

Abgundur günbədi - dəvvar rəngi bilməzəm,

Ya mühit olmuş gözümdən günbədi - dəvvarə su.

Beytin sözləri: ab-su, abgun - su rəngi, mavi, mavi rəngli, suya bənzər, günbəd - günbəz, qübbə, dəvvar - dövr edən, çox dönən / fırlanan, günbədi - dəvvar - daima dönən qübbə, göy üzü, günbədi - dəvvar rəngi - göy üzünün rəngi, mühit - əhatə edən çevrə, çəmbər.

- Füzuli mübaliğəyə yer verir, göz yaşını da, odları da çoxaldır, bu yolla Allah Rəsuluna sevgisinin dərəcəsini bildirir.

- Abgundur - bu sözə sual çaları yüklənmişdir, abgundurmu, su rəngindədirmi? Könlündəki odun istiliyi o qədər çoxdur ki, şair özündə, sözündə deyil, gördüyünü dəqiq seçə bilmir, tərəddüd edir, Allah Rəsuluna sevgisi halını dəyişdirmişdir.

- Günbədi - dəvvar - könlündə od qalanan (qızdırmalı insan kimi olan) şair göy üzünə baxır, qübbə/günbəz gözünə su rəngində görünür, hərəkətli göy üzü niyə su rəngindədir?

- Bilməzəm - şair nəyi bilmir? Göy üzünün niyə su rəngində olduğunun səbəbini...

- Ya - bölüşdürmə bağlayıcısına yer verir, qərarsızdır, dəqiq bilmir, ona görə də hərəkətdə olan göy üzünün su rəngində olmasını iki səbəbə bağlayır.

- Ya mühit olmuş - əhatə etmişdir, göz(üm) könlümdəki odları söndürmək üçün o qədər göz yaşı tökmüşdür ki, hərəkətdə olan göy qübbəsi bir dəniz, bir okean olmuş, göz yaşlarım səmanı əhatə etmişdir.

- Ya da hərəkətli göy üzünün su rəngində olması təbiidir, öz boyasıdır, gözlərim yaşlı olduğu üçün göy üzünə baxanda qübbəni göz yaşımın rəngində görürəm.

- Birinci beytlə ikinci beyt arasında bağ quraq: Füzuli gözə müraciət etdi, dedi ki, göz yaşınla könlümdəki odları söndürmək imkanın yoxdur, bu göz yaşları dəniz/okean olsa, göy üzünü tutsa belə, yenə Allah Rəsuluna sevginin könlündə tutuşdurduğu odları söndürməsi mümkün olmayacaq.

Məhəmməd Füzuli "Su qəsidəsi"nin ikinci beytinin məna yükünü bu bədii vasitələrə yükləmişdir:

- Bədii suala yer vermişdir (nəzərdə tutulan bədii sual) - abgundurmu, günbədi-dəvvarədirmi? Buna divan ədəbiyyatında istifham deyilir, məqsəd sözün təsir gücünü artırmaq, diqqəti çəkməkdir.

- Dönən/hərəkətdə olan qübbənin rəngi su rəngindədirmi? Şair "bilmirəm" deyir, göy üzünün maviliyini dayaq nöqtəsi seçir, göz yaşlarının göy üzünü əhatə edəcək qədər çox olduğunu, çox ağladığını göstərmək imkanı qazanmaq üçün bildiyi şeyə "bilmirəm" deyir (hər kəs, o sıradan Füzuli göy üzünün mavi rəngdə olduğunu bilir) - bu, özünü bilməzliyə vurma, bildiyi şeyə bilmirəm demə sənətidir - təcahül - arif.

- Füzuli göy üzünün su rəngində - mavi olduğunu bilir, ancaq bunu başqa, daha gözəl bir səbəbə bağlayır: göz yaşları göy üzünü əhatə etmiş/tutmuş, nəticədə, səma mavi rəngə boyanmışdır - hüsni-təlil (gözəl səbəb/daha gözəl səbəb).

- Şair "bilmirəm/cavabımın yüzdə yüz doğru olduğunu iddia etmirəm" deyir, göy üzünün niyə mavi rəngdə olduğu ilə bağlı açıqladığı səbəbi şübhəli hala gətirir (şübhəli gözəl səbəb), nəticədə, Allah Rəsulunun sevgisinin könlündəki dərəcəsini artırmaq imkanı qazanır - bu sevgi məni məst etmişdir, özümdə, sözümdə deyiləm, dəqiq qərar verə bilmirəm.

- Füzuli çox ağladığını, göz yaşlarının göy üzünü tutduğunu söyləyir - mübaliğənin yüksək dərəcəsinə (ğuluvv) yer verir.

- Şair birinci misradakı "günbədi-dəvvar" birləşməsini ikinci misranın sonunda da işlədir - daima hərəkətdə olan göy üzü / qübbə / günbəz ifadəsinin təkrarının - məkan böyüklüyünün işi çoxaltmaqdır: Füzulinin Allah Rəsuluna sevgisini, könlündəki odun/atəşin dərəcəsini, göz yaşlarını çoxaldır, imkansızlığı göstərir - bu göz yaşları dəniz/okean olsa, göy üzünü tutsa belə, şairin qəlbindəki odları söndürmək imkanı yoxdur.

- Məhəmməd Füzuli beytdə göz - ab/su - mühit olmaq/əhatə etmək, göz - günbəz-dəvvar/fırlanan/dönən sıralaması ilə sözlər arasındakı məna bağı qurmuş, tənasüb yaratmışdır - tənasüb tarazlığı, təslimiyyəti ifadə edir, könlü Allah Rəsulunun sevgisi ilə odlara tutuşan şair halından razıdır: hüzur, şükür, halı ilə barış içindədir...

SİZƏ MARAQLI OLA BİLƏR