Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Birrəng dünyadan qurtuluş - Aynur Xəlilova

29-10-2024 [ 10:59 ] [ oxunub:319 ]
printerA+ | A-

Zahid Sarıtorpağın “Dərdin sarı çəpkəni” romanı haqqında

"Mən heç zaman içimlə dışımın, dünənimlə bu günümün sınırında

qurulan dar ağaclarından asılanlara ağlamadım - düşündüm: onsuz da

olacaqların çarəsi mən deyiləm..."

 

Çağdaş bədii düşüncənin yaradıcılıq axtarışları və imkanları müstəqillik dövrü Azərbaycan ədəbiyyatında magik-realist nəsrin bir sıra maraqlı nümunələrinin yaranmasına gətirib çıxarmışdır. İstedadlı yazıçı Zahid Sarıtorpağın, həmçinin ekzistensial roman kimi səciyyələnən "Dərdin sarı çəpkəni" (2014) əsəri də bu qəbildəndir.

Əsərin qəhrəmanı vaxtilə institutların birində müəllim işləmiş, qardaşının sözü ilə desək, "mağmın" Bulud müəllim günlərin bir günü ayılıb görür ki, dünya sarı rəngə boyanıb. Daha doğrusu, o, dünyanı sarı rəngdə görür. Məlum olur ki, indiyədək bu nadir xəstəliyə dünyada cəmi altı insan düçar olub və o yeddincidir. Onlardan biri, dünyanı yaşıl rəngdə görən yapon milyonçusu ölməzdən əvvəl xüsusi fond yaradaraq bu xəstəliyə tutulub sağalmayacaqları elmi təsdiqini tapan kəslərin hər birinə fonddan üç milyon avro bağışlanılmasını vəsiyyət edib. Buludun ticarət məqsədilə Moskvada yaşayan oğlanları onun bu xəstəlikdən xilas olması üçün, nəinki heç bir çaba göstərmir, əksinə, bundan yararlanıb laqeydcəsinə milyonçu olmağın sevincini yaşayırlar. Lakin bu, çox da uzun sürmür - xəstə ideologiya ilə beyni zəhərlənmiş Şirvan kimlərəsə qoşulub "cihad" adıyla Suriyaya gedir və orada ölür, Sarvan isə pulları qumarda uduzaraq bir rumın qızına qoşulub onunla birlikdə Rumıniyaya gedir. Bütün bunlar isə onsuz da dərd içində üzülən Buludun fiziki-psixoloji durumunu daha da ağırlaşdırır.

Gözləri sarının, ruhu isə sanki qaranlıq bir boşluğun çarəsizliyində olan Bulud yalnız yuxuda hər şeyi öz rəngində görür, yuxu dünyanın rənglərini onun gözlərinə qaytarırdı, lakin ruhunu saran bu birrəng üzüntünün təsiri ona yuxuda da rahatlıq vermir, orada da qorxunc şeylər yaşayırdı. Bir tərəfdə onu vurub öldürmək üçün yaxınlaşmaqda olan və ölümə yozumlanan öküz, bir tərəfdə belinə dırmaşmağa çalışdığı, lakin bir əli ilə qanadından sallanıb qaldığı nəhəng, uzun bacaqlı atlı qarışqa, bir də onu qolundan tutub qaldırmağa çalışan, ölümdən qurtulmağa çağıran kimsənin həyəcan və təşvişli səsi... Yuxularından birində öküz qanlı buynuzları ilə Buludu atlı qarışqanın belindən vurub salmağa az qalmışdı, lakin zərbəsi atlı qarışqanı yaralamış, uzun bacaqlarını qırmışdı, sonra yenə də onun arxasınca düşmüşdü. "Mən bilmirəm, axır vaxtlar yuxumdakılarımı çəkib aşkara gətirirdim, yoxsa aşkarımdakılarımı dartıb yuxularıma aparırdım? Arada qalan bircə o uzun bacaqları qırılmış atlı qarışqaydı ki, ondan da heç cürə baş aça bilmirdim... Bir də mən idim, mən anasıölmüş, mən yığvalsız..." Sonra bu yuxulara gözlərinə çırpılmaqla dünyanın rənglərini bir anlıq da olsa geri qaytaran bəxtinin şikəst qaraçuxası çolaq göyərçin də daxil olur.

Yuxu, burada, obrazın fiziki durumunun və keçirdiyi daxili-psixoloji sarsıntıların doğurduğu ruh halını ifadə edir, həmçinin, olacaqlarla bağlı ona şifrəli informasiya ötürür. Hər dəfə həyəcan içində oyanaraq "Allah, sən saxla, axırda dəli olacam, vallah", - deyib sonra da özünü Kərbəlayi Əbülfəz babasından eşitdiyi "Hər yuxunun hökmü olmur" sözlərilə sakitləşdirməyə çalışsa da, Bulud, bir növ, "gerçəyin yuxulu üzü" olan bu irreal görüntülərin başına gələcəklərin şifrəli mesajı olduğunu şüuraltı olaraq özü də anlayırdı. Düçar olduğu qeyri-adi, anlaşılmaz xəstəlik, psixoloji durumun doğurduğu hallüsinasiya halları, təxminən, eyni məzmun içəriləyən yozuma yönəlik yuxular, acımasız həyat... və bütün bunların müqabilində Buludun çarəsizliyi - "Deyəsən, həyat qurbanlıq quzunun gözü önündə bıçağını bülöv daşına çəkib itiləyən qəddar bir qəssaba dönür yavaş-yavaş. Gözüm baxa-baxa, diri-diri sonuma götürür məni..." Lakin Buludun yaşamaq istəyi, birrəng üzüntüdən, ömrünün saralmış günlərindən qurtulacağına, dünyanı bir daha öz rənglərilə görəcəyinə ümidi də ölməmişdi. Çünki "Bu güzəran, bu həyat bizi ölüm həddinə qədər bezdirmiş olsa da, yenə də beynimizin künc-bucağında, ruhumuzun yırtıq-söküyündə Yaşamaq Eşqi qalmaqdadı". Dərdlə baş-başa qalan Bulud da elə bu ümidə sığınıb qardaşı Umudun təkidilə ata-baba yurduna qayıdaraq qonşu kənddə yaşayan keçmiş tələbə yoldaşı Əlövsətin yüz on üç yaşlı türkəçarəçi nənəsinin yanına gedir, onun dediklərinə əməl edərək yeddi gün ərzində alatorandan Keçiqıran dərəsindəki Qaynayan nohura gedib dekabr ayında bu yeddi günün birində, çox güman ki, cümə günündə fəcr vaxtı nohurun kənarında dərdinin dərmanı olacaq sarı rəngli çəpkən gülünün zoğ atıb zühur etməsini gözləyir.

Və nəhayət, ağrılı-əzablı ruhi-psixoloji yaşantılarla gözlərini açdığı həmin o cümə günü, həmin o yeddinci gün, fəcr doğan zaman düz nohurun qırağında balaca bir daşın yanındaca açan həmin o heyrətamiz, o qeyri-adi sarı çəpkən gülü...

"- Hə, nə baxırsan? Sən hələ bir qollarını yana aç! Sən hələ bir qollarını çıxart sudan görək!..

İlahi, bu nə səsdi belə? Qulaqlarımda uzun-uzadı qaytarış verən bu səs nə qədər doğmadı, İlahi. Qəfil mənə elə gəldi ki, mən bütün ömrüm boyu bu sehrli səsin sorağında olmuşam, bütün ömrümü bu səsi axtarmağa xərcləmişəm...

Bu o idi! Çəpkən gülünün yanındakı daşın üstünə qonmuşdu! Həmin o - bəxtimin şikəst qaraçuxası! O mənə diqtə edirdi. Özümdən asılı olmadan mən bu diqtəyə bütün varlığımla təslim olurdum...

Onun dediyi kimi qollarımı ixtiyarsız yanlara açıb suyun içində yavaş-yavaş ayağa qalxmağa başladım.

- Başını döndər, bir qollarına bax!

Baxdım. İlahi, nə görsəm yaxşıdı?.. Qollarım azman qanadlara çevrilmişdi. "Hiii!" eləyib içimi çəkdim. Bu vaxt o: "Qorxma", - dedi - "tərpən dalımca!" Sonra da boynunu uzadıb çəpkən gülünün saplağını üzdü, onu dimdiyinə alıb Keçiqırana sarı qanadlanmamışdan öncə bir də o ovsunlu, o sevgili səsiylə:

- Gəl, - dedi - çırp qanadlarını, gecikirik!

Bu zaman üç hərfli bu "gəl" sözü qədim döyüşçülərin üçdişli çəngəli kimi bir zərbəylə ürəyimi üç yerdən deşib keçdi, acı sancıdan qıvrılıb səndələdim. Elə bil, dərd dolu ürəyim bir suluğuydu və yırtılmağıyla görünməmiş bir rahatlığa qovuşdurdu məni...

O, üzünü dərəyə sarı çevirib ehmallıca tərpənərək pırıltıyla uçdu. Mən də arxasınca. Mən sudan qanadlanıb ayrılanda məndən də özüm boyda nəsə ayrıldı və baltalanmış qolsuz-budaqsız bir ağac gövdəsi kimi şappıltıyla geriyə - suya çırpıldı. Ardınca da dərhal paltarlı-paltarlı suyun içinə yüyürən Əlövsətin bağırtısı eşidildi".

Bu da son! Olacaqlar artıq olmuşdu. Anlamını itirib monotonlaşan, bir çoxları üçün, o cümlədən də Bulud üçün qəddarlaşan həyat, onu bu şəklə salan nəfsinə yenik, mənəvi-əxlaqi deqradasiyaya uğramış insanlar və bütün bu nədənlərə etiraz etmək iqtidarında olmayan Buludun acizliyi onun sonunu gətirir. Lakin bu da var ki, hər son bir başlanğıcdır. "Hiii" eləyib içinə çəkdiyi və bir "ahhhh"la dərindən son dəfə üfürdüyü Buludun son nəfəsi idi, canını qu tükündən də yüngülləşdirib ağrılarına son qoyan, ruhunu əzablardan azad edib göylərə havalandıran son nəfəsi. İndi onun ruhu göy üzünün bütün quşlarından daha ucalarda, ünyetməz mübhəmliklərdə uçurdu. Fəcrin burulğana çevrilmiş gümüşü işığının şövqündən sarısı yuyulmuş gözlərini qapayıb qapqara bir zülmətin içiylə bu burulğanın ortasında uzun zaman sanki o göyərçinin arxasınca sürətlə və çırpına-çırpına qanad çalan Bulud bir də ayaqları yerə toxunanda həmin o məhrəm səslə deyilmiş "Aç gözlərini, çatdıq" sözlərindən sonra gözlərini açır. Nə o göyərçin vardı, nə dərdinin o sarı çəpkəni, nə də qanadları. Bura təsəvvürə gəlməyəcək, izaholunmaz sirli-sehrli bir aləm idi. Gözləri birrəng üzüntüdən qurtulmuş Bulud burada tərpəşən gur işıq halələrinin əhatəsində idi, o halələrin ki, içərisindən tanış, sevgili surətlər görünür, ona əl edirdilər. "Budur, onlardan biri tərpənə-tərpənə açıldı və... bəyaz örtüyə bürüncəkli... can sirdaşım Şəfiqə bir şirin təbəssümlə bircə göz qırpımında mənə yaxınlaşdı...

O, əlimdən yapışıb bir göz qırpımında məni azman bir qayalığın yalçın sıldırımlığına gətirdi. Buradan baxanda bütün Keçiqıran dərəsi görünürdü. Dərənin içi ağa bürünmüş insanlarla doluydu... 

- Onlar ki, kəfənə bürünüblər, ay Şəfiş, ağappaq kəfənə...

- Onlar kəfənlə ağ günə çıxıblar, Bulud. Bəs sən bilmirsən ki, Keçiqıranda ağ günə çıxmağın yolu ancaq kəfənə bürünməkdən keçir!? Gəl gedək... Bir azdan əməl dəftərini gətirəcəklər. Dalınca da sorğu-sualın başlanacaq. Bir az tələssən yaxşıdı. O sayrışan halənin içində doğmalarımız bizi gözləyirlər".

Bulud bu İlahi aləmdə izaholunmaz huzura, sevgiyə, işığa qovuşmuş və bunun üçün, özünün də içindən keçirdiyi kimi, sanki min illərlə çırpınıb-çabalamış, min ilin əzablarından keçmişdi. Bu düşüncə, qeyri-ixtiyari olaraq, müəllifin "aradan neçə işıq ili ötdü görən // üzü işıqlığa çıxanacan adamın // neçə sərgərdan işıq ili qoparıldı // onun Can Təqvimindən" misralarını yada salır.

Əsərdə ümumiləşmiş səciyyədə alınan Keçiqıran dərəsi Buludun yaşadığı cəmiyyətin mənzərəsini əks etdirir. Rəmzi-məcazi məna daşıyan göyərçin isə burada daha çox Buludun ruhunu simvolizə edir - əzablı fiziki məngənədə sıxışıb qalmış ağrılı ruhunu. Bu kontekstdə onun şikəst təsvir olunması da təsadüfi deyil. Göyərçinin şikəstliyinin aradan qalxması ilə Buludun ruhunun qurtuluşu eyni anda gerçəkləşir. Yerdən bir-iki metr hündürlüyə güc-bəla qalxan göyərçin sürətlə göyün nəhayətsiz ənginliklərinə doğru uçur və onu ruhi-mənəvi azadlıq olan İlahi aləmə "aparır", bununla da ruhun qurtuluşu təmin olunur. Burada ruhi-mənəvi varolma fiziki yoxolmanı şərtləndirir. Başqa sözlə desək, Buludun maddi dünyada cismani sonu onun İlahi aləmdə ruhani həyatının başlanğıcı olur - dərdlərdən, ağrı və əzablardan arınmış azad həyatının!

Romanda obrazın düçar olduğu qeyri-adi xəstəlik mətn və süjetyaradıcı, xəstəliyin yaratdığı ruhi-psixoloji haldan dolayı təsvir olunan irreal yaşantılar, qarabasmalar, hallüsinasiya, o cümlədən, əsərdə geniş yer verilən təbiət varlığı isə daha çox mənayaradıcı, müəyyən dərəcədə həm də süjetyaradıcı komponent kimi iştirak edir və bütün bunlar ümumilikdə, yaxud ayrı-ayrılıqda, həmçinin, ideya-məqsədin ortaya qoyulmasında, müəyyən mətləblərin çatdırılmasında bədii priyom kimi alınır. Cəmiyyətdə mövcud olan problem və ziddiyyətləri özünəməxsus şəkildə diqqətə gətirən "Dərdin sarı çəpkəni"ndə müəllifin demək istədikləri əsərin metafizik kontekstdə təqdim olunan və sözügedən aspektdə yazıçının təxəyyül və təsvir-ifadə imkanları ilə maraq doğuran son süjet parçasında xüsusilə diqqəti çəkir.

Romanda birrəng üzüntünün obrazın gözlərində yaratdığı görüntü və təsvirlər ayrı-ayrı nəsnələrin rənglərilə müqayisə, bənzətmə və uyğunlaşdırmaların timsalında sarının maraqlı və çeşidli çalarlarını təqdim edir.

Əsərdə zamanlama amili də diqqəti çəkir. Belə ki, Buludun bu qeyri-adi dərdə mübtəla olması təbiətin özünün də sarıya boyandığı payız fəslinə təsadüf edir ki, bu da sözügedən fəsli səciyyələndirən bu və digər xüsusiyyətlər baxımından obrazın fiziki və ruhi-psixoloji halı ilə assosiasiya doğurur. Dərdlə, xəstəliklə əlaqələndirilən sarı rəng, təsadüfi deyil ki, müəllifin şeirlərinin birində ölümün rəngi kimi də təsəvvür edilir ("ölümün adı qara // rəngi sarı") və burada qara ilə sarı arasında kontekstlə bağlı olaraq məna-mahiyyət baxımından paralellik yaradılır.

Maraqlıdır ki, əsərdə Buludun dərdinin dərmanı hesab edilən çəpkən gülü də məhz sarı rəngdədir. Paradoksdur. Məgər onun dərdi elə "sarı" deyildimi? Bəlkə, "bu iyrənc və çözümsüz dünya"da özünə qapanıb yalqızlaşan Bulud dar macalda elə öz dərdinə sığınmışdı? Lakin bu da var ki, çəpkən gülü Buludun dərdinə əlac ola bilmir, daha doğrusu, buna fürsət olmur, bəlkə də, buna gərək duyulmur və el arasında ayrılıq rəmzi kimi qəbul edilən sarı rəng burada eyni anlamda alınaraq sözügedən funksiyanı yerinə yetirir. Təbii ki, maddi olanla əlaqəli!

Niyə məhz sarı? Fikrimizcə, bu önəmli amil sarının doğurduğu assosiasiya və müvafiq mənalarla ilgili olub, yuxarıdakı məqamlar da nəzərdə saxlanılmaqla, başlıca olaraq əsərin əsas məğzinin və yazıçı fikrinin çatdırılmasına hesablanmışdır. Əslində, burada, problem Buludun gözlərində deyil, dünyanın, daha doğrusu, həyatın özündə idi. Dünya, həyat təkcə Bulud üçün deyil, Keçiqıranın "zəmanə adamı" ola bilməyən sakinlərinin hamısı üçün öz rənglərini itirib sarı şəkil almışdı, sadəcə bunu fiziksəl olaraq görən Bulud idi. Dünyanın sarı rəngdə görülməsi əsərdə sarı və onun, bir növ, ekvivalenti kimi düşünülən qara və boz-bulanıq rəngli həyatı ehtiva edir. Təsadüfi deyil ki, əsərin əvvəlində ruhunu incidən "bu tula misali gərdişdən", bu saralmış həyatdan şikayətlənən Bulud mövcud durumdan dolayı "Bəs yığışıb hara qayıdım? Belə götürəndə, qayıtmağa heç yerim də yoxdu bu xarabada. Tək bircə qapı qalıb üzümə açılası, o da sınıq-salxaq gor qapısıdı...", - deyir. Maraqlı məqamdır - Bulud harasa getmək, köçmək deyil, məhz qayıtmaq və qayıdacağı ünvan haqqında düşünür. Ruhun qayıdacağı (!) ünvan isə bəllidir! Yalnız metafizik qayıdış, göylər aləminə dönüş mənəvi tənhalığa, ruhun birrəng və saralmış həyatda çəkdiyi əzablara son qoyur. Və beləcə, ruhun xilası və qurtuluşu gerçəkləşir!

SİZƏ MARAQLI OLA BİLƏR