Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Məktəb keçərək məktəb yaradan alim (Şirindil Alışanlı -70) - Aygün Bağırlı

12-10-2022 [ 09:54 ] [ oxunub:194 ]
printerA+ | A-
102773

İnsanın ömrünün müxtəlif dönəmlərində - təhsil həyatında, iş həyatında, şəxsi həyatında bəzən qarşısına elə şəxsiyyətlər çıxır ki, meyarları meyarına, gerçəkləri həqiqətinə, dəyərləri sənin də dəyərinə, yolu yoluna çevrilir. Bu meyarların, ölçülərin kökü həqiqətə və saflığa söykənəndə artıq buna xoş təsadüf yox, həyati zərurət deyirsən, saldığı cığıra yolum deyib, yola düşürsən. Ustadım Şirindil Alışanlının yolu kimi.

Sənə işinin professionalı, peşəkarı olmaq üçün qızıl qaydalar müəyyənləşdirən, doğru yanaşmalar, obyektiv və analitik baxış, tədqiqat obyektinə lazımi rakursdan nəzər salmağı təlqin edən, ədəbiyyatşünaslığın Məmməd Cəfər Cəfərov, Mir Cəlal Paşayev, Firidun Hüseynov, Əziz Mirəhmədov, Yaşar Qarayev kimi flaqmanları ilə yetirmələri arasında etibarlı körpü salan Şirindil Alışanlı məktəbinin tələbəsi olmaq həm qürurludur, həm məsuliyyətli. Bu məktəbdən əxz etdiklərin səni hər sözü yerində işlətməyə, yersiz mübaliğələrdən, qərəzli yanaşmalardan uzaq durmağa yönəldir. Sözü müqəddəs bilib, ancaq yazmaq və danışmaq zərurəti yarananda ona üz tutursan. Şirindil Alışanlı məktəbindən dərs alıb layiqli sözə, böyük ədəbiyyata biganə qala bilmirsən, əsl ədəbiyyat adına nə varsa, dəyərini dəyərincə verməyə çalışırsan. Ədəbi aləmdə hər kəsi öz boyunda, öz çəkisində - böyük olanı böyük, böyük görünməyə çalışanı olduğu boyda görürsən. Hər parıldayanın heç də qızıl olmadığını bilir, bəzən kələ-kötür ibarənin içindəki işığı da, sərt ifadənin altındakı kövrəkliyi də sezirsən. Bir sözlə, bütün ruhunla ədəbiyyatı içinə alıb, ədəbiyyatın içinə köçürsən. Şirindil Alışanlı bədii materialı, hətta nəzəri materialı da mənimsəmək üçün səndən ədəbiyyat adamı, sözün bütün mənalarından - həm estetik, həm fəlsəfi, həm ədəbi-bədii tutumundan xəbərdar olmalığı tələb edir. Onun öyrətdikləri və tələbkarlıq prinsipləri səni həqiqi alim, həqiqi vətəndaş və şəxsiyyət kimi formalaşdırır.

"Milli sərvətlərin dünyanı fəth edəcək yolu yüksək nəzəri hazırlığa malik alim-vətəndaş təfəkküründən başlayır" - deyən Ş.Alışanlının fəaliyyəti və şəxsiyyəti bir-biriylə harmoniya təşkil edir. Onun "İnternet ədəbiyyatşünas üçün biblioqrafik göstərici və informasiya mübadiləsi vasitəsi kimi yardımçıdır, çox deyil... Heç bir vaxt elmi-texniki vasitə ədəbiyyatşünasın ədəbi abidəni duymaqda fitri istedadını əvəz etmək iqtidarında deyil" - mülahizələrini oxuyanda bu yaxınlarda bir koreyalı alimin öz təqdimatında başlığa çıxardığı braziliyalı politoloq Jaime Lernerin "Texnikanı yox, fəlsəfəni öyrən" fikrini yadıma saldı. Məruzənin müəllifi hər cür texniki nailiyyətlərə imza atan, texniki-sənaye inqilabının artıq bir neçə mərhələsini geridə qoyan Cənubi Koreya alimi bu dəfə haqlı olaraq texnikanı yox, fəlsəfəni öyrənmək qənaətinə gəlirdi. Burada fəlsəfə deyiləndə, insan, onun duyğu, düşüncə, arzu və xəyallar aləmi başa düşülməlidir ki, bu da ədəbiyyatın başlıca predmetidir. Əlbəttə ki, texniki tərəqqi insanın ancaq ürək döyüntüsünü, nəbzinin sayını müəyyən edə bilər, onun çırpıntılarını, istəklərini isə canlı insan və onun yaşantılarının əsas ifadəçisi olan ədəbiyyat anlaya bilər ki, Şirindil Alışanlı məhz ədəbiyyatı duymaq, anlamaq, haqqında söz demək üçün tədqiqatçıdan ədəbi zövq və həssaslıq tələb edir.

Klassiklərə, ədəbi faktlara dəyişən zamanın dəyişən kontekstində yeni nəzəri aspektdən baxanda diqqətli olmağı, yeni epoxada müxtəlif biçimlərdə meydana çıxan ifratlara şərait yaratmamağı, hər hansı abidəni, ədəbi hadisəni, mətn və faktı tarixi gerçəklikdən kənarda qiymətləndirməyin yanlış nəticələrə gətirib çıxaracağını vurğulayan alim bütün tədqiqat və yanaşmalarda bədii məntiqi, bədii təfəkkürü vacib amil sayır, bütün mənimsənilənləri elmi fikrin daşıyıcısına çevirməyi tövsiyə edir. Ədəbiyyatşünaslığın inkişafı üçün hətta bir-birinə zidd qütblərdə dayansa belə müxtəlif yeni məktəblərin formalaşmasını, mövcud nəzəri və praktik təcrübələrə, uğurlu ənənələrə söykənməyi əsas götürür.

Şirindil Alışanlı klassikləri bu günün işığında yenidən, amma mütləq milli tarixi ədəbi proseslərin gerçəkliyi fonunda oxumağı vacib sayır, dəyərləndirmə prinsiplərinin obyektivliyi üçün tədqiqatçıdan zəngin bilik, yüksək estetik zövq və dünyagörüşü gözləyir. Xalqın tarixi salnaməsinin yaradılmasında böyük rolu olan ədəbi şəxsiyyətlərin yaradıcılığına hazır, klişe, trafaret reseptlərlə yox, konseptual, düzgün metodoloji mövqedən çıxış edərək yanaşılmalı olduğunu vurğulayır və istər klassik irsi, istər sovet dövrü ədəbiyyatını qiymətləndirərkən ədəbi-tarixi, ictimai-sosial mərhələlərin keçid dönəmlərinin təkamül və geriləmələrini izləməyi tövsiyə edir. Şirindil Alışanlı üçün böyük ədəbiyyatın yaradıcısı olan ədəbi şəxsiyyətlər həm də xalqın milli mənəvi obrazını yaradan, zaman və məkan məhdudiyyəti tanımadan dünyaya təqdim edən simalardır.

Bədii metodların nəzəri və tarixi problemləri, ədəbi dövrləşdirmədə hansı prinsiplərin əsas götürülməsi, ədəbiyyatşünaslığın metodoloji problemləri, ədəbi əlaqələrin tədqiqi, nəzəri və tənqidi fikrin tarixi, müasir ədəbi fikirdə tarixi poetikanın araşdırılması, ayrı-ayrı janrların strukturundakı estetik təkamül məsələləri alimin əsas tədqiqat obyektidir ki, haqqında bəhs etdiyi Mirzə Fətəli Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Cəfər Cabbarlı, Süleyman Rəhimov, Mir Cəlal kimi klassiklərin, bir çox ədəbiyyatşünas alimlərin yaradıcılıqlarına da bu problemlərin kontekstində nəzər salır və bu aspektdən təhlilə cəlb edir.

Qarşımda 44 yaşlı bir məktub var. Doğrusu, nə vaxtdan məndə olduğunu xatırlamıram. Şirindil Alışanlı Moskvada təhsil aldığı zaman ədəbiyyatşünas alim Yaşar Qarayevin ona ünvanladığı bu iki səhifəlik məktubda nələr yoxdur! Alim məktubda elmi tövsiyə və məsləhətləri ilə yanaşı, böyük qardaş, yaxın sirdaş səmimiliyi ilə doğru yol göstərməyindən də qalmır. "Mən yenə qantəpərli zirvədəki söhbətlərimizi xatırlayıram və zərrəcən də şübhə etmirəm ki, dağların əxlaqını Şirindil hər cür zədədən Moskvada üç qat həssaslıqla qoruyacaqdır" - deyən Yaşar Qarayev məktuba ilk olaraq həmin dağlardan, Laçının birgə gəzib dolaşdıqları füsunkar gözəlliklərindən, Qırxbulaqdan, Əhmədlidən, Ağoğlandan, Mərtəbil təpəsindən, Seyid Əmirağa körpüsündən, Alışanlar talasından söz açaraq giriş edir və şəhərdə nə qədər uğur və nailiyyət qazanırsan qazan, "xatirə və ürək yaddaşı üçün təbiət və kənd hissiyyatının qat-qat güclü" olduğunu vurğulayır. Şirindil Alışanlı Yaşar müəllimin bəhs etdiyi o dağ əxlaqını və saflığını ustadın dediyi kimi, nəinki Moskvada qorudu, onu həm də bu ötən 45 ildə paytaxt Bakıda da yaşatdı. O dağların saf mehini onun simasında biz bu illərdə Ədəbiyyat İnstitutunun dəhlizlərində də daim hiss etdik. Şirindil müəllim öz şəxsində dünyaya göz açdığı təbiətin saflığı ilə, alim təmizliyini birləşdirərək biz tələbələrinə əsl alim və vətəndaş modelini təqdim etdi.  

Yəqin xatırlayar, 60 illik yubileyində demişdim, Şirindil müəllim, özünüzü qoruyun, Siz bizə lazımsız. İndi on il keçib, bu on ildə çox şeylər dəyişib, amma arzum, diləyim dəyişməyib. Bu dəfə isə deyirəm, bizə lazımsız, Şirindil müəllim, gərək biz Sizi qoruyaq!

Aygün BAĞIRLI

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

SİZƏ MARAQLI OLA BİLƏR