Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunda Kamran Məmmədovun 100 illik yubileyi qeyd olunub

26-12-2022 [ 10:49 ] [ oxunub:134 ]
printerA+ | A-
102985

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas-alim, Əməkdar elm xadimi, professor Kamran Məmmədovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Əvvəlcə alimin elmi fəaliyyətini əks etdirən sərgi ilə tanışlıq olub. Tədbir boyunca alimin fəaliyyətindən bəhs edən slayd nümayiş etdirilib.

Konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq görkəmli alim Kamran Məmmədovun XX əsr ədəbiyyatının tədqiqində, ədəbiyyatşünaslığın inkişafında xüsusi və önəmli yeri olan vətənpərvər ziyalılardan biri kimi unudulmazlıq qazandığını bildirib. O, Kamran Məmmədovunun ədəbiyyat tarixində rolunun təkcə bədii mətnlərlə bağlı olmadığını, alimin eyni zamanda, ciddi arxiv sənədləri, faktlar üzərində işlədiyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli ədibin yaradıcılığında faktlar, sənədlər, dövri mətbuatdan alınmış materialların bütün dəqiqliyi ilə öz əksini tapdığını vurğulayıb.

“Professor Kamran Məmmədov ömrünün sonlarına qədər arxivlərdən dəyərli materiallar toplamış, onları dövri mətbuatda ədəbi ictimaiyyətə təqdim etmişdir”, - deyə AMEA prezidenti bildirib. Onun sözlərinə görə, Kamran Məmmədov həm də bacarıqlı yazıçı olduğundan yazdığı mətnləri dərindən dərk etmiş, sistemli şəkildə təqdim etməyə müvəffəq olmuş, öz sənət dünyasını düzgün əks etdirmişdir.

Akademik İsa Həbibbəyli bildirib ki, təbii və özünəməxsus xarakteri ilə seçilən, bütöv bir şəxsiyyət kimi yaddaşlarda yaşayan ədəbiyyatşünas-alim Kamran Məmmədov vətənpərvərlik, azərbaycançılıq ideyalarına böyük önəm vermiş, bu mövqeyini öz əsərlərində də əsas götürmüşdür. O, həmçinin Böyük Vətən Müharibəsi iştirakçısı olmuşdur. AMEA rəhbəri görkəmli alimin əsərlərinin bugünkü dövrdə də öz aktuallığını qoruyub-saxladığını, özünəməxsusluğu ilə seçildiyini və elmimizin inkişafına xidmət etdiyini vurğulayıb. Qeyd edib ki, Kamran Məmmədovun “Cəbhə gündəlikləri” əsəri vətənpərvərlik mövzusunda yazılmış ən sanballı əsərlər sırasında dayanır.

AMEA prezidenti görkəmli alimin vətənpərvərliklə bağlı hadisələrə hər zaman emosional reaksiya verdiyini, onun Şuşa və Qarabağ sevdasının vətəndaşlıq mövqeyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Bildirib ki, Kamran Məmmədovun ruhu şaddır ki, bu gün onun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konfrans ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanda qeyd edilir. Kamran Məmmədovun uzun müddət Ədəbiyyat İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərdiyini deyən akademik İsa Həbibbəyli onun çoxlu sayda yetirmələrinin olduğunu qeyd edib, alimin institutun elm məbədi səviyyəsinə qaldırılmasında böyük rolu olduğunu xatırladıb.

AMEA rəhbəri aspirantura təhsili aldığı müddətdə Kamran Məmmədovun onun elmi rəhbəri olduğunu bildirərək, ədəbiyyatşünas alimlə bağlı xatirələrini bölüşüb. O, satirik janr nümunələrinə marağının yaranmasında ədəbiyyatşünas alimin irsinin böyük rolu olduğunu da diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli bugünkü tədbirin professor Kamran Məmmədova olan ehtiramın bir ifadəsi olduğunu deyib, konfransın görkəmli alimin və onun vaxtilə rəhbərlik etdiyi şöbənin timsalında Ədəbiyyat İnstitutunda ədəbiyyatşünas alimlər nəsli yetişdirmək, bu istiqamətdə fəaliyyəti daha da inkişaf etdirmək məqsədi daşıdığını vurğulayıb.

Konfransda professor Tahirə Məmməd “XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı”, professor İslam Qəribli “Kamran Məmmədovun araşdırmalarında XX əsr Azərbaycan bədii gülüşünün tədqiqi”, professor Asif Rüstəmli “Kamran Məmmədov ədəbiyyat tarixçisi kimi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva “Alimin elmi irsində satira məsələləri” və filologiya üzrə fəlsəfə doktoru Əsmər Hüseynova “Kamran Məmmədovun bədii yaradıcılığı” adlı məruzələrlə çıxış ediblər.

Tədbirdə, həmçinin akademik Muxtar İmanov, professor İmamverdi Həmidov, filologiya üzrə fəlsəfə doktoru Solmaz Həyatova və filologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıxov çıxış edərək professor Kamran Məmmədovun yaradıcılığından söhbət açıb, alimlə bağlı xatirələrini bölüşüblər.

Sonda ədəbiyyatşünas alimin qızı, Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru Leyla Məmmədova çıxış edərək tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirib.

FOTO QALEREYA