Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Nizami Gəncəvi - 880

Nizami Gəncəvidən iqtibas - akademik İsa Həbibbəyli

10-06-2021 [ 13:22 ] [ oxunub:302 ]
printerA+ | A-
100896

Məlum olduğu kimi, böyük Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"sinə və şeirlərinə yüzlərlə nəzirələr və bənzətmələr yazılmışdır. Dahi şairin məşhur "Xəmsə"si əsasında Hindistanda Əmir Xosrov Dəhləvi (XIII-XIV əsr), Tacikistanda "Əbdürrəhman Cami (XV əsr), Özbəkistanda Əlişir Nəvai (XV əsr) Nizami Gəncəvinin ustad sənətkar kimi xidmətlərini yüksək qiymətləndirməklə və ondan ilham alaraq yeni ideya-məzmunda "Xəmsə"lər yaratmaqla Şərq ədəbiyyatı tarixində iz qoymuşlar. Ümumiyyətlə Şərq ədəbiyyatı və eyni zamanda Azərbaycan ədəbiyyatı uzun əsrlər Nizami Gəncəvinin sənət ideallarının və ictimai ideyalarının işığında yol getmişdir. Türk-müsəlman dünyasında "Sirlər xəzinəsi" poemasına 46, "Leyli və Məcnun"a 92, "Xosrov və Şirin" əsərinə yüzdən çox nəzirə yazılmışdır. Bütövlükdə Nizami Gəncəvinin əsərlərinə yazılmış nəzirə və bənzətmələrdən, böyük şairin yolunu yaradıcı şəkildə davam etdirən sənətkarların əsərlərindən möhtəşəm bir kitabxana yaratmaq mümkündür. Bu cəhətdən Nizami Gəncəvi ilə bəhsə girmək mümkün deyildir. Nəinki Şərqin böyük dühaları, hətta Höte kimi məşhur Qərb mütəfəkkiri də özünün məşhur "Şərq-Qərb divanı"nda Nizami Gəncəvidən bəhs etmiş, "Xəmsə"nin işığında əsərinə yeni bölmələr əlavə etmişdir.

Uzun zaman Şərq ölkələrində hər hansı bir istedadlı qələm sahibi özünün şairliyini isbat etmək üçün əvvəlcə Nizami Gəncəvi haqqında və ya onun əsərlərinin əsasında mükəmməl bir şeir, mənzumə, mənzum hekayət və sair yazıb hünərini göstərdikdən sonra ədəbi mühitdə qəbul olunması ciddi bir prinsip olmuşdur.

Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli, Arif Ərdəbili, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Mikayıl Rzaquluzadə və başqaları Nizami Gəncəvi mövzularında onlarla qiymətli bədii əsərlər yazıb fərqli bir irs qoyub getmişlər.

Dünya miqyaslı klassik sənətkarların əsərlərindən istifadə etməyin orijinal yolları və üsullarını tapa bilib, məsələyə yaradıcı şəkildə yanaşmaqla ədəbiyyatın yeni inkişafına xidmət edən fərqli bədii əsərlər yaratmaq da ədəbiyyatın qarşısında duran əsas vəzifələrdəndir. Bu baxımdan Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli və Üzeyir Hacıbəyov zirvələri mövcuddur. İlk dəfə Nizami Gəncəvinin müraciət etdiyi "Leyli və Məcnun" mövzusunda Məhəmməd Füzulinin üç yüz il sonra eyni adda yazdığı məşhur poema tam orijinal bədii əsərdir. Məhəmməd Füzuli öz əsərində Nizami Gəncəvinin "Leyli və Məcnun" mövzusunda yazdığı süjetə əlavələrini etmiş, ən başlıcası isə poemada Leylinin və Məcnunun dilindən verilmiş qəzəllər əsərin ruhunu da, janrını da dəyişmişdir. Epik poema kimi qələmə alınmış Nizami Gəncəvi "Leyli və Məcnun"undan fərqli olaraq, Məhəmməd Füzuli fərqli bir liro-epik poema meydana qoymuşdur. Dahi bəstəkar Üzeyir Hacıbəyov isə "Leyli və Məcnun" mövzusunda poema deyil, opera yaratmaqla bu ənənəvi Şərq mövzusuna yeni həyat gətirmiş, həmin sahədə tamam fərqli bir istiqamət meydana qoymuşdur.

Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması mükəmməl bir mənzum romandır.

Məhəmməd Füzulinin "Leyli və Məcnun"u möhtəşəm bir liro-epik poemadır.

Üzeyir Hacıbəyovun "Leyli və Məcnun"u bu mövzuda türk-müsəlman dünyasında meydana çıxan birinci operadır.

Nizami Gəncəvi Leyli və Məcnunun eşq dastanını, Məhəmməd Füzuli sevgi macəralarını, Üzeyir Hacıbəyov iztirabları və sədaqətini dahiyanə şəkildə təqdim etmişdir. Beləliklə, Azərbaycan ədəbiyyatı və incəsənətində "Leyli və Məcnun" mövzusunda üç əlçatmaz zirvə fəth edilmişdir. Xalq şairi Ramiz Rövşən doğru və haqlı olaraq yazır ki, "Gələr bu dünyaya təzə gözəllər, Yeni Məcnunların sevdası başlar". Məsələyə bu cür fərqli və yaradıcı yanaşmaqla Leyli və Məcnunluğun, Xosrov və Şirinliyin, "Yeddi gözəl"liyi təzə üfüqlərini aça biləcək Nizamilərin, Füzulilərin, Üzeyir bəy Hacıbəylilərin ardıcıllarının da doğulması, yetişib ərsəyə gəlməsi dialektik inkişafın qanunauyğunluqlarından biridir.

Böyük klassiklərin, xüsusən də Nizami Gəncəvi kimi dahi sənətkarların yaradıcılığından yaradıcı şəkildə istifadə yolu ilə yazılan yeni bədii əsər həm "ustadi-əziz"i hər dəfə konkret zamanın çağırışlarının işığında yenidən xalqa və dünyaya çatdırmaq, həm də onun zəngin xəzinəsinin işığını yeni dövrün ideallarına istiqamətləndirmək kimi məsuliyyətli və şərəfli vəzifələri yüksək səviyyədə yerinə yetirə bilməyi bacarmağı tələb edir. Klassik ədəbi ənənədən yaradıcı şəkildə istifadə etmək mənasında XX əsrin əvvəllərində Mirzə Ələkbər Sabirin dahi Məhəmməd Füzuli qəzəllərindən ustalıqla faydalanmaqla satirik şeir yazmaq məharəti böyük sənət hadisəsidir. Mirzə Ələkbər Sabir Məhəmməd Füzulinin "Can vermə qəmu eşqə ki, eşq aləti candır" misrası ilə başlayan qəzəlində "eşq" sözünü "elm" ifadəsi ilə dəyişdirməklə aşiqanə qəzəli satirik parodiyaya çevirməyin dahiyanə nümunəsini göstərmişdir. Beləliklə, XVI əsrdə yazılmış Füzuli qəzəlinin poetik enerjisi Mirzə Ələkbər Sabir dühasının ideyaları ilə qaynayıb-qarışaraq XX əsrin əvvəllərinin çağırışları ilə səsləşən mühüm ictimai və maarifçi problemlərin həllinə xidmət edən bədii əsər səviyyəsində səsləndirilmişdir:

 

Təhsili - ülum etmə ki, elm afəti - candır,

Elm afəti - can olduğu məşhuri-cahandır.

Yaxud, Məhəmməd Füzulinin məşhur "Ah eylədiyim sərvi-xuramanın üçündür" misrası ilə başlayan qəzəli Mirzə Ələkbər Sabir tərəfindən hər misrada bir-iki sözün dəyişdirilməsi ilə tamamilə fərqli bir şeirə çevrilmişdir. Dahiyanə şəkildə tapılmış həmin "kiçik əlavələr" şeirin ideya-məzununu o qədər dəyişdirmişdir ki, misralardakı sözlərin çoxusunu Füzuliyə aid olmasına baxmayaraq, Sabir təzə formatda olan şeir nümunəsinin müəlliflik hüququna sahib olmuşdur.

Məhəmməd Füzulidə:

Ah eylədiyim sərvi-xuramanın üçündür,

Qan ağladığım qönçeyi-xəndanın üçündür.

***

...Sərgəştəliyim kakili-müjganın ucundan,

Aşuftəliyim zülfü-pərişanın üçündür.

***

...Bimar tənim nərgisi-məstin ələmindən,

Xunin ciyərin ləli-dürəfşanın üçündür.

 

Mirzə Ələkbər Sabirdə:

Ah eylədiyim nəşeyi-qəlyanın üçündür,

Qan ağladığım qəhveyi-fincanın üçündür.

...Sərgəştəliyim xərməni-buğdalar ucundan,

Aşüftəliyim sərvətü samanın üçündür.

...Bimar tənim küftəvü bozbaş ələmindən

Xunin ciyərim dolma-badımcanın üçündür...

 

Deməli, klassiklərin şeirlərini təzə formatda səsləndirməklə onu yeni dövrün çağırışlarına cavab verən fərqli bir əsərə çevirmək ənənəsi ədəbiyyatı qabağa aparmağa xidmət edən mühüm sənətkarlıq vəzifəsidir.

Tam məsuliyyətlə bildirmək istəyirəm ki, Nizami Gəncəvinin əsərləri üzərində hər hansı bir eksperiment aparmaqla tam yeni əsər yaratmaq mümkün deyildir. Ya da ki, bunun üçün ən azı Mirzə Ələkbər Sabir olmaq lazımdır. Bununla belə, düşünürəm ki, Nizami Gəncəvinin əsərlərindən seçilmiş hər müəyyən bir parçanın üzərində "sabiranə" əməliyyatlar keçirməklə dahi şairin fikrini-ideyasını müasir dövrümüzün vəzifələrinə-mətləblərinə doğru istiqamətləndirmək üsulu ilə Nizami Gəncəvinin şəfəqlərini bu günün insanlarına çatdırmaq da faydalı addımlardan biri olan bilər. Bu baxımdan Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasındakı "Eşq haqqında bir neçə söz" hissəsində "eşq" sözünü "elm" ifadəsi ilə əvəz etməklə uzaqgörən sənətkarın düşüncələrini fərqli formatda müasir dövrün reallıqlarına çatdırmaq bizə faydalı göründü. Həm də bu məqamda onu da nəzərə aldıq ki, ustad Nizami Gəncəvi özü də vəsf etdiyi eşqi elm anlayışı ilə sinonim kimi mənalandırmışdır:

Kainatda hər şey cəzbə bağlıdır,

Filosof onu eşq adlandırır.

Deməli, Nizami Gəncəvinin baxışlarında eşq sadəcə sevmək-sevilmək mənasında yox, dünyanı dərk etmək və həyat eşqi kimi daha geniş və dərin mənada təqdim etmişdir. Yuxarıdakı misradakı "cəzbə" sözü də "elm" sözünün sinonimi olaraq başa düşülə bilər. Bu isə bizə belə də düşünməyə əsas verir ki, dahi şair özü də eşqin insanın mənəvi dünyasında və cəmiyyət həyatındakı rolunu elmin insanı, həyatı, dünyanı dəyişdirməkdəki təsiri ilə bərabər tutmuşdur. Yəni Nizami Gəncəvinin eşq anlayışı dərin fəlsəfi mənaları əks etdirib, həm də elmin cəmiyyət həyatındakı rolu məsələsini də əhatə edir. Bu mənada təqdim edəcəyimiz parçada "eşq" sözünü "elm" ifadəsi ilə əvəz etmək, bir növ, Nizami Gəncəvinin yüksək ideyalarını müasir yanaşmalarla açıb şərh etmək deməkdir.

Beləliklə, dünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin "Eşq haqqında bir neçə söz" şeirini "Elm haqqında bir neçə söz" adı ilə XXI əsrin oxucusuna çatdırmaq böyük ustadın ölməz ideyalarının əbədiliyini, onun əsərlərinin bütün dövrlər və zamanlar üçün aktual və müasir olduğunu daha bir fərqli nümunə ilə gündəmə gətirmək vəzifəsini icra etmək deməkdir. Ədəbiyyat nəzəriyyəsində iqtibas adlandırılan bu üsulla Azərbaycan ədəbiyyatında çoxlu sayda əsərlər yazılmışdır. İqtibas-geniş anlayış olub, yalnız bədii mətndəki sözlərin əvəz edilməsini deyil, hər hansı bir yazıçının əsərinin, yaxud şifahi xalq ədəbiyyatı motivinin mövzusu və süjeti, hətta süjetin müəyyən bir məqamı əsasında fərqli bir əsərin yazılma mənalarını ifadə edir. Ədəbiyyatımızda müstəqil bir janr statusu qazanmış iqtibas formasında yazılan əsərlər içərisində Nizami Gəncəvidən istifadə etməklə yazılan əsərlər də kifayət qədərdir. Təkcə onu göstərmək bəs edər ki, Nizami Gəncəvinin müxtəlif əsərlərindəki "Kərpic kəsən kişinin dastanı", "Fitnə", "İskəndər və çoban" və sair mövzularda dönə-dönə müxtəlif səpkili əsərlər meydana qoyulmuşdur. İqtibaşla bədii təqlidin nəzirəçiliyin fərqi bu formatda yazılan əsərlərin forma və məzmunca yeni olması, burada hökmən təzə bir fikrin, ideyanın mənalandırılması ilə əlaqədardır.

Dahi Nizami Gəncəvidən iqtibas etməklə yaranmış "Elm haqqında bir neçə söz" şeirin oxuculara təqdim edirəm.

 

Elm haqqında bir neçə söz

Dahi Nizami Gəncəvidən iqtibas

Elmdən başqa söz könlümə yaddır,

Ömrümün quşuna bilik qanaddır.

Elmdir mehrabı uca göylərin,

Elmsiz, ey dünya, nədir dəyərin?

Elmin qulu ol ki, doğru yol budur,

Ariflər yolunda, bil, elm uludur.

Bu dünya elmdir, öyrən, doyunca,

Elmdən başqa şey boş bir oyuncaq.

Elmsiz olsaydı xilqətin canı,

Dirilik sarmışdır böyük cahanı.

Elmsiz bir adam bir neydir - qırıq,

Yüz canı olsa da, ölübdür artıq.

Elmsiz bu dünya soyuq məzardır,

Ancaq elm evində rahatlıq vardır.

Elmin yanğısından gözəl şey nə var?

Elmsiz nə gül gülər, nə bulud ağlar.

Elm hiylə bilməz, lazımdır yazaq,

Elm sevdasından buraxmaq uzaq.

Köpək kimi yemək, içmək nədir, nə?

Bir pişik olsa da, can ver elminə.

Elm düşsə daşm da qəlbinə əgər,

Gövhərdən özünə məşuq düzəldər.

Maqnit olmasaydı elmin əsiri

Çəkməzdi özünə dəmir zənciri.

Kəhrəbanın elmə düşməsə canı,

Cəzb edə bilməzdi quru samanı.

Dünyada gövhər var, daş var nə qədər -

Elmsiz nə saman, nə dəniz çəkər.

Bu saysız-hesabsız maddələr yenə,

Elmlə meyl edir mərkəzlərinə.

Od kiçik bir dəlik tapmasa, hökmən

Elmlə çıxar çölə yerin təkindən.

Baxma ki, bu ürək can sultanıdır,

Elmə könül ver ki, canlar canıdır.

Kainatda hər şey elmə bağlıdır,

Filosoflar onu eşq adlandırır.

İdrakı dinləsək, söyləyir o da:

Hər şey elm üstündə durur dünyada.

Göylər yaransaydı elmdən azad,

Düşün, olardımı yer üzü abad?

Elmsiz təndə can görmədiyimdən

Ürəyimi satıb elm almışam mən.

Elmlə dünyaya saldım dumanlar,

Eşqin gözlərini etmişəm xumar.

Elmdir bəzəyən yerdə hər yanı,

Doldurdum səsiylə elmin dünyanı.

Ondan uzaq gəzən hər cahil insan,

Elm ilə olacaq oxuyub yazan.

Elm qaranlıqda işıqdır, işıq,

Dünyada hər şeyə elmlə çatmışıq.

Ey Nizami, elmdir bu matahımız,

Elmlə açılsın qoy sabahımız!

 

***

Oxucu, elmdir dünyaya işıq,

Qaranlıqdan yalnız elmlə çıxmışıq.

Elm ki, əbədi Prometeydir,

Aqillər üçün elm susmayan neydir.

Elm haqda danışmaq düşüb əlimə,

Yaşasın alimlər, eşq olsun elmə!

Nizaminin eşqi dərin, uludur,

Eşq yolu həm də elmin yoludur.