Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Nizami Gəncəvi - 880

Nizamişünaslığın tarixində yeni mərhələ - Zəhra Allahverdiyeva

18-01-2021 [ 13:06 ] [ oxunub:102 ]
printerA+ | A-
100799

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin bədii irsi xalqımızın mənəvi sərvətidir və bu sərvətin qorunması, tədqiqi və təbliği Azərbaycan dövlətinin yeritdiyi siyasətin tərkib hissəsi olaraq daim diqqət mərkəzindədir. Dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında sərəncamı ölməz şairin irsinə daimi qayğı və diqqətin bariz nümunəsidir.

Onu qeyd edim ki, vaxtında verilmiş bu sərəncamla Azərbaycan nizamişünaslıq elminin tarixində yeni bir möhtəşəm dövr başlayır.

XX əsrdə Azərbaycan nizamişünaslığı öz monumental töhfələri ilə dünya elmi tarixində yeni səhifələr açmışdır. Həmin dövrdə Nizami Gəncəvi əsərlərinin elmi-tənqidi mətnlərinin hazırlanması, nəşri, tərcüməsi, tədqiqi və təbliği sahəsində görülən uğurlu işlər dünya miqyasında əzəmətli bir məktəbin - Azərbaycan nizamişünaslıq məktəbinin varlığını bir daha təsdiqləmişdir.

XX əsrdə Azərbaycanın fədakar alimlərinin fəaliyyətinin bəhrəsidir ki, bu gün Azərbaycan Respublikası Nizami Gəncəvi irsinin öyrənilməsi, nəşri və təbliği işində dünya üzrə əsas koordinat mərkəzə çevrilmişdir.

Azərbaycanın müstəqilliyi dövründə də dövlətimiz daim nizamişünaslığın inkişafına xüsusi diqqət yetirir və mütəfəkkirin irsinin dünya miqyasında təbliğində mühüm işlər görür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 dekabr 2011-ci ildə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncamla nizamişünaslığın məqsədyönlü və uğurlu fəaliyyəti daha da genişlənmişdir. Müstəqilliyimizin ilk illərindən başlayaraq doğma Gəncə şəhərində şairin məqbərəsi bərpa edilərək yenidən qurulmuş, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır.

Bu dövrdə görülmüş işlər içərisində 2013-cü ildə İngiltərədə Oksford Universiteti nəzdində yaradılmış “Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi”nin uğurlu fəaliyyətini göstərmək lazımdır. Bu elmi mərkəz Azərbaycan Respublikası rəhbərliyinin dəstəyi və himayəsi sayəsində, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevanın və Oksford və Nyu York universitetlərinin şərqşünaslıq sahəsi üzrə professoru Robert Hoylandın təşəbbüsü ilə yaradılmışdır. Elmi mərkəz Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması, o cümlədən Nizami Gəncəvi irsi haqqında dəqiq məlumatların elmi ictimaiyyətə çatdırılması sahəsində bir sıra mühüm işlər görmüşdür. Belə ki, görkəmli şərqşünas və nizamişünas  alim Y.E.Bertelsin 1940-cı ildə yazdığı “Böyük Azərbaycan şairi Nizami. Həyatı, yaradıcılığı və dövrü” monumental monoqrafiyası ingilis dilinə tərcümə olunaraq, 2017-ci ildə “Gilqamış” nəşriyyatı tərəfindən Londonda çap edilmişdir.

Bundan əlavə, “Nizami Gəncəvi” adına Elmi Mərkəzin təşəbbüsü ilə Bakıda 14-15 mart 2018-ci ildə “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” Beynəlxalq elmi konfransın keçirilməsi mühüm tarixi hadisə idi. Bu konfransa dünyanın müxtəlif ölkələrindən məşhur şərqşünaslar cəlb olunmuşdu. Hətta o Qərb alimləri ki, vaxtı ilə Nizamini fars şairi kimi təqdim edirdilər, onlar da regionla tanışlıqdan sonra məsələnin əsl mahiyyətini anlayaraq, Nizami Gəncəvinin Azərbaycanın böyük şairi olduğunu etiraf etmişlər.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın elmi potensial qüvvələri nizamişünaslığın aktual problemlərinin həlli sahələrinə yönəldilmişdir və hazırda akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yenidən Nizamişünaslıq şöbəsi yaradılmışdır. Şöbənin rəhbəri AMEA-nın müxbir üzvü Nüşabə Araslının başçılığı ilə dahi şairin həyatının və ədəbi irsinin tədqiqi müxtəlif monoqrafiya və məqalələrdə davam etdirilir. İnstitutun rəhbərliyinin təşəbbüsü və Nizamişünaslıq şöbəsinin fəaliyyəti sayəsində “Nizami Gəncəvi almanaxı”nın nəşri bərpa olunmuşdur. 2019-cu ildə Bakıda çap olunan “Nizami Gəncəvi almanaxı”nın birinci sayı Azərbaycanın görkəmli şərqşünas alimi, akademik Həmid Araslının xatirəsinə ithaf olunmuşdur.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvi: həyatı və yaradıcılığı” adlı ikicildlik elmi monoqrafiya çapa hazırlanmaqdadır.

5 yanvar tarixdə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə əlaqədar bir sıra nizamişünaslıq problemlərinin həllinə daha geniş istiqamətlər açılmış oldu. Nizami Gəncəvinin həyatı, dövrü, ədəbi mühiti haqqında dəqiq elmi araşdırmaların aparılması, şairin əsərlərinin əlyazmalarının dürüst elmi-tənqidi mətnlərinin üzə çıxarılması, bədii irsinin ideya-fəlsəfi-poetik xüsusiyyətlərinin daha geniş aspektdə tədqiqi, poemalarının dünya xalqlarının dilinə tərcümələri və nəşri işlərinin yenilənməsi üçün mühüm şərait yaranmış oldu. Ümid edirəm ki, sadalanan bu problemlər üzrə hər bir mütəxəssis nizamişünaslığa öz dəyərli töhfəsini verəcəkdir.

SİZƏ MARAQLI OLA BİLƏR