Nizami Gəncəvinin dünyəvi şöhrət qazanan ölməz irsi orta əsr türk epik şeirində geniş yayılaraq türk məsnəvi ədəbiyyatının inkişafına mühüm təsir göstərmişdir. Orta əsr klassik türk poeziyasının görkəmli nümayəndələri dahi şairin qabaqcıl ənənələrini, sadəcə, davam etdirməmiş, ona zamanın mənəvi-estetik tələbi baxımından yanaşmış, şairin bədii fikir tarixinə gətirdiyi yüksək bəşəri idealları öz ədəbiyyatlarının spesifik cəhətlərilə birləşdirərək, yaradıcı münasibətləri, fərdi sənətkar təbiətlərindən irəli gələn əlavələrlə zənginləşdirmişlər. Məhz buna görə də türk epik poeziyası özünün milli səciyyəsini bütün dövrlərdə qabarıq göstərə bilmiş və onun görkəmli təmsilçiləri Nizami ənənələrinin təqlidçiləri deyil, davamçıları, əsl mənada, layiqli xələfləri kimi şöhrətlənmişlər.
Nizami ənənələrini milli zəminlə bağlı yeni məzmun və orijinal poetik biçimdə davam etdirən türk "Xəmsə” müəllifləri içərisində XVI-XVII əsrlərdə yaşamış Nəvizadə Ətayi xüsusilə seçilir.
Ətayi 1583-cü ildə zəmanəsinin tanınmış bilicilərindən olan alim-şair Nəvinin ailəsində dünyaya göz açmışdır. Əsərlərində atası haqqında tez-tez söhbət açan şair bədii yaradıcılığı və özünün dini-fəlsəfi görüşlərilə atasını izlədiyini qürur hissi ilə bildirərək deyir:
Anın feyzidür dildə olan gühər,
Həm ustaddır bana, həm pedər.
Nola pişuva etsem ol arifi,
O Camiyi-əsr idi, bən Hatifi[1]. [1, s.21]
Gördüyümüz kimi, şair sələflərinin həyatından nümunə gətirərək atasını Şərqin mütəsəvvif sənətkarı Əbdürrəhman Camiyə, özünü isə onun bacısı oğlu Hatifiyə bənzədir. Ətayi başqa bir yerdə də:
Peyrov oldum o piri-danaya,
Bənzəmək xoşdur adam ataya. [2, s.152]
– deyərək atasını bilici ustad kimi xatırlayır.
Ətayi 1598-ci ildə atasını itirdikdən sonra təhsilini Əxizadə Əbdülhəlim Əfəndinin yanında davam etdirməyə başlayır. 1601-ci ildə İstanbul Canbaziyə mədrəsəsinə müəllim təyin olunur. 1608-ci ildə Lofada, sonralar Baba Əski, Varna, Silistre, Tekburdağı, Hezardağ, Timova, Turhala, Manastr və Uskupda qazilik edir.
1635-ci ildə İstanbula qayıdan şair orada dünyasını dəyişir.
Ətayi "Xəmsə”sinə daxil məsnəvilərində öz uca şəxsiyyəti ilə bağlı maraqlı qeydlər edir, tez-tez müqəddəslərlə xəyali görüşündən söhbət açır ki, bu da onun dövrünün elmi və dini-fəlsəfi görüşlərilə yaxından tanış olduğunu, müqəddəs şeyx kimi məşhurlaşdığını bildirir.
Şair "Xəmsə”sinin 2-ci əsəri "Nəfxətül-əsrar”da babasının XV əsrin məşhur xəlvətiyyə şeyxi Gülşəni ilə görüşməsindən bəhs edən bölmədə şeyxin cəzbəsi, hikmət və möcüzələrindən danışarkən bu görüş zamanı Gülşəninin onun babası salik Pir Əliyə evlənməyi tövsiyə etdiyini və ona bir sevimli oğlu olacağı haqqında müjdə verdiyini qeyd edir. Bu qeyri-adi uşağın gələcəkdə maarif kəsb edərək uca məqama yetişəcəyini qabaqcadan ona söyləyir.
Şairin bilavasitə öz həyatı ilə bağlı olan bu və bu kimi hekayələri onun müqəddəs bir ocağın yetirməsi olduğunu bir daha təsdiq edir.
Mənbələr Ətayinin üsküdarlı Əziz Mahmud Xudainin müridi olduğunu, Sultan II Murada, Şeyxülislam Sunullaha, Yəhya bəyə və dövrünün digər nüfuzlu şəxsiyyətləri və dövlət adamlarına qəsidələr həsr etdiyini qeyd edirlər. Nəvizadə Ətayinin otuz bir qəsidə, üç yüz üç qəzəl, iki mərsiyə, dörd müsəddəs, bir müəşşər, əlli qitə, on üç rübaidən ibarət lirik şeirlər "Divan”ı olduğu məlumdur [3, s.40-42]. Bununla belə, türk ədəbiyyatı tarixində şair daha çox "Xəmsə” müəllifi kimi şöhrətlənmişdir.
Şairin "Saqinamə”, "Nəfxətül-əzhar”, "Söhbətül-əbrar”, "Həft xan” və "Xilyətül-əfkar” məsnəvilərindən ibarət olan "Xəmsə”sinin ilk məsnəvisi "Aləmnüma” ("Saqinamə”) 1617-ci ildə yazılmışdır. Əsərin "Baise-təhriri-name və səbəbe-nəzme-Saqiname” adlanan fəslində Ətayi bir səhər çağı səfalı bahar nəsiminin dərin düşüncələrə dalan şairə yetişərək ona feyz əyyamının gəldiyini müjdə verdiyini söyləyir: Baharın gözəl səhəri, ətrafı bürümüş əlvan çiçəklərin xoş ətri, quşların şən nəğmələri, Saqi və Müğənni onu rumi dilində dastan yaratmağa ruhlandırır, özlüyündə fikirləşir ki:
Niçün etməyə bunu bir dastan
Zühuri-pəsəndani-rumi zəban?
İdüb müstəqil yəni bir məsnəvi,
Utandırmaya şiveye-Xosrovi?... [1, s.13]
Ətayi bu fəsildə anadilli şeirin təəssübkeş təbliğatçısı kimi çıxış edir. Farsdilli poeziyanın məsnəvidə üstünlüyünü xüsusi vurğulayan şair, mədhiyyə şeiri və qəzəldə rumlu qələminin daha qüvvətli oduğunu diqqətə çatdırır.
"Aləmnüma” əsəri başdan-başa milli zəmində, doğma ədəbiyyatın ənənələri üzərində meydana gəlmişdir. Ətayi əsərdə şeir, söz sənəti və sənətkarla bağlı mülahizələrində də doğma dilin üstünlüklərini dönə-dönə xatırladır, farsdilli məsnəvi şeirinin mühüm rolunu qeyd etməklə yanaşı, ona yaradıcı yanaşmağı, təqliddən, tərcümədən çəkinməyi tövsiyə edir. Bunu Ətayi "Xəmsə”sinə daxil digər əsərlərin də bədii ruhunda, məzmun və fikri istiqamətlərində aydın görmək olur.
Ki mədhü təğazüldə Rumiqələm,
Olub qalibi-sahirani-əcəm.
Ço şəmşiri-xunriziye-Osmaniyan
Zühur etdi ricali-Türki zəban... [1, s.14]
Bu baxımdan Nəvizadə Ətayi dövrün bədii mənzərəsini əks etdirən, poeziyanın əcəm təsiri və fars dilinin nüfuzundan xilas olub milliləşməyə doğru inkişafını rəğbətlə izləyən, təqdir edən vətənpərvər şair kimi diqqəti cəlb edir.
Ətayi "Xəmsə”sinin birinci məsnəvisi olan "Aləmnüma”nı Nizaminin "İskəndərnamə” poemasının ilk hissəsi "Şərəfnamə”nin təsirilə qələmə almışdır. Əsərin həm də "Saqinamə” adı ilə məşhurlaşması da bununla bağlıdır.
"Xəmsə” ərbabına idüb təqlid
Eylədim pəncegiriye-xurşid.
Əvvəla vadiyi-Şərəfnamə
Oldu caye-tətəbbüye-xamə... [1, s.275]
"Xəmsə”nin 2-ci əsəri "Nəfxətül-əzhar” ("Çiçəklərin nəfəsi”) adlanır. Ətayi bu məsnəvidən sonra 1625-ci ildə "Söhbətül-əbkar” ("Bakirələrin söhbəti”) məsnəvisini yazır. Ə.Caminin "Söhbətül-əbrar”ı ("Müqəddəslərin söhbəti”) müqabilində qələmə aldığı bu əsərdə şair hər bölmənin ilk hissəsində qoyduğu dini-fəlsəfi və həyati problemləri sonrakı hissədə yer alan hekayələrdə epik lövhələrlə şərh edir.
Ətayi "Xəmsə”nin "Həftxan” adlanan dördüncü məsnəvisini Nizaminin "Həft peykər” əsərinin təsirilə, hətta ona nəzirə olaraq 1626-cı ildə yazmışdır.
"Xəmsə”nin son əsəri olan "Xilyətül-əfkar” Osmanlı dövlətində yaşamış üləma və şeyxlərin həyat və fəaliyyətinə həsr olunur. Ətayi onların əsərləri haqqında da ətraflı məlumat verərək dövr və ictimai-mədəni mühitlə bağlı aydın təsəvvür yaratmağa çalışır.
Ətayi əsərlərində sələflərini tez-tez həm də böyük ehtiramla xatırlayır. Söz sənəti, dövrün ədəbi-bədii istəyi, mədəni-mənəvi tələbatla bağlı şəxsi düşüncələrini qələmə alır. Bununla belə, Ətayi əsərlərini yüksək qiymətləndirir, sələflərinin ənənələrini ləyaqətlə davam etdirdiyini də qürur hissilə bildirir. "Həft xan”da oxuyuruq:
Oldu "Aləmnüma” ki, surətyab,
Saldı "Ayineyi-İskəndər”ə tab.
Saniya oldu "Nəfxətül-əzhar”,
Pərtovi-nəqşi "Mətləül-ənvar”.
Buyi-dilkeş ke xəlqi məst etdi,
"Məxzən”in payəsini pəst etdi.
İrdi o gövhəri-miyanına dəst,
Rövnəqi-Şeyxiyə irişdi şikəst.
Salisa nəzmi "Söhbətül-əbkar”,
Oldu silki gühər kibi həmvar.
"Həft peykər” ki oldu pişnəhad,
Oldu axər cəvabi-dəlqi-murad.
Yeddi Məclis olub tərazəndə,
"Həft əxtər”lə oldu nazəndə. [1, s.275]
Göründüyü kimi, Ətayi özünün şairlik istedadını klassik Şərq poeziyasının görkəmli simalarının əsərləri ilə müqayisədə dəyərləndirir. Zəmanəsinin ədəbi-mədəni həyatı, dini-fəlsəfi görüşləri ilə yaxından tanış olan şair Şərq bədii-fəlsəfi fikrinin Mövlana Cəlaləddin, Nəsimi, Xosrov Dəhləvi, Sədi Şirazi, Hafiz, Nəvai, Cami, Gülşəni, Taşlıcalı Yəhya, Şeyxi, Rəvani və başqa görkəmli nümayəndələrini tez-tez xatırlayır, dini-tarixi şəxsiyyətlər, fikir adamları ilə bağlı maraqlı mülahizələr söyləyir. Bu baxımdan onun tanınmış "Xəmsə” müəllifləri, ilk növbədə bu ənənənin banisi olan Nizami Gəncəviyə münasibəti xüsusilə diqqətəlayiqdir.
Nizami təsiri, qeyd olunduğu kimi, Ətayi "Xəmsə”sinin ilk halqası "Aləmnüma”dan başlayaraq şairin əksər məsnəvilərində özünü göstərir. Bunu onun dahi sələfinin məsnəviyə gətirdiyi "Saqinamə” və "Müğənninamə”lərə müraciətlərində daha aydın görmək olur.
Ətayinin Nizaminin "Məxzənül-əsrar”ına cavab olaraq yazdığı "Nəfxətül-əzhar” əsəri quruluş, vəzn baxımından olduğu kimi "nəfxə” adlanan bölmələrdə qoyulan əksər problemlərlə də Nizaminin "Məxzənül-əsrar”ına yaxınlaşır. "Nəfxətül-əzhar” da, Nizami əsərində olduğu kimi, "Bismillah”ın tərifi ilə başlayır.
Bismillahiərrəhmanir-rəhim
Fehrisi-ğərrayi-kitabi-kərim.
Sərsoxəni-nüsxeyi-fəzlül-xitab,
Taci-tərazəndeyi-ümmül kitab... [1, s.43]
Əsərin Nizami təsiri aydın duyulan bu başlanğıc hissəsi özünün məzmunu, həcminin daha genişliyi, xüsusilə şairin "Bəsmələ”ni təşkil edən hərflərlə bağlı düşüncələrinin ifadəsi ilə seçilir.
Ətayi dövrünün ictimai-mədəni durumundan bəhs açır. Zəmanə əhlini düşündürən sosial-ideoloji problemlərə toxunur. Əsərdə ədalət və adil hökmdar məsələlərinə cəmiyyətin inkişafında şahın məsuliyyətli roluna xüsusi bölmələr həsr edilir. Şair özünün cəhldən, nadanlıqdan uzaq ağıla, biliyə əsaslanan cəmiyyət və qəza etməyi bacaran ədalətli hakimlə bağlı arzularını ifadə edərək:
Xosrovi-adil ki, ədalət edər,
Aləmi lütfilə imarət edər.
...Hakim olan aqil u dana gərək,
Qüvvətü əqildə tavana gərək.
Gahi çəkib tiği-cəvahirfəşan
Tiğ kibi dəxi ola rütəblisan...[1, s.66],
– deyir.
Şair bu əsərində eşq və onun təsəvvüfi anlamı ilə bağlı görüşlərinə də geniş yer verir. "Nəfxətül-əzhar”da, "Sirlər xəzinəsi”ndə olduğu kimi, yazıldığı dövrün ictimai-siyasi mənzərəsi, aktual problemləri və şairin müasirlərinin bədii obrazları əksini tapmaqdadır. Ətayi də Nizamini izləyərək hər "nəfxə”də qoyduğu əxlaqi-təlimi məsələləri verdiyi hekayələrdə şərh etməyə çalışır. Hər iki şairin əsərində şeir, şairlik, bədii sözün yüksək dəyəri ilə bağlı maraqlı mülahizələrlə qarşılaşırıq. Doğruçuluq, az danışmağın məziyyəti, yalançı zahidlərin tənqidi, hiylədən çəkindirmək, dünyaya uymamaq, hünərin, biliyin faydası, elmə rəğbət və başqa bu kimi etik-əxlaqi görüşlərin təlqini də şairin bu əsərini Nizaminin "Məxzənül-əsrar”ına yaxınlaşdırır. Ətayi də sələfinin yolu ilə gedərək şöhrətpərəst, tamahkar insanlara etirazını bildirir, müasirlərini təvazökar, qənaətcil olmağa, hünəri, ağılı yüksək dəyərləndirməyə çağırır.
Şairin doğruçu olmaq, həqiqəti uca tutmaq, hiylədən, yalandan çəkindirən öyüdləri də Nizami görüşləri ilə yaxından səsləşir.
Doğru ilə himmət olur balüpər,
Hər sifəti, hər sözü daşdan keçər.
Rastlıq sərvi edər sərfəraz,
Bağü bahar içrə bulur imtiyaz.
Bid[2] ke zibi-çəmən ü bağ olur,
Keçə-gələ yalımı alçaq olur.
Tak[3] dirərkən nəəmi-bikəran[4],
Turma yenə kəsmədədür bağban.
Əqri olan kənduyə eylər ziyan,
Dəstkeşi-aləm olur çun kəman.
Ətayinin bu beytləri Nizaminin "Sirlər xəzinəsi” əsərindəki 14-cü məqalədə doğruluqla bağlı deyilən aşağıdakı beytlərini yada salır:
از کژی افتی به کم و کاستی از همه غم رستی اگر راستی
گل ز کژی خار در آغوش یافت نیشکر از راستی آن نوش یافت
[4, s.138]
(Əyrilikdən əskikliyə düşərsən, düz olsan, bütün qəmlərdən qurtararsan. Gül əyrilikdən qucağında tikan tapdı. Şəkər qamışı balı düzlükdən tapdı.)
Nizami "Xosrov və Şirin” əsərində doğru sözün möhtəşəm olduğunu bildirərkən yazır:
چو صبح صادق آمد راست گفتار جهان در زر گرفتش محتشم وار
چو سرو از راستی برزد علم را ندید اندر خزان تاراج غم را
[4, s.138]
(Sübhi-sadiq doğruçu olduğundan dünya onu qızıla tutub möhtəşəm etdi. Sərv doğruluqdan bayraq qaldırdığı üçün payızda qəmin taracını görmədi.)
"Nəfxətül-əzhar”ı Nizami əsəri ilə birləşdirən cəhətlərdən biri də Ətayinin söz sənəti ilə bağlı düşüncələrinin ifadəsində özünü göstərir. Ətayi də bədii sözü yüksək dəyərləndirərək gözəl biçimli, qafiyəli sözün, yəni şeirin ilahi mənası, mənəvi həyatdakı çoxcəhətli funksiyası üzərində geniş dayanır:
Sözdür olan hasili-kani-vücud,
Sözdür olan gövhəri-dəryayi-cud,
Sözdür olan nəğmeyi-yahuye-raz,
Sözdür olan nəğmeyi-suzu-qodaz,
Söz ki olur meyveyi-tərdən ləziz,
Eşqlə cüllabi-şəkərdən ləziz,
Şerdir ilhami-nigahbani-qeyb,
Şerdir ilhami-zəbandani-qeyb,
Şerilə fəhm oldu kəlami-xuda,
Şeri süar eylədilər övliya. [1, s.70]
Ətayi sözün tərifindən geniş bəhs açdığı "Nəfxətül-əzhar”ında Nizaminin bu mövzu ilə bağlı fikirlərinə yaxın mülahizələr söyləməklə yanaşı, yeri düşdükcə Şərqin görkəmli söz ustadlarının da adlarını xatırlayaraq Mollayi Rumi, Nizami, Xosrov Dəhləvi, Sədi, Cami, Hafiz kimi sənətkarların bədii sözün qüdrəti sayəsində ucalaraq əbədi şöhrət qazandıqlarını bildirir. Şeirlə bağlı düşüncələrini də Nizaminin "Sirlər xəzinəsi” əsərindəki:
پیش و پس بست صف کبر یا پس شعرا آمد و پیش انبیا [1, s.91]
(Müqəddəslər ön və arxaya düzülüb sıra bağladılar. Əvvəl peyğəmbərlər, sonra şairlər gəldi) – beytini təzmin etməklə təsdiqləyir.
Şair öz şeirini sələflərinin əsərləri ilə müqayisə edərək onların səviyyəsinə yüksəlmək üçün layiqli bir pirin köməyini zəruri sayır:
Hər birinin qıl nəzər asarinə,
"Məxzən”inə, "Mətləi-ənvar”inə.
Hiç kəramətsiz olurmu bu kar?
Cümləmizin əqli var, idrakı var.
Şeir bunun kibilərin halıdır,
Bən dedigüm bunların oxşarıdır. [1, s.71]
Ətayi sələflərinin əsərləri müqabilində öz "Nəfxətül-əzhar”ını təqlid hesab edir. Ancaq bunun özünün də asan iş olmadığını, böyük hünər tələb etdiyini diqqətə çatdıraraq sənət aləmində böyük sənətkarları izlədiyini ona nöqsan tutan müasirlərinə də Nizami əsərindən təzmin etdiyi aşağıdakı beytlə cavab vermişdir:
هست در این دایره لاجیورد مرتبه مرد به مقدار مرد[1, s.105]
(Bu mavi dairədə insanın rütbəsi onun mərdliyi qədərdir)
Ətayi "Nəfxətül-əzhar” əsərində söz sənətinə həsr etdiyi 3-cü nəfxədə də bədii sözün yüksək dəyəri ilə yanaşı, Nizami sənəti, "Xəmsə” müəllifləri, Nizami ənənələrini izləyən sənətkarların yaradıcılığı, şairin əsərlərinin sənət aləmində oyatdığı əks-səda haqqında söhbət açır. Ətayi sələfləri və onların əsərlərini sadəcə tərifləmir, dahi Nizamini fəziləti hamıya əyan olan uca şəxsiyyət, zəmanəsinin tayı-bərabəri olmayan yeganə gövhəri adlandırır. "Xəmsə” müəlliflərinin heç birisinin onun məqamına yüksələ bilmədiyini xüsusi vurğulayaraq:
Fəzli həqiqətdə əyandır yenə,
Gövhəri-yektayi-zəmandır yenə.
"Xəmsə”sinin həmsəri nayabdır,
Dürri-yeganə, göhəri-nabdır.
"Xəmsə” deyən çünki deyil həmənan
Hiç bərabərmi olur beş bənan.[5] [1, s.72]
– deyir.
Ətayi sələfi ilə bağlı mülahizələrində dövrünün şeir-sənət maraqlıları, söz sənətinin oxucu və dinləyicilərə təsiri məsələsinə toxunur. Şairə görə, ancaq bədii sözün məna və bədii incəliklərini dərk edən sənət biliciləri, elm və irfan sahibləri tərəfindən anlaşılan şeir cəlbedici məzmunu və zahiri gözəlliyi ilə adi oxucuları heyran edən şeirdən fərqlənir:
Şeirin olur kimisi məqbuli-xas,
Kimi bulur amiyyəyə ixtisas.
Az düşər ki, ola lütfi-qədər,
Xaspəsənd olavü həm amgər... [1, s.72]
Ətayi adını xüsusi qeyd etməsə də, Nizami əsərlərinin həm incə düşüncəli arif insanların, həm də adi şeir-sənət sevərlərin zövqünə uyğun olub ümumxalq məhəbbəti qazandığına xüsusi diqqət yetirir, bunu Nizami sənətini fərqləndirən əlamətdar cizgi kimi təqdim edir.
Ətayinin sələfləri ilə bağlı belə ədəbi-nəzəri görüşləri onun bu nəfxədə əksini tapan "Dastani-xabi-Xosrovi-Hindi və hücum kərdəne Şeyx Nizami və mədədrəsiye-qutbe-aləm Nizaməddin Dəhləvi qudsəllahi-əsrarihum” (Hindu Xosrovun yuxusu və Şeyx Nizaminin hücum etməsi və aləmin qütbü Nizaməddin Dəhləvinin köməyə gəlməsi haqqında dastan) – qüdsəllahi-əsrarihum – hekayəsində də şərh olunur.
Hekayənin məzmunu Nizaminin "Məxzənül-əsrar”ındakı:
تیغی ز الماس سخن ساختم هر که پس آمد سرش انداختم [4, s.76]
(Söz almazından bir xəncər düzəltdim, arxamca gələnlərin başını vurub saldım.)
– beyti əsasında qurulmuşdur.
Hekayədə deyilir ki, Nizami Gəncəvidən sonra ikinci "Xəmsə” müəllifi kimi tanınan, şairin görkəmli davamçısı Xosrov Dəhləvi özünün gözəl qəzəlləri, qitə və qəsidələri ilə məşhurlaşdıqdan sonra məsnəvi yazmağa başlayır, get-gedə kamilləşərək Şeyx Nizaminin ardıcılı olub "Pənc gənc” yazmaq arzusuna düşür.
Həzrəti-Şeyx ilə olub pəncəgir,
"Xəmsə”yə əl vurdi ol qərrənde şir.
Ətayi sənət qüdrətindən ehtiramla danışdığı Xosrov Dəhləvinin yaradıcılığını yüksək qiymətləndirsə də, Nizami ilə müqayisədə üstünlüyü Gəncə ustadına verir. Onun Nizami ilə belə cəsarətli rəftarını təqdir etmir, sələfi qarşısında öyünməsini narazılıqla bildirir.
Qürrə olub qüvvəti-bazusinə
Dimədi kəsr irişə nirusinə.
Xeyli dəliranə zühur eylədi,
Tərki-ədəb etdi qürur eylədi
Bilmədi ki, şeyxi-kəramətpənah
Eylədi hər beyti ilə səddi-rah.
"Tiği ze əlmasi-soxən saxtəm,
Hər ke pəs aməd sərəş əndaxtəm”. [1, s.71]
Gördüyümüz kimi, sələfinin hər beyti ilə sonradan gələn şairlərin yolunu kəsdiyini bildirən şair, onun "Sirlər xəzinəsi”ndə yer alan və yuxarıda qeyd etdiyimiz:
تیغی ز الماس سخن ساختم هر که پس آمد سرش انداختم
(Söz almazından bir qılınc düzəltdim, arxadan gələnlərin başlarını vurub saldım.)
– beytini də təzmin edir.[6] Hekayədə beytin mənasını şərh etməyə çalışaraq şair yazır:
Qəsdi bu ki, olmaya hərgiz qoşad,
Qala tilism ilə bu gənci-murad.
..Ərseye-nəzminin olub kamili,
Sonra gələn bulmaya bu mənzili.
Kənduyə bu dövlət ola münhəsir,
Olmaya bir fərdə müyəssər bu sirr,
Xatimeye-dövləti-irfan ola,
Ol da bu vadidə Süleyman ola. [1, s.71]
Ətayi Nizaminin sözü gedən beytində şairin fəxriyyə şeirinə xas obrazlı tərzdə ifadə olunan bədii məqsədinin izahında daha çox subyektiv görüşlərindən çıxış etsə də, şairin Nizaminin bu beyti üzərində dayanması, fikrini "Məxzənül-əsrar”dan etdiyi təzminlərlə sübut etməsi onun Nizami irsinə dərindən bələdliyini və sələfinin sənət qüdrətinə inamını göstərir.
Hekayədə Dehli şəhərində o zamanlar Xosrov Dəhləviyə böyük məhəbbət bəsləyən uca məqamlı bir şeyxin yaşadığı nəql olunur. Ətayi Xosrov Dəhləvinin öz "Xəmsə”sini yazdıqdan sonra özünə qürrələnərək Nizaminin "Xəmsə”si haqqında xoşagəlməz sözlər söylədiyini deyir. Həmin gecə yuxuda onun gözlərinə Gəncədəki xəzinə, yəni Nizami görünür. Ancaq o, şairin təbiəti ilə uyğunlaşmayan bir tərzdə qəzəbli, hiddətlə xələfinə hücum edərək ona qılınc çəkir.
Ətayi bu səhnəni maraqlı bir şəkildə təsvir edərək hekayədə Nizaminin obrazının şairin öz beytinə uyğun bir tərzdə Xosrova göründüyünü göstərir.
Oldu haman nitə ki, ruzi-şümar,
Gəncədəki gənci-dəfin aşikar.
Gənc, vəli əjdərivar səhmnak,
Tiğ tilisimindən olur zəhrnak.
Yəni gəlib Həzrəti-şeyxi-füzin,
Ərreyi-omr idi cəbinində çin.
Zahir idi hiddəti manəndi-bərq,
Tiği əlində nitə kim şahi-Şərq.
Yürüdü üstünə o Mərrixçehr,
Etməyə qəltidə sərin həmçü mehr. [1, s.191]
Əlacsız qalan Xosrov Dəhləvi Allaha yalvarıb ondan kömək istəyir. Bu zaman Əmir Xosrovun öz şeyxi onun köməyinə gəlir. Əlini qılıncın qabağına sipər edərək Xosrovu qurtarır. Qılınc şeyxin qolunu yaralayır, Xosrov tövbə edərək xilas olur.
Səhər olcaq Xosrov gəlib şeyxinə gördüyü yuxunu danışır, Şeyxi qolunu açıb iki qılınc yarasını ona göstərir. Bu əhvalatdan sonra Xosrov Dəhləvinin şeyxinə olan ixlası daha da artır. O, Nizamiyə də ürəkdən etiqad edərək ona daha çox məhəbbət bəsləyir:
Dinlədi bu vaqiəni Dəhləvi,
Eylədi ixlas ilə sidqin qəvi.
Şeyx Nizamiyə idub etiqad,
Qədrini gündən-günə bildi ziyad. [1, s.73]
Nizami beytinin xalq içərisində doğurduğu, bəlkə, elə Ətayinin özünün yaratdığı rəvayətə əsaslanan bu simvolik səciyyəli hekayə bir daha Nizami əsərlərinin türk ədəbi ictimaiyyətinin diqqət mərkəzində duraraq məhəbbətlə izlənildiyini göstərir.
Əvvəl də qeyd etdiyimiz kimi, Nizami sənəti Ətayi "Xəmsə”sinə daxil olan əsərlərin, demək olar ki, hamısında böyük ehtiram və məhəbbətlə xatırlanır. Şair bilavasitə Nizami təsirilə yazdığı əsərlərində ("Aləmnuma”, "Nəfxətül-əzhar”, "Həft xan”) olduğu kimi, şairin davamçıları olan Ə.Cami, T.Yəhya və başqa "Xəmsə” ("Həft ourəng”) müəlliflərinin əsərlərinin təsirilə qələmə aldığı məsnəvilərində də Nizami şeirinə münasibət bildirmiş, sələfinin ənənələrini vasitəli yolla davam etdirmişdir. Nümunə üçün, Ətayinin Ə.Caminin "Sübhətül-əbrar” məsnəvisinnin təsiri ilə yazdığı "Söhbətül-əbkar” əsərinə nəzər salaq. Nizami ilə bağlılıq bu əsərdəki "Söhbət” adlanan bölmələrdə əksini tapan ictimai-əxlaqi problemlərlə yanaşı, şairin sənət dühasının geniş şəkildə tərifi, Ətayinin xalq içərisində yayılmış tarixlə bağlı rəvayətlərə, xalq hekayətlərinə, onun öz qeydlərinə müraciətində də aydın görünür. Ətayi "Xəmsə”sinin 3-cü əsəri olan bu məsnəvidə "Sözün fəziləti və gözəlliyi”nə həsr olunan 33-cü söhbətdə yer alan "Dastani-Qızıl Arslan ba Şeyx Nizami qəddəsə sirrəhu (Qızıl Arslan ilə Şeyx Nizami ilə (qəbri nurla dolsun)” dastanında oxuyuruq:
Qıldı çun Gəncədə gəncinə qoşa
Həzrəti-şeyxi-Nizamiye-xoda.
Oldu ərbabi-dilə hadiye-rah,
Qəddəsəllah təaliye-sirrah.
Şeirlə qədri irub Şərayə,
Verdi feyzi şüərayə vayə. [1, s.191]
Şairin şöhrətinin sədası gəlib zəmanə hökmdarı Qızıl Arslana çatır. Şah onunla görüşmək istəyir və onu sarayına dəvət edir.
Çunke quş etdi Atabək anı,
Əsrinin yəni Qızıl Arslanı.
Canilə mayil olub söhbətinə,
Eylədi dəvət onu məclisinə... [1, s.191]
Şaha Nizaminin xəlvətdə məqam tutduğunu, onun hüzuruna gələ bilməyəcəyini xəbər verirlər. Şah özü onun yanına getməyi qərara alır. Nizaminin ixlasını, söz ilə əməlinin uyğunluğunu gözləri ilə görmək istəyir. Qızıl Arslanın bu niyyəti qeybdən Nizamiyə əyan olur. İlk görüş anlarında o, şahın gözünə zər geyimli məclis əhli arasında daş-qaşla bəzədilmiş bir təxt üzərində başında qızıl tac oturmuş halda görünür. Şah dərhal onun ayağına düşür, səcdə edir. Elə bu anda özünü bir mağaranın önündə dəri üzərində oturmuş, qarşısında təşt, vuzu almaq üçün sürahi, Quran, səccadə, möhür, təsbih və əsadan başqa heç nə olmayan bir qocanın qabağında görür. Qızıl Arslan şairin, həqiqətən, mənalar aləminin padşahı olduğunu anlayır və sidqlə onun qarşısında baş əyir.
Şeyx özünün himmətilə dünya şahını şad edərək onu mədhləri ilə göylərə qaldırır. Şahın şöhrəti Şeyxin "Xəmsə”si ilə dünyaya yayılır.
Ətayi Nizaminin "Xosrov və Şirin” poemasında əksini tapan bir əhvalatı nəql edərək şairin Gəncənin 30 ağaclığında Qızıl Arslanla olan görüş səhnəsinin təsvirində orta əsr təzkirə müəlliflərinin məlumatlarına əsaslanan bu hekayəsində Qızıl Arslanın şairə olan ehtiramını xüsusi vurğulayaraq Şah və sənətkarı qarşılaşdırır. Sənətkarın rütbəsinin daha uca olduğunu təsdiqləyərək Nizami sənətinin onun kəramətindən qat-qat üstün olduğunu bildirir.
Nizami ənənələri Ətayi "Xəmsə”sinin 4-cü əsəri "Həft xan” məsnəvisində də özünü aydın göstərir. Ətayinin 1628-ci ildə bitirdiyi bu əsər Nizaminin "Həft peykər” poeması vəznində olub, yeddi rəqəminin qeyri-adiliyi, rənglərin fəlsəfi şərhi, eşqin təsəvvüfi mənası və başqa həyati məsələləri əhatə edir. Poema, əsasən, yeddi hekayədən ibarət olduğu üçün "Həft xan” adlanır.
"Həft xan” klassik ədəbiyyatda "Şahnamə” qəhrəmanları Rüstəmin, İsfəndiyarın göstərdikləri igidliklərlə bağlı termin kimi məşhurdur. Bu söz "yeddi süfrə” mənasında da anlaşıla bilər. Mövzu baxımından Nizami ilə bağlı olan bu əsər onun "Həft peykər” əsərinə cavab olaraq yazılsa da, əsasən mənsub olduğu ədəbiyyatın səciyyəvi cizgiləri, şairin yaradıcılıq axtarışlarının əksi ilə özünəqədərki eyni mövzulu poemalardan ibarətdir.
Əsərin məzmunu tamamilə yenidir. Minacat, nət, zəmanə şahının mədhi və başqa ənənəvi fəsillərdən sonra gələn "Səbəbi-təlifi-kitab və baisi-nəzmi-gövhəri-nab” fəslində əsərin yazılma səbəbləri açıqlanır. Ətayi "Xəmsə”sinə daxil digər məsnəvilər kimi bu əsərini də dostlarının israrlı təklifi ilə yazdığını bildirir.
Bir bahar günündə dostları ilə gəzməyə çıxan şair onlardan birinin əlində Nizaminin "Yeddi gözəl” əsərinin olduğunu görür:
Nagəhan açdı bir feriştəxisal
Bir kitabi-bədii-fərruxfal.
"Həft petkər” xücəstə nami idi,
Nəzmi-Şeyxi-fəni-Nizami idi.
Oxuyub biz güzel hikayətini
Dinlədik işk ilə rivayətini.
Olunub midhətində haqqı əda,
Oldu nəzmi müsəlləmi-zürəfa. [2, s.217]
Dostlar Nizaminin bu əsərini oxuyub onun haqqında müxtəlif rəylər söyləyir, mübahisə edirlər. Ətayi bu mübahisələrdə Nizami sənətini yüksək qiymətləndirməklə yanaşı, şairin məhəbbətlə bağlı görüşləri üzərində daha çox dayanaraq sələfinin dünyəvi eşq, real insani duyğuları, şairin öz dililə desək, "məcazi məhəbbəti”[7] tərənnüm etməsinə tənqidi yanaşır, Nizami əsərlərində məhəbbətin həyati mahiyyətinin əks olunmasına etiraz edir:
İşk idər Kuhi-Qafi əfkəndə,
İşk qandavu bu nəva qanda?
İşk olur aşiqə dəlili-fəna,
İşk edər padşahi-dəhri-gəda.
İşk tərki-səri əmanidir,
Bəlkə məhvi-vücudi-fanidir...
İşkmidur bu kim olub tənha,
İde məhbubəsilə zövqü səfa?... [2, s.217]
Ətayi Nizaminin Bəhram obrazı ilə də razılaşmır. Şahın yeddi rəngdə günbədlər tikdirib, hər gün müvafiq rəngli paltar geyinib bir günbədə gedib, bir ölkənin şahzadəsi ilə gecəni keçirməsinə etiraz edir. Şair Nizami qəhrəmanlarının həyatsevərliyi, dünya nemətlərindən faydalanmaq, həyati gözəlliklərdən zövq almalarını tənqid edərək zəmanəsinin hakim görüşlərindən olan təsəvvüfi mövqedə durur. Mütləq gözəlliyi, hər cürə nəfsani ehtirasdan uzaq ilahi eşqi tərənnüm edəcəyini bildirir.
Məzmuna keçməzdən əvvəl atasını xatırlayan şair onu yuxuda gördüyünü, atasının ona bir zamanlar başladığı işi davam etdirib başa vurmağı tapşırdığını qeyd edərək, məhz atasının bu vəsiyyətindən sonra "Həft xan” əsərini yazmağa qərar verdiyini bildirir.
Əsərin qısaca məzmunu belədir:
"Konstantiniyə şəhərində bir nəfər aşiq viranələr küncündə qalıb gecə-gündüz ahu fəryad etməkdədir. Ona kömək etmək istəyirlər, nəsihət verirlər, ancaq heç bir faydası olmur. Dostları bir yerə yığışıb çarə axtarmağa başlayırlar. Kimisi ona Kəbəyə, övliya dərgahına gedib təvafı icra etməyi, kimisi onu Qaraca Əhməd məzarına aparmağı, kimisi qızıl sərf edib onu sarılıq xəstəliyindən qurtarıb Sarı Saltık Babaya qurban verməyi məsləhət görür. Birisi deyir ki, bu, bir səbzxəttə aşiq olduğu üçün yaşıllıqları seyr etməlidir. Başqa birisi onun qanlı göz yaşlarını göstərərək bağrının qan olduğunu bildirir və Qızıl Dəli Sultandan kömək istəməyi lazım bilir. Kimisi onun bədənində göy nişanın sağalmaz yara olduğunu söyləyib onu Göy Suya qoymağı, kimisi Səndəl şərabı içirməyi tövsiyə edir, kimisi Ağ Babanın suyunu içməklə şəfa tapacağını bildirir.
Beləliklə, yeddi rənglə bağlı xəstəlik və şəfa yolları xatırlanır.
Nəhayət, yeddi sadiq dost onun başına toplaşıb onlardan hər gün birisinin aşiqanə hekayə söyləməyi, bu yolla ona təskinlik verib qəm-qüssəni unutdurmağı qərara alırlar. Dostların yeddi gün ərzində söylədikləri hekayələrin çoxu da mütləq gözəllik və təsəvvüfi eşq haqqındadır.
Hər hekayədən sonra bir qədər aram tutan aşiq yeddi hekayə tamam olunca özünü məşuqəsinin məkanında görür.
Nizami təsiri, əvvəldə də qeyd etdiyimiz kimi, şairin "Xəmsə”si boyu özünü bu və ya digər dərəcədə göstərir. Onu da qeyd edək ki, şair, eyni zamanda öz böyük sələfinin ardıcılları olan Xosrov Dəhləvi, Cami, Taşlıcalı Yəhya və başqa görkəmli sənətkarların irsi ilə yaxından tanış olmuş, yeri düşdükcə özünə qədərki ədəbi-bədii nailiyyətlərdən bəhrələnmişdir. Bununla belə, məzmundan da aydın görünür ki, mövzunun Nizami yaradıcılığı ilə bağlı olmasına və şairin özünün Nizamidən təsirlənməsinə, hətta əsərlərində onu təqlid etməsini dəfələrlə qeyd etməsinə baxmayaraq, Ətayi heç bir əsərində Nizamini təkrar etməmiş, Nizaminin "Həft peykər” əsərinə bilavasitə nəzirə kimi qələmə aldığı "Həft xan” əsərində də tamamilə orijinal bir yolla gedərək daha çox türk mühiti, doğma məişətindən ayrılmazlığı ilə seçilmişdir. Şair bu əsərini özünün həyatı ilə əlaqələndirdiyini qeyd edərək yazır:
Gərçi ustadlar idüb icad,
Urdular həft günbədə bünyad.
Hər kitab oldu rəşki-səbiyyat,
Səbədur hasili o türfə nükat.
...Etmədüm məşq o vadiyə bu həqir,
Eylədim həsbi-halımı təhrir.
Həsbi-hal olsa dastan deyicək,
Kimə yalan isə bana gerçək. [1, s.220]
Quruluş, kompozisiya baxımından orijinal cəhətlərə malik olan bu əsərdəki dastanlar öz təsəvvüfi səciyyəsi ilə Nizami poemasındakı hekayələrdən fərqlənir. Ətayi əsərində Nizaminin rənglər barədəki fəlsəfi-bədii düşüncələrini xeyli sadələşdirmiş, məzmunla bağlı bədii təsvirlərini günbəd, gözəllərin geyimi və ulduzlarla deyil, təbiət aləmi, səmanın, günün müxtəlif çağlarında aldığı əsrarəngiz görkəm və təbiətdəki əlvanlıqla əlaqələndirmişdir. Ətayi məzmun baxımından olduğu kimi, əsərinin poetik ruhu, türk mühiti, türk məişətindən gələn bədii vasitələrdə də ənənəvilikdən uzaqlaşmağa çalışmış, doğma xalq məsəlləri, türk xalqına məxsus adət-ənənələrin təsviri, qədim türk sözləri, "Kitabi-Dədə Qorqud”da qarşılaşdığımız deyim və ifadələr, türk atalar sözləri, xalq məsəlləri işlətməklə əsərin məzmun və bədii üslubundakı türk əhvali-ruhiyyəsini bir daha qüvvətləndirmişdir.
Bütün bunlarla yanaşı, Ətayi "Xəmsə”sini təşkil edən digər məsnəvilər kimi, "Həft xan” əsərində ədəbi təsir də özünü qabarıq göstərməkdədir. Ətayi, xüsusilə ölkənin ədalətlə idarəsi, hökmdar və xalq münasibətləri, şahın rəiyyətə qayğısı və başqa bu kimi ictimai məsələlərə yer verməklə Nizamini izləmişdir. Şair, hətta məhəbbətə həsr etdiyi hekayələrində də, yeri düşdükcə, ölkənin idarəsi məsələlərinə toxunur və sələfi ilə səsləşən mülahizələr söyləyir.
Bu baxımdan "Həft xan”da yer alan Mahmud Səbuktəkin ilə Ayaz haqqındakı dastan xüsusilə maraqlıdır. Hekayədə hakimiyyətə yenicə keçmiş gənc Mahmuda onu əhatə edən bədxah vəkil-vükəla daim təzyiq göstərdikləri və ölkənin ədalətlə idarə olunmasına maneçilik törətdikləri təsvir olunur. Nəhayət, gənc hökmdara yalnız öz firavan yaşayışlarını düşünən, xalqın qayğısına qalmayan bu dövlət adamlarının əsas siması məlum olur, onu gözləyən acınacaqlı aqibəti dərk edən şah yatarkən yuxuda nurani bir qocanın ona:
Yeni tərh içrə köhnələr neylər?
Bağı-novdə quru şəcər neylər?
Xasü xaşakı eyləyib kəndə,
Bisəmər şaxı etsün əfkəndə. [2, s.321]
– deyərək öyüd verdiyini görür. Şah ayılan kimi nurani pirin etdiyi nəsihətlərə əməl edir, bununla da ölkəni və özünü fəlakətdən qurtarır.
Bu əhvalat bizə Nizaminin "Sirlər xəzinəsi” əsərində 15-ci məqalədəki Mərvdə yaşayan cavan şahzadənin hekayəsini xatırladır. Bu hekayədə də köhnə dövlət adamlarının ölkənin idarəsinə müdaxiləsindən cana gəlmiş gənc şahzadə yuxusunda ona nurani qocanın belə nəsihət etdiyini görür:
کای مه نو برج کهن را بکن وای گل نو شاخ کهن را بزن
تا به تو ملک مقرر شود عیش تو از خوی تو خوشتر شود[5, s.198]
(Ey yeni ay, köhnə bürcü qopar. Ey təzə gül, köhnə budağı sındır. Ta ki, mülkdə rahat qərar tutasan. Sənin əhvalın xasiyyətindən xoş olsun).
Göründüyü kimi, hər iki şair gəncliyə üz tutaraq köhnə dövlət xadimlərinin zərərli fəaliyyətini pisləməklə ona ölkənin inkişafına maneçilik törədənlərdən birdəfəlik yaxa qurtarmağı tövsiyə edir.
Ətayi yenə həmin hekayədə Ayazı bir çoban kimi təsvir edərək onun dili ilə çobanın sürüyə nəzarətini şahın ölkəyə və rəiyyətə qayğısı kimi mənalandırır:
Güsfəndim rəiyyətim kibidür,
Səglər avani-mülkətim kibidür.
...Bəndə daim olub himayətdə,
Payidarım məqami-xidmətdə.
Birisi gürgdən görüb bidad,
Şəbi-tar içrə eyləsə fəryad.
Bilirəm eyni ilə nalanı,
Varub azad eylərün anı. [2, s.223]
Ətayinin bu misraları məzmun və bədii təqdim tərzilə Nizaminin "Yeddi gözəl” əsərində ov zamanı qarşılaşdığı itini ağacdan asan çobanın sərgüzəştindən ibrət alan Bəhram şahın dediyi aşağıdakı misralarla yaxından səsləşir:
گفت با خود کزین شبانه پیر شاهی آموختم زهی تدبیر
در نمودار آدمیت من من شبانم گله رعیت من
این که دستور تیزبین من است در حفاظ گله امین من است
[4, s.784]
(Öz-özünə dedi ki, bu qoca çobandan şahlıq öyrəndim, mən insanlıq öyrəndim, Mən insanlıq əlamətimə görə çobanam, sürü mənim rəiyyətimdir. Mənim iti görən vəzirim isə sürünü qorumaqda inandığım kəsdir.)
Gətirilən bu nümunələrdə Nizaminin "Xəmsə”də özünün aydın əksini tapan xalq içərisindən çıxmış sadə zəhmət adamı, müdrik el ağsaqqalının dili ilə şaha nəsihət etmək, ədalət yolunu öyrətmək kimi bəşəri ideyanı Ətayi də əsərində özünəməxsus tərzdə əks etdirir.
Bütün bunlar bir daha təsdiq edir ki, Nəvizadə Ətayi Nizaminin bədii yaradıcılıqda əsaslandırdığı qabaqcıl ədəbi ənənələrdən kənarda qalmamışdır. Sələfinin Şərqin bədii fikir tarixinə gətirdiyi yüksək bəşəri idealları milli ədəbiyyatın səciyyəvi xüsusiyyətləri, zəmanə və mühitin ədəbi-bədii istəyi ilə məharətlə uyuşduraraq Nizami yaradıcılığının ictimai-siyasi mahiyyətindən özünün bədii məqsədi və dövrün tələblərinə müvafiq tərzdə faydalanmışdır.
[1] Ətayinin əsərlərindən gətirilən nümunələr müasir Azərbaycan əlifbası ilə verilmiş və dilimizin üslubuna uyğunlaşdırılmışdır.
[2] Bid – söyüd
[3] Tak – tənək
[4] Bikəran – ucsuz-bucaqsız, sahilsiz
[5] Bənan – barmaq
[6] Beytin birinci misrası Ətayinin "Nəfxətül-əzhar”ında تیغ از الماس سخن ساختم yazılmışdır.
[7] Məcazi eşq dedikdə şair burada həyati, real eşqi nəzərdə tutur.