Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AÇAR SÖZLƏR

Dünya ədəbiyyatı və komparatvistika

18-02-2018 [ 17:59 ] [ oxunub:82 ]
printerA+ | A-

Dünya ədəbiyyatı və komparatvistika

Dünya ədəbiyyatı və komparatvistika

Dünya ədəbiyyatı və komporativistika Azərbaycan ədəbiyyatının Rusiya, Ukrayna, Hindistan, Əfqanıstan, Bolqarıstan, Tatarıstan, İngiltərə, ABŞ, Almaniya kimi ölkələrin ədəbiyyatı ilə əlaqələrini öyrənir. Bu ədəbiyyatın elmi-tədqiqat metodu müqayisəli ədəbiyyatşünaslıq, komporativistikadır. Bu elm mövcud ədəbi cərəyanların tarixi və müasir vəziyyətini öyrənir, müqayisəli ədəbiyyatşünaslıq sahəsində mövcud ədəbi təcrübəni ümumiləşdirir. Homer, Nizami, Rustaveli, Füzuli, Şekspir, Dante, Puşkin, Bayron, Nəsimi, Taqor, Dəhləvi, Lorka, Markes, Şiller, Heyne, Balzak, Hüqo, Drayzer və başqaları dünya ədəbiyyatının şedevrləri hesab olunur.

 

***

İnstitutun tarixi

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu özünəməxsus şərəfli tarixi, böyük araşdırma ənənələri, görkəmli yaradıcıları və adlı-sanlı yetirmələri ilə mühüm elmi mərkəzlərdən biri kimi qəbul olunur. Bu elmi-tədqiqat institutu bir əsrə yaxındır ki, ölkəmizdə ədəbiyyatşünaslıq elminin baş qərargahı funksiyasını yerinə yetirir. Azərbaycanda ədəbiyyatşünaslıq tədqiqatları Nizami adına Ədəbiyyat İnstitutu vasitəsilə əlaqələndirilir və istiqamətləndirilir. Bu elm məbədi Azərbaycan Respublikasının ədəbiyyat siyasətini sistemli və davamlı şəkildə, uğurla həyata keçirir.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru,

Millət vəkili, akademik İsa Həbibbəyli

 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

 

«Azərbaycan 2020: gələcəyə baxiş» inkişaf konsepsiyasi çərçivəsində ədəbiyyatşünasliq elminin perspektiv inkişaf istiqamətləri

«AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ» İNKİŞAF KONSEPSİYASI ÇƏRÇİVƏSİNDƏ ƏDƏBİYYATŞÜNASLIQ ELMİNİN PERSPEKTİV İNKİŞAF İSTİQAMƏTLƏRİ

Azərbaycan humanitar elminin aparıcı sahələrindən olan ədəbiy­yat­şünaslıq elmi ictimai fikir tariximizdə çox qədim və zəngin ənənələrə malikdir. Ədə­biyyat və sənət haqqında folklor abidələrində öz əksini tapmış xalq de­yimlərini bir kənara qoysaq, ədəbiyyatşünaslığımızın tarixi XI yüzil­liyə - görkəmli ədəbiyyatşünas alim Xətib Təbrizinin əsərlərinə gedib çı­xır.

Çağdaş ədəbiyyatşünaslıq elmimizin başlıca özəlliyi isə, onun minillik zəngin ənənələri Azərbaycanın dövlət müstəqilliyi şəraitində davam etdirməsindədir.

Humanitar elmimizin başqa sahələri kimi, ədəbiyyatşünaslığın da başlıca məq­sədi – müstəqil dövlətçiliyimizin möhkəmlənməsində öz rolunu oynamaq, bu taleyüklü prosesə öz töhfəsini verməkdir.

Bu başlıca məqsədi gerçəkləşdirmək üçün ədəbiyyatşünaslıq elmi qarşısında duran perspektiv inkişaf istiqamətlərini aşağıdakı kimi təxmin etmək olar:

·   Qloballaşma və mədəni inteqrasiya dövründə Azərbaycan xalqının milli mentalitetinin qorunub gücləndirilməsinə xidmət edən istər klassik, istərsə də, müasir ədəbi əsərlərin, özəlliklə Azərbaycan xalqının mədəni-mənəvi problemlərini yüksək sənətkarlıqla əks etdirən bədii nümunələrin çağdaş elmi səviyyədə tədqiqi və təqdimi;

·    Dövlət müstəqilliyi kontekstində ədəbi-nəzəri fikrin yeni obyektiv statu­su­nun və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

·     Elmlərin konvergensiyası şəraitində ədəbiyyatşünaslıq elminin başqa elm sahələri ilə əlaqələrinin gücləndirilməsi yollarının axtarılması;

·    Komparativist ədəbiyyatşünaslıq çərçivələrində Azərbaycan ədəbiyyatşü­nas­lıq elminin qlobal mövqelərinin müəyyənləşdirilməsi;

·     Klassik Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı kontekstində layiqli yerinin müəyyən edilməsi və həqiqi dəyərinin verilməsi barədə yeni, fundamental elmi-tədqiqat əsərləri yazaraq, bunların tərcümə edilib, çağdaş informasiya vasitələri ilə dünya xalqlarına çatdırılması;

·     Senzurasızlıq şəraitində həqiqi sənət əsərlərinin ədəbi ballastdan ayırd edilməsi və istedadlı sənətkarların yaradıcılığının stimullaşdırılması;

·      Kadr hazırlığı sahəsində seçim edərkən həm Şərq, həm də Avropa dillərini bilən, klassik ədəbiyyata yaxşı bələd olan hərtərəfli hazırlıqlı gənclərə üstünlük verilməsi;

·      Şərq poetika elminin və fəlsəfəsinin tətbiq edilməsi hesabına Azərbaycan ədəbiyyatşünaslıq elminin milli simasının daha aydın cizgilərlə təzahürünə nail olun­ma­sı;

·       Ədəbiyyatşünaslıq elminin elektron informasiya bazasının yaradılması və zənginləşdirilməsi.

Bu vəzifələrin öhdəsindən gəlmək üçün akademik ədəbiyyat­şünaslıq elmi öz fəaliyyətini 5 istiqamətdə qurmağı planlaşdırır:

1. Azərbaycan ədəbiyyatı tarixçiliyi – bu istiqamətdə:

·      «Azərbaycan ədəbiyyatı tarixi»  çoxcildliyinin nəşri;

·     Farsdilli ədəbiyyatda Azərbaycan poeziya məktəbi problemi barədə monoqrafik araşdırmaların davam etdirilməsi;

·     Əsərləri humanist və fəlsəfi-didaktik fikirlər aşılayan dünya şöhrətli klassik­lə­rimiz Xətib Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi və başqalarının həyatı, yaradı­cılığı, tədqiqi haqqında ensiklopediyaların hazırlanması

·     İslami təsəvvüf və bədii yaradıcılıq probleminin (Xaqani Şirvani, Nizami Gəncəvi, Şəbüstəri, Marağalı Övhədi, Nəsimi və Füzulinin yaradıcılığı əsasında) tədqiqində yaxın elm sahələri ilə (tarix, fəlsəfə, dilçilik, incəsənət, psixologiya, iqtisadiyyat və s.) birgə fəaliyyət göstərilməsi və bu məqsədlə Humanitar və İctimai Elmlər Bölməsinin təşəbbüsü ilə yaradılacaq «Sufizm laboratoriyası»nın işində yaxından iştirak etmək;

·       Klassik Azərbaycan ədəbiyyatı və islami dəyərlər mövzusunda tədqiqatların davam etdirilməsi;

·     Nizami Gəncəvi irsinin dünya ədəbiyyatşünaslığında öyrənilməsi problemlərini izləmək və köhnə stereotiplərin aradan qaldırılması üçün lazımi tədbirləri görmək;

·      Müasir elmi-nəzəri fikrin tələbləri baxımından Azərbaycan ədəbiyyatı klassiklərinin irsinin tədqiqini genişləndirmək üçün onların müasir Azərbaycan dilinə filoloji tərcüməsini yerinə yetirmək. Burada İsmayıl ibn Yəsar, Musa Şəhəvat, Əbulabbas əl-Əma, Mənsur Təbrizi, Məsud Namdar oğlu, Eynəlqüzat Miyanəçi, Xətib Təbrizi, Şihabəddin Suhrəvərdi, Xaqani Şirvani, Mücirəddin Beyləqani, Fələki Şirvaninin əsərləri nəzərdə tutulur;

·     Klassik Azərbaycan ədəbi-bədii irsini təbliğ etmək və  geniş yayılmış dünya dillərinə onları tərcümə etmək üçün klassiklərimiz haqqında seriya şəklində yazılan kitabların hazırlanması;

·      Orta əsrlər Azərbaycan ədəbi abidələrinin indiyə qədər diqqətdən kənarda qalmış mətnlərinin çapa hazırlanması və monoqrafik tədqiqi;

·      Yazılı ədəbiyyatda «Kitabi-Dədə Qorqud» ənənələrinin araşdırılması;

·        «Ozan-aşıq ensiklopediyası»nın hazırlanması;

·     Yeni dövr Azərbaycan ədəbiyyatının müasir dövrün tələbləri baxımından araşdırılması, bu dövrün görkəmli şair və yazıçılarının yaradıcılığının monoqrafik tədqiqi;

·        Sovet dövrü Azərbaycan ədəbiyyatının azərbaycançılıq məfkurəsi baxımından yenidən dəyərləndirilməsi;

·      XIX-XX əsrlər Cənubi Azərbaycan ədəbiyyatının tədqiqi və nəşri, farsdilli sənətkarların əsərlərinin tərcüməsi;

·      XX əsr Azərbaycan mühacirət ədəbiyyatının tədqiqi və nəşri;

·      Müasir ədəbi prosesin izlənilməsi, inkişaf xüsusiyyətlərinin tədqiqi, ədəbi icmalların hazırlanması;

·        Dövrün aktual problemlərinin və cəmiyyətdə qazanılan uğurların ədəbiyyatda əks etdirilməsi məsələlərinin tədqiqinin gücləndirilməsi;

·     İki əsrin konflikti: problem və ədəbi proses. Bu mövzuda elmi müşavirənin təşkili və ədəbi icmalın hazırlanması

·      Ədəbiyyatın daha da sosial-psixolojiləşməsi, cəmiyyətin ədəbiyyata və  ədə­biy­yatın cəmiyyətə təsiri problemlərinin öyrənilməsi;

·      Elmi-tədqiqat işlərinə, onların müasirlik keyfiyyətinə tələblərin artırılması;

·     Ədəbi tənqidin canlandırılması istiqamətində mütəmadi iş aparılması;

·    Yeniyetmə və gənclərdə vətənpərvərlik və milli qüruru duyğularının güclən­di­ril­məsini stimullaşdıran bədii əsərlər haqqında monoqrafik araşdırmaların aparıl­ma­sına və nəşrinə diqqətin artırılması.

2. Türk xalqları ədəbiyyatı – bu istiqamətdə:

·     Təkrarlara yol verməmək, elmi əhəmiyyətinə və aktuallığına təminat yaratmaq məqsədi ilə bu yöndə  aparılacaq tədqiqatların türk xalqları ədəbiyyatının Azərbaycan filoloji fikrindən kənarda ciddi planda və sistematik şəkildə araşdırılmasını nəzərə almaqla planlaşdırılması;

·      Türk xalqları ədəbiyyatının (o cümlədən Azərbaycan ədəbiyyatının) uzun müddətli inkişaf tarixi üçün səciyyəvi olan ortaq ədəbi-mədəni, bədii-estetik, nəzəri-fəlsəfi problemlərinin araşdırılması:

- türk sufizmi: tarixi ənənəsi, inkişaf meylləri, ortaq və fərqli cəhətlərinin üzə çıxarılması;

- türk xalqları ədəbiyyatında divan poeziyasının tədqiqi və dəyərləndirilməsi;

- türk xalqlarının yazılı ədəbiyyatının formalaşmasında folklorun, xalq şeiri ənənələrinin, aşıq poeziyasının rolu və əhəmiyyəti barədə monoqrafik tədqiqatların aparılması;

- etnik şüurdan milli şüura keçidin ədəbi abidələr kontekstində izlənilməsi və türk xalqları ədəbiyyatlarının özünəməxsusluqlarının müəyyənləşdirilməsi;

- türk xalqları ədəbiyyatında yeni mərhələ olan XIX əsr ədəbiyyatının yeni rakursdan tədqiqi və dəyərləndirilməsi;

- türk maarifçiliyi probleminin qoyuluşu və Avropa maarifçiliyi ilə müqayisədə öyrənilməsi;

- XX əsr türk xalqları ədəbiyyatının inkişaf meyllərinin (yeni mövzular, ideyalar, problemlər, ədəbi cərəyanlar, sənətkarlıq vasitələri və s.) tədqiqi;

·     Türk xalqları ədəbiyyatının Azərbaycan ədəbiyyatı ilə qarşılıqlı əlaqələr kontekstində araşdırılması;

·      Türk xalqları ədəbiyyatı tarixinin hazırlanması, dərsliklərin, dərs vəsaitlərinin yaradılması;

·     Türk xalqları ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılıq­la­rının araşdırılması və təbliği;    

·     Türk xalqları ədəbiyyatına aid yubileylərin, elmi konfransların, simpoziumların keçirilməsi;

·     Türk xalqları ədəbiyyatına aid informasiya bazasının (bədii tərcümələr, mo­noqrafiyalar, dərsliklər, dərs vəsaitləri, məqalələr, resenziyalar və s.) yaradılması.

3. Xarici ölkələr Ədəbiyyatı və ədəbi əlaqələr – bu istiqamətdə:

·      Azərbaycan – Avropa, Azərbaycan – Slavyan, Azərbaycan – Şərq ədəbi əlaqə­lə­­rinin inkişaf və qarşılıqlı zənginləşmə yollarının araşdırılması;

·     Xarici ölkə ədəbiyyatlarının ən görkəmli nümayəndələri barədə oçerklərin ya­zılması və elmi informasiyanın təqdimi;

·     «Ədəbi əlaqələr Ensiklopediyası»nın hazırlanması.

4. Ədəbiyyat nəzəriyyəsi – bu istiqamətdə:

·     İndiyə qədər əsasən təbdil və tərcümə xarakteri daşımış ədəbiyyat nəzəriy­yə­lə­ri­nin Şərq-Qərb sintezi əsasında milli ədəbiyyatın da inkişaf qanuna­uy­ğun­luq­la­rını obyektiv şəkildə əks etdirən fundamental ədəbiyyat nəzəriyyəsi qay­naq­la­rı­nın hazırlanıb çap edilməsi;

·      Klassik Azərbaycan ədəbiyyatında öz əksini tapmış milli poetik düşüncə örnəklərinin toplanması, şərhi və nəşr edilməsi;

·     Azərbaycan ədəbiyyatı tarixinin bədii-fəlsəfi cərəyanların nəzəri-poetik sistemi kimi öyrənilməsi və dövrləşdirmədə yeni obyektiv elmi prinsiplərin tətbiq edilməsi ilə köhnə stereotiplərin aradan qaldırılması;

·     Tənqid və ədəbi prosesin qarşılıqlı münasibətlərinin metodo­logi­ya­sının işlənib hazırlanması;

·     Bədii mətnin bərpası və nəzəri-tekstoloji tədqiqlərə diqqətin artırılması;

5. Ədəbi tənqid – bu istiqamətdə:

·     İnstitutun istedadlı tənqidçilərinin əlavə maddi stimullaşdırılması hesabına çox­saylı bədii materialın saf-çürük edilməsi və ədəbi inkişafa təkan verən, insan mə­nə­viyyatının kamilləşməsinə, humanist ideyaların tərənnümünə, dövlətçilik prin­sip­lərimizin, vətənpərvərlik duyğularının yüksək poetik səviyyədə təbliğinə cavab verən əsərlərin müəyyən edilərək qiymətləndirilməsi;

·      Ədəbi inkişafın prioritetlərini planlaşdıran və milli mentalitet məsələlərində gənc yazarlara yardım edə bilən nəzəri-tənqidi yazılarla vaxtaşırı mətbuatda və elektron informasiya vasitələrində çıxış etmək;

·     Hər ilin ədəbi yekunlarını özündə ehtiva edən «Ədəbi proses» toplularının ha­zır­lanıb nəşr edilməsi ilə çağdaş ədəbi əsərlərə operativ qiymət verilməsi.

Yuxarıda sadalanan məqsəd və vəzifələrin gerçəkləşdirilməsi bir çox detallara və tə­fərrüatlara bağlıdır ki, bunların üzərindən vaz keçərək, yalnız bir başlıcasını qeyd etmək istərdik:

Biz istedadlı alimlərimizdən dünya səviyyəli əsərlər istəyiriksə, onların intel­lek­tual əməyinin də dünya səviyyəsində, inkişaf etmiş ölkələrin örnəyi əsasında qiy­mət­lən­dirilməsi vacib şərtlərdən biri olmalıdır. Əks halda Azərbaycan ədə­biy­yat­şü­naslıq elminin dünya səviyyəsinə qalxması yalnız xoş arzu olaraq qala bilər. 

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR