Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Görkəmli alim Məmməd Arif Dadaşzadənin anadan olmasının 120 illiyi qeyd edilib

28-11-2024 [ 10:46 ] [ oxunub:265 ]
printerA+ | A-
105027

Azərbaycan ədəbiyyatı tarixinin yaradıcılarından olan, tənqidçi və ədəbiyyatşünas, akademik Məmməd Arif Dadaşzadə elmi fəaliyyətində, təhlillərində və qiymətləndirmələrində obyektivliyi, ədaləti, gerçəkliyi qoruyub saxlayıb. O, yarım əsrdən çox bir dövr ərzində Azərbaycan və dünya ədəbiyyatını araşdırıb ümumiləşdirərkən dövrü üçün müdriklik və müasirlik nümunəsi ola biləcək elmi düşüncə ilə təhlillər və müqayisələr aparıb. Alim konkret ədəbi şəxsiyyətlərə qiymət verərkən dövrün ədəbi və ictimai proseslərini nəzərə alıb. Akademik Məmməd Arif Dadaşzadə bir çox elmi-nəzəri kitab, dərslik, yüzlərlə məqalə yazmış, ömrünün təqribən 40 ilini dünya ədəbiyyatından tərcümələrə həsr etmişdir. O, sözün əsl mənasında, ədəbiyyatşünaslıq məktəbi, ədəbi tənqid və tənqidçilər məktəbi yaratmış şəxsiyyətlərdən biridir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər noyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində görkəmli ədəbiyyatşünas-alim, tərcüməçi, pedaqoq, nasir, ictimai xadim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Arif Dadaşzadənin anadan olmasının 120 illiyinə həsr olunmuş “Ədəbi üfüqlərdə” adlı bədii-musiqili gecədə səslənib.

Tədbirdən əvvəl jurnalistlərə açıqlama verən görkəmli alimin nəvəsi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə ədəbiyyatşünas alimin gənclərə diqqət və qayğısından danışıb. “Bu mənada mən onu həmişə görkəmli bəstəkarımız Qara Qarayevlə müqayisə edirəm. Çünki o da bir bəstəkar-pedaqoq kimi gələcək haqqında düşüncələrlə yaşayırdı. Bizim ailədəki mühit, ab-hava əsl həyat məktəbi, gələcəyə bir şəxsiyyət kimi yetişmək, formalaşmaq üçün yetərli idi. Biz kitablar, musiqi vallarının arasında böyüyürdük. Babamın elmi axtarışlarla zəngin ömür yolu, oxuduğu kitablar bizim də mənəvi dünyamızın formalaşmasına təsirsiz ötüşməmişdi. Babam bizim oxuduğumuz kitablarla ciddi maraqlanırdı və bu istiqamətdə öz tövsiyələrini verirdi. O, klassik ədəbiyyatı sevməklə yanaşı, yeni gənc yazıçılarımızı da tanımağımızı istəyirdi. Axı Məmməd Arif 60-cılar nəslinin tanınmasında bir tənqidçi kimi mühüm rol oynamışdı. Onun elmi irsi hər zaman öz aktuallığını qoruyub saxlayacaq, ədəbiyyatımızın inkişafı, tədqiqi naminə gördüyü işlər heç vaxt unudulmayacaq".

Gecəyə akademik Məmməd Arif Dadaşzadənin ömür yoluna nəzər salan videomaterialın nümayişi ilə başlanılıb.

Tədbirin ssenari müəllifi Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qafar Əsgərzadə alimin ömür yoluna nəzər salıb, yaradıcılığından danışıb.

Azadə Əsgərzadənin aparıcılığı ilə davam edən mərasimdə Azərbaycan Milli Elmlər Akademiyasının prezident, akademik İsa Həbibbəyli, Milli Məclisin vitse-spikeri, akademik Rafael Hüseynov və başqaları çıxış edərək bildiriblər ki, dəyərli ziyalı, bütöv bir şəxsiyyət olan Məmməd Arif Azərbaycan ədəbiyyatının və ədəbi dilinin inkişafına çox böyük töhfələr verib. Məmməd Arif Azərbaycan ədəbiyyatı tarixi tədqiqinin əsasını qoyan alimlərdəndir. Bədii söz tariximizin araşdırılması konsepsiyasının işlənib hazırlanmasında onun önəmli rolu vardır. O, ikicildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi", üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi", ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi" kimi mühüm tədqiqatların müəlliflərindən və baş redaktorlarından biridir. Onun “Azərbaycan xalqının ədəbiyyatı" kitabı ingilis, fars, rus, bolqar dillərində, "Азербайджанская литература" monoqrafiyası Moskvada çap olunub.

Səlis, lakonik Azərbaycan ədəbi dilində yazdığı dərsliklər, monoqrafiyalar, ədəbi-bədii əsərlər gənc nəslin formalaşmasına, bu tərzdə danışmasına, ritorikasına böyük təsir göstərib. O, elmdə konyukturanı sevməzdi. Daim gənc kadrlara kömək edər, diqqət və qayğı göstərərdi. Kim olursa olsun, hətta qohum, tanış olsun - elmdə piyadadırsa, onu yaxın buraxmazdı. Bu, onun ədalətli, vicdanlı olmasına dəlalət edirdi.

Çıxışlarda görkəmli alimin XX əsr Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslıq elminin inkişafında mühüm xidmətləri vurğulanıb. Məmməd Arif Dadaşzadənin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaranmasında, təşəkkülündə, strukturunun və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində xüsusi rolu olub.

Qeyd edilib ki, Məmməd Arif Dadaşzadə yenilikçi mövqeyi ilə Azərbaycan ədəbiyyatşünaslığında silinməz izlər qoyub. Onun XX əsr Azərbaycan dramaturgiyasının əsas yaradıcılarından biri olan Cəfər Cabbarlıya həsr olunmuş monoqrafiyası genişhəcmli elmi əsərlər sırasında xüsusi çəkiyə malikdir. Həmçinin akademik Məmməd Arif Dadaşzadənin “Səməd Vurğunun dramaturgiyası” adlı monoqrafiyası Xalq şairinin yaradıcılığının monoqrafik miqyasda öyrənilməsində etibarlı elmi bələdçidir.

Diqqətə çatdırılıb ki, Məmməd Arif Dadaşzadə 1938-ci ildən Ədəbiyyat İnstitutunda fəaliyyətə başlayıb, həmin ildən şöbə müdiri, 1939-cu ilin yanvar-sentyabr aylarında direktor müavini vəzifələrində işləyib, iki dəfə bu elm ocağının direktoru seçilib. O, 1960-cı ildən ömrünün sonunadək Elmlər Akademiyasının vitse-prezidenti kimi fəaliyyət göstərib.

Ədəbi fəaliyyətə 1923-cü ildə “Molla Nəsrəddin” məcmuəsi səhifələrində çıxan “Bədgümanam”, “Mərsiyə xəbərləri” felyetonları ilə başlayıb. 1920-1930-cu illərdə mətbuatda şeir və hekayələrlə çıxış edib. Ədibin “Yurdsuz cocuqlar”, “Son bahar təranələri”, “Brodskinin boyaları”, “Təyyarə və mən”, “İki nəşədən biri”, “Həvəs” şeirləri, “Son izdivac”, “Arakəsmə”, “Mal həkimi”, “Tar çalınır” hekayələri müxtəlif qəzet və jurnallarda işıq üzü görüb və maraqla qarşılanıb.

Bədii yaradıcılıqla yanaşı, müntəzəm olaraq Məmməd Arif dünya klassiklərinin əsərlərindən bədii tərcümələr edib. Azərbaycan oxucuları rus ədəbiyyatının korifeylərindən L.Tolstoyun "Hərb və sülh", N.Ostrovskinin "Polad necə bərkidi", M.Qorkinin "Dankonun ürəyi", "Makar Çudra", dünya ədəbiyyatından M.Servantesin "Don Kixot" və s. kimi bədii əsərlərini Məmməd Arifin tərcüməsində oxuyur.

Gecədə çıxış edən natiqlər alimin ömür yoluna və elmi yaradıcılığına geniş nəzər salıb, onun Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafına verdiyi töhfələri bir daha diqqətə çatdırıblar. Yubiley tədbirində, həmçinin bədii-musiqili proqram təqdim olunub.

Tədbir boyunca gecəni Əməkdar incəsənət xadimi Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblı müşayiət edib. Ansamblın bədii rəhbəri Əməkdar artist Tariyel Abbasovdur.

Sonda görkəmli alimin nəvələri Zümrüd və Aqşin Dadaşzadələr babalarının xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürlərini bildiriblər.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR