Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AÇAR SÖZLƏR

Orta əsrlər Azərbaycan ədəbiyyatı

18-02-2018 [ 17:59 ] [ oxunub:701 ]
printerA+ | A-

Orta əsrlər Azərbaycan ədəbiyyatı

Orta əsrlər Azərbaycan ədəbiyyatı

Orta əsrlər Azərbaycan ədəbiyyatı milli ədəbiyyat tarixinin XIII-XVI əsrlərini əhatə edir. Bu dövrdə farsdilli və ərəbdilli poeziya ilə bərabər, anadilli şeirə rəvac artmışdır. Milli türk dövlətləri güclənib inkişaf etdikcə ana dilinin işləkliyi və  poetik gücü də artmış, ilk nümayəndəsi hələlik İzzət Həsənoğlu ilə müəyyənləşmişdir. Əssar Təbrizi, Arif Ərdəbili, Şeyx Mahmud Şəbüstəri, İmadəddin Nəsimi, Şah Qasım Ənvar, Qazi Bürhanəddin, Məhəmməd Füzuli və Şah İsmayıl Xətai bu dövrün görkəmli nümayəndələridir. İmaddədin Nəsimi anadilli fəlsəfi şeirin ustad yaradıcısı, Məhəmməd Füzuli isə anadilli ədəbi dilin banisidir. Orta əsrlər ədəbiyyatı üçün sufilik və hürufilik təriqətləri səciyyəvi fikir təlimləridir. Poeziyanın əsasında məhəbbət mövzusu, qəzəl, qəsidə və başqa janrlar dayanmışdır. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı üçün “Divan” və “Divançalar”ın yaradılması səciyyəli bədii keyfiyyətdir. 

XIII-XVI əsrlər anadilli Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri İzzəddin Həsənoğlu, Qazi Burhanəddindir. İ.Həsənoğlunun anadilli qəzəlləri «Apardı könlümü», «Necəsən, gəl, ey yüzü ağım bənim»,  «Əcəb bilmən bəni şeyda qılan kim? qəzəlləridir. Bunlar dövrümüzə gəlib çatmış ilk anadilli örkənlər olub məhəbbət mövzusundadır.

Qazi Bürhanəddin ana dilində bizə gəlib çatmış ilk divan müəllifidir. Onun divanında  yer almış əsas janrlar qəzəl, rübai və tuyuqlardır. Şairin lirkasında əsas motivlər məhəbbət və qəhrəmanlıq hisslərinin ifadəsi olmuşdur. Q.Burhanəddinin təbiət və didaktik-nəsihətamiz məzmunlu şeirləri də vardır. Türkdilli poeziyada tuyuq janrı Q.Bürhanəddinin şəxsində işlənmiş, daha sonra başqaları tərəfindən inkişaf etdirilmişdir.

XIII əsrdən başlayaraq anadilli Azərbaycan epik şeiri yaranıb inkişaf etmişdir. Onun farsdilli epik şeirdən fərqli xüsusiyyətləri olmuşdur. Dördlükdən məsnəviyə keçid anadilli epik şeirin forma yeniliklərindən olmuşdur. Epik şeirimizdə nağılçılıq və dastançılıq ənənələrindən gələn xüsusiyyətlər, epik təsvirlə lirik təqdimat birlikdə olur. Məsnəvilərdə lirik haşiyələrə yer verilir. «Dastani-Əhməd Hərami», «Qisseyi-Yusif» və «Vərqa və Gülşa» məclislər şəklində yazılmışdır. «Dastani-Əhməd Hərami», Əlinin «Qissey-Yusif»,  Yusif Məddahın «Vərqa və Gülşa», Mustafa  Zəririn «Qisseyi-Yusif», Suli Fəqihin «Yusif və Züleyxa», Ümmi İsanın «Mehr və Vəfa» əsərləri anadilli Azərbaycan» epik şeirinin nümunələridir.

XIII-XIV əsrlərin farsdilli Azərbaycan şairləri Zülfiqar Şirvani (1190-1304), Hümam Təbrizi (1202-1314), Əvhədi Marağayi (1274-1338), Arif Ərdəbili (1311 –?) və Əssar Təbrizidir (1325-1390). Bunlar Nizami ədəbi məktəbinin əsas nümayəndələridir.  «Cami-Cəm» və «Dəhnamə» məsnəviləri Əvhədi Marağayi, «Fərhadnamə» poeması Arif Ərdəbili, «Mehr və Müştəri» poeması isə Əssar Təbrizinindir. Ə.Marağayinin divanında qəzəl, rübai, tərkkibbənd və tərcibənlərində fəlsəfi-irfani və dünyəvi-bəşəri hisslər ifadə olunmuşdur. «Cəmi-Cəm» poeması insan və cəmiyyət həyatı, humanist fikirləri ifadə etmişdir. «Dəhnamə» poemasında ilahi məhəbbət bədii kəsini tapmışdır. «Fərhadnamə» sənətin və hünərin qüdrətinə həsr olunmuş, dostluq, vəfa və saf məhəbbət haqqındadır. «Mehr və Müştəri» əsərində isə sədaqət və vəfa, dostluq və səmimiyyət hissləri tərənnüm edilmişdir.

Azərbaycan təsəvvüf ədəbiyyatının görkəmli nümayəndəsi Şeyx Mahmud Şəbüstəridir. Sufilik fikir cərəyanının mahiyyəti vəhdəti-vücuddur. Təsəvvüfün şəriət, təriqət, mərifət və həqiqət, habelə elmül-yəqin, eynül-yəqin, həqqül-yəqin mərhələləri vardır. Təsəvvüfdə eşq anlayışı dünyəvi (məcazi) və ilahi (həqiqi) xarakterlidir. Azərbaycan təsəvvüf ədəbiyyatının təkamülündə Şeyx Mahmud Şəbüstərinin özəl yeri vardır. Onun «Gülşəni-raz» («Sirr gülşəni»), «Miratül-mühəqqiqin» («Həqiqət axtaranların güzgüsü və «Səadətnamə» əsərləri) əsrləri Sufizmin nəzəri müddəalarını izah edir.

Fəzlullah Nəimi və İmadəddin Nəsimi Azərbaycan hürufilik ədəbiyyatının görkəmli şairləridir. Fəzlullah Nəimi hürufilik  təliminin yaradıcısıdır. Onun «Cavidannamə», «Ərşnamə», «Məhəbbətnamə», «Novmnamə» və «İskəndərnamə» əsərlərində hürufilik ideyaları: Allah və vəhdəti-vücud, Allah və İnsan birliyi ideyası ifadə olunmuşdur.

Azərbaycan ədəbi-fəlsəfi fikir tarixində İmadəddin Nəsiminin görkəmli yeri vardır. Nəsimi hürufilik ideyalarının təbliğatçısıdır. Nəsimi yaradıcılığı ilahi və dünyəvi eşqin ifadəsidir. O, anadilli fəlsəfi şeirimizin ustadıdır. Onun məşhur «Məndə sığar iki cahan» qəzəli, «Müqəddimətül-həqayiq»  («Həqiqətlərə giriş») adlı nəşr əsəri də vardır.

XV əsr Azərbaycan şairlərinə Qasım Ənvar (1356-1433), Bədr Şirvani, Əşrəf Marağayi (1396-1466/70), Nemətullah Kişvəri, Cahan Şah Həqiqi, Hamidi, Əfsəhəddin Hidayət, Xəlili və başqaları daxildir. Əşrəf Marağayi Nizami Gəncəvinin «Xəmsə»sinə bütöv nəzirə yazmış ilk Azərbaycan şairidir. XV əsrdə anadilli ədəbiyyat güclənmişdir. Əsrin «Divan»larında dünyəvi və ilahi məhəbbət motivləri, habelə, təbiət, əxlaqi-didaktik mövzular təbliğ olunmuşdur. Hamidi Türkiyədə yaşamış Azərbaycan şairidir. Onun avtoqraf (müəllif) divanı vardır. Xəlili Nəsimi ənənələrinin davamçılarından biridir. Anadilli epik şeirdə klassik üslubla folklor üslubunun vəhdəti təzahür etmişdir. Şəmsi, Əhmədi Təbrizi və Xətayi Təbrizinin «Yusif və Züleyxa» məsnəviləri vardır.

XVI əsr Azərbaycan ədəbiyyatının nümayəndələri sırasına Şeyx İbrahim Gülşəni (1427-1534), Həbibi, Bəsiri, Süruri, Yusif bəy Ustaclu, epik şeir sahəsində Həqiri Təbrizi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli aiddir. Həqirinin «Leyli və Məcnun» məsnəvisi, Ş.İ.Xətainin «Dəhnaməsi», M.Füzulinin «Leyli və Məcnunu» məşhurdur. Şah İsmayıl Xətai görkəmli dövlət xadimi və şiə-qızılbaş ideyalarının təbliğatçısıdır. Divanında heca və əruz vəznli şeirlərini birləşdirmişdir. Məhəbbət lirikası güclü olmuşdur. «Dəhnamə» məsnəvisində xalq yaradıcılığının təsiri daha çox görünmüşdür. Şairin «Nəsihətnamə»sində insan haqqında düşüncələri fəlsəfi mahiyyət daşımışdır.   

   

 

 

SİZƏ MARAQLI OLA BİLƏR