Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AÇAR SÖZLƏR

Yeni dövr Azərbaycan ədəbiyyatı

18-02-2018 [ 17:59 ] [ oxunub:2515 ]
printerA+ | A-

Yeni dövr Azərbaycan ədəbiyyatı

Yeni dövr Azərbaycan ədəbiyyatı

Yeni dövr Azərbaycan ədəbiyyatı XIX əsri əhatə edir. Bu əsr maarifçilik əsridir. İki mərhələyə bölünür. XIX əsrin birinci yazıçı və XIX əsrin ikinci yarısında maarifçilik.    Yeni dövr Azərbaycan ədəbiyyatının I mərhələsi 1800-1840-ci illəri, ikinci mərhələsi isə 1850-1890-cı illəri əhatə edir. 1800-1840, 1950-70 və 1980-90-cı illəri mərhələ kimi götürən elmi-nəzəri fikir də vardır. Yeni dövr Azərbaycan maarifçiliyi dedikdə mövhumat, xurafat, cəhalət və despotizmin tənqidi, elm, tədris, məktəb, ədəbiyyat, mətbuat, dramaturgiya və teatrın geniş ərazidə təbliği başa düşülür.Yeni dövrdə saray ədəbiyyatı, ənənəvi poeziyanın, dini-təriqət şeirinin janr imkanları zəifləmişdir. Yeni dövr ədəbiyyatı ictimailəşmiş, millətin tarixini, coğrafiyasını, etnoqrafiyasını, onun maarifçi realizmini, maarifçi realizm metodunu bədii yaradıcılıq düşüncəsinə gətirmiş, Azərbaycan və azərbaycançılıq anlayışlarını konkretləşdirmişdir. Bu baxımdan milli Azərbaycan ideyası, maarifçi realizm yaradıcılıq metodu Mirzə Fətəli Axundzadənin, türkçülük və islamçılıq məfkurəsi isə Cəmaləddin Əfqani, Həsən bəy Zərdabi, İsmayıl bəy Kaspiralı, Əlimərdan bəy Topçubaşov və başqalarının adı ilə bağlıdır. M.F.Axundzadə şeir, nəsr və dramaturgiyası ilə ədəbiyyatda ictimai vəzifələr müəyyənləşdirmiş, maarifçi-realist fikri ədəbiyyatın önünə çıxarmış, xalqın azərbaycançılıq məfkurəsini canlandırmışdır.   Yeni dövr Azərbaycan maarifçiliyi Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh və İsmayıl bəy Qutqaşınlının yaradıcılığında təşəkkül tapmış, onu M.F.Axundzadə inkişaf etdirmiş, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Xurşidbanu Natəvan, Seyid Əzim Şirvani, Azərbaycanın Cənubunda Mirzə Ağa Təbrizi, Hacı Zeynalabdin Marağayi, Abdürrəhman Talıbov, Mirzə Mehdi Şükuhi,  və başqaları M.F.Axundzadə ənənələrini davam və inkişaf etdirmişlər.Yeni dövr Azərbaycan ədəbiyyatında aşıq şeiri tərzi də xeyli güclənmişdir.Yeni dövr Azərbaycan ədəbiyyatı zamanı klassisizm zəifləmiş, maarifçi-realizm yaradıcılıq metodu bədii ədəbiyyatın əsasında dayanmışdır.

Abbasqulu ağa Bakıxanovun elmi əsərləri “Gülüstani-İrəm”, “Qanuni-Qüdsi”, “Əsrarül-mələkut”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, pedaqoji əsərləri “Təhzibül-əxlaq”, “Kitabi-nəsihət”, bədii əsərləri “Riyazül-Qüds”, “Miratül-camal”, “Mişkatül-ənvar”, “Kitabi-Əsgəriyyə”, “Təbriz əhlinə xitab”dır. A.Bakıxanov lirik şeirlərin də müəllifidir.

Mirzə Şəfi Vazeh “Şərqdə min bir gün” və “Mirzə Şəfi şərqiləri” kitablarının müəllifidir. Məhəbbət lirikası yaradıcılığında mühüm yer tutur. Dünyəvi mahiyyətli mənzumələri də vardır. Şeirlərində dini mövhumata və xurafata etiraz etmişdir. “Məktubun intizarında” lirik poeması vardır. “Divani-hikmət” ədəbi məclisini təşkil etmişdir. M.Ş.Vazehin maarifçi-realist ədəbiyyatın inkişafında rolu böyükdür.

İsmayıl bəy Qutqaşınlı XIX əsrin ilk nəsr əsərlərinin müəlliflərindəndir. Onun “Şərq hekayəsi” (“Rəşid bəy və Səadət xanım”) əsəri məşhurdur. “Səfərnamə” əsəri də İ.Qutqaşınlıya məxsusdur.

Qasım bəy Zakir milli ictimai satiranın banisidir. Yaradıcılığının üslub isti­qa­mət­ləri lirika, epik və satirik yönlər olmuşdur. Şeirlərində Füzuli və Vaqif ənə­nələrini davam etdirmişdir. Zakir satiralarında çarizmin müstəmləkəçilik siyasətini, yarımçıq əxlaq normalarını, qanun-qaydaları, hakimlərin rüşvətxorluğunu, idarə və müəssisələrdəki süründürməçiliyi, ədalətsizliyi ifşa etmişdir.

Şairin mənzum hekayələri və təmsilləri vardır.

Həsən bəy Zərdabi “Əkinçi” qəzeti ilə (1875) milli mətbuatın əsasını qoymuşdur.

Seyid Əbülqasim Nəbati şeirlərini Azərbaycan və fars dillərində yazmışdır. Yaradıcılıq üslubu iki istiqamətdə: klassik və xalq-aşıq şeiri formalarında olmuşdur. Qəzəllərində Hafiz və Füzuli təsiri güclüdür. Nəbati panteist şairdir.

Mirzə Fətəli Axundzadə “Aldanmış kəvakib” povesti ilə milli realist bədii nəsrin əsasını qoymuşdur. O, Azərbaycan ədəbi tənqidinin banisidir. Onun ədəbiyyat, incəsənət, şeir, dramaturgiya, hekayə və mətbuat haqqında tənqidi-nəzəri fikirləri qiymətlidir. M.F.Axundzadə “Kəmalüddövlə məktubları” fəlsəfi traktatının müəllifidir.

Seyid Əzim Şirvani 1870-80-ci illər realist poeziyanın görkəmli nümayəndəsidir. Yaradıcılığında Nizami və Füzuli ənənələri güclü olmuşdur. “Beytüs-Səfa” ədəbi məclisinin təşkilatçısıdır. Realist ictimai satiranın davamçısıdır.

Xurşidbanu Natəvan klassik poeziyanın, Füzuli ənənələrinin görkəmli nümayəndəsidir. Ədəbi məclislərin yaranmasında rolu böyük olmuşdur.

Mirzə Məhəmməd Bağır Xalxali “Sələbiyyə” əsərinin müəllifidir.

Mirzə Mehdi Şükuhinin şeirlərində Nəbati ənənələri davam etdirilmişdir.

Nəcəf bəy Vəzirov komediya və dramlar müəllifidir. İlk milli faciə onun “Müsibəti-Fəxrəddin” əsəridir, feodal-patriarxal qanun-qaydalar əleyhinə yazılmışdır.