Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Yubiley yazıları

Tehran Əlişanoğlu. Yubileydən yubileyə, üç romantikam!

19-11-2018 [ 13:49 ] [ oxunub:264 ]
printerA+ | A-

Ədəbiyyat İnstitutu AMEA-nın ən qədimi, əsasında duran strukturlarından biridir. O qədər qədimi ki, tarixini nerədən hesablamalı: 1923-1929-cu ilin Tətəbbö Cəmiyyətindənmi, 1929-1933-cü illərin Elmi tədqiqat institutundanmı, 1932-ci il 12 dekabr qətnaməsindən, Zaqafqaziya Azfilialındanmı, ya 1935-ci il Azərbaycan filialındanmı, ya bəlkə 1945-ci il ayrıca AMEA-nın təsis tarixindən? - müəyyənləşdirmək də müşkül. Hər birisi Ədəbiyyat İnstitutuna şöhrət, şan, özgə bir məna və dividend gətirəsi tarix... Bütün bu rəqəmləri biz akademik İsa Həbibbəylinin yubiley günlərində qələmə aldığı "Nizami adına Ədəbiyyat İnstitutu" oçerkindən, nadir foto-şəkillərlə bəzədilmiş eyniadlı broşüründən (elmi redaktoru: f.ü.e.d., prof.  Asif Rüstəmli) öyrənirik. Necə edəsən ki, həmən start nöqtələrindən birisinin üzərində dayanıb, İnstitutun hesabını o tarixdən aparasan, ona qədərki olanları isə "tarixəqədərki tarix"ə yozasan. Akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü il tarixli qərarına söykənərək, bəyan etdi: "Beləliklə, 22 mart 1933-cü ildə tanınmış tənqidçi Əli Nazim Mahmudzadənin rəhbərlik etdiyi SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialı Azərbaycan Bölməsinin Ədəbiyyat sektoru Akademiya sistemində Ədəbiyyat İnstitutunun yaranma tarixi kimi hesab oluna bilər..." ("Nizami adına Ədəbiyyat İnstitutu", Bakı, 2013, s. 6)

... Və sonra biz Ədəbiyyat İnstitutunun 80 yaşını bütün 2013-cü il boyu bayram etdik. Bu bizə lazım idi, az qala sovet dönəmindən bəri, uzun sürən tarixi dekadansdan sonra bu, çox vacib idi...

Bir məşhur deyimi bir azca çevirsək: predmetin tarixini bilmədən bugününü (nəzəriyyəsini) biləməzsən, nəzəriyyəsini bilmədən Sabahını (tarix!) yapamazsan. İlin sonuna akademik İsa Həbibbəylinin elmi redaktorluğu və layihə müəllifliyi ilə unikal bir biblioqrafik göstərici işıq üzü gördü: "Nizami adına Ədəbiyyat İnstitutunun nəşrləri. Kitablar" (redaktor: fil.ü.f.d. Əmin Əfəndiyev, tərtibçilər: Zakirə Əliyeva, Sona İbrahimova). Biblioqrafiyada Ədəbiyyat İnstitutunun 1926-cı ildən 2012-ci ilin sonunacan ortaya qoyduğu və Azərbaycan, rus və digər dillərdə nəşr etdirdiyi 2289 adda ədəbi tənqid və ədəbiyyatşünaslıq, klassik ədəbi irs və dünya ədəbiyyatı kitabları haqqında məlumat yer almışdı. Göstərici vacibdi; tarix aynasında özünü, sözünü, izini görməsən, yolunu, yönünü, yöntəmini innən beləsinə necə təyin edə, gedə bilərsən?! Akademik İsa Həbibbəyli nəşrə yazdığı "Nizami adına Ədəbiyyat İnstitutu və ədəbiyyatşünaslıq elminin inkişafı məsələləri" adlı ön sözündə göstəricini AMEA sistemində konkret bir elmi-tədqiqat institutunun ilki kimi qutlayırdı: "Oxuculara təqdim edilən "Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının əsərlərinin biblioqrafiyası" Azərbaycan ədəbiyyatşünaslıq elminin bir əsrə yaxın dövrdəki inkişafının mükəmməl elmi salnaməsidir. Çoxillik böyük zəhmətin və axtarışların nəticəsində meydana çıxan bu nəşr milli ədəbiyyatşünaslıq elminin inkişaf yolunu, ideya xəttini, çətinliklərini və uğurlarını real surətdə təsəvvür etməyə, elmi şəkildə öyrənib ümumiləşdirməyə imkan yarada bilən mötəbər mənbədir..." ("Nizami adına Ədəbiyyat İnstitutunun nəşrləri. Kitablar. Biblioqrafik göstərici". Bakı, "Elm və təhsil", 2013, s. 12-13)

Örnək lazım idi. Örnək vacib idi. Və "ilk" son olmadı. Tezliklə biblioqrafik göstərici Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu əməkdaşlarının illik fəaliyyətini əks etdirən müntəzəm nəşrə çevrildi. "Nizami adına Ədəbiyyat İnstitutu. Biblioqrafik göstərici-2013" (Bakı, "Elm və təhsil", 2015) institut əməkdaşlarının il ərzində 823 adda kitab və məqalə ilə mətbu çıxış etdiyindən xəbər verdi. "Nizami adına Ədəbiyyat İnstitutu. Biblioqrafik göstərici-2014" (Bakı, 2016) - 1247 adda; "Nizami adına Ədəbiyyat İnstitutu. Biblioqrafik göstərici-2015" (Bakı, 2016) - 1367 adda; "Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının elmi əsərləri. Biblioqrafik göstərici-2016" (Bakı, 2017) - 1624 adda; "Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının elmi əsərləri. Biblioqrafik göstərici-2017 (Bakı, 2018) - 1584 adda elmi kitab və məqalənin yarandığını müjdələdi. Və az bir zamanda baxıb gördük ki, heçdən az qala tarix qədər tarix yaratmışıq!

Əlbəttə, bu uğur göstəriciləri heçdən peyda olmamışdı. Hərəkət gərəkirdi. Az qala son sovet dönəmindən sürən tarixi donuqluqdan qurtulmağımız üçün o zaman hərəkət vacib idi. Hələ bir əsr öncə Əlibəy Hüseynzadə "Həyat və meyli-füyuzat" məqaləsində deyirdi ki: hərəkət olmayan yerdə həyat da yoxdur. Bu ki, bir məşhur lətifədə deyildiyi tək, olmasa belə, dayanıb-durmuş qatarı tərpətməklə ilk əvvəl görüntüsünü yaratmalıydıq. Bir yazımda bunu yazmışam: İsa Həbibbəyli hərəkətə gənclərdən, institutda ilk baxışda nəzərə çarpmayan elmi gəncliyi yaradıcılığa sövq etməkdən başladı. Bütöv bir məcmuə, İnstitutda 1946-cı ildən dərc olunan "Ədəbiyyat məcmuəsi"nin XXV cildini tamlıqda gənc alimlərin ixtiyarına verdi (bax: "Ədəbiyyat məcmuəsi", AMEA Nizami adına Ədəbiyyat İnstitutu Gənc alimlər üçün Xüsusi  buraxılış, XXV cild./ Baş redaktor: İsa Həbibbəyli. Bakı, 2014, 357 səh.). Daha sonra  2 fevral  2015-ci il, Gənclər Günündə məcmuənin təqdimat mərasimi və müzakirəsini keçirdi. Jurnalda hər biri öz elmi gücü-biliyi-səriştəsi daxilində 46 gənc alim ədəbiyyatın sözünü deyirdi. Məlum oldu ki, hər növ ətalətə rəğmən, nə qədər böyük potensialımız varmış!

...Və qatar tərpəndi. Gənclik yaş deyil ki, keyfiyyətdir. İnstitutun ömrünü ədəbiyyata verən qocaman və ortayaş nəsil alimləri də çağlayan gəncliyə baxıb, uzun illərin apatiyasından qurtuldular. Demə, varmış sübh! İndən belə institutda bütün aktların - elmi tədbirlərin, hazırlanan tədqiqatların, keçirilən konfransların, ədəbi proses gəlişmələrinin, hər növ gündəm mövzularının başında duran qocamanlar oldusa, onu tamamlayan, başa vuran gənclər oldular. İsa Həbibbəyli böyük təşkilatçılıq səriştəsi və tükənməz gənclik enerjisi ilə İnstitutda illərdən bəri yatmış potensialı oyatmış, hərəkətə gətirə bilmişdi.

Oyanmış enerjini, təbii ki, yönəltmək gərəkir. İnstitutda mövcud tədqiqat şöbələri sırasında yeni struktur vahidləri, təzə şöbələr və sektorlar yarandı. Mövcud tədqiqat şöbələri: "Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr" (şöbə müdiri: f.ü.e.d., prof. Məhərrəm Qasımlı), "Qədim dövr Azərbaycan ədəbiyyatı" (f.ü.e.d., prof. İmamverdi Həmidov), "Orta əsrlər Azərbaycan ədəbiyyatı" (müxbir üzv Əlyar Səfərli; hazırda f.ü.e.d. Fəridə Əzizova), "Yeni dövr Azərbaycan ədəbiyyatı" (f.ü.e.d. Zaman Əsgərli; hazırda f.ü.e.d., prof. İslam Qəribli), "XX əsr Azərbaycan ədəbiyyatı" (f.ü.e.d., prof. Şirindil Alışanlı), "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" (f.ü.e.d. Elçin Mehrəliyev; hazırda müxbir üzv Tehran Mustafayev), "Cənubi Azərbaycan ədəbiyyatı" (f.ü.e.d., prof. Teymur Əhmədov), "Ədəbiyyat nəzəriyyəsi" (f.ü.e.d., prof. Tahirə Məmməd), "Türk xalqları ədəbiyyatı" (f.ü.e.d., prof. Məmməd Əliyev), "Dünya ədəbiyyatı və kompravistika" (f.ü.e.d., prof. Gülər Abdullabəyova) və o sıradan üzərinə gələn yeni vahidlər: "Nizamişünaslıq" (şöbə müdiri: müxbir üzv Nüşabə Araslı), "Ədəbi tənqid" (f.ü.e.d. Vaqif Yusifli), "Mətbuat tarixi və publisistika" (f.ü.e.d., prof. Asif Rüstəmli), "Azərbaycan mühacirət ədəbiyyatı" (f.ü.e.d. Nikpur Cabbarlı), "Erkən yeni dövr Azərbaycan ədəbiyyatı" (f.ü.e.d., prof. Mahirə Quliyeva), "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri" (f.ü.e.d. Almaz Binnətova), "Azərbaycan-Asiya ədəbi əlaqələri" (f.ü.e.d., prof. Bədirxan Əhmədli), "Ədəbiyyatşünaslıq plyus" (f.ü.e.d., prof. Vüqar Əhməd), "Uşaq ədəbiyyatı" şöbələri, "Füzulişünaslıq" (f.ü.e.d., prof. Ataəmi Mirzəyev), "Ədəbi cərəyanlar" (akademik İsa Həbibbəyli) sektorları İnstitutun tədqiqat predmetinin əhatəsini genişləndirdi, spektrlərini artırdı.

Akademik İsa Həbibbəylinin gəlişinə qədər Nizami adına Ədəbiyyat İnstitutu özünə qapalı bir tədqiqat müəssisəsi təəssüratını yaradırdı; cəmiyyətdə (o cümlədən, ədəbi instansiyalarda) yeri, statusu barədə rəylər yetərincə periferiyada dolaşırdı (Oralarda nələrsə edirlər...). Elmi-ədəbi dövriyyədə bircə "Ədəbiyyat məcmuəsi" vardı ki, zaman-zaman görünürdü; yeri gəlmişkən, İnstitut 2016-cı ildə məcmuənin yaranmasının 70 illik salnaməsini "Ədəbiyyat məcmuəsi-70" (Bakı, 2016) biblioqrafik göstəricisi ilə qutladı. İsa Həbibbəyli dövri nəşrə çevirərək, məcmuələrə geniş auditoriyalar qazandırdı, başlıcası bu nəşrlərin varlığını hiss elətdirdi; mövcud "Ədəbiyyat məcmuəsi" (baş redaktor: AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli), "Ədəbi əlaqələr" (baş redaktor: AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli, baş redaktorun müavini: f.ü.e.d., prof. Məmməd Əliyev) jurnallarının üzərinə daha birisi - "Poetika.izm" (baş redaktor: AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli, baş redaktorun müavini: f.ü.e.d., prof. Tahirə Məmməd) əlavə olundu.

İnstitutda "Təhsil" şöbəsi (f.ü.f.d. Samir Səttarov) yarandı və doktorantlarla, dissertantlarla yanaşı, İnstitut kənardan ilk magistrlərini də qəbul etdi. İldə yüzdən artıq kitabın nəşri "Elmi nəşrlər və proqnozlaşdırma" şöbəsinin (f.ü.f.d. Töhfə Talıbova) işini intensivləşdirdi. "Elmi informasiya və tərcümə" şöbəsi (f.ü.f.d. Zakirə Əliyeva) təsis olundu və biblioqrafik göstəricilər, www.literature.az portalı İnstitutun fəaliyyətinin əsl diaqnostik mərkəzi statusu qazandı. Arxivimiz zənginləşdi, saxlanclarımız artdı və "Elmi irsin toplanması və sistemləşdirilməsi" şöbəsi (Rəna Mustafayeva) möhkəmləndi. Əlaqələrimiz genişləndi və "Beynəlxalq əlaqələr" şöbəsi (f.ü.f.d. Xanım Zairova) fəaliyyətə başladı. 

İnstitutun rəhbərliyinə bacarıqlı və gənc kadrlar gəldi (direktor müavinləri: f.ü.e.d., prof. Əlizadə Əsgərli, f.ü.f.d. Aygün Bağırlı, Rəşad Qasımov; elmi katib: f.ü.f.d. Mehman Həsənov; direktor köməkçisi Pənah Hacıyev). Tüm görünənlərdən: idarəetmədə gender bərabərliyi də dürüst və yerində; üstəlik, İnstitutda neçə mühüm postlar da: Yeni Azərbaycan partiyası təşkilatı (f.ü.f.d. Xədicə İsgəndərli), Kadrlar şöbəsi (Zemfira Səidova), Ümumi şöbə (Samirə Kərimova), Mühasibat (Sevinc Şirəliyeva), Həmkarlar İttifaqı (f.ü.f.d. Nərgiz Abdullayeva), Gənc alimlər şurası (f.ü.f.d. Eşqanə Babayeva), Qadınlar şurası (f.ü.f.d. Aynur Xəlilova) zərif cinsin himayəsi, qayğısı və kurasiyasında. 

Ədəbiyyat və humanitar elm naminə işimiz, fəaliyyətimiz və qəlbimiz genişləndikcə bir zaman sığındığımız "beşinci mərtəbə"yə artıq sığmadıq, "altıncı mərtəbə" sorağında AMEA-nın dairəvi mərtəbələri boyu 2-ci mərtəbədən 8-ciyəcən genişləndik; nüfuzumuz artdıqca ərzimiz, ərazilərimiz də artdı. Akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun tarixində görünməmiş texnoloji inqilab elədi; ənənəvi kitabxana (Gülbəniz Bağırova) yanında Elektron kitabxana və qiraət otağı, ənənəvi nəşrlərlə yanaşı, Elektron portal (www.literature.az), ənənəvi məclislərin yerində İnstitutun texnoloji avadanlıqla tam təchiz olunmuş, əsl enerji generatoru - Elektron zalı yarandı. O elektron zalı ki (H.Cavid prospekti 115, Akademiya şəhərciyi, Əsas korpus, IV mərtəbə): həftənin az qala beş günü, səhər və günün ikinci yarısı ən müxtəlif elmi tədbirlərlə nəfəs verib nəfəs alır. Hətta bəzən zamana sığmayıb şənbə günləri də, bəzən isə olur ki, yay məzuniyyətindən də günlər qoparıb, daim məclislərlə qaynayıb-daşır. Onlarla miqyaslı tədbirlər: beynəlxalq konfranslar ("Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri", "Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr", "Nəsimi-600", "Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı", "Molla Pənah Vaqif və Azərbaycan realizmi", "Çingiz Aytmatov-90" və s.), elmi sessiyalar ("Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala", "525-ci qəzet" məktəbi: zaman və ədəbi proses", "Afaq Məsud dünyası", "Azərbaycan ədəbiyyatında soyqırım və deportasiyaların bədii əksi: reallıqlar və çağırışlar" və s.), dünya şöhrətli simalarla görüşlər (Nobel mükafatçısı Volye Şoyinka, ünlü qazax  şairi Oljas Süleymenov, görkəmli macar türkoloq alimi, akademik Georgi Xazai, tanınmış türk tədqiqatçıları Əhməd Bican Ərcilasun, Osman Fikri Sərtkaya, Yavuz Akpınar və b.), tele-körpülər (Naxçıvan, Moskva, Avropa şəhərləri, Orta Asiya paytaxtları), yubiley təntənələri və anım günləri (akademiklər Məmməd Arif, Məmməd Cəfər Cəfərov, Azadə Rüstəmova, Yaşar Qarayev və b. xatirəsinə), imzalanan müqavilə və sənədlər, kitab təqdimatları, əsər müzakirələri, ədəbi proses aktları və s. bu kimi aktual gündəmi ifadə edən tədbirlər və ya da gündəlik iş rejimi, dissertasiya müdafiələri, elmi şuralar, direktoryanı müşavirələr, imtahan sınaqları, dərs saatları, mühazirələr və s. bu kimi icbari işlər Elektron zalın sadəcə həyat ritmi və fəaliyyət sxemini müəyyən edən fakt və faktorlardır...

Beş ilin çoxsaylı uğur hadisələrini bir bayram qutlamasında axıracan çözmək müşkül və əslində, lüzumsuz çabadır. Bircə o əyyamları yada salanda ki, nəinki hər gün, hər saatlıq ədəbiyyatşünaslıq qovğalarımız, hər növ elmi tədbirlər, aylıq elmi şuralar və hətta dissertasiya müdafiələri, nə qədər sıcaq olsa belə, "beşinci mərtəbə"nin uzun məsafələri boyu otaqbaotaq dolanıb-gəlib son, İnstitut direktorunun geniş-yığcam kabinetinə yığışar və sığışardı; nerədən nerəyə gəlmişik! - bu uğurlara sevinc pafoslarını qatmamaq olmur! Zaman indi başqa sürət və başqa cürət istəyir; zaman bu gün bizdən çeşidli, çoxsəsli, çoxüzlü, çoxtəzahürlü hərəkət istəyir! Belə ki, son beş ilin sürət qatarında uzun məsafələr qət edib, qətiyyət və ürək rahatlığı ilə deyə bilirik: müstəqilliyin nəfəsi Ədəbiyyat İnstitutuna, ən nəhayət, 80 yaşın yubiley təntənələri ilə gəldi... 

Əlbəttə, bu həm də o zaman idi ki, AMEA-nın prezidenti akademik Akif Əlizadənin rəhbərliyi altında bütövlükdə Azərbaycan Milli Elmlər Akademiyasında islahat saatları yaşanırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci ilin 9 noyabr tarixində AMEA-nın 70 illik yubiley yığıncağında Elmlər Akademiyasının dünənini, bugününü və sabahını yüksək qiymətləndirmiş; akademiya qarşısında açılan geniş perspektivlər müstəvisində dəyərli tövsiyələri ilə birgə humanitar elm daşıyıcılarına həm də bizim iyirmi beş illik müstəqilliyimizin tarixini yazmağın zamanı çatdığını söyləmişdi. Digər humanitarlarla yanaşı, Ədəbiyyat İnstitutunun 44 filoloji doktoru, 95 filoloji fəlsəfə doktoru, bütünlükdə 260 işçidən  ibarət, monolit və işgüzar elmi kollektivi də artıq bu ana, bu tapşırığa müsəlləh və müntəzir idi. İl ərzində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu bütünlükdə səfərbər olaraq, 2016-cı ilin 18 oktyabr Müstəqillik gününə, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə, kollektiv əməyin bəhrəsi olan, iki cilddə, 1888 səhifədə fundamental bir tədqiqat - "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" monoqrafiyasını ortaya qoya bildi. Akademik İsa Həbibbəylinin yazdığı kimi: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin alimlərinə çağırışına cavab olaraq meydana çıxmış "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" kitabı Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Müstəqil Azərbaycanın 25 illik yubileyinə hədiyyəsi, elmimiz qarşısında hesabatı" idi (İsa Həbibbəyli, Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı // Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, 2 cilddə, I cild, Bakı, "Elm və təhsil", 2016, s. 36).

lll

Hər dövr öz tarixi fiqur və şəxsiyyətlərini yetirir. Bizim Ədəbiyyat İnstitutunun tarixində akademik Məmməd Arifin (1939-1950; 1957-1959-cu illərdə İnstitut direktoru), professor Mirzağa Quluzadənin (1952-1957; 1968-1979-cu illərdə İnstitut direktoru), müxbir üzv Yaşar Qarayevin (1985-2002-ci illərdə İnstitut direktoru) adı ilə bağlı fərqli zamanlar olub. Müstəqillik epoxası akademik İsa Həbibbəylinin adına yazıldı. İsa Həbibbəyli ötən yüzilin yetmişinci illərinin - Azərbaycanda Heydər Əliyev epoxasının yetirməsidir. Ədəbiyyatşünaslıqda akademik Məmməd Cəfərin (1980-1981-ci illərdə İnstitut direktoru) nəzəriyyə məktəbini keçmiş, elə ilk monoqrafiyası "Romantik lirikanın imkanları"ndan (1984) milli ideal, romantizm hərəkatı və romantizm ədəbiyyatı, ümumən klassik ədəbiyyat araşdırıcısı kimi ad və böyük uğur qazanmışdır. İsa Həbibbəylinin milli ədəbiyyatşünaslıq elminin hər növ incəliklərinə bələd universal filoloq kimi yetişməsində AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun (1981-1985-ci illərdə İnstitut direktoru) ədəbiyyat tarixçiliyi məktəbinin öz payı var. Cəlil Məmmədquluzadə haqqında "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" monoqrafiyası (1997), çoxsaylı kitab və məqalələri Mirzə Cəlilşünaslıqda yeni mərhələ açmaqla, İsa Həbibbəylinin realizm axtarıcılığında sonrakı uğurlarının da rəhni olmuş, eyni zamanda, ədəbiyyatşünaslıqda yeni bir istiqamətin - "mühitşünaslığ"ın əsasını qoymuşdur. İsa Həbibbəyli bütövlükdə Mirzə Cəlilin Azərbaycançılıq təlimi və ədəbiyyat məktəbindən keçmişdir. Dahi ədibin əsərlərini bu gün də durmadan dünya xalqlarının dillərinə çevirtdirib təbliğ etməklə alim həm bu irsə dərindən bağlılığını, həm də o böyük yola sədaqətini daim sübut etmədədir.

İsa Həbibbəyli ictimai xadim və şəxsiyyət olaraq ulu öndər Heydər Əliyevin dövlətçilik məktəbini keçmiş, bu gün də layiqli müdavimi olaraq qalır. Bunu alim və elm təşkilatçısının fəaliyyətinin Naxçıvan dövründə, Naxçıvan Dövlət Universitetinin rektoru olaraq işində, 1997-ci ildən günümüzəcən millət vəkili olaraq fəaliyyətində görürük; qələmə aldığı "Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövründə Naxçıvan Dövlət Universiteti" (1998), "Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti" (2002), "Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr" (2013), "Ədəbiyyatda Heydər Əliyev obrazı: Tarixi gerçəklikdən ideala" (2018) kitabları akademikin Heydər Əliyev irsinə dərindən nüfuz etdiyini göstərir; başlıcası, Azərbaycançılıq, dövlətçilik - Heydər Əliyev yolu akademik İsa Həbibbəylinin bütün yaradıcı fəaliyyətində söykəndiyi dayaq prinsipləri və  prioritetlərdir.

...Belə ki, dayanıb-durmuş qatarı hərəkətə gətirmək bir hünərdirsə, onu zamanın sürət və tempi ilə yükləmək daha böyük hünərdir. Kardinal istiqaməti düşünsək, bizdə ədəbiyyatşünaslıq platformasının daim üç sürət amili, yainki əyləci olmuşdur; yenə də eynəndir: ədəbiyyat tarixçiliyi, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid. Birisinə ayaq sıxmaq kifayətdir ki, qatar platformadan tərpənsin. Akademik İsa Həbibbəyli hər üçünə eyni qədər önəm və sürət verdi...

2016-cı ilin sonları, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 1 dekabr tarixli elmi şurasında akademik İsa Həbibbəyli İnstitutun 2017-2018-ci illər üzrə elmi-tədqiqat işlərinin istiqamətləri haqqında danışarkən, perspektiv tədqiqat planlarının cəmisinin, cüzi istisnalarla, ədəbiyyat tarixçiliyi istiqamətində olacağını bəyan etdi və qərarını əsaslandırdı. İnstitutda "Ədəbiyyat nəzəriyyəsi" və bir sıra köməkçi şöbələri çıxmaqla, bütün şöbələrdə Azərbaycan ədəbiyyatının ən qədim dövrlərindən müstəqillik dövrünəcən milli ədəbiyyatın müxtəlif tarixi mərhələləri tədqiqat obyektidir. Amma tədqiqat planlarında şairlərin, yazıçıların, ədiblərin həyat və yaradıcılığı, əsərlər və mətnlərin araşdırılması əvəzinə, növbənöv "problemlər", nəzəri müddəalar yer alır, az qala bütün institut "nəzəriyyə" ilə məşğuldur. Akademik İsa Həbibbəyli bu "xəstəliy"in ideoloji kökünü də yada saldı; vaxtilə hələ 1960-cı illərdən, süni "sovet xalqı" yaratmaq niyyətilə, sovet hakimiyyətinin o zamankı baş ideoloqu Mixail Suslovun humanitar elmləri bacardıqca milli tarixlərin araşdırılmasından uzaq salmaq planları belə bir "nəzəriyyəbazlıq" meyllərinə rəvac vermiş, ətalətlə bu gün də hökmranlığını sürüməkdədir. Həmən zərərli tendensiyadan yaxa qurtarmaq, şöbələrin bir qayda olaraq öz tədqiqat predmetlərinə qayıtması zamanı gəlmişdi; bu isə o demək idi ki, hər iki-üç ildən bir bu və ya digər klassik haqqında kitablar, toplular, monoqrafiyalar meydana gələ, işıq üzü görə bilərdi...  

Nəticələr özünü çox gözlətmədi: İsa Həbibbəylinin "Ədəbi şəxsiyyət və zaman" (Bakı, "Elm və təhsil", 2017), Məhərrəm Qasımlının "Folklor və ədəbiyyat araşdırmaları" (Bakı, "Elm və təhsil", 2017), Fəridə Əzizovanın "Klassik ərəb poeziyasında Azərbaycan şairləri: genezis, poetika" (Bakı, "Elm və təhsil", 2017), Siracəddin Hacının "Həzrət Nizami Gəncəvinin "Sirlər xəzinəsi" dastanı insanlığın ana yasasıdır" (Bakı, 2015), Zəhra Allahverdiyevanın "Məhsəti Gəncəvinin rübailəri" (Bakı, "Elm və təhsil", 2016), Ataəmi Mirzəyevin "Azərbaycan epik şeirinin təşəkkül dövrü" (Bakı, "Elm və təhsil", 2016), Rəhim Əliyevin "Cavidannamə - monoteizmin dördüncü kitabı" (Bakı, "Alatoran", 2016), Mahirə Quliyevanın "Quran və Azərbaycan ədəbiyyatı" (Bakı, "Elm və təhsil", 2016) və "Molla Pənah Vaqif irsi xalq yaradıcılığı ilə klassik poeziyanın qovşağında" (Bakı, "Elm və təhsil", 2018), Zaman Əsgərlinin "Mirzə Fətəli Axundzadə" (Bakı, Avropa, 2017), Şahbaz Şamıoğlunun "Mirzə Fətəli Axundzadə: müasirləri ilə əlaqələri və bədii yaradıcılığı" (Bakı, "Elm və təhsil", 2017), Lütfiyyə Əsgərzadənin "Hüseyn Cavid: mühiti və müasirləri" (Bakı, 2016), Asif Rüstəmlinin "Cəfər Cabbarlı və milli istiqlal hərəkatı" (Bakı, 2018), Baba Babayevin "Abdulla Şaiqin nəsr yaradıcılığı" (Bakı, 2018), Esmira Fuadın "XX əsr Güney Azərbaycan epik şeiri" (Bakı, "Elm və təhsil", 2016), Mühacirətşünaslıq şöbəsinin hazırladığı "Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr" (tərtibçi Nikpur Cabbarlı, Şamil Vəliyev; Bakı, "Elm, 2016") və "Ceyhun Hacıbəyli. Əsərləri" (tərtibçi Abid Tahirli; Bakı, "Elm", 2017), Bədirxan Əhmədlinin "Azərbaycan mühacirət ədəbiyyatı" (Bakı, "Elm və təhsil", 2017), Tehran Əlişanoğlunun "Milli nəsrdə Azərbaycan obrazı: tarix və müasirlik kontekstində" (Bakı, "Elm və təhsil", 2017), "Mir Cəlal. Sabirin sənət dünyası" (tərtibçi: Alxan Bayramoğlu, 2017), Qəzənfər Paşayevin "Abbas Zamanov" (Bakı, Gənclik, 2016) və "Hüseyn Kürdoğlunun poetik dünyası" (Bakı, "Sabah", 2017),  Yaşar Qasımbəylinin "Rəsul Rza və ədəbi çağdaşları" (Bakı, "Elm və təhsil", 2018), XX əsr şöbəsinin hazırladığı "Yaşar Qarayev: yaxından və uzaqdan" (tərtibçi Şirindil Alışanlı, Aygün Bağırlı; Bakı, "Elm", 2016) və "XX əsr Azərbaycan ədəbiyyatı məsələləri IV kitab. İlyas Əfəndiyev" (tərtibçi Şirindil Alışanlı; Bakı, "Elm", 2017), Rahid Uluselin "Bir qalanın bürcləri: Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Nizami Cəfərov" (Bakı, "Elm və təhsil", 2017), Əlyar Səfərlinin "Seçilmiş əsərləri" (Bakı, "Elm və təhsil", 2017), Vaqif Yusiflinin "Bölgələrdə ədəbi həyat" (Bakı, "Elm və təhsil", 2017), Elnarə Akimovanın "Çağdaş poeziya və ədəbi təmayüllər" (Bakı, "Elm və təhsil", 2016), Nərgiz Cabbarlının "Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyatı" (Bakı, 2017), Gülər Abdullabəyovanın "Azərbaycanda və Avropada maarifçilik" (rus dilində. Bakı, Mütərcim, 2016), Yelena Teyerin "Nizami Gəncəvinin əsərlərinin Polşada tərcümə və öyrənilməsi" (rus dilində; 2017), Almaz Ülvinin "Özbək ədəbiyyatı" (Bakı, "Elm və təhsil", 2016), Nizami Məmmədov-Tağısoyun "Qaraçay ədəbiyyatı" (Bakı, "Elm və təhsil", 2016), Cavidə Məmmədovanın "Azərbaycan və Böyük Britaniya poeziyası" (Bakı, "Elm və təhsil", 2016), İslam Qəriblinin "Hüseynbala Mirələmov: tarix və müasirlik" (Bakı, "Elm və təhsil", 2016), Mərziyyə Nəcəfovanın "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" (Bakı, 2017), Lalə Həsənovanın "Çağdaş paradiqma: icmallar, məqalələr, düşüncələr" (Bakı, 2018), Fikrət Əhmədovun "Səhənd" (Bakı, "Nurlar", 2017); habelə İnstitut Elmi Şurasından keçərək çapda olan: "Nizamişünaslıq" şöbəsinin  "Nizami Gəncəvi", "Yeni dövr" şöbəsinin "Ə.Haqverdiyev", Əlizadə Əsgərlinin "Bəxtiyar Vahabzadə", Xədicə İsgəndərlinin "Nəbatinin poetikası", Salidə Şərifovanın "Klassiklər və müasirlər söz müstəvisində", Ağahüseyn Şükürovun "Əli Tudənin yaradıcılıq yolu" və s. onlarla monoqrafiya və kitabın nəşrini son illərdə Ədəbiyyat İnstitutunun kollektiv surətdə ədəbiyyat tarixi axtarıcılığının ilk bəhrələri hesab etmək olar...

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, plan-prospekti hələ ötən əsrin 80-ci illərindən cızılmış, ilk dörd cildi "ədəbiyyatşünaslıq elmimizin patriarxı" (ifadə Qəzənfər Paşayevə məxsusdur) akademik Bəkir Nəbiyevin İnstituta rəhbərlik etdiyi 2003-2012-ci illərdə işıq üzü görmüş "Azərbaycan ədəbiyyatı tarixi" çoxcildliyi hazırlanmaqdadır. Hazırda beşinci cildi nəşrdə olan, son 6-7-ci cildləri üzərində iş gedən çoxcildliyin bu qədər uzun bir zaman məsafəsində ərsəyə gəlməsi, özlüyündə müstəqillik düşüncəsində yeni bir tarixçilik konsepsiyasına hacət olduğundan xəbər verirdi. Həmin tarixi zərurətdən çıxış edərək, akademik İsa Həbibbəyli "Ədəbiyyat məcmuəsi"nin 2015-ci il XXVI cildində yeni bir "Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası"nı irəli sürdü; layihə elmi instansiyalarda müzakirələrdən sonra, geniş əsaslandırılmış variantda ("Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri") mətbuatda və ayrıca kitab şəklində (Bakı, 2018) çap olundu.

Eyni zamanda, Ədəbiyyat İnstitutunda on cilddə yeni ədəbiyyat tarixinin hazırlanmasına rəvac verildi. Konsepsiyanın praktik tətbiqi, şəksiz ki, həm də onun nəzəri-metodoloji önəmini şərtləndirir.

Akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri" əsəri milli ədəbiyyat tarixçiliyi nəzəriyyəsinin yüz ildən artıq inkişafı yolunda irəliyə atılmış böyük addımdır. Konsepsiyada milli ədəbiyyatın gəlişməsinə əvvəlki yanaşmalar, təsnifatlar, dövrləşdirmə prinsipləri geniş, təfərrüatlı və tənqidi baxışla nəzərdən keçirilməklə, Azərbaycan ədəbiyyatı tarixinin yenidən və yeni dövrləşdirmə layihəsi təklif olunur: "Azərbaycan ədəbiyyatı tarixinin aşağıda təqdim olunan dövrləşdirmə modeli ümumdünya ədəbi proseslərinin gedişatı müstəvisində Azərbaycan xalqının çoxəsrlik tarixi ərzində milli ədəbiyyatın keçdiyi təkamül proseslərinin daxili inkişaf qanunauyğunluğundan, təbii məntiqindən doğan elmi təsnifatdır: 1. Qədim dövr Azərbaycan ədəbiyyatı: Etnosdan eposadək; 2. Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər); 3. İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər); 4. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər); 5. Erkən yeni dövr Azərbaycan ədəbiyyatı (XVII-XVIII əsrlər); 6. Azərbaycan ədəbiyyatının maarifçi realizm dövrü (XIX əsr); 7. Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası  (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda sovet hakimiyyətinədək); 8. Azərbaycan ədəbiyyatında sosialist realizmi dövrü (1920-1960-cı illər); 9. Milli özünüdərkə qayıdış və istiqlalçılıq mərhələsi (1960-1980-ci illər); 10. Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən)".

Konsepsiyada hər bir tarixi mərhələnin azərbaycançılıq mövqeyindən, tarixi gəlişmə və bədii inkişaf məntiqindən izahı, tarixi mündəricəsi, başlıca tendensiyalar vurğulanmaqla yığcam təhlili verilir; klassiklərin və ədəbi şəxsiyyətlərin aparıcı missiyası şərh olunur; irs və varislik məqamları diqqətə alınmaqla milli ədəbiyyatın bütöv bir orqanizm kimi tədricən yetişməsi, böyüməsi, nəhəng fenomenə çevrilməsi, dünya ədəbiyyatları sırasında yeri və mövqeyi təsbit edilir. Qətiyyətlə demək olar ki, akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri" əsəri eyni zamanda, bu gün Ədəbiyyat İnstitutunda hazırlanan Azərbaycan ədəbiyyatı tarixi oncildliyinin geniş və dürüst plan-prospekti rolunu oynayacaqdır. Bu, müstəqillik düşüncəsi ilə hasilə gələn və hazırda milli ədəbiyyat realiyalarını hərtərəfli və dolğun əhatə edən ilk sistemli layihədir.   

Nəzəri düşüncə hər bir ədəbiyyatşünasın haqqı və borcudur; nəzəriyyəsiz elm olamaz, olsa da, qayətdə bietibar olar. Bununla belə, İnstitutda böyük nəzəriyyə məsələləri əsasən İnstitutun ən böyük, "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində (şöbə müdiri f.ü.e.d., prof. Tahirə Məmməd) və əsasən günün aktual tələblərinə yönəlik böyük layihələr əsasında çözülür. Bu baxımdan şöbənin lap bu günlərdə, bayram təntənələrinə yaraşan məqamda çapdan çıxmış "Ədəbiyyat nəzəriyyəsi" ikicildliyini (Bakı, 2018) əsl "beşilliyin hədiyyəsi" hesab etmək olar. Yenicə ərsəyə gəlmiş Nəzəriyyə kitabı həm də onunla əlamətdardır ki, ümumən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun tarixində kollektivin hasilə gətirdiyi ilk Nəzəriyyədir. Müstəqillik fenomeni, bütün sovet dönəminin 70 il ərzində görə bilmədiyi işi sərbəst düşüncənin beş ili ərzində başa gətirmişdir. Qutlu olsun! Buna qədər də İnstitut nəzəriyyəçilərinin işi və gücü İnstitutda daim görünən olmuş və başlıca olaraq, yenə də "ilklər"dən olan nəzəriyyə jurnalı "Poetika.izm"in fərqli və seçkin mündəricatında ifadəsini tapmışdır. İnstitutda nəzəriyyənin məxsusən gəlişməsi son zamanlar burda ədəbi "izmlər"ə aşırı maraqda da qabarıq nəzərə çarpır: realizmdən postmodernəcən... Bu ki, akademik İsa Həbibbəylinin Nəzəriyyə şöbəsinin nəzdində açdığı "Ədəbi cərəyanlar" sektorunu bu istiqamətdə sorunlara cavab axtarışlarının ilkin təzahürü kimi almaq və anlamaq olar.

Ədəbi tənqidin Ədəbiyyat İnstitutunda mövqeyinin möhkəmlənməsi və institusional bir alət kimi funksionallaşması akademik İsa Həbibbəylinin "Ədəbi tənqid" şöbəsini yaratması və onu tanınmış tənqidçi, f.ü.e.d. Vaqif Yusifliyə etibar etməsi ilə başladı. Akademikin başqa bir təşəbbüsü - bir zamanlar İnstitutda mövcud olan (1976-1984-cü illər) və sonralar da (Yaşar Qarayevin və Bəkir Nəbiyevin İnstituta rəhbərliyi zamanında) ara-sıra davam tapan, ədəbi prosesin illik yekunlarının müzakirəsi ənənəsini bərpa etməsi oldu. Başlıcası: həmin tədbirlərdə ədəbi növlər (poeziya, nəsr, dramaturgiya, ədəbi tənqid və ədəbiyyatşünaslıq) və müxtəlif ədəbi problemlər üzrə oxunan məruzələrin toplu şəklində ardıcıl nəşr olunması bütöv bir ədəbi tənqid fəaliyyəti olaraq göründü və tədricən Ədəbiyyat İnstitutunun ölkənin ədəbi həyatında yerini periferiyadan ön sıralara çıxardı. "Ədəbi proses-2013" (Bakı, "Hədəf nəşrləri", 2014), "Ədəbi proses-2014" (Bakı, "Hədəf nəşrləri", 2015), "Ədəbi proses-2015" (Bakı, "Hədəf nəşrləri", 2016), "Ədəbi proses-2016" (Bakı, "Hədəf nəşrləri", 2017), "Ədəbi proses-2017" (Bakı, "Hədəf nəşrləri", 2018) - ədəbi tənqid topluları nəinki ölkədə son beş ilin ədəbiyyat mənzərələrini ümumən və təfərrrüatlarında izləməyə imkan verir, akademik İsa Həbibbəylinin iqrar etdiyi kimi: həm özlüyündə də bir "ədəbi proses hərəkatı" yaratmışdır. Biz də onun ən ön sıralarında...

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ədəbi prosesə daha bir qatqısı akademik İsa Həbibbəylinin "Plyus bədii yaradıcılıq" layihəsidir. Bədii təfəkkürlə elmi təfəkkürün inteqrasiyasına böyük önəm verən akademik İnstitut əməkdaşlarının bədii yaradıcılığını konsentrə edən ayrıca "Ədəbiyyatşünaslıq plyus" şöbəsini (f.ü.e.d., prof. Vüqar Əhməd) təsis etmiş, az bir zamanda şöbə "Plyus bədii yaradıcılıq" ədəbi almanaxının (ideya müəllifi: akademik İsa Həbibbəyli, tərtib edənlər: Vüqar Əhməd, Dilbər Rzayeva) iki kitabını (Bakı, "Elm və təhsil", 2017; 2018) ərsəyə gətirmişdir. Zira araşdırma predmeti gözəllik və bədiiyyat olan instansiyanın eyni zamanda, gözəllik və bədiiyyat yaratmasına nə söz?!

Akademik İsa Həbibbəyli "Plyus bədii yaradıcılıq" layihəsini artıq bir neçə ildir AMEA miqyasında həyata keçirilən "Fizika və lirika" tədbirlərinin bir parçası hesab edir. Sanballı elmi məruzələrlə, elmi və bədii təfəkkürün birliyini qapsayan kitab təqdimatları ilə yadda qalan bu hadisə-tədbirlər artıq beynəlxalq maraq kəsb etmişdir və yaxın zamanlarda MDB ölkələrindən alimlərin iştirakı ilə "Fizika və Lirika: Dünya təcrübəsi və Birlik ölkələrinin elm və ədəbiyyatının reallıqları" Beynəlxalq elmi konfransının Bakıda və Moskvada keçirilməsi də nəzərdə tutulmuşdur. Proyektdən danışarkən, akademik İsa Həbibbəyli İnstitutun elmi şurasının 15 oktyabr 2018-ci il tarixli iclasında vurğuladı: hələ altmış il öncə, bir zamanlar "Komsomolskaya pravda" qəzetinin səhifələrində başlamış "Fizika və lirika" debatları bu gün Azərbaycanda uğurla davam edir... Və özümüzdən onu əlavə edək ki: bu gün "Lirika və fizika"nın romantik qanadlarında dünyanın elm mərkəzlərindən birinə - Dubnaya yol açmaq humanitarilərdən, həqiqətən də, böyük hünər istəyir... Akademik İsa Həbibbəylinin rəhbərliyi ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu bu hünərin sahibidir!

85 yaşın mübarək, doğma İnstitutum!

 

525-ci qəzet, 02 noyabr, 2018-ci il

SİZƏ MARAQLI OLA BİLƏR