Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Yubiley yazıları

Ülvi Babasoy. Ədəbiyyat məbədi

19-11-2018 [ 09:56 ] [ oxunub:221 ]
printerA+ | A-
95142

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu-85

Təbiət insanlara sənət kimi dəyərli bir nəsnə bəxş edib. Əslində, insan təbiətdən ayrılandan sonra ilkinliyə, qayıdışa can atdığı üçün ədəbiyyatı kəşf edib.  İlk naturanı, təbiiliyi yenidən doğmaq üçün ədəbiyyat ən yaxşı vasitədir. Dünyanın, ananın və təbiətin bədənindən sürgün edilən insanların, xüsusilə şair və yazıçıların bədii əsərləri və ədəbi cərəyanlar, manifestlər, estetik ideal və bəyanatlar həmişə qadın cinsində olub. Ona görə belə düşünürəm ki, ədəbiyyat qadın kimi zəriflik və gözəlliyi ifadə edir və bu da çoxalır, artır. Mənim nəzərimdə ədəbiyyat üçün ən gözəl təşbeh qadındır.

Ədəbiyyat adamları isə kəşf edilən gözəl yenilikləri tədqiq və təqdim etməklə  ciddi vəzifələri öz üzərlərinə götürüblər. Həmin qadıntək zərif çoxalma prosesi öz idrak formasını ədəbiyyatşünasların yaradıcılığında davam etdirir... Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu ədəbiyyatın məbədi missiyasını yerinə yetirir. Tarix və zaman nə qədər zövqsüz və amansız olsa da, ədəbiyyat adamları mərkəzdən qaçmayıblar. Ədəbiyyat İnstitutu 85 yaşındadır. Səksən beş il iki fərqli dövrə şahid olub. Ancaq ədəbiyyat adamları hər iki dövrdə də fədakarcasına çalışıblar. Çağdaş ədəbiyyatşünaslıq tariximiz bu ədəbiyyat məbədinin üzvləri tərəfindən yaradılıb və vahid, sistemli konsepsiya təşkil edib.

Sovet dövrü bu günə gəlib çıxmaq və indiki anı dərk etmək  üçün mərhələdir.  O dövrə məxsus kütləvi, kollektiv şüur və əqidədən ayrılan ədəbiyyat adamları isə filoloji məktəb yaradıblar. Hətta ən ritorik və patetik üslublu alimlər belə hazırkı dövr üçün bir istinad, mənbə və nəzəri-metodoloji baza rolunu oynayır. Müstəqillik illərində Ədəbiyyat İnstitutu daha konseptual və sistemli çalışıb. İnstitutun fəaliyyət və nəşrlərini kənardan izləyən bir şəxs kimi deyə bilərəm ki, orda çalışanlar, bölgülər, paralellər, şöbələr, mərkəzlər və bütöv struktur mənim üçün məxsusi dəyər ifadə edir. Ona görə ki, yüksək texnologiya, istehlak, pul və daha çox  gəlir vəd edən karyeranın aparıcı olduğu dövrdə  bütün qayğılara rəğmən ədəbiyyat fədailəri çalışır orda. Bu baxımdan həmin şəxslərə sayğı və sevgi çoxdur. Hər hansı bir şəxsin adını qabartmaq bu yazı üçün mümkün deyil. Çünki ədəbi proses və onun davamı institutun gənc və yaşlı nəsil alimlərinin səy və zəhməti ilə dəyər və miqyas qazanır.

Mərkəzdənqaçma qanunu ədəbiyyatda aparıcıdır. Birincisi, ədəbiyyat adamı bir çox qayğılar məngənəsində ilişib qalır. İkincisi, ədəbiyyatı duymayan və bilməyən adamlar ardıcıllıq və konsepsiyanı pozur. Ədəbiyyat İnstitutu hər iki məsələnin həll olunmasında vacib və zəruri əhəmiyyətə malikdir. Məişət qayğıları sosial-mədəni əlaqə və ünsiyyət modeli ilə həll edilməyə çalışılır. Qeyri-dəqiqlik və naşılıq isə professional və təcrübəli ədəbiyyatçılar sayəsində azalır. Yaradıcı potensiallar üzə çıxır. Beləcə, mərkəzə qayıdış baş tutur.

İndi dünya ədəbiyyatı çağıdır. Artıq müqayisəli və dünyanı maraqlandıran tədqiqatların zamanıdır. Ədəbiyyat İnstitutu bu missiya və vizyonla maraqlı cazibə mərkəzinə çevrilir. Belə olduqda ədəbiyyatın ən zəruri sosial-kulturoloji fakt olması təkcə ədəbiyyatçılar tərəfindən dərk edilmir. Hər yaş və baş qrupunun ehtiyacı kimi mənalanır. Milli ədəbiyyat öz qapalı çevrəsində hərəkət etmir. Daha geniş ünsiyyət və inteqrasiya  imkanı əldə edir. Emosional intellekt ilə elmi-nəzəri metodlar birləşir. Ədəbiyyat təkcə ədəbiyyatçıların müqəddəs məbədi funksiyasını daşımaqdan çıxır. Oxucu, yazıçı və ədəbiyyatşünaslar arasındakı ciddi əlaqə bədii mətnə olan maraq dairəsini artırır.

Ədəbiyyat İnstitutu 85 il əvvəl yaransa da, məbədin modern üslub və dizaynı Mirzə Fətəlinin qələmi ilə formalaşdı. Xalq Cumhuriyyəti dövründə milli və demokratik maya ilə yoğruldu. Həmin sağlam təməl Sovet dövründə öz saflığını qorumaq üçün mübarizə apardı. İtkilərə baxmayaraq, məbədin mahiyyət və həqiqəti ədəbiyyatşünaslıq tariximizi yaratdı. Müstəqillik isə daxili və xarici struktur və estetikanı genişləndirdi. Hər kəs üçün meydan verdi. Bir əsrlik ədəbiyyatşünaslıq tarixinə nəzər salaraq yeni, faydalı və gözəl olanı kəşf etmək imkanı yaratdı.

Ədəbiyyat məbədinin sakinlərinə sevgi və sayğılarla...

 

Ədəbiyyat qəzeti, 15 noyabar, 2018-ci il

SİZƏ MARAQLI OLA BİLƏR