Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Yubiley yazıları

Vaqif Yusifli. "Ədəbi proses" illəri

19-11-2018 [ 10:07 ] [ oxunub:254 ]
printerA+ | A-
92888

Ədəbi proses anlayışı çox geniş və həm də mürəkkəb bir anlayışdır. Belə ki, ədəbiyyatda, bədii yaradıcılıqda baş verən bütün prosesləri, kəmiyyət və keyfiyyət dəyişmələrini, ədəbi cərəyanları, ədəbi əlaqələri, fərdi üslubları əhatə edən hadisələr bu anlayışa daxildir. Canlı ədəbi gerçəklik, ədəbiyyat və həyat arasında əlaqə və bağlılıq  ədəbi prosesin mahiyyətini təşkil edir. Bu proses öz mürəkkəb səciyyəsi ilə diqqəti cəlb edir: belə ki, ədəbi aləmdə baş verən bütün hadisələrin heç də hamısı ədəbi prosesə çevrilmir, yalnız o hadisələr ədəbi proses anlamına daxil ola bilər ki, bilavasitə ədəbi inkişafla bağlıdır, ədəbiyyatın bu və ya digər istiqaməti ilə üzvi şəkildə bağlı olsun. Ədəbi prosesin müasir elmi-nəzəri rakursda təhlil olunması tənqidi fikrin başlıca vəzifələrindən biridir. Bu sahədə ədəbi tənqidin çoxillik təcrübəsi və ənənəsi var. İlk dəfə 1962-ci ildə başlanan ədəbi proses müşavirələri sonralar get-gedə öz miqyasını, əhatə dairəsini genişləndirmiş və ümumədəbi hadisəyə çevrilmişdir. İlk ədəbi müşavirə haqqında "Ədəbiyyat və incəsənət" qəzetinin 14 aprel sayında belə bir informasiya təqdim edilir: "Nizami adına Ədəbiyyat və Dil İnstitutu Azərbaycan Yazıçılar İttifaqı ilə birlikdə 1961-ci ilin ədəbiyyatına dair yekun müşavirəsi keçirmişdir. Müşavirəni Məmməd Arif açmışdır.  Məmməd Cəfər Cəfərovun  "1961-ci ilin bədii nəsri", Əkbər Ağayevin  "Müasir həyat və şeirimiz", Cəfər Cəfərovun  "Dramaturgiyamızda sənətkarlıq məsələləri" haqqında məruzələri dinlənilmişdir. Müzakirələrdə  Rəsul Rza, Bayram Bayramov, Mehdi Hüseyn, Mirzə İbrahimov, Qulu Xəlilov, Əhəd Hüseynov, Xəlil Rza və b. çıxış etmişlər". Göründüyü kimi, bu ilk müşavirə iki gün çəksə də (4-5 aprel) öz sadə gedişatı ilə diqqəti cəlb etdi (cəmi üç məruzə dinlənildi, çıxışlar oldu və ədəbi prosesdə baş verən hadisələr heç də bütünlüklə əhatə olunmadı). Bir il sonra 1963-cü ilin 2-3 aprelində də  ötən ilin ədəbi prosesi müzakirə hədəfinə çevrildi.  "Ədəbiyyat və incəsənət" qəzetinin 1963-cü il 20 aprel sayında oxuyuruq: "Nizami adına Ədəbiyyat və Dil İnstitutu 1962-ci il  Azərbaycan ədəbiyyatının yekunlarına həsr edilmiş  müşavirə keçirmişdir. Müşavirəni giriş sözü ilə Məmməd Arif açmışdır. Müşavirədə  şeir, poema, hekayə, roman və povestlər haqqında  Qulu Xəlilov, Bəkir Nəbiyev, Məsud Əlioğlu və Yəhya Seyidov məruzə etmişlər.  Müzakirələrdə  Məmməd Arif, Osman Sarıvəlli, Mehdi Hüseyn, Əkbər Ağayev və b. çıxış etmişlər".

Deməli, ədəbi proseslə bağlı illik ədəbi müşavirələrin mərkəzi Nizami adına Ədəbiyyat İnstitutu olmuşdur, sonrakı illərdə də bu mərkəz öz yerini dəyişməmişdir.

Yetmişinci illərin ortalarına qədər ədəbi proseslə bağlı müşavirələr keçirilmədi. Sov. İKP MK-nın "Ədəbi-bədii tənqid haqqında" (1972) qərarı ədəbi tənqiddə baş verən susqunluğu, müəyyən mənada xaos və hərc-mərcliyi aradan qaldırmağa bir təkan rolunu oynadı. Təbii ki, bu qərarda bədii ədəbiyyatı, ədəbi tənqidi siyasətə, ideologiyaya daha möhkəm bağlamaq meyilləri duyulurdu, amma bu qərar Azərbaycanın ictimai həyatında, ədəbi-bədii fikrimizin təkamülündə mühüm rol oynadı. Yaxşı xatırlayıram ki, Ədəbiyyat İnstitutunda professor Kamal Talıbzadənin rəhbərliyi ilə "Ədəbi tənqid tarixi və nəzəriyyəsi" şöbəsi fəaliyyət göstərirdi (1980-1986-cı illərdə), "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin nəzdində "Ədəbi proses" qrupu yaradıldı və görkəmli tənqidçi Yaşar Qarayev bu qrupun rəhbəri təyin edildi (az sonra bu qrup müstəqil şöbəyə çevrildi). Yaşar Qarayevin təşəbbüsü ilə ədəbi proseslə bağlı illik müşavirələr bərpa edildi, bu müşavirələrdə oxunan məruzələr "Ədəbi proses" toplularında (1975-1984-cü illərdə) öz əksini tapdı. On il ərzində altı "Ədəbi proses" kitabları təbii ki, ədəbi tənqiddə müəyyən canlanma yaratdı. Həmin "Ədəbi proses" kitablarında "Ədəbi tənqid", "Poeziya", "Nəsr", "Dramaturgiya" və "Cənubi Azərbaycanda ədəbi proses" mövzuları əhatə olunmuşdu. Əsasən tənqidin icmal formasında qələmə alınan və hər bir janrın keçdiyi birillik yolu əhatə edən bu yazılarda ədəbi prosesin əsas istiqamətləri, gedişatı, uğurlu və uğursuz nəticələri öz əksini tapırdı. Məruzəçilər-icmal müəllifləri əsasən eyni tənqidçilər idi. Yaşar Qarayev "Giriş sözü"nün və "Ədəbi tənqid" icmalının, Akif Hüseynli "Nəsr", Şamil Salmanov "Poeziya", Arif Səfiyev "Dramaturgiya", Sabir Əmirov "Cənubda ədəbi proses" icmallarının daimi müəllifləri olmuşlar. Ancaq o illərin cavan tənqidçiləri də (Şirindil Alışanov, Vilayət Quliyev, Nizaməddin Şəmsizadə, Vaqif Yusifli, Rəhim Əliyev) icmal müəllifləri sırasına qoşuldular. İndi, XXI əsrin ikinci onilliyində həmin "Ədəbi proses" məcmuələrindəki icmallara nəzər yetirsək, açıq-aydın görərik ki, həmin icmallarda yetmiş-səksəninci illərin ədəbi prosesi bəzi istisnaları nəzərə almasaq, öz obyektiv təhlil prinsipi ilə diqqət çəkirdi. Təbii ki, hər bir icmal yazıda mümkün qədər bir il ərzində ərsəyə gələn əsərlər əhatə olunmalı, ən yaxşı əsərlər haqqında isə dolğun təəssürat yaradılmalıdır. Ona görə də icmal yazılarda xeyli əsərlərin adları çəkilir, bəzisi haqqında yalnız bir-iki cümlə məlumatla kifayətlənməli olur, sadalama üstünlük təşkil edirdi. Bunu biz əsasən "Poeziya" icmallarında müşahidə etmişik. Lakin öz elmi-nəzəri səviyyəsinə və təhlil mədəniyyətinə görə Yaşar Qarayevin "Giriş" sözləri və "Tənqid" icmalı, həmçinin Akif Hüseynlinin "Nəsr" icmalları xüsusilə fərqlənirdi. Heç şübhəsiz, Azərbaycan nəsrinin altmış-yetmişinci illəri daha maraqlı, orijinal, həm məzmunca, həm də forma-sənətkarlıq baxımından böyük tərəqqini əks etdirirdi və Akif Hüseynlinin icmalları (əslində, onun yazıları "icmal" hüdudunu keçir, problem məqalələr kimi diqqəti cəlb edirdi) ədəbi-tarixi hadisə kimi nəzəri cəlb edirdi. İsa Hüseynovun "Məhşər", Mövlud Süleymanlının "Köç", Sabir Azərinin və İsi Məlikzadənin povestləri, Elçinin, Anarın nəsr əsərləri. Bayram Bayramovun "Fəhlə qardaş" romanı, Sabir Əhmədlinin, Əkrəm Əylislinin, Vidadi Babanlının o illərdə qələmə aldığı povest və romanları, həmçinin cavan nasirlərin yaradıcılığı öz dərin elmi təhlilini məhz Akif Hüseynlinin icmallarında tapdı.

"Ədəbi proses" silsiləsindən axırıncı elmi müşavirə 1984-cü ildə keçirildi və bundan sonra yenə bu sahədə müəyyən fasilələr yarandı. İkimininci illərin əvvəllərində isə akademik Bəkir Nəbiyevin təşəbbüsü ilə "Ədəbi proses" müşavirələri yenidən bərpa edildi.Təbii ki, ötən illərin "Ədəbi proses" müşavirələrinin ənənələrinə uyğun olaraq nəsr, poeziya, dramaturgiya, ədəbi tənqid məruzələri dinlənildi, arada publisistika, bədii tərcümə və Cənubda Ədəbi Proses məruzələrinə də yer verildi. Mən də bir müəllif kimi 2002 və 2004-cü illərin nəsri haqqında məruzə etmişəm. Yeni müəlliflərin  (Qurban Bayramov, Aydın Dadaşov, Rahid Xəlilov) də prosesə cəlb olunması öz bəhrəsini verdi. Ancaq bu "Ədəbi proses" müşavirələrinin heç biri kitab halında çap olunmadı.

"Ədəbi proses" müşavirələrinin üçüncü mərhələsi akademik İsa Həbibbəylinin Ədəbiyyat İnstitutuna direktor təyin olunmasından sonra start götürdü. İsa Həbibbəyli, ilk növbədə, 1986-cı ildə öz fəaliyyətini dayandırmış "Ədəbi tənqid tarixi və nəzəriyyəsi" şöbəsini "Ədəbi tənqid" adı ilə yenidən bərpa etdi, bu şöbənin təkcə tənqid tarixi və nəzəriyyəsi ilə deyil, müasir ədəbi proseslə daha çox ilişgili olduğunu şöbə əməkdaşlarına xatırlatdı. İsa Həbibbəyli məni bu şöbənin müdiri vəzifəsinə təyin etdi. Mən uzun illər "Azərbaycan" jurnalında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri işləmişdim, bir tənqidçi kimi fəaliyyətim də göz qabağında idi, ona görə də müəyyən tərəddüddən sonra İsa müəllimlə razılığa gəldik. Və bu şöbəyə mənim təklifimlə Elnarə Akimova, Nərgiz Cabbarlı və b. kimi istedadlı tənqidçilər cəlb olundu. Şöbəyə təyinatımızdan iki-üç gün sonra İsa Həbibbəyli elmi şurada "Ədəbi proses" müşavirəsini yenidən gündəmə gətirdi və başda özü olmaqla beş nəfərdən ibarət redaksiya heyətinin yaradıldığını elan etdi. Mənə iki ciddi vəzifə tapşırıldı: birincisi, müşavirədə ayrı-ayrı mövzular üzrə məruzəçiləri təyin etmək, ikincisi, bu məruzələri "Ədəbi proses-2013" məcmuəsi üçün çapa hazırlamaq. Öhdəmə düşən vəzifəni layiqincə yerinə yetirmişəm və artıq "Ədəbi proses-2013, 2014, 2015, 2016 və 2017" tənqid topluları ədəbi və elmi ictimaiyyətə çatdırılıb.

Əlbəttə, ədəbi proses anlayışının hüdudları, əhatə etdiyi problemlər çoxçalarlıdır. Məhz İsa Həbibbəylinin təşəbbüsü və tövsiyəsi ilə hər il məruzələrin sayı çoxalır, "Ədəbi proses" müşavirələri təkcə məlum ədəbi janrları əhatə etmir, ədəbiyyatın digər janrlarını və problemlərini, həmçinin bir sıra elmi-nəzəri məsələləri də əhatə edir. Məsələn, ədəbi tənqiddə uşaq ədəbiyyatı ilə bağlı demək olar ki, nadir hallarda yazılar yazılıb, ona görə də hər il keçirilən müşavirələrdə "Uşaq ədəbiyyatı" mövzusu daim gündəmdədir. "Poeziya" mövzusu da təkcə şeiri əhatə etməməlidir, poemalar da ayrıca mövzu kimi təsdiq olunur. Nəsrdə də, həmçinin - ayrıca roman, ayrıca povest və ayrıca hekayə haqqında məruzələr dinlənilir. Azərbaycanın ayrı-ayrı bölgələrində yaşayıb-yaradan xeyli istedadlı yazarlar var və onların yaradıcılığı haqqında çox nadir hallarda informasiya əldə edirik. Ona görə də hər il "Bölgələrdə ədəbi həyat" mövzusu da müşavirənin məruzələrindən birinə çevrilir. Yeni mövzular sırasında "Azərbaycanın rusdilli ədəbiyyatı", "Azərbaycan və türk ədəbi əlaqələri", "Azərbaycan-Qərb ədəbi əlaqələri", "Ədəbiyyat nəzəriyyəsi", "Elmi tədqiqatlar", "Ədəbiyyat İnstitutunda ədəbi proses" məruzələri də müşavirədə dinlənilir və təbii ki, bu da ədəbi-elmi səciyyə daşıyır.

Məruzəçilərin seçimi isə ötən illərin ənənəvi prinsipindən xeyli dərəcədə fərqlənir. Demək olar ki, Ədəbiyyat İnstitutunun əksər şöbələrinin əməkdaşları məruzəçi kimi iştirak hüququna malikdirlər (əsas ağırlıq ədəbi tənqid şöbəsinin üzərinə düşsə də). Burada bir prinsip də nəzərə alınır: bir məruzəçi təkcə eyni mövzuda dalbadal məruzə etməməlidir, növbəti müşavirədə o, başqa bir mövzuda məruzə edə bilər. Məsələn, Nərgiz Cabbarlı iki il (2013-2014) şeir üzrə məruzəçi idisə, sonrakı illərdə romanlar haqqında məruzə edir. Elnarə Akimova həm poema, həm şeir, həm də ilin ədəbi mənzərəsi mövzularını əhatə edən məruzələrlə, Cavanşir Yusifli poeziya, bədii tərcümə, Lalə Həsənova ədəbi gənclik, Azərbaycanın rusdilli ədəbiyyatı mövzularında məruzələr edib. Vaqif Yusifli "Bölgələrdə ədəbi həyat", "İlin ədəbi mənzərəsi" və "Poeziya" məruzələrinin müəllifidir. Hələlik "Dramaturgiya" üzrə yeganə məruzəçi Aynurə Mustafayevadır ki, onun hər il müşavidə  etdiyi məruzə böyük rəğbətlə qarşılanır. Məruzəçilərin seçimində isə daha çox cavanlara üstünlük verilir: təcrübəli müəlliflərlə (Tehran Əlişanoğlu, Elçin Mehrəliyev, Vaqif Yusifli, Asif Rüstəmli, Salidə Şərifova, Qürbət Mirzəzadə, Esmira Fuad, Pərvanə Məmmədli, Cavanşir Yusifli, Nizami Tağısoy) bu sırada Maral Yaqubovanın, Nərmin Cahangirovanın, Fidan Əbdürrəhmanovanın, Mətanət Vahidovanın, Günay Qarayevanın, Nizami Hüseynovun, Eşqanə Babayevanın,  Mərcan Sofiyevanın, Aygün Bağırlının adlarını çəkmək olar. Yaxşı haldır ki, müşavirədə oxunan məruzələr az sonra "Ədəbiyyat qəzeti" və "Azərbaycan" jurnalında da işıq üzü görür.

"Ədəbi proses" müşavirələrinin əhəmiyyətini şərh eləməyə heç bir ehtiyac duymuram.  Bu müşavirələrdə dinlənilən məruzələr heç şübhəsiz, ilin ədəbi mənzərəsini mümkün qədər canlandırmaq, ədəbi uğurları qeyd eləmək, inkişafın əsas meyillərini nəzərə çarpdırmaq və eyni zamanda, ədəbi ictimaiyyəti düşündürən məsələlər haqqında söz açmaqdır. Akademik İsa Həbibbəyli doğru qeyd edir ki: "Bu yaradıcılıq müşavirəsinin aparıcı elmi-ideoloji istiqaməti azərbaycançılıq, millilik və bəşərilik üstündə  köklənmişdir. Azərbaycan ədəbiyyatının  müstəqillik dövrünün əsas inkişaf meyilləri, estetik idealı aparıcı janrları, poetikası ədəbi proses təhlillərinin ana xəttini təşkil edir. Cəmiyyət və ədəbiyyat istiqamətində aparılan təhlillərdə də  sosioloji baxışlara deyil, elmi-nəzəri yanaşmalara  əsas yer verilir".

Ayrı-ayrılıqda hər bir məruzədə bu əsas prinsipə əməl olunmuşdur. Təbii ki, məruzələrin hamısının yüksək elmi-nəzəri səviyyədə yazıldığını demək çətindir. Müəyyən təcrübəsizlik, ədəbi prosesdə baş verən hadisələri, sadəcə, kopiyalamaq, yalnız faktlarla işləmək az da olsa, bəzi məruzələrdə nəzərə çarpır. Lakin ümumilikdə "Ədəbi proses" topluları elmi-nəzəri baxımdan xoş təəssürat yaradır.

Müstəqillik dövrünün  Azərbaycan ədəbiyyatının son beş ildəki  (2012-2017) mənzərəsini izləsək, belə bir nəticəyə gələ bilərik ki, inkişaf, irəliləyiş var və yeni əsrin ədəbiyyatı, elmi-nəzəri fikri bütün istiqamətlərdə uğurlar əldə etmişdir. Ən əsası odur ki, Azərbaycan yazıçısı Sovet dövrünün QLAVLİT xofundan birdəfəlik azad olmuşdur, o, müstəqilliyin bəxş etdiyi söz azadlığını, sərbəst düşüncə, fikrini açıq söyləmək imkanını qazanmışdır. Vaxtilə yasaq olunan bir sıra mövzular (türkçülüyün, bir sıra  milli-mənəvi dəyərlərin təbliği, Azərbaycanın başına gələn fəlakətlərin səbəbləri və baiskarlarını tanıtmaq, tariximizin qaranlıq səhifələrinin işıqlandırılması, millətimizin unudulmuş ziyalılarının, həmçinin şahların, xaqanların, dövlət adamlarının tarixi xidmətlərini,  müstəqillik uğrunda mübarizələri, xüsusilə, Qarabağ savaşını və s.) ədəbiyyatın əsas  xəttinə çevrildi - bu da azərbaycançılıq ideologiyasının təcəssümü idi.

Bu yazıda mən yalnız  müasir Azərbaycan poeziyası ilə bağlı bəzi qeydlərimi nəzərə çarpdırmaq istəyirəm.

Poeziya. Müasir Azərbaycan poeziyası öz məna tutumu forma yenilikləri, ənənə və novatorluq meyilləri ilə diqqəti cəlb edir. Ədəbi janrlar içərisində poeziyanın aparıcı rolu, üstün mövqeyi hiss edilməkdədir. Əvvəlki onilliklərdə olduğu kimi, XXI əsrin bu dönəmində də poeziya digər janrlarla müqayisədə böyük oxucu auditoriyası əldə etməklə, milyonların qəlbinə, gündəlik həyatına, gözəllik, vətənpərvərlik, sevgi anlayışlarına daha yaxındır. Ancaq XXI əsrin poeziyası həm fərdi üslubların müxtəlifliyi, həm ənənələrə münasibət, həm də yeni, novator meyilləri ilə diqqəti cəlb edir. Yeni əsrin, dəyişilən dövranın, son iyirmi ildə Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələrin təsiri poeziyada da öz əksini tapır. "Tanrı, din, şikayət, sosial problemlər, sevgi, mənəvi narahatlıqlar. Öz mənəvi durumu ilə təbiətin fəsilləri, mənzərəsi arasında paralellər aparmaq, özünü təbiət vasitəsilə anlamağa çalışmaq, vətən həsrəti. Torpaq itkisi, Qarabağ savaşı, bu itkiyə görə özünüqınama, dünya, yaşam, ölüm və olum fəlsəfəsi, bu dünyanın ədalətsizliyindən bezərək yeni dünyalar, yeni cahanlar arayışı və s. ümumi halda götürdükdə şeirimizin mövzu-problem arsenalını təşkil edir" (Nərgiz Cabbarlı. "2013-cü ilin şeiri"). Bu mövzular demək olar ki, son illərdə dəyişilməz qalır. Ancaq şeirin bir POEZİYA kimi mövcudluğunu hansı mövzuda yazılması həll eləmir.  Şeir doğulanda gözəl olmalıdır. Bəs yaxşı şeir necə doğulur? Yazırlar ki şeir ilahi vəhylə bağlıdır, hansısa qəfil bir hadisənin təsiri, şair ovqatının yaratdığı emosional hal-vəziyyət də şeir doğurur. Amma bütün bunların hamısı şairin varlığıyla bağlıdır. Müasir Azərbaycan poeziya məkanında kifayət qədər populyar olan Ramiz Rövşənin son illərdə yazdığı şeirləri də sübut edir ki, şeir, ilk növbədə, şairin "bətnində" doğulur. Bəlkə, o şeir uzun illər o "bətndə" yaşayır, bəlkə də, lap tez doğulur, amma doğulanda şeir kimi doğulur. Ora heç nə qarışmır.Ramiz Rövşən, hətta əbədi mövzulara da ənənəvi, amma bu ənənəvilikdə yenilik yaradan bir şair kimi diqqəti cəlb edir. Ölümdən bütün şairlər danışır, amma baxın, bu necə ölümdür?

Bulud kimi ölmək -

bir yaz yağışında.

Ümid kimi ölmək -

bir qız baxışında.

 

Bir yel qanadında

yarpaq kimi ölmək.

Bir qəbir altında

torpaq kimi ölmək.

 

Bir gül kimi ölmək -

bir güldan içində.

Bülbül kimi ölmək -

hicran içində.

 

Bir səs kimi ölmək -

bir kar qulağında.

Bir söz kimi ölmək -

bir lal dodağında.

 

Gündən-günə ölmək,

Dönə-dönə ölmək,

Öldükcə dirilmək,

Sonra yenə ölmək.

Müasir Azərbaycan şeirinin belə gözəl örnəkləri çoxdur. Musa Yaqubun, Məmməd İsmayılın, Fikrət Qocanın, Füruzə Məmmədlinin, Çingiz Əlioğlunun, Sabir Rüstəmxanlının, Rüstəm Behrudinin, Nisə Bəyimin, Zakir Fəxrinin,  Ramiz Qusarçaylının, Zirəddin Qafarlının, İbrahim İlyaslının, Əlizadə Nurinin, Əbülfət Mədətoğlunun, Qəşəm Nəcəfzadənin, Məlahət Yusifqızının, Gülnarə Cəmaləddinin, Fərqanə Mehdiyevanın, Əlisəmidin, Tərlan Əbilovun, Nazim Əhmədlinin, Ağacəfər Həsənlinin, Adil Cəmilin, İlham Qəhrəmanın, Qulu Ağsəsin, Barat Vüsalın, İslam Sadığın… hər birindən ən azı bir neçə belə şeirlər misal gətirə bilərəm. Təbii ki, yüzlərlə, hətta minlərlə qrafoman beyinlərdən, susqun ürəklərdən süzülən və adına şeir deməyə çəkindiyimiz nümunəciklər içində nə yaxşı ki, belələri az deyil.

Şeirimizdə Qarabağ mövzusuna da toxunaq. "Ədəbi proses" kitablarında bu mövzu etiraf edək ki, layiqincə təhlil olunmayıb. Qarabağ həsrəti şeirimizdə yeni bir cığır açmışdır desək, səhv etmərik. Bu cığırla irəlilədikcə, Şuşanın, Ağdamın, Füzulinin, Cəbrayılın gözəl günlərinin, Cıdır düzünün, İmarət bağının, Laçın dağlarının, kəlbəcər oylaqlarının çiçəklərini qoxlayırsan, bir nostalgiya hissləri bürüyür səni. Amma sonra talan olmuş şəhərləri, kəndləri, həşəm olmuş gülləri, çiçəkləri, şəhidlərimizin qanı tökülən tor, əzizlərimizin uyuduğu məzarları xatırlayırsan, bu nostalgiya hissi bir anlığa çəkilib gedir. Çünki az qala iyirmi il keçməsinə baxmayaraq, yara hələ istidir, elə bil, Şuşada indi də döyüşlər gedir. Mən "Qarabağ mövzusunda yaxşı əsərlər yazılmır" deyənlərə Əşrəf Veysəllinin bir şeirindən bu parçanı xatırlatmaq istəyirəm:

Gün batan tərəfə baxa bilmirəm,

Qırılan ömrümün köçü göynəyir.

Qarlı zirvələrə qalxa bilmirəm,

Yaşlı gözlərimin içi göynəyir.

 

Vətən harayına çatan əsgərin,

Özünü odlara atan əsgərin,

Şəhid məzarında yatan əsgərin

Bəlkə, Xocalıda qıçı göynəyir.

 

Bağrı şan-şan olub dilsiz daşın da,

Vətən savaşında, yurd savaşında.

Kövrək anaların doqqaz başında

Təndiri göynəyir, sacı göynəyir.

 

Gözəl Qarabağın acı həsrəti,

Ömrümü talayır, könlümü didir.

Orda uşaqlığım əsirlikdədir,

Burda qocalığım xəcalət çəkir.

Təkcə Əşrəf Veysəlli deyil, Rəfail Tağızadə, Ələmdar Quluzadə, Məlahət Yusifqızı, Məmməd İlqar, onlarla başqa şairlərimiz də bu həsrəti şeirlərində ifadə edirlər. Amma gəlin, etiraf edək ki, Qarabağ mövzusu ilə bağlı nikbin şeirlər çox az yazılır. Necə ki, vaxtilə xalq şairi Qabilin "Ümid sənədir ancaq, Azərbaycan əsgəri" şeiri kimi.

Bir neçə kəlmə də poemalar haqqında  2013-cü ilin poemalarından söz açan Elnarə Akimovanın fikirlərinə istinad edirəm: O, həmin ildə qələmə alınan xeyli poemadan söz açır və hiss olunur ki,bir neçə poemanı (Zəlimxan Yaqubun "Ün", Vaqif Bəhmənlinin "Azərbaycan tarixi kitabı", Nəriman Həsənzadənin "Seyid Nigari türbəsi", Fikrət Qocanın "Ramazan axşamlarında düşündüklərim", Adil Mirseyidin "Unio mistika" və "Bürkü" poemalarından çox rahatlıqla danışır, o poemaların hər birini professionallıqla təhlil edir. Amma elə poemalardan da söz açır ki, hiss edirsən, bunlar haqqında ürəkdolusu danışmaq mümkün deyil. Və onun bir fikrini xatırlatmaq istəyirəm: "Poema janrında epiklik demək olar ki, sıradan çıxmaq üzrədir. Lirik başlanğıcın, həyata müxtəlif baxışının güclənməsi, yazarın aparıcı mövqeyi, lirik-psixoloji münasibətin üstünlüyü daha öndədir. Şairlər süjet xəttinə ehtiyac duymur, müəllif "mən"ini bütün bəhs olunan mövzuların özünə keçirirlər. Bu yaxşıdırmı, pisdirmi? Aksiom olaraq yekdil fikir söyləmək çətindir. Düşünürəm ki, daha geniş söz demək  janrı olan poemada epik vüsətin olmasına ehtiyac var".

Doğrudan da, ehtiyac var, amma hanı o poemalar?

 

Ədəbiyyat qəzeti, 14 noyabr, 2018-ci il