Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Yubiley yazıları

Cavanşir Yusifli. Qarşı durub öyrəndiklərin xəzinən olsun!..

19-11-2018 [ 10:19 ] [ oxunub:340 ]
printerA+ | A-
95151

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu-85

Uzun müddətdən bəri çalışdığın institut haqqında yazmaq çətindi, özü də bu, Ədəbiyyat İnstitutu ola. İnsan ədəbiyyatı həmişə harda olur-olsun özü ilə təklikdə öyrənir, bütün ömrün boyu özünə doğru bir açıq yol saxlayırsan, ordan içinə nələrsə damır, dolur və sən ilk əvvəl özünə qəribə gələn yazılar yazırsan. İlk dövrlər qələm bir az sürətlə işləyir, çünki bunun necə bir məsuliyyət olduğunu axıra qədər dərk etmirsən, dərk etdinmi, yazmaq cəhənnəm əzabına çevrilir, ancaq əzab yox, iztirab önəmlidir, sən qat vurmuş, saralmış, yüz dəfələrlə oxunmuş, yaxud nəfəs dəyməmiş mətnlərdən milyon insanın hisslərini duyursan, onları sözə çevirmək, özü də ədəbiyyatşünaslıq leksikonuna daxil olan sözlərə çevirmək, inandırım sizi, çox çətindir. Hiss etməsən, bu başqa məsələ, nə desən yaza bilərsən, sözlər də qulluğunda dayanar, sənsə, bir az da üzünə ciddi ifadə verib elmlə məşğul olarsan. Mən bizim doğma Ədəbiyyat İnstitutunda ilk öyrəndiyim nəsnə budur - yazmaq özünə ironiyanın, özünə qarşı qəddarlığın bir nümunəsi, bəlkə də, xatirəsi olmalıdır. Buna görə də çox qalın kitablar indinin özündə də məndə olmazın təəccüb və təşviş yaradır. Bir misal çəkim, mərhum Mirəli Seyidovla cavan olsam da münasibətlərimiz vardı, evində olmuşdum, bizi yaxınlaşdıran hiss etdiyimə görə, söz duyğusu olmalıydı. Onun çox qiymətli əsərləri içində məni heyran edən kitabçası - "Qızıl döyüşçü" indinin  özündə də unikaldı, az sözlə böyük mətləblər deməyin hər deyəndə tapılmayan nümunəsidir. Yaxud unudulmaz, çox talantlı olsa da potensialını, zənnimcə, sona qədər və ən əsas istiqamətləri etibarıyla əyaniləşdirə bilməyən Yaşar müəllimin, Yaşar Qarayevin yanında özümüzü, - o illərin gənclərini deyirəm, - görmək bir elə çətin deyildi. Yaşar müəllim özü buna can atırdı. Onun o dövr üçün çox ciddi mətləbləri qaldıran məqalələri, kitabları vardı, ancaq onların içində bir məqalə - Əli Kərimin "Həmişə səfərdə" şeiri üstündə qələmə aldığı yazı indi də mənim üçün çox dəyərlidir. Bu məqalədə "mətləb icadı" ifadəsi var, Əli Kərim kimi şairdə belə bir nüansı tutmaq məhz Yaşar müəllimin dərin istedadına yaraşan bir iş idi. Yaşar müəllim sonralar çox söz sərrafları - şair və nasirlər haqqında, hətta tənqidin cari, az qala qışqıran problemləri haqqında yazılar yazdı, ancaq bunların heç birində o sərrastlığı görə bilmədim. Görünür, bəzi istedadların "faciəvilik" payı onun taleyinin həllində mühüm rol oynayır, yəni elmi yazıda metaforaların qat-qat artması, üslubun poetikləşməsi qaçılmaz olanda həmin o sərrastlıq səvviyyəcə enir, adiləşir. Sən ideyalarla yox, metaforalarla məşğul olursan. Bu tipli faciə də məhz çox istedadlı adamların başına gəlir, istedadsız, yaxud yazı tərzini tapa bilməyənlərin bir dərdi olmur onsuz. Hər şey gözləntiyə bağlıdır, gözlənti gerçəkləşməyəndə hər şey alt-üst olur, bəzən bir istedadlı adama o qədər "gözlənti" yükləyirik ki, gözləmədiklərimiz qarşımıza çıxanda heyrətlənirik. Burda bir incə məqam da var: filoloji ənənə. Əgər bu ənənə tam oturuşmayıbsa, istedad da barını tez tökür, ənənə dəqiq elmlərdəki "birləşmiş qablar" misalıdır, sənin enerjini oxuduğun mətnlərin altıyla axan sirr çayına qoşur. Bu mənada Yaşar müəllimin "Realizm: sənət və həqiqət", Akif Hüseynovunsa  "Nəsr və zaman" monoqrafiyası cığır açan, yol göstərən, ədəbi düşüncəni bədii təfəkkür arsenalına birləşdirən nümunələr oldu.

Üslub hadisəsində, zənnimizcə, bir mühüm məqam var, o məqam sənin sirrindir, onu hər dəqiqəbaşı açıqlamaq, şərh etmək, insanlara bu barədə, necə deyərlər, arayış vermək olmaz, bunu incə bir nöqtə kimi qeyd edib keçmək lazımdır. Və bu bir ritual olmalıdır.

İnstitutda həm aspirant olduğum illərdə, həm də çalışmağa başladığımdan indiyə qədər keçən zamanda neçə-neçə insan gördüm, əməkhaqqından başqa gəlir mənbəyi olmayan müqəddəs şəxsiyyətlərin qəfildən dünyadan köçmələrinin şahidi oldum, o insanlar ki, dodaqlarının ucundakı uçuq yerini təbəssümlə örtməklə məşğul idilər. Sırf filoloji problemlərdən danışmıram, ona qalsa, gecə-gündüz söhbət uzanar, münasibət baxımından əlimizdən tutan, bizə yardım edən insanlardan bəhs etməmək insafsızlıq olardı. O vaxtın terminiylə desək, namizədlik dissertasiyam aparıcı müəssisə kimi M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin filologiya fakültəsində - mərhum Əlyar Səfərlinin kafedrasında müzakirə edilirdi. Əlyar müəllim sözsüz ki, məni tanımırdı. O müzakirədə qəribə mənzərə yarandı: alim kimi heç bir məqaləsini oxumadığım, heç bir sözünü bilmədiyim şəxslər odlu-alovlu çıxışlarında məni tənqid edirdilər. Mən də heç bunu cavabsız qoyarammı? Ancaq mərhum Bəxtiyar müəllim, Bəxtiyar Məmmədzadə hamının qarşısına keçib işin məziyyətlərindən danışdı, bir mütəxəssis kimi. Mən Bəxtiyar müəllimlə dissertasiyada mübahisə etmişdim. M.F.Axundzadənin "Mürafiə vəkilləri" ilə bağlı polemik situasiyada. Ümumiyyətlə institutda fəaliyyətimin ilk illərində gözləmədiyim halda xeyirxah insanlar çıxırdı qarşıma. Abbas Zamanov. Tanımaya-tanımaya gəlib müdafiəmdə çıxış elədi və elə sözlər dedi, daş qəlbim silkələndi az qala.

İnstitutda çalışdığımız ilk dönəmlərdə divardan asılmış portretlərə baxardıq. Üzü nurla dolu alimlər, bu institutun, Azərbaycan Elmlər Akademiyasının özülündə duran, onu yaşadan alimlərin şəkilləri. İndi o divarlar bir az çılpaq olsalar da qəlbimdə hərdən dözülməz sızıltılar yarananda o günləri xatırlayıram, o fotoları olduqları yerdəcə görürəm. Yaşıdlarımızla, deyək ki, Əhməd Oğuzla söhbətlərimiz uzandıqca uzanardı, Əhməd hansı məsələ ilə bağlısa bir ərizə yazmışdı. Hamı bu ərizədən danışırdı, yerindən-yurdundan didərgin düşmüş bir insanın ürək parçalayan, çox səmimi notlarla yazılmış ərizəsi şair demiş, "dünya gələ, gedə, çıxmaz yadımdan". Mənimçün Ədəbiyyat İnstitutu, onun elm mədəbi olmaq gərəyi məhz həmin balaca, dərdlə dolu ərizədə ifadə olunmuşdu və illər keçdikcə bu dəyişmədi. Yaşıdlarımızdan Rasim Mirzə vardı, dost idik. Qalın eynəklər taxardı, gözləri çox zəif idi. Ağlı iti, təfəkkürü dərin. Onun Əlibəy Hüseynzadə haqqında çap etdirdiyi kitab da o illərin ən mükəmməl araşdırmalarından sayılmalıdır. Mənimçün Ədəbiyyat İnstitutunu məbədə çevirən həm də Rasimin qalın şüşəli eynəkləridir, zəif gözləridir. İndi Almaniyadadır, hansısa universitetdə dərs deyir.  

Əslində, başqa bir şey deyəcəkdim. Ədəbiyyat İnstitutu mənə nəyəsə, hansı məxəzlərə baxıb öyrənməkdənsə, bəlkə, həmin nəsnələrə qarşı durub öyrəınməyi öyrətdi. İnsan var, gördüyü hər şeylə bərabərləşmək istəyir, bərabərlik işarəsi yaranmayınca rahat omur, məqam gəlir, o işarə peyda olur, adam sakitləşir, sakit sular kimi bütün istəkləri yatır. Adam da var, gördüyü hər şeyin qarşısına sual işarələri düzülənə, o işarələrin içindəki "məbədə" ayaq basana qədər döyüşür, sonra yenə sual, dilləşmə, mübahisə, ancaq dərin bir sükut içində, kiminsə rahatlığını pozmadan. Bunu qədərincə anlamaq və necə deyərlər, "mənzərədən" feyz almaq üçün bir balaca kənarlaşmaq, ona məsafədən baxmağı bilmək lazımdır. Dəhlizlər boyu mübahisə və suallar günlərlə davam edir, Muxtar İmanov, Mayis Əlizadə, Arif Acalov, Arif Əmrahoğlu... Bunların yanında durub susmaq və hardasa dərinlərdə axan suların səsinə qulaq kəsilmək adama ləzzət eləyir, amma heç cür rahat ola bilmirsən, xüsusən bilmədiyin, indiyə kimi yan almadığın məsələlərdən söhbət  düşəndə canında narahatlıq toxumları cücərir. Bircə söz qalır beynində: bu uzandıqca uzanan söhbətləri arxada buraxmaq, ən mükəmməl məxəzləri oxumaq, onların yazıldığı, qələmə alındığı dövrü hiss etmək, yaza-yaza öz içini, içində gizlənən bilməcələri çözmək; içinə yad adam, yaxud yad bir nəsnə buraxmaq istəmirsənsə oranı çox dərindən, bütün künc-bucaqlarıyla öyrənməlisən. 

Hörmətli Yaşar müəllimlə yuxarıda da qeyd etdim ki, təmaslar sıx-sıx olurdu. Yaşar müəllim hamının müzakirəyə təqdim etdiyi işləri oxuyardı, xüsusən doktorluq işlərini. Bəyənmədikləri haqqında susardı. Bir dəfə dedi ki, gəl elmi şurada müasir ədəbi proses haqqında çıxış elə. Baxmayaraq ki, M.F.Axundov və Avropa maarifçi dramaturgiyasının problemlərindən yazmışdım. İllər boyu bu problemlə məşğul olmuşdum. Elədim. Adını da belə qoydum: zamanı ötən şeirlər sorağında. Yaşar müəllim sakit və təlqinedici səsiylə təklif elədi ki, bəlkə, "ötən" əvəzinə "qabaqlayan" yazasan. Dedim ki, Yaşar müəllim, məsələnin mahiyyəti elə o sözdədi, söhbət qabaqlamaqdan getmir, sürətdən gedir, zamana qarşı çıxmaqdan.  Neçə il qabaq aspiranturaya qəbul zamanı mübahisə etdiyimiz adamın indi ən sevimli tələbəsinə çevrildim. Və mən başladım bu hörmət və ehtiramdan sui-istifadə etməyə. Yaşar müəllim məni şəhərdə görəndə özünü görməməzliyə vururdu, utandırmaq, niyə işə gəlmirsən sualını vermək istəmirdi. Gün gəldi, doktorluq dissertasiyamı ona təqdim etdim. Oxudu, əlimi sıxdı. Üç ay özündə saxlayandan sonra.  Ancaq bir məqamı arada unutmayım, o işi əvvəlcə çox sevdiyim Akif müəllimə, tənqidçi Akif Hüseynova vermişdim, özümdə yəqinləşdirmişdim ki, Akif müəllim etalondu, yaxşı nəsə deyərsə, işi şöbəyə müzakirəyə verə bilərəm. Akif müəllim müzakirədə nə qədər təqdiredici sözlər desə də ondan çox tənqid elədi və mən anladım ki, əsas məsələ bu tənqidi qeydlərdədir, gələcəyə o sətirlərin arasından yol tapıb getməliyəm. Hər hansı elmi tədqiqat institutunu məbədə çevirən onun qəlbinin başında zamanında şam kimi yanan alimlərdir, bəzən bu şam hirslə yanır, çartıltıyla, bəzən də his verə-verə, elə vaxt olur, qızınırsan, bəzən də kor olursan. Mən bu institutda elmdən başqa bir idealı, niyyəti olmayan adamların addım səslərini eşitmişəm, onların haldan, gücdən düşüb yıxıldıqlarının şahidi olmuşam, kimsə qolumuzdan tutub adam kimi yeriməyi öyrədib. Burda, künc-bucaqda bir-birimizə danışdığımız dərdləri dərindən hiss etmişəm ki, o fotoların olduğu divarlara sinib, onların da bizi hiss etməsinə səbəb olub. Bir gün danışa bilsə bu divarlar burda qaynaşan, söhbət edən, dilləşən insanların canlı nəfəslərini görər, hiss edərsiniz.  

Aspirant idim, Elçin Əfəndiyevin sədr olduğu "Vətən" Cəmiyyətinin qəzetində korrektor, ya da müxbir işləyirdim, unutmuşam. Hərdən Elçin müəllim bizim qarşımızda çox rəsmi görkəmdə, hesabat xarakterli məruzələr edərdi. Hərdən də söhbətlərimiz olardı. O, aspirant olduğumu bildiyindən institut haqqında danışardı, səsindən hiss edərdim ki, Elçin müəllim Ədəbiyyat İnstitutundan ayrılmayıb, səmimidir. O söhbətlər zamanı bir vacib şeyi də öyrəndim, Elçin müəllim Azərbaycan komediyasının poetikasından yazmaq istəyib, alınmayıb. Bu mövzunu ondan qabaq mərhum alimimiz Orucəli də işləmək istəyib, nədənsə alınmayıb. Bu mövzunu o söhbətin kontekstindən götürdüm, sonradan doktorluq dissertasiyası kimi işlədim. Taleyin belə işləri var, bəzən sənə nə edəcəyini diktə edir. Sonra Məmməd Cəfər müəllimdən, Vəli Osmanlıdan, Məmməd Arifdən, Yaşar müəllimdən, Gülrux Əlibəylidən... danışardı. Elə bir məqam gəldi, Elçin müəllimin yubileyi münasibətilə "Azərbaycan" jurnalından onunla müsahibə aparmağı mənə tapşırdılar. Adı yazıdan qabaq gəlmişdi ürəyimə: O külək mütləq əsəcək! Biz söhbət edəndə elə bir ortam, elə bir situasiya yarandı ki, bir anlığa rəhmətlik Aydın Məmmədovun narahatlıq dolu baxışlarını gördüm. Elçin müəllimin də ona bağlılığını bilirdim. Aydın gözəl dilçi və tənqidçi idi.  Ən əsası isə yaşıdlarından, bəlkə, elə hamıdan dərin söz hissiyyatıyla seçilirdi və bu seçkinlik onun baxışlarındakı təşviş və narahatlığın içində gizlənmişdi. Aydının o vaxt "Ulduz" jurnalında şeirləri də çıxdı. Həmin o dərin hissiyyat şeirdəki sözləri itələyib, kənarlaşdırıb qəribə bir dilə çevrilmişdi. Bir gün yuxarıda dediyim yazını yazdım: zamanı ötən şeirlər sorağında. Bu ad Aydının "Zamanla səsləşən şeirlər sorağında" adlı məqaləsinə qarşı idi, həm də Aydın müəllimin xatirəsinə həsr olunmuşdu.  Neçə gün keçdi, bilmədim, yuxuda Aydını gördüm, ürək yandıran bir gözəllik, yamyaşıl otlar, stol, üstündə Aydının şeirləri, dördcə misra yadımda qaldı:

Sənə bir söz deyəcəm,

Gözün dolandan sonra.

Sənə bir söz deyəcəm,

Hamı öləndən sonra.

Bu da Aydının mənə cavabı idi.

İllər boyunca Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu öz fəaliyyətini  müxtəlif üslublarda yerinə yetirib. İllər boyu şahmat taxtasında eyni gedişlər edilib, cild-cild kitablar çıxıb, qonaq kimi dünyanın müxtəlif guşələrindən ən müxtəlif insanlar gəlib gedib (son dəfə İsa müəllim ədəbiyyat üzrə Nobel mükafatçısını da dəvət etmişdi, onunla çox səmimi söhbət alındı), bəzən həmin gedişlər dəyişib, institutu işlək bir quruma çevirmək, onun necə deyərlər, "alt yapısını" möhkəmləndirmək üçün fərqli üslub seçilib. Bütün dünyanı öyrənmək, bütün dünyanı Ədəbiyyat İnstitutuna gətirmək ehtirası, filoloji araşdırmalarla bağlı ən ağrılı və kritik nöqtələri tuta bilmək səyləri nə qədər riskli olsa da şübhəsiz ki, təqdir edilməlidir.   

...Aspirant olanda, ondan da bir az sonra hər dəfə Ədəbiyyat İnstitutunun yerləşdiyi beşinci mərtəbədən aşağı, çıxışa doğru gedəndə qapıya çatmamış Rüstəm müəllimlə - Rüstəm Əliyevlə rastlaşardım. Yanında aspirantı və tələbəsi - Məsiağa Məhəmmədi. Onların ikisinin də yerişində qəribə bir oxşarlıq vardı. Yüz illər at belində gəzən insanın arın-arxayın yerişi. Mən də tək deyildim, müəllimin qolunun istisini hiss edirdim...

 

Ədəbiyyat qəzeti, 16 noyabr, 2018-ci il

SİZƏ MARAQLI OLA BİLƏR