Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu-85
Bu gün 85 illiyini "Ədəbiyyat qəzeti"nin özəl sayı ilə qeyd etdiyimiz Akademiyanın Ədəbiyyat İnstitutuna doğru gedən yolun ilk cığırı min il əvvəldən - Xətib Təbrizidən başlayır. Bizim ilk böyük ədəbiyyatşünasımız və tənqidçimiz Şərqin fikir dünyasına "Ensiklopedik zəka", "ədəbiyyatşünaslığın bayraqdarı" siması ilə daxil olur... Sonra ədəbiyyatşünaslıq elminin taleyi başqa bir təbrizliyə - Əli Nazimə ötürülür. Artur Zifelddən keçir... bu günə gəlir.
Ədəbiyyat İnstitutu Nizaminin adını daşıyır... Bunun da doğurduğu fərqli bir assosiasiya var: Nizamiyyə...
Ərəb dilində yazan Xətib Təbrizini ərəblər bütün ədiblərin imamı adlandırdıqları kimi, farsca yazan Nizamini də farslar zamanın şeyxi adlandırırdılar. Qürurvericidir ki, minilliyin başlanğıcında Nizamiyyə müdərrisi Xətib Təbrizi ilə Gəncə şeyxi Nizami arasındakı səlcuqlu üfüq xəttinin oluşdurduğu Azərbaycan ədəbiyyatı həm nəzəri, həm də bədii baxımdan Asiyanın mənəvi materikində dominantlıq edirdi. Çünki bu dönəmdə nəinki türk, eləcə də fars və ərəb ədəbiyyatı da səlcuqlu türklərinin etkisi altında gəlişməkdəydi. İstər Əli bəy Hüseynzadənin "Siyasəti-fürusət"indəki, istərsə də Hüseyn Cavidin "Xəyyam"ındakı coğrafiyanı böyük Azərbaycan olaraq da dəyərləndirmək olar. Və təbii ki, qəbləl-tarixdən sonrakı mərhələdə ədəbiyyatımız bu geniş coğrafiyanın sınırları daxilində bərqərardır. 1934-cü ildə Məmmədkazım Ələkbərlinin SSRİ yazıçılarının ilk qurultayındakı məruzəsində qaldırdığı Zübeydə xatun problemi ədəbiyyat tarixçiliyimiz tərəfindən təəssüf ki, hələ də çözülməyib. Çözülmədiyi üçün də biz türk humanitar məfkurəsinin bəlirlədiyi 1071-ci il amilindən sərf-nəzər etməməliyik. Akademik İsa Həbibbəylinin dövrləşdirmə konsepsiyasında "İntibah dövrü Azərbaycan ədəbiyyatı" adıyla təsnif edilən dövrü həm də Səlcuqlu dövrü Azərbaycan ədəbiyyatı kimi öyrənməyin zəruriliyini etiraf etməliyik. Fuad Köprülünün səlcuqlu dövrü türk ədəbiyyatı barədəki mülahizələri bu baxımdan elmi araşdırmalar üçün stimul ola bilər.
Qəbləl-tarixdən (yəni səlcuqluların Bizans üzərində zəfəri ilə başlayan yeni türk erasından) əvvəl yaşamış bütün Oğuzlar kimi, qaraxanlıların da, səlcuqluların əcdadı olan kınık boyunun da soy ağacında ata kultu Alp Ər Tonqaya (Əfrasiyaba) dayanır. Bu gün çox yaxşı haldır ki, Ədəbiyyat İnstitutunda bu sayımızda da oxuyacağınız kimi, Asiya xalqları ədəbiyyatlarını öyrənən ayrıca şöbə fəaliyyət göstərir. Amma etiraf edək ki, Çin ədəbiyyatını nə qədər dərindən bilmiriksə, Ana Vətən olaraq böyük bir qismi Çində yaşayan 25 milyonluq Uyğur türklərinin də ədəbiyyatını bir o qədər dərindən bilmirik. Ədəbiyyatını dərindən bilmədiyimiz uyğurların əcdadı Buku xan da uyğurların təsəvvürünə görə oğuzların, qaraxanlıların, səlcuqluların əcdadı Əfrasiyabdan (Alp Ər Tonqadan) başqası deyil. Amma bizim daha dərinlərə enmək imkanımız var. Əfrasiyab - Alp Ər Tonqa - Maduva ilə bağlı hadisələr iskitlər dönəmində indiki Azərbaycan ərazisində cərəyan etməkdəydi. Əfrasiyab oğlu Alp Arız bəyi Orhan Şaiq Gökyay Alp Ər Tonqanın oğlu Alp Arızla qiyaslandırırdı. Əgər Alp Arızı Salur Qazanın dayısı olaraq qəbul etsək, o zaman Salur Qazan Alp Ər Tonqanın nəvəsi, Basat isə nəticəsi olmalıdır. Bu da Azərbaycanda Dədə Qorqudun izlərini 1300 il əvvəldə deyil, 2700 il öncələrdə aramağa zəmin yaradır...
Bir də "Qisseyi-Yusif" və onun yaradıcısı Qul Əli amili də mühümdür. Ortaq türkcədə yazan qıpçaq Qul Əlini onunla təxminən eyni dövrdə yaşamış farsdilli oğuz Nizami ilə yanaşı öyrənsək olmazmı? Axı "Qisseyi-Yusif"in dili ortaq türkcənin 12-13 yüzillərdə baş vermiş nadir möcüzəsidir, hamımızın türkcəsidir:
Yusufun qardaşları eve döndi,
Biri bir oğlak dutub boğazladı.
Qanın Yusuf könlegine bulaşturdı
...Yol üzre bir yığac olur idi,
Yaqub anın tübünde oturur idi...
Zəki Vəlidi Toğan Moğollar dönəminə aid Azərbaycan türkcəsi ilə yazılmış bir mətndən danışır. Təəssüf ki, sonralar heç bir araşdırmada sözügedən mətn tədqiqatçılarımızın diqqətini cəlb etməyib.
Yaxud Orxan Şaiq Gökyay yazırdı ki, professor Çobanzadə son dəfə Leninqradda ikən Şərqiyyat İnstitutu əlyazmaları arasında "Dədə Qorqud"un indiyə qədər məlum olmayan on üçüncü hekayəsini tapmışdır. Çobanzadənin 1936-cı ildə "Bakinski raboçi" qəzetinə verdiyi açıqlamada yeni tapılmış boyun Azərbaycan ədəbiyyatı və tarixi baxımından böyük əhəmiyyətindən söhbət gedir. Şaiq bildirir ki, Bakıdakı Ədəbiyyat İnstitutu hekayəni həmin günlərdə ayrıca nəşr edəcəkmiş. Təəssüf ki, 1937-ci ildə Bəkir Çobanzadə həbs olunur və Leninqrad Şərqşünaslıq İnstitutunun Əlyazmalar arxivindən tapılan on üçüncü boy barədə danışan olmur.
Bu ilin mayında "Ədəbiyyat qəzeti"ndə "Repressirovannaya tyurkoloqiya" kitabından Artur Zifeld barədə oçerki təqdim etmişdik. Ədəbiyyat İnstitutunun ilk direktoru Artur Zifeld-Simumyaqi (1889-1939) Leninin yaxınlarından idi. Hətta 1916-cı ildə Sürixdə "Turan heyəti"ni Leninlə görüşdürən də həmin bu Zifeld olmuşdu. Milliyyətcə eston olsa da, qəribədir ki, həm də türkçüydü. 1916-17-cı illərdə türklərin şumerlərlə əlaqəsinə dair qiymətli məqalələr yazmışdı. 1938-ci ildə pantürkist fəaliyyətinə görə, Mahmud Kaşqarlı "Divan"ının tərcüməsinə imkan yaratdığı üçün 8 il həbs cəzasına məhkum edilərək Kolımaya sürgün edilmiş və sürgündə - 50 yaşında "qocalığı" və ürək çatışmazlığı səbəbilə həlak olmuşdu. Artur Zifeldi Bakıya görəsən, hansı "xoşbəxt" təsadüfün rüzgarları gətirmişdi? Məncə, Ədəbiyyat İnstitutunun səksən beş illiyi çərçivəsində onun ilk direktoru Artur Zifeld barədə ayrıca bir monoqrafiyanın yazılmasına da ehtiyac böyükdür.
Yaxud təkcə Zifeldin sürgün olunmasına deyil, tərcüməçi Xalid Səid Xocayevin də güllələnməsinə səbəb olan Kaşqarlı Divanının Türkiyədən əvvəl Azərbaycanda gerçəkləşdirilən ilk tərcüməsinin üzə çıxarılması Bakının dünya türkologiyasındakı nüfuzuna əsaslı təsir göstərə bilər... Bu da ilgincdir ki, hamı həmin tərcümənin əlyazmasının Akademiyadakı hansısa seyfdə saxlandığını qeyd edir, əksəriyyət əlyazma ilə tanış olduğunu yazır. Amma, nədənsə, heç kəs bu "sirli" seyfin "tilsimini" qırmağa, içərisindəki milli filoloji sərvəti - 1000 səhifəlik tərcüməni - əlyazmanı Xalid Səidin adı ilə nəşr etməyə, yaxud onu əsaslı şəkildə öyrənməyə, araşdırmağa cəsarət etmir.
Ədəbiyyat İnstitutunun 85 illiyi ilə bağlı başqa rakursda yazacaqdım. Yazacaqdım ki, Yazıçılar Birliyinin "Ədəbiyyat qəzeti" ilə Akademiyanın Ədəbiyyat İnstitutu Azərbaycan ədəbiyyatının qoşa qanadıdır. Qoşa qanad tandemini təsdiqləyən mükəmməl örnəklərimiz də var. Məsələn, xalq yazıçısı Mirzə İbrahimov həm Ədəbiyyat İnstitutunun direktoru, həm də Yazıçılar Birliyinin sədri olub. Akademik Məmməd Cəfər zamanında həm "Ədəbiyyat qəzeti"nin baş redaktoru, həm də Ədəbiyyat İnstitutunun direktoru vəzifələrində çalışıb. Qasım Qasımzadə "Ədəbiyyat qəzeti"nin baş redaktorluğundan Ədəbiyyat İnstitutunun şöbə müdiri vəzifəsinə gedib...
5 il əvvəl Ədəbiyyat İnstitutunun direktoru təyin olunmuş İsa Həbibbəyli yalnız İnstitutda başladığı islahatlarla kifayətlənmədi, eyni zamanda, "Ədəbiyyat qəzeti"ndə həyata keçirdiyimiz islahatlara dəstək oldu. Çünki uzun illərdən bəri tanıdığım, yoluna, Azərbaycançılıq məfkurəsinə bələd olduğum İsa müəllimlə biz ortaq ədəbi ideolojini paylaşırıq.
Dediyim kimi, bu barədə daha çox yaza bilərdim. Amma bu yubiley yazısında düşüncəmin sınırları bir qədər uzaqlara şaxələndi. Səbəbsiz deyil... Bu gün bayrağımızda əks olunan milli məfkurəmiz, çağdaş dövlət düşüncəmizin əsasını təşkil edən üçlü düstur - türkləşmək, islamlaşmaq, avropalaşmaq triadası ilk dəfə Əli bəy Hüseynzadənin ötən əsrin əvvəllərində yazdığı "Tənqid edirik, tənqid olunuruq" məqaləsi ilə ortaya qoyulub. Demək ki, hələ 110 il əvvəl Azərbaycan ədəbiyyatşünaslığı milli ideologiyanı yaratmaq gücündə olub.
Ədəbiyyat qəzeti, 13 noyabr, 2018-ci il