Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Yubiley yazıları

Kənan Hacı. Nizami adına Ədəbiyyat İnstitutunun dünəni və bu günü

16-11-2018 [ 09:17 ] [ oxunub:154 ]
printerA+ | A-
95043

zərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun yaranmasından 85 il keçir. Bu tarixə nəzər salanda gözümüzün önündə ədəbiyyatımızın bir əsr boyunca keçdiyi inkişaf yolu canlanır və bu gün Azərbaycan ədəbiyyatının, Azərbaycan ədəbi dilinin öz varlığını qoruyub saxlamasında, sovet ideologiyasının fırtınalarından zədəsiz, məhv olmadan çıxa bilməsi üçün böyük fədakarlıqlar göstərmiş şəxsiyyətlər xatırlanır: Vəli Xuluflu, Bəkir Çobanzadə, Əli Nazim, Salman Mümtaz, Heydər Hüseynov, Həmid Araslı, Mirzəağa Quluzadə, Kamal Talıbzadə, Məmmədağa Şirəliyev, Mir Cəlal, Cəfər Xəndan, Məmməd Cəfər, Feyzulla Qasımzadə, Mirzə İbrahimov, Əziz Mirəhmədov, Yaşar Qarayev, Mirəli Seyidov, Bəkir Nəbiyev... Daha kimlər, kimlər... Bu insanlar ədəbiyyatşünaslığımızın nəzəri bazasının yaranmasında, zənginləşməsində böyük əmək sərf ediblər. Bu gün biz bu müqtədir insanları minnətdar duyğularla anırıq.

Ədəbiyyat İnstitutu olduqca mürəkkəb bir dövrdə yaranmışdı. Yeni yaranmış ictimai-siyasi formasiya "köhnə dünya"dan imtina edib yeni dünyanı qurmaqla məşğul idi. Ədəbiyyatın da qarşısında mühüm vəzifələr dururdu, hakim quruluş qələm sahiblərindən yeni dövranı tərənnüm etməyi tələb edirdi. Sosializm realizmi metoduna əsaslanan partiyalı ədəbiyyat keçmişdən imtina edib gələcəyə üz tutmalı idi. XX əsr ədəbiyyatının (sovet ədəbiyyatının) yeni istiqamətini müəyyən edən ideologiyanın hədəfləri tamamilə başqa idi. Bolşeviklərin ədəbi siyasətinin kölgəsi altında yaranan direktiv ədəbiyyat onu bu hədəfə çatdırmaqda aciz idi. Həmin dövrdə bizi keçmişimizdən qopmağa qoymayan, dünənimizlə milli-mənəvi bağların qırılmasına imkan verməyən ocaqlardan biri də Nizami adına Ədəbiyyat İnstitutu oldu. Ona qədər  böyük maarifçi-pedaqoq, ədəbiyyatşünas alimimiz Firidun bəy Köçərli çoxəsrlik Azərbaycan ədəbi irsini toplayıb ardıcıllıqla  tədqiqat apararaq "Azərbaycan ədəbiyyatı" ikicildliyini yazmışdı. Bu əsəri yazmaqla Köçərli Azərbaycan ədəbiyyatı elminin əsasını qoymuş, bununla da gələcək tədqiqatçılar üçün geniş bir yol açmışdı. Köçərlinin açdığı cığırla irəliləyən ədəbiyyatşünaslıq elmi onun ölümündən on iki il sonra  İnstituta çevrildi.

Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytında (elm.az) institutun yaranma tarixi haqqında "Nizami adına Ədəbiyyat İnstitutu: davamlı ənənələr və müasirləşmə" adlı yazıda  oxuyuruq:

"XX əsr boyu ədəbiyyatşünaslıq üzrə sistemli tədqiqatların aparılması işi bir neçə mərhələdə yerinə yetirilmişdir. İlk dəfə bu iş 1923-1929-cu illərdə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində təşkil olunmuşdur. Azərbaycanda elmi tədqiqatçılıq işinin formalaşması sahəsində mühüm rolu olan Tədqiq və Tətəbbö Cəmiyyətində ədəbiyyatşünaslıq üzrə araşdırmaların təşkilinə görkəmli yazıçı Əbdürrəhim bəy Haqverdiyev rəhbərlik etmişdir. Qısa vaxtda bu cəmiyyətin xətti ilə digər elm sahələriylə yanaşı, ədəbiyyatşünaslıq sahəsində, xüsusən də folklor materiallarının toplanması, ədəbi abidələrin çapa hazırlanması və nəşr edilməsi istiqamətində mühüm işlər görülmüşdür.

Az sonra, yəni 9 oktyabr 1929-cu ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun yaradılması ilə əlaqədar olaraq ədəbiyyatşünaslıq üzrə tədqiqatları bu institutun nəzdində təsis edilmiş Dil, Ədəbiyyat və İncəsənət bölməsi həyata keçirmişdir. Tanınmış ictimai xadim və publisist Həbib Cəbiyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda Dil, Ədəbiyyat və İncəsənət Bölməsinə əvvəlcə professor Bəkir Çobanzadə və dosent Əli Nazim Mahmudzadə, daha sonra isə professor Vəli Xuluflu başçılıq etmişlər. Cəmi üç il müddətində fəaliyyət göstərən bu institutda Folklor şöbəsi ilə yanaşı, Tənqid və ədəbiyyatşünaslıq, Müasir ədəbiyyat şöbələri - seksiyaları əsasında bütövlükdə milli ədəbiyyatın geniş surətdə tədqiqinə ciddi şəkildə diqqət yetirilmişdir.

Bütün bunlarla bərabər, Azərbaycanda elmi qurumların əsaslı şəkildə yaradılması işinə 29 dekabr 1932-ci ilin SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan bölməsinin təşkilindən sonra başlanılmışdır. Qeyd edilən tarixdən etibarən Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun bütün səlahiyyətləri yeni təşkil olunmuş akademik quruma verilmişdir. SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan Bölməsində əvvəlcə 13 fevral 1933-cü ildə Salman Mümtazın rəhbərliyi ilə "Ədəbi irs" seksiyası yaradılmış, 22 mart 1933-cü ildən isə Ədəbiyyat sektorunun yaradılması haqqında qərar qəbul olunmuşdur. Beləliklə, 22 mart 1933-cü ildə tanınmış tənqidçi Əli Nazim Mahmudzadənin rəhbərlik etdiyi SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialı Azərbaycan Bölməsinin Ədəbiyyat sektoru akademiya sistemində Ədəbiyyat İnstitutunun yaranma tarixi kimi hesab oluna bilər".

Yazıdan geniş sitat gətirməkdə məqsədim Ədəbiyyat İnstitutunun yaranması haqqında oxucuda dolğun təsəvvür yaratmaqdır. Vətənin ərazisi olduğu kimi, ədəbiyyatın da ərazisi var və bu böyük kişilər ədəbiyyatımızın ərazilərini göz bəbəyi kimi qorumaq üçün bir elm ocağı, ədəbiyyat qalası yaradıblar. Göründüyü kimi, böyük ədibimiz Əbdürrəhim bəy Haqverdiyev bu işin beşiyi başında dayananlardan birincisi olub. Sonra Bəkir Çobanzadə, Vəli Xuluflu, Əli Nazim bu ağır yükün altına çiyin veriblər. Az sonra isə ədəbiyyatşünaslıq elminin bazasını formalaşdıran bu azman alimlər repressiyaya məruz qalıblar. Amma bu müqəddəs iş yarımçıq qalmayıb...

Sonra yeni nəsil ədəbiyyatşünaslar estafeti davam etdirdi. Ədəbiyyat İnstitutu ədəbi-bədii düşüncəmizin məhək daşına çevrildi, çoxəsrlik tarixi keçmişi olan ədəbiyyatımız milli-tarixi sərvət kimi bu elm ocağının sayəsində mərhələli şəkildə tədqiq olundu, bu müqəddəs məbəddə yeni ədəbiyyatşünas alimlər nəsli yetişdi. Yuxarıda onlardan yalnız bir qisminin adlarını çəkdik. Hamının adını çəksək, bir yazıya sığmaz. Onların hər biri bu elm ocağına bir kərpic qoyub onun sütunlarını qaldırıblar.

Bu məbədə ilk dəfə yolum 90-cı illərin sonlarında düşmüşdü. Unudulmaz xalq şairimiz Vaqif Səmədoğlu ilə institutda görüş keçirilməliydi. Məni də çalışdığım qəzetdən yollamışdılar ki, görüşdən yazı hazırlayım. İnstitutun dəhlizində ilk gördüyüm adam rəhmətlik Arif Abdullazadə oldu. Arif Abdullazadə geniş yaradıcılıq diapazonuna malik bir qələm sahibi idi. Filologiya elmləri doktoru, professor, Qasım bəy Zakir yaradıcılığının tədqiqatçısı idi. Rəsul Rzanın yaradıcılığından bəhs edən "Od nə çəkdi" monoqrafiyasının, bir neçə poeziya kitabının, romanların müəllifi idi. Arif müəllim dəhlizdə pəncərənin önündə fikirli halda dayanıb siqaret tüstülədirdi, əynində boz rəngli miləmil kostyum vardı. Bu mütəvazi və son dərəcə istedadlı insan ən çox dalğın görkəmilə yadımda qalıb. O vaxtdan ara-sıra Ədəbiyyat İnstitutuna yolum düşür. Həmişə İnstitutun dəhlizlərində  ayaqlarımı yerə astaca basıram, hansısa qapını çox ehtiyatla tıqqıldadıram, burda çalışanların iş ahənginin pozulacağından, onlara mane olacağımdan çəkinirəm.

Azərbaycan müstəqillik qazandıqdan sonra Nizami adına Ədəbiyyat İnstitutu özünün yeni mərhələsinə qədəm qoydu. Ədəbiyyatımızın 70 il ərzində açılmamış, gizli qalan səhifələri öz araşdırıcılarını gözləyirdi. İnstitut bu sahədə ölçüyəgəlməz işlər gördü. "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı", "Azərbaycan mühacirət ədəbiyyatı", Ədəbi tənqid" şöbələri, nizamişünaslıq və füzulişünaslıq sektorları yaradıldı.

Ədəbiyyat İnstitutunun çap etdirdiyi, böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin redaktorluğu ilə çıxmış "Molla Nəsrəddin" jurnalının səkkiz cilddə və Əli bəy Hüseynzadənin "Füyuzat" jurnalının bir cilddə transliterasiya nəşri ölkə miqyasında elmi-ədəbi hadisəyə çevrildi. Azərbaycançılıq ideyasının formalaşması və inkişafında Nizami adına Ədəbiyyat İnstitutunun da böyük xidmətləri var. Bütün bu işlər akademik, millət vəkili İsa Həbibbəylinin rəhbərliyi altında həyata keçirilir. İki il öncə İsa müəllimin rəhbərliyi ilə daha bir salnamə - Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin 25 illiyinə həsr edilmiş "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" çap olundu. Kitabda müstəqillik illəri Azərbaycan ədəbiyyatının təşəkkülü, onun 1990 və 2000-ci illər mərhələsinin konseptual əsasları və yaradıcı bədii şəxsiyyətləri, habelə, tənqid-ədəbiyyatşünaslığın müstəqillik illərindəki elmi-nəzəri səviyyəsi öz əksini tapıb. Nəşrin tərtibi prinsipləri mövcud siyasi-ideoloji mənbə və qaynaqlar,  ədəbi növ və janrlar, mövzu və problematika, ədəbi cərəyan və tendensiyalar, habelə, portret-oçerk və memuar-xatirə yazılarına görə müəyyənləşdirilib. Bu fundamental ikicildlik Azərbaycan ədəbiyyatşünaslıq elminin mühüm nailiyyətidir.

85 yaşlı Nizami adına Ədəbiyyat İnstitutu - ədəbiyyatşünaslıq elmimizin qalası özünün tarixi missiyasını davam etdirir.

Ədəbiyyat qəzeti, 14 noyabr, 2018-ci il

 

SİZƏ MARAQLI OLA BİLƏR