Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AÇAR SÖZLƏR

Erkən yeni dövr Azərbaycan ədəbiyyatı

18-02-2018 [ 17:59 ] [ oxunub:235 ]
printerA+ | A-

Erkən yeni dövr Azərbaycan ədəbiyyatı

Erkən yeni dövr Azərbaycan ədəbiyyatı

Erkən yeni dövr Azərbaycan ədəbiyyatı XVII –XVIII əsrləri əhatə edir. Xalq-aşıq yaradıcılığı (aşıq-şairlər), anadilli və farsdilli ədəbi nümunələrin yaradılması bu dövrdə də davam etdirilmişdir. Erkən yeni dövr Azərbaycan ədəbiyyatı erkən Şərq renessansının sonrakı yüksək mərhələsidir. Bu dövrdə klassik Şərq (Azərbaycan) ədəbiyyatı romantik, islam bədii təfəkkürü səviyyəsində davam etmiş, ədəbiyyat və bədii düşüncə realizmə doğru yol götürmüş, poeziyada xəlqilik, realizm və sadəlik güclənməyə başlamış, aşıq yaradıcılığının ənənələri (mövzu, ideya-məzmun, janr, vəzn, təsvir və ifadə vasitələri) yazılı ədəbiyyata güclü təsir göstərmiş, klassik janrların rolu nisbətən zəifləmiş, xalq şeiri janrlarının işləkliyi sürətlənmişdir. XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatının səciyyəvi xüsusiyyəti onun həm də  ictimai məzmunu və həyatiliyinin ifadəsinin güclənməsi ilə bağlı olmuşdur. Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Saib Təbrizi, Qövs Təbrizi, Şakir Şirvani, Məhcur Şirvani, Ağa Məsih Şirvani, Məsihi, Fədai, Molla Vəli Vidadi, Molla Pənah Vaqif və başqaları erkən yeni dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələridir.

Məhəmməd Əmani XVI əsrin ikinci yarısı, XVII əsrin əvvəllərində yaşamışdır. Səfəvilər sarayına yaxın olmuşdur. Elm aləminə iki “Divan”ı məlumdur. Əsərləri məhəbbət müvzusunda yazılmış qəzəl və qoşma məişət mövzusunda yazılmış mənzum hekayələr, müharibə mövzusunda qəsidələrdən ibarətdir. Əmani şeirlərinin müəyyən hissəsi siyasi-dini mahiyyətlidir. Şair ilk dəfə kiçik mənzum hekayələr yazmışdır. Məhəmməd Əmani İ.Nəsimi ilə başlayıb Ş.İ.Xətai ilə davam etdirilən yeni ədəbi üslubun davamçısıdır.

Fədai elm aləminə ” Bəxtiyarnamə” poeması ilə məlumdur. Əlyazmasına görkəmli jurnalist, mətbuat xadimi Qulam Məmmədli 1945-ci ildə Təbrizdə təsadüf etmişdir. O, əsərə müqəddimə yazmış, itmiş səhifələri fars dilində mənsur “Bəxtiyarnamə” əsasında nəsrlə bərpa olmuşdur. Əsər XVI əsrin sonlarında Təbriz şəhərində yazılmışdır. Fədai haqqında yeganə məlumatı Sam Mirzə vermişdir. Onun Təbrizli olduğunu qeyd etmişdir. Əsəri 1588-ci ildən sonra işləmiş, dövrünə münasibətini folklordan gəlmə motivlə bildirmişdir. Əsər Türkiyə ilə Səfəvi dövləti arasında gedən mübarizənin tənqididir. Əsərin müvzusunun ərəb, fars və uyğur dillərində nüsxələri vardır. Britaniya və London muzeylərində ərəb-fars nüsxələri mövcuddur. “Bəxtiyarnamə” 1932-ci ildə Tehranda Vəhid Dəstgirdi tərəfindən nəşr edilmişdir. Məhəmmədəli Tərbiyət bu nəşrə müqəddimə yazmışdır. Fədai Füzuli və Xətai irsini mənimsəmiş sənətkardır.

Məsihi “Vərqa və Gülşa” əsəri ilə tanınmışdır. Əsər haqqında ilk məlumatı Britaniya muzeyindəki Şərq əlyazmalarını təsvir edən Çarl Rio vermişdir. Məhəbbət mövzusundadır.

Saib Təbrizi İsfahanda, Hindistanda və Təbrizdə yaşamışdır.”Divan”ı məşhur olmuş, fars, hind və Türkiyə ədəbiyyatına təsir göstərmişdir. Şeirlərinə yüzlərlə hind şairi nəzirə yazmışdır. Ana dilində şeirləri olmuş, Füzuli təsiri ilə yazmışdır. O, XVII əsr Azərbaycan ədəbiyyatında Füzuli ədəbi məktəbinin yetirməsi kimi tanınır. Azərbaycan şeir dilinin inkişafında Saib Təbrizinin böyük xidmətləri vardır.

Qövsi Təbrizi Saib Təbrizinin müasiri olmişdur. Qəzəllər yazmışdır. Bədii irsi haqqında professor Mirəli Seyidovun tədqiqat əsəri vardır. Qəzəllərində Füzuli ənənələrini davam etdirmiş, nisbətən sadə dildə yazmışdır.

Məhcur Şirvani (XVIII əsr) “Qisseyi-Şirvan” lirik-epik poeması ilə yadda qalmışdır. Əsərdə Şirzad, Xurşid, Zərrin, Şimran surətləri vardır. Şakir Şirvanin isə “Əhvali-Şirvan” mənzuməsi XVIII əsr ictimai hadisələrini özündə əks etdirir.

Molla Vəli Vidadi XVIII əsrin görkəmli sənətkarıdır. Yaradıcılığı şifahi və yazılı ədəbiyyat əsasında təşəkkül tapmışdır. M.P. Vaqiflə deyişməsi, “Durnalar” şeiri məşhurdur. “Ey həmdəmim, səni qana qərq eylər” misralı qoşması vardır. M.V. Vidadi qəzəl və müxəmməslər müəllifidir. “Belə qalmaz” müsəddəsi ictimai məzmundadır. “Müsibətnamə” adlı epik-tarixi mənzuməsində vətəni satan rəyasət, mal-dövlət düşkünləri tənqid edilmişdir. Vidadi irsinin tanınmış tədqiqatçısı professor Araz Dadaşzadədir.

XVIII əsrin məşhur şairlərindən biri də Molla Pənah Vaqifdir. Onun yaradıcılığında klassik şeir üslubu ilə xalq-aşıq şeiri üslubu birləşmişdir. “Düşər”, “İgidlər”, “Bax” rədifli qəzəlləri də vardır. “Görmədim” müxəmməsində dövrün ictimai eyibləri tənqid  olunmuşdur. M.P.Vaqif irsinin  tanınmış tədqiqatçısı professor Araz Dadaşzadədir.

XVIII əsrin sənətkarı olan Möhsün Nəsiri “Lisanüt-teyr” (Quşların dili) və ya “Tutinamə” əsəri ilə tanınmışdır.

Məhəmməd adlı sənətkarın “Şəhriyar” dastanında məhəbbətin sosial məsələlərindən bəhs olunmuşdur. Əsərdə Sənubər, Zəhrabəyim, Şamamabəyim, Pərizad surətləri vardır.

AMEA-nın müxbir üzvü Azadə Rüstəmova, şair Balaş Azəroğlu, akademik Həmid Araslı, professor Mirəli Seyidov, AMEA-nın müxbir üzvü Əlyar Səfərli və başqaları Erkən yeni dövr Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçılarındandır.

 

 

SİZƏ MARAQLI OLA BİLƏR