Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Akademiyanın Şuşanaməsi: ədəbi-tarixi ənənə və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib

16-12-2022 [ 10:52 ] [ oxunub:71 ]
printerA+ | A-
102947

Dekabrın 15-də AMEA-da “Şuşa İli” çərçivəsində görülmüş işlərin yekunlarına həsr olunan “Akademiyanın Şuşanaməsi: ədəbi-tarixi ənənə və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans çərçivəsində “Şuşa İli”nə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə AMEA əməkdaşlarının çəkdikləri rəsm əsərləri, eləcə də AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən 2021-2022-ci illər ərzində çap olunmuş kitablar, monoqrafiyalar, atlas və broşürlər nümayiş etdirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Milli Məclisin deputatları Zahid Oruc, Tural Gəncəliyev, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli, AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları, türkiyəli qonaqlar və KİV nümayəndələri iştirak edirlər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu tərəfindən həyata keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində mütləq Zəfərlə başa çatan Vətən müharibəsinin ölkəmizin çoxəsrlik tarixinin ən nadir və parlaq səhifələrindən biri olduğunu deyib. Qeyd edib ki, Qarabağda qazanılmış tarixi Qələbə ilə Prezident İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub. Dövlət başçısının rəhbərliyi altında Qarabağda və Şərqi Zəngəzurda geniş quruculuq işlərinin aparıldığını deyən akademik İsa Həbibbəyli bu istiqamətdə qəbul edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Azərbaycan tarixinin ən böyük dövlət proqramlarından birincisi olduğunu söyləyib. Həmçinin Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması istiqamətində atdığı addımların Azərbaycanın Avrasiya məkanında rolunu və mövqeyini gücləndirəcəyini bildirib.

AMEA rəhbəri son günlərdə yüksək vətənpərvərlik nümayiş etdirərək və Azərbaycançılıq mövqeyindən çıxış edərək Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində gənclərin və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvlərinin keçirdiyi etiraz aksiyası ilə Azərbaycan alimlərinin də həmrəy olduğunu və onlara dəstək verdiklərini ifadə edib.

“Şuşa İli” çərçivəsində AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri tərəfindən Qarabağ və Şərqi Zəngəzurla bağlı geniş tədqiqatların aparıldığını deyən akademik İsa Həbibbəyli Akademiyada 190-a yaxın kitabın (6-sı xarici dildə) çap olunduğunu, 400-dən çox məqalənin (11 ölkədə) işıq üzü gördüyünü diqqətə çatdırıb. Qeyd edib ki, 30 il ərzində tədqiqatlardan kənar qalmış Qarabağın tarixi, folkloru, etnoqrafiyası, coğrafiyası, toponomiyası, iqlim xüsusiyyətləri, seysmoloji aktivliyi ilə bağlı AMEA-da mühüm araşdırmalar aparılıb və çap olunmuş əsərlər 70 səhifəlik biblioqrafik göstəricidə əksini tapıb. “Şuşa İli” çərçivəsində AMEA-da görülmüş işləri Qarabağın kompleks və sistemli şəkildə öyrənilməsi dövrünün başlanğıcı kimi qiymətləndirən akademik İsa Həbibbəyli tarixçi alimlər tərəfindən Birinci və İkinci Qarabağ müharibəsinin elmi salnaməsinin günbəgün yazılaraq gələcək nəsillərə çatdırılmasının, eləcə də Böyük Qayıdışla bağlı əsərlərin hazırlanmasının vacibliyini vurğulayıb: “Prezident İlham Əliyevin çağırışları Azərbaycan elmini dərindən düşündürməli, bu istiqamətdə və Qarabağda aparılan geniş quruculuq işlərində elmin dəstəyi hiss olunmalı, alimlərimiz öz ideyaları ilə prosesləri qabaqlamalıdırlar. Akademiyanın böyük potensialı var və Azərbaycan alimləri əsərləri və tədqiqatları ilə bu proseslərə dəstək verməlidirlər”.

Daha sonra Milli Məclisin deputatı Zahid Oruc çıxış edərək elmin cəmiyyətlərin inkişafındakı roluna toxunub. “Elmin getmədiyi yer güclü qala bilməz”, - deyə bildirən natiq Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı olması ilə yanaşı, həm də son dövrlərdə baş verən proseslərlə əlaqədar həm də siyasi paytaxtına çevrilməyə başladığını bildirib. Qeyd edib ki, Şuşa-Xankəndi yolunda azərbaycanlı gənclərin və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının keçirdiyi etiraz aksiyası və baş verən digər proseslər tarixi Şuşa zəfəri hesabınadır.

Milli Məclisin deputatı Tural Gəncəliyev isə Şuşanın dirçəldilməsinin onun iqtisadi, siyasi, işğaldan azad edilmiş fiziki dirçəldilməsi ilə yanaşı, elmi potensialının və mədəniyyətinin dirçəldilməsi kimi mühüm elementləri əhatə etdiyini söyləyib. Tural Gəncəliyev konfrans çərçivəsində təşkil olunmuş sərgi ilə tanışlığı zamanı elmi potensialımızın dirçəldilmə prosesində vacib rolunun bir daha şahidi olduğunu deyib.

Türkiyənin İstanbul Universitetinin alimi, prof. Dr. Necmi Karul isə dünyanın qədim yaşayış məskənlərindən olan “Göbəklitəpə” arxeoloji abidəsində aparılan tədqiqatlar barədə qısa məlumat verib.

Konfransda, həmçinin AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərova “Şuşa Azərbaycanın musiqi məbədidir”, Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov “Şuşa - siyasi mərkəzdən mədəniyyət paytaxtına (tarixi yolun əsas mərhələləri)”, Ədəbiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu “Qalibiyyət zamanı: çağdaş ədəbiyyatın diskursu” və Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyeva “Qarabağ və Şərqi Zəngəzur rayonlarının dilçilik coğrafiyası üsulu ilə tədqiqi” mövzusunda məruzə ilə çıxış ediblər.

Beynəlxalq konfransda, o cümlədən “Şuşa İli”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR