Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Cəsurluğun simvolu və ya bir daha “Komandir” haqqında - Səltənət Əliyeva

20-05-2022 [ 14:01 ] [ oxunub:121 ]
printerA+ | A-
102410

Artıq Qarabağ azaddır. Və bu gün torpaqlarımız işğaldan azad edilsə də, müharibə, xüsusilə, Qarabağ müharibəsi Azərbaycan ədəbiyyatının ən aktual mövzularından biri olaraq qalır. Gələcək nəsillərə örnək olan və həyatını, canını, arzularını Vətən torpaqları uğrunda fəda edən qəhrəman oğullarımızın nümunəvi döyüş yolu rəğbətlə qələmə alınır, ruhları sonsuz sevgi və ehtiramla yad edilir.

Son dövrlərdə şəhidlərlə bağlı yazılmış ən mükəmməl romanlardan olan tanınmş yazıçı Şərif Ağayarın “Komandir”i məhz belə qəhrəman oğullardan birinə - hələ sağlığında xalqın “Murov qartalı” kimi tanıdığı əfsanəvi komandir, aprel şəhidi, polkovnik-leytenant Raquf Orucova həsr edilmişdir.

Müəllifin qeyd etdiyi kimi yeni üslubda, fərqli tərzdə yazılan romanda Qarabağ məsələsindən bəhs edilərkən mərkəzi xətt kimi Raquf Orucovun döyüş yolu götürülür. Dörd hissədən ibarət olan romanda igid döyüşçünün uşaqlıq illəri, Murovdakı fəaliyyəti və döyüş yolu, eləcə də sonda şəhidlik məqamına ucalığı qələmə alınmışdır. Əməliyyat səhnələrini həyəcansız, sakit şəkildə oxumaq mümkün deyildir. Qəhrəmanların vəziyyətləri, çılğınlıqları, onların bir-birinə sadiqliyi, vətən sevgisi əlvan boyalarla verilir və oxucunu bu səhnələri yaşamağa vadar edir. Və nasir təkcə döyüş yolunu təsvir edib oxucunu burada dolaşdırmaqla  kifayətlənmir. Sözsüz ki, müharibənin acı nəticələri, insanların həyatında və qəlbində açdığı yaralar didərgin həyatını yaşayanların taleyində daha aydın şəkildə təcəssüm edir. Xüsusilə, uşaqların və qadınların çəkdiyi mənəvi ağrılar, ruhi sarsıntılar son dərəcə dözülməzdir və insan psixologiyasına vurulan və heç vaxt silinməyəcək bir zərbədir. Müəllif məhz bu cür münasibətləri və yaşam tərzini az, lakin dolğun, təsirli və canlı səhnələrlə əks etdirmişdir. Bununla kifayətlənməyən yazıçı mövzu dairəsini bir qədər də genişləndirir və daha dəqiq desək, duyduqlarını dərindən ifadə edərək sadə dillə oxucuya çatdırmağa ustalıqla nail olur, hadisələrə daha geniş rakursdan baxaraq insanların çətin psixoloji məqamlarda təzahür edən davranış qaydalarına diqqəti yönəldə bilir. Və bunu yüksək səviyyədə bacararaq təbii şəkildə ifadə edir. Romanda diqqət çəkən məqamlardan biri də ən ağır situasiyada belə ailə dəyərlərinə, milli adət-ənənəyə sadiqliyin əks olunması və təbliğidir. Əsərdə komandirin qardaşı kəndləri işğal edilən zaman itkin düşən anasını axtarmağa getmək istəyir. Lakin bu çox risklidir. Yoldaşları mane olmaq istəyir. O isə pulemyotu əlinə alıb dediyindən dönmür. Belə bir vəziyyətdə komandirin gəlişi onun inadını qırır. “Bu vaxt mənim gəldiyimi xəbər verirlər. Sakitləşir. Mən evin böyüyüyəm. Bizdə böyüyün yanında hamı kiriyir. Böyük haqsız olsa belə”. (s. 19-20) Ailə dəyərlərinə sonsuz ehtiramın ifadəsi olan belə epizodlarla romanda yeri gəldikcə rastlaşmaq mümkündür. Bununla da müəllif qəhrəmanın həyatını ən incə məqamlarına qədər əks etdirməyin öhdəsindən bacarıqla gəlir. Nəinki heç vaxt görmədiyi bir qəhrənanı, hətta onun ailəsində qorunub saxlanılan mənəvi dəyərləri, əxlaqi davranışları da qəlbən duyduğunu aydın şəkildə büruzə verir. 

Qeyd etmək istərdik ki, ümumiyyətlə, müharibə və müharibənin törətdiyi bəlalar mövzu və forma rəngarəngliyi ilə seçilən Şərif Ağayarın ədəbi irsindən qırmızı bir xətlə keçir. Yazıçının “Kərpickəsən kişinin dastanı” povesti, “Cəfər əminin yolları”, “Şəkil” və s. hekayələri, “Arzulardan sonrakı şəhər”  romanı məhz bu qəbildəndir. Bu əsərlərdə yaşanmş maddi və mənəvi problemlər, müharibənin törətdiyi acı nəticələr, doğma torpaqlara qayıdış həsrəti, yurd sevgisi və s. bu kimi duyğu və düşüncələr öz ifadəsini tapmışdır. Qarabağ müharibəsini və onun fəsadlarını ətraflı və dəqiq şəkildə birləşdirən əsər isə “Komandir” romanıdır. Fikrimizcə, romanı mükəmməlliyi və özünəməxsusluğuna görə daima inkişafda olan yazıçının yaradıcılığının şah əsəri kimi də qəbul etmək olar. Hələ ki...

Bəs romanın özünəməxsusluğu və mükəmməlliyi nədədir?

Romanın fərqliliyi və ya özünəməxsusluğu, ilk növbədə, onun ənənəvi olmayan üslubda fərqli tərzdə qələmə alınmasıdır. Müəllif əsəri işləyərkən Uilyam Folknerin “Hay-küy və hiddət” romanının üslubunu, daha doğrusu, strukturunu əsas götürüb. Başqa sözlə desək, seçdiyi mövzunu bu əsərin qəlibində verib. Əsərdə ənənəvi olan müəllif təhkiyəsi və ya birinci şəxsin dilindən verilən təhkiyə görünmür. Və əsər boyu elə hər bir obraz birinci şəxs kimi çıxış edir. Tənqidçi Nərgiz Cabbarlının sözləri ilə desək, “Bu müəllifin (Şərif Ağayarın) yeğanə romanıdır ki, müəllif kimi bütün sarsıntılarını mətnə ötürə bilsə də, obraz kimi ondan kənarda qala bilmişdi”.  Romanda təhkiyəçi obrazlar sistemidir. Yəni bütün obrazlar əsər boyu Folknerdə olduğu kimi fəaliyyətdədirlər. Hadisələri bir nəfərin dilindən uzun-uzadı dinləmək, bir nəfərin baxışı ilə izləmək nə qədər yaxşı əsər olsa belə, bəzən oxucunu yorur. Burada isə ən əsası müəllif oxucunu yormaq istəməyib. Buna da nail olub. Çünki ayrı-ayrı obrazların dilindən hadisələrin verilməsi, baş verənlərə müxtəlif baxışların olması yoruculuqdan, yeknəsəqlikdən çox uzaqdır. Sanki bu obrazlarla səmimi şəkildə dialoqa girirsən. Bu səbəbdən əsəri əlinə alan hər kəs onu maraqla oxuyaraq sona çatdırmağa çalışır.

Fərqli formadır. Alınıb. Özü də yaxşı alınıb.

Üstəlik, obrazların nitqi də pərakəndə deyil. Onların nitqi elə qurulub, elə yerləşdirilib ki, birindən digərinə keçid etdikdə bunu hiss etmirsən, çünki birinin fikri o birini tamamlayır. Biri digərinin davamı kimi görünür. Həmçinin bir obrazın dili ilə hansısa hadisə nəql ediləndə digər obrazın da fikri istər istəməz oxucunu maraqlandırır. Düşünürsən ki, bəs digər obraz hadisənin o bri üzünü necə təsvir edəcək? Və elə ardınca həmin obrazın dilindən hadisənin digər gizli qalan detalları açılır. Bu cəhət romanda verilən hadisələrin bir daha maraqla izlənməsinə səbəb olur.

Hansı qəlibdə yazılırsa, yazılsın, müharibə ağır mövzudur. Buna baxmayaraq “Komandir” romanını müəllifin səyi nəticəsində əlinə alan hər bir oxucu  obrazların sehrinə düşür, roman insanı qanadlarına alıb aparır, ruhən elə  uzaqlaşdırır ki, oxucu bir də özünü qəhrəmanların sırasında - əməliyyat, döyüş səhnələrində görür. Hadisələri yaşayır: bəzən həyəcanlanır, bəzi məqamlarda isə qəhrəmanla birgə təəssüf hissi keçirir, kədərlənir. Hadisələr o qədər həyati təsvir edilib ki, hətta qəhrəmanın son aqibətini bildiyin halda yenə də sağ qalacağına ümid edirsən. Romanı oxuduqca göz yaşlarına hakim ola bilmirsən.

Bəzən müəllifin oxucunu bilərəkdən intizarda saxlaması da əsərin  üstünlüklərindəndir. Yəqin ki, bu, müəllifin oxucu diqqətini əsərdən ayırmamağın bir priyomu-üsuludur. Belə ki, obrazlardan biri hər hansı bir hadisəni danşarkən yarımçıq qalır, sanki kinolentdir, yarıda kəsildi. Bu xüsusiyyət daha çox komandirin nitqində diqqəti cəlb edir. Beləcə, hadisənin sonu oxucuda maraq doğurur. Ardınca gələn obrazın dilindən davamının veriləcəyini düşünürsən. Lakin müəllif bu sonluğu həmin an təqdim etməyə tələsmir. Bəzən insana elə gəlir ki, bir də həmin hadisəyə qayıdılmayacaq. Amma belə deyil. Məsələn: komandir anasının yerini öyrəndikdən sonra onun meyitini atəş altından çıxarmağa gedərkən söyüd ağacından asılmış bir əsgər görür. Nə qədər tələssə də, nə qədər təhlükəli olsa da, həmin əsgəri ipdən endirib gözlərini örtür, üstünü şax-şəvəllə basdırıb kolluqda  gizlədir və sanki canlıymış kimi onunla dialoqa girir, hərbi salam verib: “Əsgər, söz verirəm, sənin üçün bura bir də qayıdacağam”, - deyir. (s. 37) Sonra sanki müəllif bu hadisəni - komandirin vədini oradaca unudur. Oxucu isə həyəcanla gözləyir. Artıq fikirlər, suallar dinclik vermir. Beləliklə, müəllif oxucunu həyəcanlandırmağı, düşündürməyi bacarmışdır. Görəsən, oxucunun qəlbini igidliyi, qəhrəmanlığı və güclü xarakteri ilə  ovsunlamış  komandir sözünə əməl etdimi?  Və görəsən, ömründə bircə dəfə - o da cansız bədənini gördüyü o əsgərdən ötrü yenə də həyatını riskə atacaqmı? Yoxsa daima od-alovun içində olan komandir bu tənhalıqda bir anlıq hissə qapıldı və sonra verdiyi sözü unutdumu?

Və nəhayət, biz artıq komandirin sözünə sadiqliyinin şahidi oluruq və bir daha o, gözlərimizdə ucalır.

Budur, komandir geri – indi daha təhlükəli olan Xaçının sahilinə qayıtmışdır. Romandan bu parçaya diqqət edək:

“Üstündən şax-şəvəli təmizləyib onu eynən anam kimi qollarıma aldım...

Qaranlıq çəkilən kimi əsgəri balaca bir yastananın üstünə qoyub ətrafı yoxladım...

Onu təzədən qollarımın üstünə almaq istədim. Bacarmadım. Heydən düşmüşdüm. Əllərim əsirdi. İki gecə idi yuxu yatmırdım. Əsgəri çiynimə aşırmasam, burdan o yana apara bilməyəcəkdim. Açığı, bu, əvvəl də ağlıma gəlmişdi, ancaq onu incitməkdən qorxub fikrimdən daşınmış, qollarımın üstündə gətirmişdim. Onu burada dəfn edib gedə bilərdim. İnsanın şəhid olduğu torpağa qarışması ən doğrusudur”... “Lakin indi onun yolunu gözləyənlər, bəlkə də, ölümündən xəbərsiz olanlar, yaxud əsir düşdüyünü zənn edib inadla axtaranlar var idi. Müharibə gedən yerdə meyiti görüb tanımaq da, son dəfə öpüb qoxlamaq da bir təsəllidir”. (s. 60)  Beləcə, komandir sözünü tutur və əsgəri qərərgaha gətirir. Onun cəsarəti, mərdliyi qəlbimizi bir daha qürur hissi ilə doldurur.

         İnsanın sümüklərinə işləyəcək qədər təsirli və canlı səhnələrdən biri olan bu epizodda Azərbaycan əsgərinin şərəf və ləyaqəti oxucunu duyğulandırır, əsgərlərin bir-birinə hörmət və məhəbbəti, hərbi anda sadiqlik, yalnız ön cəbhədəkilərin deyil, arxa cəbhədəkilərin ruh halının ən dərin qatlarına qədər düşünülməsi insanı kövrəldir. Bu cür psixoloji məqamlar isə romanda çoxluq təşkil edir. Və həmçinin yazıçının əsgər həyatına dərindən bələdliyinin göstəricisi kimi çıxış edir. Qəlbindən keçir ki, bu cür qəhrəman oğulun romanını elə sözün hər incəliyinə vaqif olan, onları qəlbən duya bilən Şərif Ağayar kimi bir yazıçı yazmalı idi. Bəlkə də, başqa biri bu səhnəni bu cür təsirli və canlı verə bilməzdi.  Eləcə də yazıçının həyatının Qarabağ hadisələri ilə əlaqəli olması, müharibənin şüurund buraxdığı dərin izlər də mühüm rol oynamışdır. Bu prizmadan yanaşdıqda müəllif əsərdəki hadisələrə başqalarından daha yaxındır. Məhz buna görə də bu əsər bu qədər səmimi və kövrək alınıb. 

Və ya yaralı bir əsgərin xilas edilməsi epizodu da bu qəbildəndir. “Ergidə fəlakət baş vermişdi. Düşmənin doqquz tankı qəfil hücuma keçib səngərlərimizi dağıtmış, əsgərlərimizi qırıb-çatmışdı”... “Dedilər, düşmən geri çəkiləndə bizim yaralı əsgərlərin hamısının  başına güllə sıxıb, bir nəfər təsadüfən sağ qalıb. İndi onların postunun lap yaxınlığında əl-qol ata-ata kömək istəyir, yaxınlaşmaq mümkün deyil. Yaralının yerini öyrənib irəli atıldım”. (s. 64) Yenə də Raquf Orucova yaraşan bir hərəkət. Yenə də mərdi mərdanəlik.

Lakin əsgər qan içində, ağır vəziyyətdədir. Huşu özündə deyil. Onu xilas etmək üçün yağış kimi yağan düşmən güllələrinin altından keçib gedən komandır vəziyyətinin ağırlığını duyub son çarəni psixoloji təsirdə - yalvarmaqda görür. “Sənə görə özümü güllənin qabağına verdim. Ölməyə haqqın yoxdur”. (s. 65)  Komandirin əsgəri ayıltmaq üçün etdiyi cəhdlər, yalvarışlar  ara vermir. Nəhayət ki, o, istəyinə nail olur və əsgər gözlərini açır. Artıq komandirin qəlbində onun yaşayacağna ümid yaranır. Bütün yorğunluğuna baxmayaraq son gücünü toplayıb yaralını mövqelərinə gətirə bilir və özü də son anda yorğunluqdan huşunu itirir. Və sonra əməliyyatlar, çətin döyüş tapşırıqları əsgəri sanki komandirə unutdurur. Sanki belə bir hadisə olmamışdır. Müəllif yenə oxucunu düşündürməyi, qəlbini titrətməyi bacarmışdır. Artıq bu məsələ narahatlıq doğurur. O əsgərin taleyi necə oldu? Sağ qaldımı? Yaşayırmı?

Az qala əsərin sonunda təsadüfən bir epizodda biz, həqiqətən də, komandirin zənnində yanılmadığının, əsgərin sağ qaldığının şahidi oluruq. Poladov komandirlə həmin əsgəri tanış edir. Çarəsiz suallar qarşısında qalan oxucunun intizarına, nəhayət ki, son qoyulmuşdur.

Beləliklə, oxucu əsərin əsas qəhrəmanının həyatını izləməklə bir mövzudan asılı qalmır, digər obrazlar haqqında da düşünür. Onların taleyi ilə maraqlanır. Bu epizodlar isə yenə qəhrəmanın xarakterinin açılmasına yönəldilmişdir.

Yeri gəlmişkən, əsərdəki hadisələri izlədikcə müəllifin az qala hər xırda cığırı da adı ilə adlandırması diqqətdən yayınmır və maraq doğurur. Bu isə bir daha müəllifin hər bir nüansa diqqətlə və məsuliyyətlə yanaşmasının göstəricisi kimi nəzərə çarpır. Eləcə də bəzi kəndlərin, hətta postların adı ilə bağlı əfsanələrə, xalq etimologiyasına müraciət yenə də yazıçının hər kiçik detalı belə diqqətdə saxlamasından irəli gəlirdi və təqdirəlayidir.

Qeyd etmək istərdik ki, roman haqqında, tənqidçi Nərgiz Cabbarlı, Cavid Qədir, Nemət Mətin və başqaları müsbət fikirlər söyləmiş, əsəri yüksək qiymətləndirmişlər. Lakin bununla yanaşı romanın tələskən yazıldığını da mənfi xüsusiyyət kimi vurğulamışlar. Cavid Qədir roman haqqında aşağıdakı fikirlərində yazır. “Şərif Ağayar sanki tələsib, son nöqtəni tez qoymağa çalışıb elə bil. Hələ bitməmiş Qarabağ müharibəsinin dəhşətlərinə də az yer verilib. Doğrudur, bu cür yanaşma müəllifin boynunun borcu deyil. Sadəcə olaraq "o illərdə baş verənləri daha ətraflı əks etdirmək olardı" düşüncəsi adamdan əl çəkmir”.  Bəli, müəllif Qarabağdan daha geniş şəkildə bəhs edə bilərdi. Əgər bu əsər Raquf Orucova həsr olunmasaydı. Onun xarakterinin açılmasına, xalqa tanıdılmasına yönəlməsəydi.

 Lakin bu romanda, fikrimizcə, əlavə olaraq Qarabağdan, Qarabağ müharibəsindən  geniş şəkildə bəhs edilsəydi, bu, əsərə ağırlıq gətirər, müəllif onu bugünkü kimi mükəmməl şəkildə təqdim edə bilməzdi. Bu romanda, nəinki bir cümlə, hətta artıq bir sözə də rast gələ bilməzsən. Qarabağ məsələsi başqa bir romanın və ya romanların mövzusudur. Elə yeri gəlmişkən, bu əsərə qədər də müəllifin Qarabağ hadisələrinə həsr olunmuş bir sıra əsərləri var ki, bu barədə yuxarıda bəhs etmişdik. Yəni müəllif bacardığı qədər Qarabağ məsələsini bədii dilin gücü ilə işıqlandırmağa çalışmışdır.

Heç Ş. Ağayarın geniş şəkildə Qarabağ müharibəsindən danışmasına  ehtiyac da  yoxdur. Müəllifin ustalığı elə ondadır ki, o, bir cümlə ilə bəzən bir romanın ifadə edəcəyi fikri ifadə edə bilmişdir. Məsələn: “Dərd burasıdır ki, biz döyüşə-döyüşə, qəhrəmanlıq göstərə-göstərə məğlub olmuşduq. Neçə yaxın qohumum, dostum, səngər yoldaşım, komandirim həlak olmuşdu. İtkilərimizin hamısında az qala bir müəmma vardı. İçimizdə qara bir əl gəzirdi və nə qədər əziyyət çəkirik-çəkək, bizi qalib olmağa qoymurdu”. (s. 73)  Komandirin dilindən söylənilən bu cümlələr kifayətdir ki, o vaxtkı mənzərə insanların gözləri önündə canlansın. Yuxarıdakı bir-neçə cümlə çox böyük bir faktı müxtəsər şəkildə ifadə etmişdir. Belə ki, həqiqətən də, canı və qanı ilə Vətənə xidmət edən  cəsur döyüşçülərimiz, həyatını, arzularını, gələcəyini Vətən üçün fəda edən şəhidlərimiz ola-ola geri çəkildik. Torpaqlar işğal edildi.

Və ya başqa bir epizod: “Anamın üçünü Çulluda, yeddisini Ağdamda, qırxını Boyat kəndində, ilini Sumqayıtda  verdik. Yeddisinəcən Çullu, qırxınacan Ağdam işğal olundu. Anam bizdən həm zaman, həm də məkanca uzaqlaşırdı. Vətənin yası hər dəfə anamın yasına qarışırdı. Tale ana ilə Vətəni yenə qoşalaşdırırdı. Həmişə qoşalaşdırdığı kimi. Biz anayla Vətəni bir yerdə ağlayırdıq”. (s. 42) Çox təsirlidir. Bu qədər dəqiq şəkildə faktları obrazlı ifadə etmək, həqiqətən, müəllifdən yüksək səriştə tələb edir. Başqalarının görüb duya bilmədiyi hadisələri anında duymaq, müqayisələr aparmaq və düzgün qiymətini vermək də müəllifin özünəməxsusluğudur. Müəllifin ana itkisi ilə torpaq itkisini bu cür müqayisəsi, mən deyərdim ki, epizodun kuliminasiya nöqtəsidir.

Yuxarıda romandan gətirilən bir neçə kəlmə kifayətdir ki, kəndlərin, şəhərlərin bir-birinin ardınca sürətlə necə işğal edilməsini xatırlayasan, insanların çəkdikləri iztirabları duyasan. Sözsüz ki, dərd dərdə qarışmışdı. Eləcə də müəllif ana itkisi ilə Vətən itkisini bərabərləşdirərkən, hər ikisinin övladlar üçün nə qədər dəyərli olduğunu bir daha vurğulamışdır.

O cümlədən on bir yaşlı Zabilin ermənilərin kəndə hücumu zamanı böyük təlaş və qorxu içində qaçaraq qonşu kəndə sığınması, keçirdiyi ağır psixoloji sarsıntı məcburi köçkünlük həyatına məhkum edilmiş uşaqların acı taleyinin yığcam ifadəsi deyilmi?

“Biz Qənbərlinin Cinliyə tərəf çıxacağına toplaşıb alovlanan evlərə baxırdıq. Yana-yana uçuşub gecənin bağrını dələn güllələr partlayanda ətrafa işıq saçan mərmilər hər dəfə bir doğma mənzərəni göstərib tez də qaranlığa təslim edirdi. Həyatımın bir parçası  bombardmanın altında qalmışdı”. (s. 21)

Romandan verilən bu parça məcburi köçkün həyatı yaşayan, torpaqları ilə bərabər uşaqlığını, xatirələrini, ümidlərini məcburən yanğınlar altında qoyan on minlərlə insanın kədərli həyatını əks etdirmirmi?

Evlərə od vurulması, əsgərlərin asılması, yaralıların güllələnməsi və s. bu kimi səhnələr isə, əlbəttə ki, düşmənin vəhşiliyini göstərən nüanslar kimi təqdim edilmişdir.

Nəhayət, komandirin anasının evlərində yox, təhlükəsizlik üçün başqa kənddə qalması, həftədə bir dəfə evə gəlib yır-yığış etməsi müharibə zonasında yaşayanların ümumi həyatının qabardılması, bədii ədəbiyyata gətirilməsidir. Bəli, vəziyyət pisləşəndə qadınlar və uşaqlar ərazidən çıxarılaraq daha təhlükəsiz yerlərə aparılırdı. Həmin epizod yaşanmış bu kədərli və məşəqqətli həıyatın yığcam ifadəsindən başqa bir şey deyildir.

Bu səhnələrin uzadılması, daha geniş şəkildə əks olunması məhz bu romanda yersiz görünərdi və əlavə məlumatlarla romanı yükləmək, fikri mövzudan yayındırmaq olardı.

Məqsəd isə təfərrüatlara yol vermədən, sağa-sola yolunu sapmadan qarşıya qoyulan məqsədə çatmaq - Raquf Orucovun həyatını, döyüş yolunu bədii şəkildə işıqlandırmaq idi. Müəllifin əsas məqsədi budur və həqiqətən, buna nail olunub. Hər detal o qədər mükəmməl şəkildə əks etdirilib ki, bir roman oxuduğuna inanmırsan. Sanki sən də onlarla birgəsən. Hər şey gözlərimiz önündə baş verir. Və bu igid komandıri sanki uşaqlıqdan tanıyırsan, bir yerdə böyümüsən və bir dəstədə də vuruşursan. Əsər səni yormur. Çünki sən də onun yol yoldaşısan.

Müəllif komandirin - Raquf Orucovun bütün xarakterini incəliklə açmağı bacarmışdır. Müəllif təxəyyülünə yol verilməyən, yalnız real faktlara söykənən əsərdə, daha obrazlı dillə desək, qəhrəmanlıq dastanında biz ideal qəhrəman obrazı ilə yox, insani keyfiyyətlərə malik, səhvləri və düzləri ilə təqdim edilən vətənpərvər bir hərbçi obrazı ilə qarşılaşırıq. Komandirin yeri gələndə ürəyiyumşaq, mərhəmətli, utancaq, yeri gələndə isə cəsur, igid xarakterə malik olması ayrı-ayrı epizodlarda hadisələrin gedişində açılır. Əsərin sonunda artıq komandirin xarakterinə o qədər dərindən bələd olursan ki, onu bu romandan tanıdığına inanmaq istəmirsən. Və həyatda belə bir qəhrəmanı vaxtında tanımadığına təəssüflənirsən. Yaşadığı zamanda belə əfsanəyə çevrilən komandirin itkisi bizi sarsıdır. Müəllif qəhrəmanını bizə sevdirməyi bacarmışdır. Əsərin insan şüurunda buraxdığı izləri isə silmək mümkün deyil.

Ümumiyyətlə, əsər Azərbaycan ədəbiyyatında müharibə və qəhrəmanlar mövzusunda yazılmış ən yaxşı romanlardan biridir. Və Cavid Qədirin söylədiyi kimi deyə bilərik ki, “Komandir” yazıçının vətəndaşlıq pasportudur”.

SİZƏ MARAQLI OLA BİLƏR