Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Dünyanın xilas modelini təklif edən roman - "Sev" - Elnarə Akimova

06-04-2022 [ 15:23 ] [ oxunub:93 ]
printerA+ | A-
102208

Gərək ki, Umberto Eko "Qızılgülün adı" əsəri ilə bağlı demişdi: "Mənim romanım ilk 100 səhifəni oxuyanlar üçündür". Natiq Məmmədlinin "Sev"adlanan yeni romanı haqqında da belə bir fikir səsləndirmək olar. Amma bu qədər səhifə fərqi ilə yox, bir qədər səbr edib qəhrəmanları tanıdınsa, roman özünü oxutmağa davam edir. Və qəhrəmanlarla birlikdə əfsanəvi bir səyahət başlayır.

Səyahət sözünü öyrəşdiyimiz anlamda, yəni zamana, müxtəlif dönəmlərə vurğu salmaq mənasında işlətmirəm. "Sev" doğrudan da, səyahət romanıdır. Müxtəlif insan surətlərinin, xarakterlərin, ekzotik məkan təsvirlərinin yer aldığı, sürətlə bir-birini əvəzlədiyi bu səyahət, həm də dünya, insanlarla yeni tanışlıqdır. İçində yaşadığımız gerçəkləri bir də romandan oxuyub görmək, seyr etmək imkanına sahib olmaqdır.

Əsərin mövzusu Cənub-Şərqi Asiya ölkələrinə səyahətə çıxan turistlərə bələdçilik edən Səidlə Müjdənin arasında yaranmış sevgidən bəhs edir. Müxtəlif dinə məxsus olan bu gənclərin sevgisini yaşadıqları cəmiyyət, ətraf mühit qəbul etmək istəmir, onlara müxtəlif yollarla mane olmağa çalışırlar. Gənclər çıxış yolu kimi Hindistandan Azərbaycana, Odlar yurduna can atırlar.

Roman bir neçə ölkənin tarixi, dini baxışı, dünyagörüşü ilə bağlı bilgilərlə zəngindir. Müəllif məkanları dəyişərək, hadisələri Hindistandan Siqiriyaya, Siqiriyadan Bakıya, Bakıdan Ukraynaya gətirir. Belə yerdəyişmələr bizə həmin ölkələrin mədəniyyətini, tarixini, etnoqrafik özəlliklərini də öyrənmək şansı yaradır. Eyni zamanda təsvirlər yorucu təsir bağışlamır. Əksinə, əhvalatdan əhvalata, hadisədən hadisəyə ötürülən məqamlarda edilən montaj keçidləri, sərbəst kamera hərəkətləri təəssüratı doğuran epizodlar, mizan, xüsusi effektlər ideyaya xitab elədiyindən mətndə bədii şəkildə əridilir.

Natiq Məmmədli ilk növbədə təsirli, universal insan hekayəsi yazmışdır. Zənnimcə, Azərbaycanlı ilə bərabər istənilən ölkə vətəndaşına doğma gələcək bir hekayə. Bu isə ədəbiyyatın, ümumən sənətin dəyişməz düsturudur. Çünki bədii mətnin sirri, ilk növbədə emosional enerjinin ötürülməsinə bağlıdır. Bundan məhrum olan mətn mexaniki və falşdır. "Sev" romanı ilk növbədə, emosional toxunuşları ilə diqqət çəkən mətndir. İstər tarixin emosional yaddaşına baş vuranda, istərsə də çağın sevgi dramlarına anlam qazandırıb aparıcı mövzuya çevirəndə yazıçı duyğusal məqamları hissi qatda işləməyə müvəffəq olur.

Romanda üç əsas paralel xətt var: Səid-Müjdə münasibətləri - bura Siqiriya adasına tura çıxmış insanların həyatını bədiiləşdirmək, çeşidli obraz, tale və xarakterlər hasilə gətirmək niyyəti daxil olmaqla, hər iki gəncin ailə dramları, sevgi və mücadilələri daxildir. Yazıçının həyatı - burda dostu ilə münasibətlərdən tutmuş gəncliyinə, ilk uşaqlıq sevgisinə (Mariya) geridönüm edən xatirələr zənciri də ehtiva olunur. Bir də əsər içində əsər kimi doğulan Sarı Aşıq dastanı və dastandakı vaqeələrin çağımıza - əsas qəhrəmanların həyatına proyeksiyası. Və hər xəttdə iştirak edərək sevgini rəmzləndirən simvollar - Sakura çiçəyi, sari yağış.

Yazıçı hər xətdən yararlanır. Amma özəlliklə, əsər boyu sevgisizlikdən əziyyət çəkən müasir dünyanın mənəvi problemlərinə fokuslanır, insanı təbii halından çıxarmağa sövq edən hemoseksual meyillər (Cek Kruz), içki alədəçiliyi (Sergey), xəyanət (Saşa), biseksuallıq, pul qazanmaq hərisliyi (Uilyam Kruz), instaqram alidəçiliyi (videoblogger Vəli Özdəmir) kimi məqamların konkret obrazlarda təzahürünü gerçəkləşdirir və bütün əsər boyu təhkiyəsini pastişlərlə, allüziyalarla mənalandırır, polifonikləşdirir, təsviri stilistik baxımdan, yaddaqalan edir.

Xüsusilə, konfliktli situasiyaları - Səid-Qaraca bibi, Səid-Lələ, Sergey-Aleksanrda, Sergey-Mariya xətləri ilə vizuallaşan özgələşmə anlarını, ünsiyyət böhranını dinamik, dəyişkən mizanlarla gerçəkləşdirir. Səidin daxilindəki ağrını, tənhalığı göstərən maneralar və dinamikləşən mizanlar məhz yazıçının nəsr estetikasına xas olan vizual üslub səviyyəsində təzahür edir. Müəllif milli amerikalı, rus, ukrayna xalqının xarakterik cizgilərini ustalıqla, incə formada işləyir, personajların mentalitetindən irəli gələn özüməxsus xüsusiyyətləri qabardır.

Heç vaxt gülümsəməyən, köhnə dəyər və mentalitetinə bağlı olan qoca Endryu Kruz, əksinə, həyatın bütün çətinlikləri qarşısında gülümsəməyi bacaran, susqun drezdenli qocalar - Babil qüllələrinin tədqiqatçıları olan Tomas əmi və Merio xala, yaxud ukraynalı sosial psixoloq - insanların kollektiv davranışındakı problemlər haqqında tədqiqat aparan, insan duyğularını öyrənən Mariya obrazları hər biri əsərdə yazıçının onlara həvalə etdiyi ideya daşıyıcısı kimi çıxış edirlər.

Həmin çoxluğun bölüşdüyü mənəvi ortamda hallanan söhbətlər əsasən planetin simasının dəyişilməsi, dünyanın gələcəyi mövzusu üzərində qərar tapır. Bu məqamlarda hər kəs öz versiyasını səsləndirir: "Artıq dünya hetroseksual liderlərin hökmranlığından yorulub, onu yeni məcraya salmaq, yeni düzən vermək lazımdır" (Cek Kruz), - kimi fikirlərdən tutmuş, "Dünyamız getdikcə yaddaşını itirir" (Saşa), "insan artıq Yer kürəsində öz missiyasını başa vurub. Deyəsən, bizim yerimizi daha mükəmməl varlıqların tutmasına hazır olmalıyıq" (Mariya) kimi süni intellektin meydana çıxmasına işarə edən hər dialoq əsərdə dünyanın hazırkı mənzərəsi, xalqlara sırınmaqda olan Avropa dəyərləri, qlamur həyat tərzini prioritetə çevirənlər, müharibələr, alov saçan silahlar, insan vəhşilikləri, kiçik xalqların böyük imperialist dövlətlərin əlində yemə çevrilməsi kimi məsələlərə diqqət yönəldir: "Bəşəriyyətin bətnində orta əsrlərdən qalmış vəhşi bir güc ilişib qalıb. Gördüyümüz təzə nə varsa hamısını öz libasına bürüyür, xirtdəyimizdən asılıb qalır, nə udqunmaq olur, nə də tüpürmək. Bax, bu qüvvə ayaqlarımıza qandallanmış bir cüt qara daş kimi bizi daim geriyə, özü gəldiyi səmtə sürükləyir, nə qədər çırpınsaq da, əlimizi uzatsaq da XXI əsrə çatmır ki çatmır. Dünyanın heç də hər yerində XXI əsr deyil, ona hələ çox var".

"Sev" romanı bu mənada, hadisələri iki şəxsin arasındakı sevgi münasibəti çərçivəsindən çıxararaq mövzuya daha qlobal baxış bucağından baxan mətndir. Qəza təhlükəsi ilə üzləşən təyyarədə ölümlə pəncələşən insanların etiraf məqamları dünyanın bugünkü simasını görmək və onun özünün nə qədər qəzalı vəziyyətdə olduğuna işarə təsiri bağışlayır. Yaxud romanda səyahət üçün məkan olaraq xəyanətlər qalası sayılan Siqiriyanın seçilməsi, Endryu Kruzla otel işçisi arasında olan saat mübahisəsi (zamandan geri qalmaq, yaxud qabağa qaçmaq) təsadüfi xarakter daşımır. Eləcə də əsərdə üç zamanı - keçmiş, bu gün və gələcəyi xarakterizə edən üç insanın - baba, oğul və nəvənin (Endryu Kruz, Uilyam Kruz və Cek Kruz) timsalında müəllif zamanlar arasındakı uçurumu motivləndirmiş olur, bir-birindən uzaq əxlaq və dünyagörüşə malik bu üçlüyü nəsil təzələnməsinin bariz örnəyi kimi təqdim edir.

Əsərdə pessimist ovqat hakim deyil, qarşılaşdıqları çətinliklərə rəğmən, qəhrəmanlar ümidsizliyə qapılmır, müqavimət göstərirlər. Burada sarsılmaz ruhu, inamı daşıyan iki əsas obraz var: Səid və Müjdə. Natiq Məmmədli romanda sevgini yalnız insanın deyil, bəşəriyyətin xilası kimi göstərir. Bu dəfə Qərbdən Şərqə yox, Şərqdən Şərqə qaçış gerçəkləşir: "Qartal kimi dimdiyini dənizə əymiş, alovun suya meydan oxuduğu odlu torpağa". Cəhalət, doqma qanunlar, boğucu, əzici mühit və s. bu maneələri adlamağa çalışan qəhrəmanlar romanda hətta gerçəkdə malik olduqları imkanları aşaraq, mahiyyətində daha mühüm, bəşəri, fövqəlgüc və məna daşıdıqlarını bəyan etmiş olurlar.

Əsərdə çağdaş prosesə, yazı mühitinə, tənqidçilərə qarşı yer alan ironiya, sarkastik tərzdə münasibət müəllifin ədəbi aləmi yaxşı tanıması, onu bütün atributları ilə canlandıra bilməsi bacarığı ilə bərabər, ümumiləşdirmə gücünü də meydana qoyur. Romanda lokal planda yazıçının özünü ironiya hədəfi etməsindən başlamış qlobal planda dünyanın özünü bu hədəfə fokuslamaq kimi ali niyyət dayanır: "Təsəvvür edirsənmi, XXI əsrdə insanları nəyə görəsə yox, bir-birlərini sevdiklərinə görə linç etmək istəyirlər. Başa düşürsənmi, dünyanın hələ də elə yerləri var ki, orada sevmək yasaqdır. Dəhşətli deyilmi?"

Bu sualı bəlkə də romanın parafrazı adlandırmaq mümkündür. Çünki əsəri yazdıran səbəb bu cümlədəki heyrət nidasında gizlənib. Bəli, "Sev" romanının qayəsi yalnız sevgi motivi üzərində qərar tapıb iki sevən gəncin eşqini mətnləşdirmək deyil. Buradan yola çıxaraq daha böyük, qlobal, bəşəri suallara cavab axtarmaqdır. Niyə cahanda kamal qalib gəlmədi? Ağıl qələbə çalmadı? Eşq inandırmadı? Natiq Məmmədli bəlkə də bu suala cavab aramaq üçün dünyanın dörd bucağını təmsil edən insanları, müxtəlif millətlərin nümayəndələrini bir araya gətirir. Bir təyyarəyə, bir ölkəyə, bir avtobusa, bir mehmanxanaya, bir adaya, bir masa ətrafına toplayır. Bu birgəlikdən yalnız insanlığın deyil, elə dünyanın da siması görünür. Məlum olur ki, "Burada ekzotik olan yeganə şey Banqladeşin yalnız xəritədə tutduğu yerdi, insanlarsa hər yanda eynidir; hamı səhər durub övladını məktəbə yola salır, analar yol gözləyir, atalarsa iş dalınca gedirlər, hamı hər yerdə olduğu kimi burada da bir tikə çörək uğrunda vuruşur".

Bəs qloballaşma epoxasının iflic etdiyi, başını dumanlandırdığı, yeni paradiqmalara meyil edən insanın nicatı nədədir? Müəllif birmənalı şəkildə cavab verir: Sevgidə! Romanda seçilən sevgi motivi xilas kimi düşünülüb. Müəllif sosial - ağır məişət motivini, eləcə də qlobal problemləri çağın gerçəkləri sırasından qələmə alsa da, onlara dirəniş faktı kimi sevgini önə çəkir. Yəni, bütün həyat çətinliklərinə baxmayaraq, sevən insan sarsılmazdır, ruhən güclüdür və o, hər cür çətinliyin öhdəsindən gələrək yeni həyata başlamaq əzmindədir. Dünyanın harasında olsa belə içindəki sevgiyə tutunub yol gedə və düzənini sıfırdan yarada bilər. Ultramodern ölçülərlə silahlanan, getdikcə sevgi adlı müqəddəs təlimdən uzaqlaşan dünyanın mükəmməl eşq modellərinə hər zaman ehtiyacı var: "Darısqal dünya sevənləri anlamır. Sevgini unutdurmaq istəyirlər, bunu mənə Aşıq dedi. Onu da söylədi ki, sevgi heç vaxt təslim olmayacaq".

Roman özündə müxtəlif zaman qatlarını ehtiva edir. Keçmişin yaddaşı, indinin müasirliyi, bir də mətnin özündə qurulmuş daxili zaman. Hansı ki, yazıçı bu zamanla davranışda olduqca sərbəstdir. İstənilən məqamda əsərdə yaşanılan retrospeksiya, yaxud irəliyə qaçış halları oxucunu müxtəlif zaman labirintlərində gəzişməyə vadar edir. Və bu məqamda bədii mətnin bütöv quruluşuna daxil olan elementlərinə təsir göstərən, onları şəkilləndirən bir struktura malik olan zaman amilinin necə işarəvi səciyyə daşıdığına əmin oluruq. Bu gəzişmənin yalnız zamanı tanımaq mənasında yox, həmçinin təhkiyəçini, zamanın gedişatına təsir göstərən xarakter və məkanları tanımaq üçün vacib olduğunu duyuruq.

Üçlü zaman kəsiminin daim iştirak etməsinə baxmayaraq, əsərdə zamanın xətliliyindən imtina yolu tutulduğu görünür. Postmodernist estetikanın, onun fundamental prinsiplərinin bariz qorunduğu romanda keçmiş, indi və gələcək arasında ardıcıl bağlantıdan danışmaq mümkün deyil. Bəzən ilğım kimi, bəzən dayanıqlı olaraq görünən irəli-geri zamandönümlərində özünü tapan oxucu xaotik zaman müstəvilərinə səpələnmiş hadisələri izləməklə, seyr etməklə məşğul olur. Yazıçı zaman arasından sərhədləri elə aradan qaldırır ki, bügünün sevgi xəttinin izinə düşüb həyəcanla gedişata kökləndiyimiz yerdən Sarı Aşığın dövrünə nə zaman adladığımızın fərqində belə olmuruq. Sanki olub bitmişlər, məlum vaqeələr yenidən dil açır. Amma fərqli biçim və interpretasiyada. Postmodernizmin əsas qayələrindən biri olan "sənət haqqında sənət", "mətn əsasında mətn" yaratmaq prinsiplərinə sadiq qalaraq bir növ, dünyanı, sevgini yenidən qavramağa imkan verən dünyagörüş forması kimi çıxış edilir. Məhz, Rolan Bartın dediyi kimi, "Mən hər dəfə çox dəqiq bilirdim ki, orta əsr insanlarını müasirləşdirmirdim, əksinə müasir insanları orta əsrlərdə düşündürürdüm". Bu mənada, Sarı Aşıq dastanına müraciəti yazıçının ən uğurlu fəndi hesab etmək olar. Müəllif Sarı Aşığın dövründə sevgiyə düşmən olan Qaracaları, Lələləri bu günümüzə gətirib bir növ poetik tonallıq yaradır, gənclərin mübarizə əzmini daha qabarıq ifadə etməklə bərabər, öz epoxasının simasını yaratmağa nail olur. Bu kontrastlıq - melanxoliya və qəddarlıq, keçmişlə müasirliyin cizgilərinin eyni anlam daşıdığına işarə edən xəfif ironiya və sərt realist vurğular romana estetik və vizual dərinlik verir. Düzdür, müəllif romandakı Səidlə Müjdənin sevgisindən bəhs edən hekayətin ətrafında cürbəcür əlavə, törəmə həyat lövhələrini, yaşantı təzahürlərini yerləşdirir. Buna baxmayaraq, əsas konsepsiyanı çatdırmaq üçün hissi təcrübəyə əl atır. Sevgi dramının içində digər bir sevgi hekayətini vizuallaşdırır.

Roman postmodern nəsr ölçülərində qələmə alınıb. Əsər içində əsər yazmaq, dekonstruksiya, intertekstuallıq, arxetipik motivlər, fləşbek elementləri, yuxu, qarabasma, dejavu, retrospeksiya halları - keçmişlə bağlı xəfif nostalji hissləri - həm baş qəhrəmanlar - Müjdə ilə Səidin, həm də qəhrəmanlardan biri olan təhkiyəçinin hekayətlərində daim rast gəlinir. Müəllif əsəri ikili təhkiyə ladında təqdim edir. Sarı Aşığın əhvalatını danışdığı hissələrdə axıcı, rəvan bir üslub hakimdir. Dastan poetikasının elementlərini, orta əsrlərin özünəməxsus ifadə tərzini, dil stixiyasını yazıçı nəinki bütöv şəkildə hiss edir, həmçinin bu bütövlüyü psixoloji olaraq mətnə ötürməyə müvəffəq olur. Səidin əhvalatında isə müəllif obyektivi daha çox müasir dünyanın gerçəklərinə fokusladığından fəlsəfi mükalimə və tutum daha öndədir.

"Sev" romanının özünəməxsus cəhətlərindən digəri müəllifin metafiction fəndindən istifadə etməsidir. Yazıçı aktiv fiqur kimi əsərdə daim ön plandadır, təhkiyəçi olaraq hadisələrə müdaxilə edir, romanın necə əmələ gəlməsinin hekayəsini danışır, yəni romanda oxuduqlarımızın necə yazıldığına dair işarələr verir. Eyni zamanda əhvalat boyu əsas iştirakçılardan biri qismində çıxış edərək süjetin personajlarından birinə çevrilir, qəhrəmanlarla dialoqa girir.

Ukraynaya Mariyanı axtarmağa getməsi, bu şəhərlə bağlı xatirələri, 1932-33-cü ildə törədilən məşhur Qolodomor faciəsini anması, xalqın mübarizə əzmini, ukraynalı ruhunun gücünü ifadə edən fikirləri, hətta bu gün üçün uzaqgörən notlar ("Onlar vuruşurdular...") və s. romanda müasir epoxanın inkişaf qanunauyğunluqlarını açmağa kömək edən əsas vasitə təsiri bağışlayır.

Romanda ən uğurlu məqamlardan biri Natiq Məmmədlinin obrazların hər birinə xüsusi həssaslıqla yanaşıb, onların həyat baxışlarını, daxili konfliktini anlamağa və göstərməyə çalışmasıdır. Təsvirlər iri planda, psixoloji rakurs və mizanlarla açılır. Səidin Lələ tərəfindən uçurumdan itələndiyi səhnədə müəllif nuar estetikası yaratmağa müvəffəq olur: dumanlı hava, qorxu aşılayan səslər, külək vıyıltısı və s. kimi təsvirlər tutqun atmosfer yaratmaqla situasiyanın faciəvi mahiyyətini tamamlayır.

Müəllif belə bir səhnəni Qaraca bibi ilə Lələnin münasibətilərinin yer aldıqları səhnədə də yaradır. Həm də ekspressionist boyalarla. Belə məqamlarda yazıçı sanki kölgə və işıq oyunu qurur, personajların daxili aləmlərinin, iç niyyətlərinin vizuallaşdırılması o qədər canlı və dəqiq yönlərdən sərgilənir ki, oxucuya əndişə duyğusunun ötürülməsinə tam nail olur.

Natiq Məmmədli finalı minimum sözlərlə, nikbin enerji, mübarizə əzmi, sevən insanın ruhunun gücünü ifadə edən, çağımızın gerçəklərinə bağlayan detallardan istifadə etməklə bitirir. 44 günlük Zəfər tariximiz, 27 illik işğaldan qurtulan Güləbird kəndi, Sarı Aşığın türbəsi, sevgilisi Yaxşının uyuduğu qəbiristanlıq, sevinc təntənəsi. Müəllifin özünün qeyd etdiyi kimi, tam bir Sarı Aşıq möcüzəsi. Bir də Həkəri çayının kənarında, Sarı Aşığın türbəsi önündə yeni doğulan övladları ilə dayanan, bu ziyarətə hamıdan əvvəl tələsən Səid və Müjdə!

Əsərin final səhnəsini simvolik planda bu gün dəyişən, milli müqəddəratını müəyyən edib yenidən qurulan, dirçələn Azərbaycanın özünə adekvat rəmz mənasında da anlamaq olar. Yenidən qurulan ölkədə yeni sevgilər başlanır. Bəlkə əksinə, vətəni vətən edən həm də sevgilər olur. O sevgi ki, müəllif buna lap əvvəldən inanır və inandığına görə də sevgi motivini qabardır: "Onlar qədəm qoyduğu torpağı öz sevgiləriylə birgə vətən edəcəkdilər. Deməli, mənim ölkəmdə sevənləri sayı artacaqdı. Deməli, dünyanın heç də hər yerində rast gəlinməyən təmənnasız və saf məhəbbətin sərhədləri bir az da genişlənəcəkdi".

Belə... Vaxtilə Feyerbax məhəbbət dini yaratmaq fikrini irəli sürmüşdü. Böyük Cavidsə "mənim Tanrım məhəbbətdir, sevgidir", - deyə öz estetik kredosunu heç nəyə güzəştə getməmişdi. Görünür, düşünərlərin dünyanı xilasla bağlı axtarışları heç zaman bitməyəcək və hər zaman da xilas üçün təklif edilən model dəyişməz qalacaqdır: Sevgi!

Natiq Məmmədlinin "Sev" romanı bizi bu həqiqətə bir daha inandırır.