Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

ELM. TƏHSİL

Ədəbiyyat İnstitutunda yapon ədəbiyyatına həsr olunmuş seminar keçirilib

27-04-2022 [ 10:12 ] [ oxunub:422 ]
printerA+ | A-
102311

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində yapon ədəbiyyatının görkəmli nümayəndəsi Ryunosuke Akutaqavanın yaradıcılığına həsr edilmiş seminar keçirilib.

Tədbirdə şöbənin əməkdaşları ilə yanaşı, Qərbi Kaspi Universitetinin Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində təcrübə keçən 4-cü kurs tələbələri də iştirak edib.

Seminarda çıxış edən şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli qədim ənənələr və zəngin ədəbi xüsusiyyətlərə malik yapon ədəbiyyatının dünya mədəniyyətinin spesifik bir qolunu təşkil etdiyini söyləyib. Azərbaycanda yapon ədəbiyyatına marağın, xüsusilə də XXI əsrin əvvəllərindən yeni inkişaf mərhələsinə qədəm qoyduğunun müşahidə edildiyini, ədəbi tərcümə sahəsində xeyli işlərin görülməsinə baxmayaraq, yapon ədəbiyyatının geniş şəkildə, ayrı-ayrı yazıçıların həyat və yaradıcılığını əhatə edəcək formada araşdırmasına ehtiyac olduğunu vurğulayıb. Bu baxımdan şöbənin əməkdaşı yaponşünas Gülnar Yunusovanın tədqiqatlarının yapon ədəbiyyatının bir sıra önəmli xüsusiyyətlərini öyrənməklə ədəbiyyatşünaslığımızda yapon ədəbiyyatının sistemli və monoqrafik tədqiqi yolunu açdığını xüsusilə vurğulayıb.

Daha sonra professor Bədirxan Əhmədli 2022-ci ildə Yaponiyanın ən ağıllı dəlisi hesab olunan Ryunosuke Akutaqavanın anadan olmasının 130, vəfatının isə 95 illiyinin tamam olduğunu diqqətə çatdırmaqla seminar mövzusunun aktuallığını vurğulayaraq sözü məruzəçi Gülnar Yunusovaya verib.

Şöbənin əməkdaşı yaponşünas Gülnar Yunusova cəmi 35 il davam edən yaşamı ilə yapon ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatında da təkrar olunmaz iz buraxmış Ryunosuke Akutaqavanın həyatı haqqında qısa məlumat verərək yazıçının yaradıcılığının ən diqqətçəkən məqamları və Akutaqavaya əbədi şöhrət qazandıran “Raşomon” hekayəsinin mövzu və bədii ideya istiqamətləri ətrafında geniş məruzə edib: “Akutaqava Qərb ədəbiyyatından aldıqlarını yapon ədəbiyyatı ilə qarışdıraraq Yaponiyada yeni ədəbiyyatın inkişaf yolunu müəyyənləşdirib. Qərbin təqlidçisinə çevrilmədən milli dəyərlər çərçivəsində Qərb və yapon ədəbiyyatının sintezini ortaya qoyub. 1915-1927-ci illəri əhatə edən yaradıcılıq dövründə 150-dən çox hekayə-povest-novella qələmə alıb. Yazıçının yaradıcılığında başda cəmiyyət olmaqla insan azadlığını məhdudlaşdıran, insan ruhunu əzən hər şeyə qarşı üsyan aydın şəkildə izlənilir. Yaradıclığnın ilkin dönəmlərində problemlərə qarşı ironiya ilə yanaşan yazıçı yapon cəmiyyətindəki eybəcərlikləri ələ salaraq, nə vaxtsa aradan qalxacağına ümid edir. Lakin yaradıcılığının son dövrlərində isə pessimizmə qapılır, insan psixologiyası, ruhi sarsıntılar əsərlərinin mərkəz xəttinə çevrilir. Bu isə birbaşa yazıçının öz vəziyyəti ilə bağlı olur.

1915-ci ildə çap olunan “Raşomon” əsəri sayəsində istedadlı yazıçı olduğunu sübut edən Akutaqava ədəbi karyerasının ən mühüm əsərlərindən birini qələmə alıb. Əsərə beynəlxalq dəyər qazandıran isə 1950-ci ildə görkəmli yapon kinorejissoru Akira Kurosava tərəfindən eyni adla ekranlaşdırılması olub. Film 1951-ci ildə “Venesiya Film Festivalı”nın “Qızıl Şir” mükafatına layiq görülməklə beynəlxalq mükafat qazanan ilk yapon filmi olub.

“Raşomon” əsəri tarixi və psixoloji məna daşıyır. Müəllif dövrün sosial vəziyyətini, insanların acınacaqlı durumunu məharətlə qələmə alıb. Akutaqava Raşomonun simasında o dövrün Yaponiyasını təcəssüm etdirirdi. Bütün bu acınacaqlı vəziyyət Akutaqavanın cəmiyyətə nifrətini, militarizm və kapitalizmə qarşı olan barışmaz mövqeyini daha da artırmışdır”, - deyə məruzəçi fikirlərini yekunlaşdırıb.

FOTO QALEREYA