Qədim tarixə və çoxəsrlik inkişaf yoluna malik olan Azərbaycan ədəbiyyatında Nizami Gəncəvidən uca zirvə yoxdur. Nizami Gəncəvi Azərbaycan ədəbiyyatına dünya ədəbi və ictimai fikrini fəth etmək rekordu qazandırmışdır. Şərq ədəbiyyatında və Qərb ədəbi fikrində Nizami Gəncəvi ilə müqayisə ediləcək sənətkarlar çox deyildir.
Fikrimizcə, Qərbdə Nizami Gəncəvinin adını Homer və Şekspirlə, Rusiyada Lev Tolstoyla yanaşı çəkmək olar. Şərq ədəbiyyatında isə Nizami Gəncəvi əlçatmaz zirvə olaraq qalmaqdadır.
Nizami Gəncəvi Azərbaycan ədəbiyyatının Böyük Qafqaz zirvəsidir!
Nizami Gəncəvinin “Xəmsə”si Azərbaycan ədəbiyyatının Qobustan qayaüstü rəsmləri kimi əbədiyaşar, pozulmaz poetik naxışları, daş salnaməsidir.
Ölməz sənətinin milli və bəşəri mahiyyəti etibarilə Nizami Gəncəvi Azərbaycan yazılı ədəbiyyatının Dədə Qorqududur. Nizami Gəncəvinin “Xəmsə”si və “Kitabi-Dədə Qorqud” eposu Azərbaycan yazılı və şifahi xalq ədəbiyyatının qoşa zirvələridir.
“Kitabi-Dədə Qorqud” eposu kimi, “Xəmsə” də Azərbaycan ədəbiyyatının möhkəm təməli və əbədi zirvəsidir. “Kitabi-Dədə Qorqud” epopeyası kimi “Xəmsə” də Azərbaycan ədəbiyyatının şah əsəri olduğu qədər, eyni dərəcədə dünya ədəbiyyatının da möhtəşəm ədəbi abidəsidir.
Nizami Gəncəvi və Dədə Qorqud Azərbaycan yazılı və şifahi ədəbiyyatının qoşa qanadlarıdır. “Kitabi-Dədə Qorqud” Azərbaycan ədəbiyyatının türk dünyasına, Nizami Gəncəvinin “Xəmsə”si isə dünya ədəbiyyatına ən böyük sənət ərmağanıdır. Nizami Gəncəvinin əsərləri dünya ədəbiyyatı hadisəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” kimi qeyd olunması haqqındakı sərəncamı görkəmli sənətkarın həyatı və yaradıcılığının müstəqil dövlətçilik ideallarının işığında yenidən tədqiq və təbliğ edilməsi vəzifəsini irəli sürür. Nizami Gəncəvini dünyada Azərbaycan şairi kimi tanıtmaq, əsərlərindəki ədalət və humanizm ideyalarını ölkəmizdə və beynəlxalq aləmdə təbliğ etmək elmimizin və ictimai fikrimizin qarşısında yeni üfüqlər açır. Nizami Gəncəvinin idealları dünyanın insanlığa və ideala doğru inkişafının lokomotividir.
Nizami Gəncəvinin şeir yaradıcılığı Azərbaycan klassik lirikasının nadir mirvariləridir. Maraqlı və ibrətamiz süjet cizgiləri olan Nizami lirikası liro-epik şeirin klassik nümunələridir. Nizami Gəncəvi Azərbaycan poeziyasında süjetli lirikanın yaradıcısıdır. “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi” Azərbaycan ədəbiyyatında klassik poetik novella kimi orijinal sənət örnəyidir. Bu qəzəli nəsrə çevirməklə mükəmməl bir novella yaratmaq olar. Poetik cazibədarlıq və nağılvarı süjetli lirika baxımından Nizami Gəncəvinin lirikası Şərq yazılı ədəbiyyatının “Min bir gecə”sidir.
“Sənsiz” Nizami Gəncəvinin “Sevgili canan”ı, Üzeyir Hacıbəylinin “Arşın mal alan”ı, Bülbülün “Bağçada güllər”idir. Nizami səviyyəsində lirika, Üzeyir Hacıbəyli miqyasıında musiqi, Bülbül diapozonunda ifaçılıq “Sənsiz” romansını yaratmışdır. “Sənsiz” romansında lirika, musiqi, melodiya və səs amillərindən hər biri təkrarsızdır. “Sənsiz” romansında şeiriyyət, ecazkar musiqinin və bənzərsiz səsin birliyi və vəhdəti təkrarsız möhtəşəmlikdir.
Nizami Gəncəvi Şərq ədəbiyyatının günəşidir. Dahi şairin “Xəmsə” adlandırdığı beş poema ədəbiyyat günəşinin orbitindəki ən parlaq ulduzlardır. Nizami Gəncəvinin zəngin yaradıcılığı dan ulduzu kimi poeziya qalaktikasına bələdçilik edir.
Nizami Gəncəvinin poemalarından hər biri mükəmməl və təkrarsız sənət nümunəsidir.
“Sirlər xəzinəsi” Nizami Gəncəvinin zəngin şeir və hikmət dəfinəsidir.
“Xosrov və Şirin” eşqin hakimiyyətinin ibrətamiz dastanıdır.
“Leyli və Məcnun” dünya ədəbiyyatında “Romeo və Cülyetta”dan əvvəl doğulmuş dahiyanə romantik məhəbbət macərasıdır.
“Yeddi gözəl” Nizami Gəncəvinin özəl sənət və mənəviyyat dünyasıdır.
“İskəndərnamə” Azərbaycan ədəbiyyatının yeni tipli şahnaməsidir. “İskəndərnamə” Azərbaycan ədəbiyyatının Platon Akademiyasıdır. “İqbalnamə” Aristotelin “Ritorika”sı, “Şərəfnamə” isə “Poetika”sı kimi əbədi ölməzlik qazanmış böyük sənət abidələridir.
Nizami Gəncəvi Azərbaycan ədəbiyyatının Makedoniyalı İskəndəridir. İskəndər qılıncı, Nizami Gəncəvi isə qələmi ilə dünyanı fəth etmişdir.
Böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması Azərbaycan ədəbiyyatında meydana çıxmış birinci siyasətnamədir.
Bu əsərdə yeni tipli hökmdar olan Bəhram Gurun ölkəni idarəetmə siyasəti, dünya ölkələri ilə münasibət yaratması məsələləri əsərin əsas motivləridir. Şahlıq tacını iki şirin pəncələri arasından götürməklə hakimiyyətə gəlmiş Bəhram Gur obrazını yaratmaqla Nizami Gəncəvi feodalizm dövründə hökm sürən monarxiya rejimini deyil, ağıla və qabiliyyətə görə dövləti idarə etmək səlahiyyəti qazanmaq ideyasını irəli sürmüşdür.
Bu, Nizami Gəncəvinin ədalətli hökmdar axtarışlarında tamamilə yeni addım olmaqla bərabər, eyni zamanda XII əsr şəraitində nəinki Şərq aləmində, hətta Qərb ölkələrində də siyasi hakimiyyət uğrunda mübarizənin fərqli yolunu və müsbət nəticələrini göstərmək baxımından tamamilə yeni bir yanaşmanın ifadəsi idi.
“Yeddi gözəl” poeması həyatı və insanı sevən Bəhram şah Gurun əbədiyyət qazanmış ədəbi abidəsidir.
“Yeddi gözəl” Nizami Gəncəvinin ümumdünya qavrayışının cazibədar ədəbi təqdimatıdır.
“Yeddi gözəl” möhtəşəm bir qəlbə sığışan yeddi eşq hekayəsidir.
Nizami Gəncəvi “Yeddi gözəl” poemasını 1197-ci ildə yazmışdır. “Yeddi gözəl” ədalət və mənəviyyat axtarışları baxımından “Xosrov və Şirin”in davamı, “İskəndərnamə”nin ərəfəsi və başlanğıcıdır.
Nizami Gəncəvi bu əsərində “Xosrov və Şirin” poemasındakı Xosrov Pərvizin sevgi macərasına yeni səhifələr əlavə edərək, özünün eşq və hikmətdən yoğrulmuş sənət dünyasını daha da zənginləşdirmişdir. Eyni zamanda Nizami Gəncəvinin ədalətli hökmdar axtarışları da “Yeddi gözəl” poemasında davam etdirilərək yeni bir mərhələyə çatdırılmışdır. Bu mənada Bəhram Gur “Sirlər xəzinəsi” poemasındakı padşah Sultan Səncərin, “Xosrov və Şirin” poemasındakı Xosrov Pərvizin davamı, “İskəndərnamə” əsərindəki İskəndərin ərəfəsidir. Bəhram Gur olmadan Xosrov Pərviz tamamlana, İskəndər başlana bilməzdi.
Bəhram Gur obrazı Nizami Gəncəvinin eşqdən hikmətə doğru inkişaf dialektikasının dönüş nöqtəsidir. “Yeddi gözəl” poemasında təsvir olunan şah Bəhram Gur həm də hökmdar qiyafəsində ideal insanlıq nümunəsidir. Nizami Gəncəvi Bəhram Gurun timsalında sözün böyük mənasında insanlıq manifesti yaratmışdır. Bununla Nizami Gəncəvi Şərq ədəbiyyatının şahnaməçilik təcrübəsində yeni istiqamət açmışdır. O, geniş mənada Şərq ədəbiyyatını şahların tarixi şəcərəsinin nəzmə çəkilməsindən ibarət olan şahnaməçilikdən və salnaməçilikdən xilas etmiş, ədalətli hökmdar formatına həyat nəfəsi gətirmiş, mənəviyyat motivləri daxil etmişdir.
“Yeddi gözəl” poemasında dünyanın müxtəlif ölkələrinin gözəlləri ilə söhbətlərin verilməsi Nizami Gəncəvinin geniş dünyagörüşə və dərin biliklərə malik olduğunu nümayiş etdirir. “İskəndərnamə” siyasi-fəlsəfi, “Yeddi gözəl” isə ədəbi-mənəvi ensiklopediyadır.
“Dünyada nə qədər kitab var belə, çalışıb, əlləşib gətirdim ələ” - misralarından göründüyü kimi, dahi şair özünəqədərki yazılı ədəbi mənbələrə dərindən bələd olsa da, “Yeddi gözəl”də heç kimi təkrar etməmiş, orijinal bir bədii əsər meydana qoymuşdur. Dünyanın yeddi iqlimində baş verən hadisələrdən söz açması, mürəkkəb hadisələri təhlil edərək maraqlı müqayisələr aparması, əhəmiyyətli nəticələr çıxarması və düşündürücü ideyalar irəli sürməsi Nizami Gəncəvinin de-fakto böyük mütəfəkkir sənətkar olduğunu qabarıq surətdə nəzərə çarpdırır. Nizami Gəncəvinin ideyaları müsəlman Şərqi intibahının ən mühüm, əsas çağırışları kimi səslənmişdir. “Yeddi gözəl” poeması Azərbaycan intibahının şah əsəri, müsəlman intibah mədəniyyətinin ən mühüm nailiyyətlərindən biridir.
“Yeddi gözəl” poemasında Yer kürəsinin yeddi iqlimində yaşayan xalqların həyatından alınıb təsvir edilmiş hekayətlərdə ifadə olunan mətləblər Nizami Gəncəvinin həm öz xalqına, həm də dünya xalqlarına ünvanlanmış insanlıq mesajlarıdır. Əsərdəki bütün hekayətlərdə insanı düşündürmək, mənəvi cəhətdən saflaşdırmaqla onu dəyişdirib inkişaf etdirmək ən zəruri mətləblərdən biri kimi təqdim olunur. “Yeddi gözəl” poeması bütövlükdə Nizami Gəncəvinin insan haqqında poetik dastanıdır. Yeddi gözəllərdən hər birinin hekayəsi ibrətamiz insanlıq dərsləri kimi səslənir.
“Gözəllər afəti misli tapılmaz”, “xumar gözlü” Çin gözəlinin nağılı Xeyir və Şər haqqında balladadır.
Xarəzm şahzadəsi Nazpərinin hekayəsi türk oğlu türk olan Nizami Gəncəvinin mənsub olduğu xalqın çətinliklərdən keçərək, dirilik suyuna çatmaq üçün yaşadığı iztirabların poetik təqdimatından ibarətdir.
“Slavyan şahının rumi (türk - İ.H.) geyimli, türktək sevimli” qızı, gözəl Nəsrinnuşun söylədiyi hekayə Aleksandr Puşkindən altı yüz il əvvəl yazılmış və sonralar rus ədəbiyyatında geniş yer tutmuş mükəmməl Şərq nağılıdır.
Nizami Gəncəvinin “dörd günlük ay kimi dilbər bir mələk” simasında tərənnüm etdiyi hind gözəli Firəkin hekayəti romantik eşq macərasının cazibədar poeziyasıdır.
“Nurə qərq eləyən günü, ulduzu, Məğrib padşahının Azərqur qızı”nın dilindən verilmiş Mahanın hekayəsi ibrətamiz həyat dərsidir. “Keykavus nəslindən dilli, diləkli, ...tavus bəzəkli” fars gözəli Dürsətin nağılı Kayan nəslinin əfsanələrdən ədəbiyyata gətirilmiş cazibədar Şərq hekayətidir.
“Şanslı qeysər qızı” yunan gözəli Humayın hekayəsi aşiqliyin poetik fəlsəfəsidir.
Nizami Gəncəvi ideal qadın obrazını “Yeddi gözəl” poemasındakı Fitnə obrazı vasitəsilə canlandırmışdır. Ağıllı, tədbirli olması ilə hökmdarı düşündürüb, onu dəyişməyi bacarması Nizami Gəncəvinin Fitnə obrazının simasında insan faktorunu diqqət mərkəzinə çəkdiyini, bütün amillərdən ucada tutduğunu nümayiş etdirir. Buna görə adi insanları təmsil edən Fitnə obrazı təkcə Nizaminin deyil, geniş mənada intibah ədəbiyyatının ideal sadə insan surətidir. Nizami Gəncəvi Fitnə obrazı ilə əsl kamil insan gözəlliyini saraydan kənarda axtarmağa doğru ilk gediş etmişdir. Fitnə xalqı təmsil edən ağıllı qadın obrazının Nizami Gəncəvi tərəfindən yaradılmış ədəbiyyat heykəlidir. Fitnə sadə, adi insanın Azərbaycan ədəbiyyatındakı ilk və ən mükəmməl nümayəndələrindən biridir. Fitnə Azərbaycan qadınlığının abidəsidir.
“Yeddi gözəl” astral poema kimi də cəlbedici əsərdir. Poemada səma cisimləri, günəş, ay və ulduzlar haqqında əhəmiyyətli fikirlər öz əksini tapmışdır. Bu, Nizami Gəncəvinin dövrün astronomiya elminə də dərindən bələd olduğunu göstərir. Bundan başqa, “Yeddi gözəl” poemasında səma hadisələrindən insanların əhvali-ruhiyyəsini, həyata baxışları və inamlarını ifadə etmək üçün də bacarıqla istifadə edilmişdir.
Nizami Gəncəvinin “Yeddi gözəl” poeması türk-müsəlman dünyası ədəbiyyatına ciddi surətdə təsir etmişdir. Şərq xalqları ədəbiyyatında “Yusif və Züleyxa” motivləri əsasında yazılmış çoxsaylı əsərlərdə “Yeddi gözəl” ənənəsinin təsirlərini müşahidə etmək mümkündür. “Mehr və müştəri” tipli poemalarda təsvir edilmiş göy cisimləri hadisələrinin təqdimatında Nizami Gəncəvi ənənəsindən yaradıcı şəkildə istifadə olunmuşdur.
Nizami Gəncəvinin digər poemaları kimi, “Yeddi gözəl” də dövrün bütün Şərq ölkələrində qəbul edilmiş ədəbi ənənəsinə görə fars dilində yazılmışdır. Ənənəyə əsasən fars dilində yazılıb-yayılması Nizami Gəncəvinin dünyada tanıdılması, onun əsərindən geniş miqyasda istifadə edilməsi baxımından əhəmiyyətli olmuşdur. “Yeddi gözəl” poemasını Azərbaycan dilinə Azərbaycanın xalq şairləri Məmməd Rahim və Balaş Azəroğlu böyük zəhmət və yüksək istedadla tərcümə etmişlər. Dünya şöhrətli böyük Azərbaycan bəstəkarı Qara Qarayevin Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının motivləri əsasında yazdığı eyniadlı məşhur balet bu gün təkcə Azərbaycan Opera və Balet teatrının deyil, dünya teatrlarının repertuarında özünəməxsus xüsusi yer tutur.
Böyük Azərbaycan şairi Nizami Gəncəvinin digər əsərləri kimi, “Yeddi gözəl” poeması da dünya dillərinə tərcümə olunmuş, Azərbaycanda və xarici ölkələrdə tədqiq edilib öyrənilmişdir.
“Yeddi gözəl” poeması yarandığı vaxtdan keçən 800 ildən artıq bir dövr ərzində həmişə özünün aktuallığı və müasirliyini qoruyub saxlamışdır. “Yeddi gözəl” eşq, insanlıq və hikmət dastanı kimi bu gün üçün də əhəmiyyətlidir.
Nizami Gəncəvinin “Yeddi gözəl”i Azərbaycan ədəbiyyatının yüksək milli və bəşəri simasını bəzəyən, dünya ədəbiyyatına təkrarsız Şərq cazibəsi gətirən nadir sənət gözəlidir.
“Yeddi gözəl” Nizami Gəncəvinin real və ideal gözəllik anlayışının bənzərsiz poetik təcəssümüdür.
“Yeddi gözəl” Azərbaycan ədəbiyyatının yeddi rəngli göy qurşağı, qövsi-qüzehidir.
“Yeddi gözəl” yerin yeddi qatı qədər dərin, göyün yeddi qurşağı kimi cazibədar əsərdir.
“Yeddi gözəl” dünya ədəbiyyatının yeddi möcüzəsindən biridir.
Bakı şəhərindəki Bəhram Gur heykəli orijinal sənət əsəri kimi “Yeddi gözəl”in mərmər heykəlidir. Azərbaycan Bəhram Gura heykəl qoyub onu təşviq etməklə dövlətçiliyə və gözəlliyə abidə ucaldan xalq olduğunu nümayiş etdirir.
“Yeddi gözəl” qəhrəmanlarından hər biri fərqli gözəllik abidəsidir.
Nizami Gəncəvi “Yeddi gözəl” əsəri ilə dünyanın ən nadir və möhtəşəm gözəllik qalereyasını yaratmışdır.
Beləliklə, “Yeddi gözəl” dahi Nizami Gəncəvinin özəl əsəridir.
“Yeddi gözəl” Azərbaycan ədəbiyyatının dünya gözəlidir.