Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Nizami Gəncəvi - 880

Heydər Əliyev və Azərbaycan nizamişünaslığı – Zəhra Allahverdiyeva

15-04-2021 [ 15:06 ] [ oxunub:257 ]
printerA+ | A-
100796

 Görkəmli siyasi xadimi və dövlət başçısı Heydər Əliyev hələ 1969-1982-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olduğu dövrdə dahi şairimiz Nizami Gəncəvi irsinə xüsusi qayğı və diqqət yetirmişdir. Bu mərhələdə Azərbaycanda, eləcə də postsovet məkanında nizamişünaslığın inkişafı Heydər Əliyevin müdrük dövlətçilik siyasətinin tərkib hissələrindən biri olmuşdur.
Hələ 1 noyabr 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyinə həsr edilmiş təntənəli yığıncaqda söylədiyi nitqində o, Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətinin öndə gedən simaları sırasında - "mütəfəkkir şair Nizami Gəncəvi” [1,.4] deyə dahi sənətkarın adını xüsusi məhəbbət və şərəflə çəkirdi.
   Nizami yaradıcılığındakı humanist ideologiya və ümumbəşəri xüsusiyyətlər onun hər zaman güvəndiyi əsas ictimai-fəlsəfi mənbələrdən idi.
 Təsadüfi deyildir ki, Heydər Əliyev 1972-ci il 16 avqustda Moskvada nəşr olunan "Literaturnaya qazeta"ya verdiyi müsahibəsində jurnalistin "Azərbaycan yazıçılarının yaradıcılığın­da sovet adamlarının dostluğu və qardaşlığı mövzusu necə işıqlan­dırılır?” – sualının cavabında Nizami Gəncəvi yaradıcılığına istinad etmiş, onun əsərlərinin əsas qayəsini təşkil edən və çox parlaq cizgilərlə ifadə olunmuş ümumbəşəri məhəbbət ideyasını nümunə gətirərək, yığcam və dəqiq şəkildə belə söylə­mişdi:"Digər xalqların bütün əsl humanist mütərəqqi ədəbiy­yatları kimi, Azərbaycan ədəbiyyatının da öz şanlı çoxəsrlik beynəlmiləlçilik ənənələri vardır. Müxtəlif xalqların oğul və qızlarını alovlu məhəbbətlə tərənnüm etmiş Nizaminin dahiyanə əsərləri buna parlaq sübutdur.”[1, 22]
Azərbaycan nizamişünaslığında H. Əliyevin müstəsna əməyini qiymətləndirmək üçün bu sahənin inkişaf tarixinə qısaca nəzər salmaq lazım gəlir. Məlumdur ki, Azərbaycan nizamişünaslığının I möhtəşəm mərhələsi, yəni XX əsrin 40- cı illər dövrü öz monumental töhfələrilə dünya elmi tarixində yeni bir səhifə açmışdı. 40-cı illərə nisbətən, sonrakı 50-60-ci illər, ilk baxışdan durğunluq, sakitlik dövrü kimi nəzərə çarpsa da, əslində nizamişünaslıq artıq qurulmuş olan sxem əsasında sakit elmi tədqiqlərə keçmişdi və nizamişünaslığın vacib problemlərinə həsr olunmuş onlarla monoqrafiyalar yazılmışdı. Lakin Nizami əsərlərinin nəşri və onun irsinin dünya miqyasında tərcümə və təbliği işində 40-cı illərə nisbətən, bir durğunluq nəzərə çarpmaqda idı. Heydər Əliyevin 70-ci illərdən başlayan təşəbbüsü və fəaliyyəti sayəsində, Azərbaycan nizamişünaslığı öz tarixində 2-ci çox möhtəşəm bir mərhələyə qədəm qoydu. Onun "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənil­məsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” 1979-cu il 6 yanvar tarixli qərarı ilə Azərbaycan nizamişünaslıq elminin tarixində yeni bir dövr başladı. Bu qərarla Nizami Gəncəvi irsinin nəşri, tədqiqi və təbliği işi böyük vüsət aldı, nizamişünaslığın aktual problemlərinin çağdaş dünya elmi səviyyəsində həlli istiqamətində geniş imkanlar açıldı. Şairin həyatı və yaradıcılığının müxtəlif elmi aspektlərdən tədqiqata cəlb olunması, sənətinin dünya fəlsəfəsi və poeziya tarixinə təsirinin öyrənilməsi, həmçinin dünya şərqşünaslıq elmi tərəfindən qiymətləndirilməsi və sair məsələlərin tədqiqi qlobal xarakter aldı.
Bu dövrdə, bütövlükdə Nizami mövzusu ədəbi prosesin ən aktual problemlərindən birinə çevrildi. Şairin lirikası və poemalarının azərbaycan və rus dillərinə filoloji tərcümələri yarandı, əsərləri yenidən işıq üzü gördü. 
 H. Əliyevin 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərarı isə nizamişünaslıq problemlərinin həllini Ümumittifaq miqyasında misli görünməmiş məcraya yönəltdi. Məhz onun təşəbbüsü və himayədarlığı ilə 1981-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda ilk dəfə olaraq, ayrıca Nizamişünaslıq şöbəsi yaradıldı. Şöbəyə rəhbərlik dünya şöhrətli şərqşünas - alim, professor, əməkdar elm xadimi Rüstəm Əliyevə həvalə olundu. Heydər Əliyevin xüsusi tapşırığı ilə Respublikada, o cümlədən Nizamişünaslıq şöbəsində Nizami Gəncəvi "Xəmsə”sinin yenidən nəşri, şairin əsərlərinin Azərbaycan və rus dillərində filoloji tərcümələri və həyatının, ədəbi mühitinin və yaradıcılığının tədqiqi sahəsində qızğın iş gedirdi. O zaman ayda bir dəfə şöbə rəhbəri Rüstəm Əliyev o dövr Mərkəzi Komitənin İdeoloji məsələlər üzrə katibi Həsən Həsənova hesabat verir və o da Nizamişünaslıq sahəsindəki işlərin gedişi haqqında Respublikanın rəhbəri Heydər Əliyevə məruzə edirdi.
 Bu dövrdə görülən monumental işlər haqqında təsəvvür yaratmaq üçün onların bəzilərini qeyd etmək kifayətdir: Nəşrlər: Nizami "Xəmsə”si üzrə ayrı-ayrı poemaların azərbaycan və rus dillərinə filoloji tərcümələri. (Tərcüməçilər: R. Əliyev, M. Əlizadə, H. Məmmədzadə, Q. Əliyev, Z. Quluzadə, V. Aslanov, X. Yusifov və başqaları)
 Tədqiqatlar: R. Azadə. Nizami Gəncəvi. Həyatı və sənəti. (Bakı,1979;1980), Nüşabə Araslı. Nizami və türk ədəbiyyatı. (Bakı,1979), A. Hacıyev. Renassans və Nizami Gəncəvi poeziyası. (Bakı,1980), M. Cəfər. Nizaminin fikir dünyası. (Bakı,1982), X. Yusifov. Şərqdə intibah və Nizami Gəncəvi (Bakı, 1982), R. Əliyev. Nizami. Azərbaycan, rus və ingilis dillərində biblioqrafik məlumat. (Bakı,1983), Ölməz məhəbbət dastanı (Bakı,1984), X. Hüseynov. Nizaminin "Sirlər xəzinəsi” (Bakı,1983), Ç. Sasani. Nizaminin "Leyli və Məcnun” poeması (Bakı,1985), M. Kazımov. Nizaminin "Yeddi gözəl” poeması və XIV-XVI əsrlər farsdilli ədəbiyyatda nəzirə ənənəsi (Bakı,1987), Z. Quluzadə. Şərq mə­də­niy­yəti tarixinin nəzəri problemləri və nizamişünaslıq (Bakı,1987), C. V. Qəhrəmanov və K. Allahyarov. Nizami Gəncəvi əsər­­lərinin əlyazmaları dünya kitab xəzinələrində (Bakı,1987) və sair.
 Nizami əsərlərinin Ümumittifaq miqyaslı nəşrləri: Nizami. Şeirlər və poemalar. (Leninqrad,1981), Nizami Gəncəvi. Seçilmiş əsərləri. 5 cilddə (Moskva, "Xudojestvennaya literatura”,1985) və "Həft peykər”, elmi - tənqidi mətn: Tahir Məhərrəmov (Moskva,1987) [2,52-56] Həmçinin bu illərdə Nizaminin dünya şərqşünaslığında öyrənilməsi problemi üzrə neçə-neçə tədqiqat işləri yazıldı.
Əslində bu görülən işlərin hamısı sadə yolla həll olunmurdu. Bu işlərin arxasında böyük məsuliyyət dayanırdı. O zaman Respublikamız sovetlər birliyinin tərkibində idi. Hər bir irimiqyaslı nəşrlər və tədbirlər müxtəlif instansiyalardan keçməli olurdu. Bu iş Respublika rəhbərliyindən böyük iradə, ağır zəhmət və güclü vətənpərvərlik tələb edirdi. Heydər Əliyev özü bu hadisələri 1993-cü il 21 sentyabrda Azərbaycan Milli Elmlər Akademiyasında ziyalılarla görüşündə xatırlayaraq söyləyirdi: "1981-ci ildə biz Nizaminin ədəbi irsinin öyrənilməsi haqqında böyük bir qərar qəbul etdik. Nizami Gəncəvinin 840 illiyini böyük bir yubiley kimi qeyd edəndə bizə çox yerdə irad tuturdular ki, 840 il yuvarlaq tarix deyildir. Ancaq biz sübut etdik ki, Nizami Gəncəvi elə bir şəxsiyyətdir, tarixdə, dünya mədəniyyətində elə bir iz qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər. [3,103]
 Nizami əsərlərinin dünya miqyasında nəşrinin keyfiyyəti məsələsi də həmişə onu düşündürürdü. Həmən nitqində H. Əliyev söyləyirdi: "Təsəvvür edin, əgər biz Nizami Gəncəvini yaxşı tanıyırıqsa, yaxud da Qərb ölkələrinin, o cümlədən İngiltərənin kitabxanalarında, muzeylərində vaxtilə onun yaradıcılığını təhlil edən alimlər müəyyən əsərlər yazmışlarsa, Azərbaycanda 1948-ci ildən sonra dahi şairimizin əsərləri lazımi səviyyədə çap olunmamışdı. Nizami Gəncəvinin əsərlərinin Moskvada rus dilində nəşr olunması barədə qərar qəbul edilmişdir. Lakin sonra öyrəndik ki, "Xudojestvennaya literatura” nəşriyyatında bu əsərlər çap olunmamışdır. Böyük bir nailiyyət kimi yox, sadəcə olaraq xalqıma xidmət kimi deyə bilərəm ki, Moskvada işlədiyim dövrdə Nizami Gəncəvinin "Xəmsə”sinə daxil olan əsərlərin rus dilində ayrı-ayrılıqda nəşr olunmasına nəzarət etdim. Lakin Moskvada mənə dedilər ki, Nizaminin əsərlərinin rus dilinə tərcüməsi istənilən səviyyədə deyildir. O zaman Mirzə İbrahimovdan və başqalarından xahiş etdim ki, mən artıq Azərbaycanda deyiləm, görün nə etmək olar ki, Nizami Gəncəvinin əsərləri rus dilinə yenidən tərcümə edilsin. Bəzi adamlar isə buna etiraz edirdilər…Nizaminin əsərlərini böyük çətinliklə Moskvada nəşr etdirdik. Sonra mən Bakıya gələrkən Nizami muzeyinə getdim və gördüm ki, şairin beş əsərinin hamısı orada nümayiş etdirilir. [3,103]
 Heydər Əliyev müstəqillik dövründə Nizaminin 850 illik yubileyinin keçirilməsini qiymətləndirərkən, 40-cı ilərdən sonra görülən işləri hələ də kifayət hesab etmir, Nizami irsinin təbliğ və tədqiqini mütəmadi şəkildə aparmağı vacib bilərək söyləyirdi:
"Nizami Gəncəvinin 850 illiyi qeyd edilmişdir. Hansı səviyyədə qeyd edildiyini deyə bilmərəm. Ona görə yox ki, bu yubiley böyük bayram kimi keçirilməlidir. Bu, Azərbaycanı, onun tarixini bir daha dünyaya tanıtmaq üçün imkandır. Nizami Gəncəvinin əsərləri təkcə ədəbi cəhətdən deyil, fəlsəfi baxımdan da əvəzsizdir. Lakin 1948-ci ildən ötən 50 ilə yaxın vaxtda biz onların istənilən səviyyədə tətbiq edilib yayılmasına nail ola bilməmişik. [3,103]
 Respublikada keçirilən bütün mədəniyyət tədbirlərində Nizamişünaslığın problemləri onu düşündürürdü. O, "1947-ci ildə keçmiş sovetlər birliyində kartoçka sisteminin tətbiq olunduğu bir dövrdə Nizaminin yubileyinin keçirilməsini əsil fədakarlıq” kimi qiymətləndirir və müstəqillik dövründə bu işi davam etdirməyi tövsiyə edirdi. Onun sərəncamı və rəhbərliyilə 1999-cu ildə türkdilli abidəmiz olan "Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə təşkil olunmuş Dövlət Komissiyasının iclasında yenə də söyləyirdi:
 "Biz keçmiş zamanlarda böyük minnətdarlıq hissi ilə qeyd edirdik ki, İkinci Dünya müharibəsi, Vətən müharibəsi gedən zaman, Leninqrad blokadada olduğu dövrdə orada Ni­zaminin 800 illik yubileyi keçirilmişdir…. Bu tarixdir, həqiqətdir. Biz indi müstəqil dövlətik. Müstəqil dövlət kimi xalqı­mızın milli köklərini, tarixini, qədim mədəniyyətini, böyüklüyünü öz vətəndaşlarımıza da, bütün dünyaya da göstərməliyik, təbliğ etməliyik. [4,1]
 Heydər Əliyev təkcə nizamişünaslıqda deyil, ümumiyyətlə, bütün sahələrdə elmi qüvvələr potensialının vacibliyini vurğulayır, təd­qiqatçı alimlərin zəhmətini yüksək qiymətləndirirdi. "Əgər bizim millətimizin keçmişini, tarixini, mədəniyyətini,onun mən­bəyini bizim alimlərimiz, ziyalılarımız tədqiq etməsələr, xalqımıza, dünyaya göstərməsələr, sübut etməsələr, bəs bunu kim edəcəkdir”[5,1] –deyə həmişə elmi mütəxəssislərə arxalanırdı.
Bir məsələni də qeyd etmək vacibdir ki, Gəncədə Nizami Gəncəvi məqbərəsinin bərpa olunaraq yenidən qurulması H. Əliyevin və onun varislərinin adı ilə bağlıdır. Hal-hazırda Gəncədəki möhtəşəm "Xəmsə” abidə kompleksi, zənnimcə, hər bir azərbaycanlının qürur mənbəyidir.
 Türk dünyasının görkəmli şəxsiyyətlərindən biri İhsan Doğramacının 2003-cü ildə söylədiyi çox qiymətli fikirləri xatırlamaq yerinə düşür: "Heydər Əliyev fırtınalı həyatının hər dövründə Azərbaycanı, türklüyünü unutmayan böyük şəxsiyyətdir. ” [6,1]
 

SİZƏ MARAQLI OLA BİLƏR