Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Nizami Gəncəvi - 880

Modern sənət prinsipləri kontekstində Nizami - Elnarə Akimova

05-03-2021 [ 22:29 ] [ oxunub:261 ]
printerA+ | A-
100619

Artıq müharibə ağrıları və zəfər sevinclərini, eləcə də pandemiya gərginliklərini özündə ehtiva edən 2021-ci ilin ilk aylarını yaşamaqdayıq və il girər-girməz ölkə başçısının bizləri "Nizami ili" sevinci ilə müjdələməsi mədəni iqlimə köklənməyə gözəl bir vəsilə olmaqla bərabər, maraq dairəsində olduğumuz indiki zamanda dünyaya bir də Nizami xalqı, Nizami milləti olaraq üz tutmağımızın mesajı kimi simvolik çalar kəsb edir. Bəli, Nizami məhz bizim bir xalq, dövlət kimi varlığımızın siması statusunda tanıdılmalıdır. Belə bir prosesə bizdə XX əsrin əvvəllərində cəhdlər edilmişdi. Lakin Sovet rejiminin əleyhimizə düşünülmüş planları bütün başlanan prosesləri yarımçıq qoymaqla bahəm, xalqın milli oyanış əzminə güclü zərbə vurdu. Bir tərəfdən, yaşadığı iki dünya müharibəsinin fəci nəticələri, digər tərəfdən, rejimin antimilli təbliğat kampaniyası, xalqı öz kökündən, milli kimliyindən, keçmişindən, tarixi statusundan məhrum etmək siyasəti Azərbaycan insanının dünya müstəvisində təklənməsinə gətirib çıxardı. Öz genetik kodu və milli müəyyənliyi ilə bağlı düşüncələrinin bədii mətnə köçürülməsinin qadağalarını yaşaması, həmçinin dünya məkanında gedən proseslərdən təcrid olunaraq qapalı məcrada fəaliyyət göstərməsi ona milli stasusunu fərqləndirmə və fərdiləşdirmə imkanı vermədi. Belə bir müəyyənlik bir də ümumilli lider Heydər Əliyevin üslubunda təkrar olundu.

Heydər Əliyev bilirdi ki, hər bir xalqın, dövlətin məfkurə xətti onun dəyərlərinə, irsinə verdiyi qiymətin əmsalı ilə ölçülür. Ona görə iqtisadi coğrafiyanı böyük quruculuq işləriylə, mənəvi coğrafiyanı isə milli-mənəvi dəyərlərin Azərbaycana qaytarılmasıyla gerçəkləşdirdi. Azərbaycanın qapılarını Dədə Qorqudun, Babəkin, Nizaminin, Tusinin, Nəsiminin, Vaqifin, Hüseyn Cavidin, Şəhriyarın üzünə taybatay açmaqla, Azərbaycanın məfkurəvi necəliyini müəyyənləşdirdi əslində.

Böyük Azərbaycan şairi Nizami Gəncəvinin irsinə Heydər Əliyevin münasibəti konseptual səciyyəsi ilə seçilmişdir. Məhz onun təşəbbüsü ilə qəbul edilən "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" 1979-cu il 6 yanvar tarixli qərar bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmışdır. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərarı isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır. Xəlil Rza Ulutürkün "Gündəliy"ində əhəmiyyətli bir epizod yer alır:

"Xəmsə" yaradıcısının anadan olmasının 840 illiyi bayramı keçiriləndə böyük qazax şairi Oljas Süleymenovun Heydər Əliyevə verdiyi sual yadımdadır:

- Axı 840 yuvarlaq rəqəm deyil, niyə tələsirsiniz?

- Tələsməyimiz əbəs deyil. Biz Nizami ilə bəşəriyyəti qovuşdurmağa tələsirik. Nizami elə bir sənətkardır, elə bir dahidir ki, hər il bayramını keçirməyə dəyər".

***

Bu gün Nizami ili bağlı təkliflər irəli sürülməkdə, müsahibələrdə, məqalələrdə bir sıra kreativ ideyalar səslənməkdədir. Nəticə indidən bəllidir. Nəsimi ilində olduğu kimi, görülən işlər çox olacaq, geridə isə ən layiqliləri qalacaq.

Necə eləmək ki, Nizami ilində fərqli işlər meydana qoya bilək: həm avanqard- Qərb və dünya mövqeyindən, həm də klassik ənənələrimiz mövqeyindən. Bu gün böyük sənətkarı bütün mümkün sahələrdə axtarışlarımızın predmetinə çevirəcəyiksə, o zaman deyək ki, bəyənmədiyimiz sovet dövrü tərcümələrinə, yanaşmalarına alternativ irəli sürən işlər meydana qoymalıyıq ki, səmərəsini ala bilək.

"2021 - Nizami ili"! Məncə, bu qərar imkan verir ki, məsələyə Şərq dəyərlərinin dünyəviləşməsi prosesi kimi yanaşaq. Yəni, ümumkulturoloji kontekstdə Dantenin irəli sürdüyü "dünya monarxiyası" ideyası, Şpenqlerin vahid dünya mədəniyyəti anlayışı - ki, bu onlarda ancaq Qərb mədəniyyətinin varlığı ilə xarakterizə olunur, o zaman  dünya və cəmiyyət məsələlərini önə çəkən Nizami irsinin bu mədəniyyətin içindəki yerini - yolunu müəyyənləşdirməliyik. Nizami irsi İslam Şərqi mədəniyyəti içindədir. Bu, o dövrün reallığıdır, o dövrdə Azərbaycan ədəbiyyatı deyilən bir anlayış yox idi, ədəbiyyat da  büsbütün ümum-islam Şərqi mədəniyyəti içində qərarlaşmışdı. Belə bir əhvalın yetirməsi olan Nizaminin çağdaş qlobalizə proseslərindəki xidməti hansı məqamları ilə spesifik ola bilər. Bu suala verilən cavablar diqqətdə saxlanmalıdır.

Ümummili lider Heydər Əliyevin yuxarıda yer alan fikrindəki bir məqama diqqət yetirmək çox önəmlidir:  Nizami ilə bəşəriyyəti qovuşdurmaq. Bu, Nizaminin əsərlərindəki insan amilindən keçir, dünya və cəmiyyət məsələlərinin qoyuluşundan keçir və s. Bu gün birlik, humanizm anlayışlarına bəşəriyyətin ehtiyacı dünəndən daha artıqdır. Nizami bu böyük məsələnin həllinə hansı töhfələr verib? Şairin yaradıcılığı əsaslı şəkildə bu prosesə qoşulmağa potensial sərgiləyir.

Nizami əsərlərində kosmosentrik başlangıc daim güclü olmuş, dünyanı küll halında görmək arzusu, qlobal vəhdət, humanizm prinsipi qabarıqlığı ilə seçilmişdir. Dünya poeziyasından maraqlı bir nümunəyə diqqət edək: Beşinci əsr hind şairi Bhartrihari "Üç şataka" (Şatakatraya) poemasında yazırdı:

...Yer kürəsi! Yer kürəsi!

Qitələrinlə, okeanlarınla

Nəsən sən?

Kainatda kiçicik bir atom!

Bu kiçicik bir atomu da

Çoxlu-çoxlu hökmdarcıqlar

Tikə-tikə bölməyə can atırlar.

Bundan ötrü

Dəhşətli müharibələr aparırlar!..

Ey dünya yaradılışının əzəli!

Mən bizi həyat çevrimlərinin

Zəncirində saxlayan Cəhaləti ataraq

Kainatla canbirqəlbdən qovuşuram.

Bu şeirdə dünyanın vəhdəti ideyası təməl prinsip kimi təlqin olunur. O ideya ki, qədim Misir, Yunan, Hind, Babil ədəbiyyatlarında əsaslı şəkildə işlənmişdir. Bütün bunların zirvə məqamı kimi ərsəyə gələn Nizami poetikasının yenidən incələnməsi ona görə vacibdir ki, dəyişən dəyərlər sistemində şairin haqqını bütün tərəfləri ilə ödəyə bilək. Nizami sənəti elə səviyyədədir ki, onu bütün dövrlərin mövcudluq problemlərinin dəyişməz mənəvi və sosial dəyərlər sınağında dərk etmək mümkündür.

Şairin poetikasının incələnməsi məsələsində ədəbiyyatşünaslığın üzərinə böyük yük düşür. Müstəqilliyə adladığımız bu otuz ildə ixtiyarımızda yeni metodoloji nailiyyətlər, ədəbi-elmi qiymətlər, dəyərlər sistemi vardır. Bu bədii-estetik arsenal Nizaminin irsinin yeni tərəflərini meydana çıxarmaqda faydalı ola bilər.  Sovet dövründə yaradıcılığı daha çox sosial qatlara bağlanan, bədii irsinin ideya-estetik tutumu dar çərçivədə axtarılan Nizamini modern sənət prinsipləri kontekstində dəyərləndirmək maraqlı nəticələr verə bilər. M.Baxtinin bu fikri çox dəqiqdir: "Özgə mədəniyyət yalnız başqa mədəniyyətin gözü ilə özünü dərindən göstərir". Klassikanın hər cür oxunuşu labüddür. Avropa ədəbiyyatı hər klassikə münasibətdə bu təcrübəni təkrar-təkrar təqdim edir və etiraf edək ki, bu onlara daha geniş hüdudlara varmaları üçün imkanlar qazandırır. Nizamini də tanış sistemlərlə bərabər, qeyri-tanış sistemlərlə görüşdürmək onun nəhəngliyini meydana qoymaq baxımından əlverişli olardı. Bir şərtlə ki, bu mövzuda yazan ədəbiyyatşünas Nizami dühasına, dövrünə və bədii dünyasına kongenial olsun. Nizamini müqayisəli ədəbiyyat kontekstində və təkcə orta əsrlərin mətnləri ilə qarşılıqlı deyil, daha çox modern rəssamlıq, modern ədəbiyyat və s… modern sənət kontekstində araşdırmaq faydalı olardı. Əgər Nizami Höteyə təsir edibsə ("Şərq-Qərb Divanı"nındakı "sözü sirr dolu Nizami" ecazı), Höte də modern sənətə keçid dövrünün - maarifçilikdən romantizmə keçidin təminatçısıdırsa, biz Nizamiyə bir də bu kontekstdən baxmalıyıq. Bu mənada, Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan şairi Nizami" kitabında düşündürücü məqamlar çoxdur: İngilis professoru Vilson həyəcan, ehtiras və həsrətin bədii ifadəsi baxımından Nizamini Şekspir və Petrarka ilə müqayisə edib. İtalyan professoru Pizzi Nizaminin Bəhram Guru ilə Bokkaccionun Ametosu arasında dərin bənzərliklər müşahidə edib. Fransız professoru Meynard isə Nizamini tarixi roman janrının atası adlandırıb. Bu məsələlər çağdaş dəyərləndirmə prinsipləri istiqamətindən təhlilə cəlb edilib niyə müasir dərkini tapmasın?

Modernizmdə bütün kəskinliyi ilə qoyulan fərdilik amili, individuallıq, şəxsiyyət problemi XII əsr dahisi Nizaminin əsərlərində dərinliyi ilə izahını tapır. Azad şəxsiyyət, müstəqil mövcudluq hüququ, əməl və iradədə sərbəstlik şairin bütün əsərlərinin ana xəttini təşkil edir. Burada nə irqi-sosial mənsubiyyət anlayışı var, nə də fərqli coğrafi məkanlara görə qruplaşma meyilləri. Hüquq eyni olduğu kimi, bədii-fəlsəfi süjet xəttinin təmərküzləşdiyi estetik ərazi də vahiddir.

Qərbdə XIX əsrin sonlarında güclənən modernizm dalğasının bir təzahürü olaraq meydana çıxan feminizm fikir axını ilə Nizaminin qadın-kişi münasibətinə münasibətini də müqayisə etmək yerinə düşər.

1980-ci illərdə Fransada Feminist Epistemologiya, yəni feminist idrak nəzəriyyəsi meydana çıxdı. Bu yeni bilik nəzəriyyəsində kişi dəyərinə, kişi mövqe və üstünlüyünə xidmət edən nə varsa, rədd edilirdi. "Rasionalizmi kişiyə, emosionallığı qadına aid bilən, qadını kişinin əksik forması kimi dəyərləndirən bütün Qərb fəlsəfəsi ənənəsinə şiddətlə qarşı çıxan Modernizmin feminizmi əgər yalnız qadınların hüquqlarını bərpa etmək şüarları irəli sürürdüsə, Postmodernizm feminizmin növbəti dalğası  - "ontoloji dualizmin hər növünü inkar edən" fəlsəfə idi.

Nizaminin əsərlərində bu məsələ silsilə qadın obrazlarının (Leyli, Şirin, Məhinbanu, Nüşabə, Fitnə) simasında öz həllini tapır. Nüşabənin dilindən isə bəyan edilir: "Mən də bir aslanam, düşünsən bir az, / Aslanın erkəyi, dişisi olmaz".

Qəribədir, o şeyi ki, din sonradan öz sxolastik münasibəti, təzyiqi ilə əzib sıradan çıxarır, Nizaminin əsərlərində bunların hamısına güclü müqavimət aşılanır. Zamanı qabaqlamaq bir də bu olsun gərək. Nizaminin qadın qəhrəmanları çadrasız və yaşmaqsız, buxovsuz həyat tərzinin daşıyıcılarıdır. Onların hamısı həya tülünə bürünmüş azman bir qadın ruhunu daşıyırlar özlərində və bütün zaman, dövran qadağaları önündə sərgilədikləri cəsarət, müstəqil düşüncə və hərəkət məqamlarında belə, qadınlıq zirvəsindən enmirlər. 

Nizami yaradıcılığında Tanrı məqamı da maraqlıdır. Qərbin mənəvi tənəzzül gerçəkliyində Tanrı ilə bağının qırılmasının böyük rolu var. Tutacaq bir nəsnə, dirənəcək bir arxa hiss etməyən insanın depressiyaya düşməsi, dünyaya qarşı dirəniş-duruş əzmini itirməsi məhz bu səbəbdəndir ki, bu gün də onun ciddi fəsadları ilə qarşılaşırıq.

Məlumdur ki, bütün orta çağ ədəbiyyatı daha çox dini düşüncənin, inanclar sisteminin təsiri altında formalaşmış, sxolastik fəlsəfənin hüdudlarında gəzişmişlər. Bu düşüncə, dini baxış sistemi azad fikrin gəlişməsini əngəlliyir, daha çox elm və fəlsəfəni dinlə birləşdirməyə və bu yolla öz mövqeyini möhkəmləndirməyə çalışırdı. XV əsrdən başlayaraq dünya ədəbi-fəlsəfi fikrində yeni düşüncə dövrü başladı. Bəşəriyyət sxolastik düşüncəyə vida etməyə, üzünü antik ədəbiyyata tutub, bu ədəbiyyatın örnəklərini yeni zamanın müstəvisinə çıxarıb onları diriltməyə çalışdı. Dünya ədəbiyyatında İntibah dövrü başladı. Humanizm ideyası, İnsan konsepsiyası yenidən sənətin, ədəbiyyatın məhvərində dayandı. Antik Yunan düşüncəsi insana önəm verən bir sistem kimi irəli çəkildi. Halbuki, dünya ədəbiyyatında XV əsrdə qabaran insan amili bizim milli ədəbiyyatımızda hələ XII əsrlərdə Nizaminin poemalarında konsepsiya səviyyəsində idi. Bu poeziyada Allah sevgisi qabarıqdır, amma bu sevgi doqmatik anlayış səviyyəsində deyil, insanı qul, kölə kimi görmür. Burada insan şəxsiyyətini qoruyan, öz mahiyyətini müxtəlif yönlərdən ortaya qoymağa çalışan fərddir.  Nizami dini buxov hiss eləmirdi, Avropalı islahatçılardan fərqli olaraq bu təcrübənin predmetinə Allahı qoymurdu. Allaha inam Nizamidə heç bir halda şübhə altına alınmır. Əksinə, bu poeziyada şükranlıq və minnətdarlıq hissi öndədir: "Bu minvalla Allahdan nə istədimsə /Allah verdi və verilmişə şükür elədim".

Ötən əsrin 60-cı illərində E.Fromm (1900-1980) yazırdı: "XIX yüzildə problem bu idi: "Tanrı öldü!". XX yüzilin problemi isə budur: "İnsan öldü". Nizami yaradıcılığı bu baxımdan görk ediləsi çox dəyərləri özündə ehtiva edir. Onun  üçün Tanrısız heç bir əxlaqi dəyərlər sistemi yoxdur. Tanrıya münasibət ölümsüzlük məqamında qərar tapmışdır. Burada Tanrı da, insan da diri, yer üzünün əşrəfi sayılan varlıqlardır. Onlardan biri digərini yetirən əsas səbəb kimi çıxış edir. İnsan Tanrını duyduğu, hiss etdiyi, ona tapındığı qədərincə öz varoluşunun təminatçısı salıya bilər. Nizami Gəncəvi oğlu Məhəmmədə nəsihətində yazır:

Öz əhdini Tanrıyla möhkəm saxla,

Başqa əlaqələr üçün ürəyinə qəm salma,

Sən Tanrıyla əhdini pozmasan,

Səni əmin eləyirəm ki, hər şeydən xilas olarsan.

 

Krımskinin "sufi və romantik" şair adlandırdığı  Nizami niyə bu və bütün tərəfləri ilə dünyaya örnək olmasın ki?  Bu yaxınlarda Azad Yaşarın çevirisində Fransız yazarı Erik Emmanuel Smitin "Müsyö İbrahim və Quran çiçəkləri" əsərini oxudum. Fransız yazıçı Mövlana Cəlaləddin Rumini kiçik əsərin daxilinə o qədər mükəmməl şəkildə yerləşdirir ki, heyrət etməmək olmur. Əsər qəhrəmanı Ruminin hikmətli kəlamları, sufi rəqslərinin təsiri ilə başqa adama çevrilir, düşüncələrində, həyata baxışında ciddi təbəddülatlar meydana çıxır:

"- Momo, necə də xoşbəxtəm"! Həm sən yanımdasan, həm də mən "Quran"da yazılanlardan agaham. İndi səni bir rəqsə tamaşa etməyə aparacam.

- Rəqsə?

- Hə, belə lazımdır. Bu, vacib şərtdir. "İnsan qəlbi "bədən" adlı qəfəsdə çırpınan bir quşdur". Elə ki insan rəqsə və quş kimi ötməyə başlayır, əslində o, Allaha can atır, ona qarışır, onda əriyir. Dur, gedək təkkəyə.

- Hara, hara?

- Eşikdən içəri adlayanda mən:

- Əcəb rəqs meydançasıdır! - dedim.

- Təkkə - rəqs meydançası yox, ibadət yeridir. Odur ki, Momo, ayaqqabılarını çıxar.

Həyatımda ilk dəfə məhz orada mən fırlanan insanları gördüm. Həmin dərvişlərin əynində qalın, amma yumşaq bir parçadan bəyaz cübbələr (gen ətəkli, uzun xələtlər - A.Y.) vardır. Dəf səslərini eşidən kimi bu dərvişlərin hərəsi bir fırfıraya döndü.

- Görürsən, Momo? Onlar təkcə öz bədənlərinin deyil, həm də Allah sevgisi ilə çırpınan qəlblərinin oxu ətrafında fırlanırlar. Bu, duanın bir növüdür".

İndi siz fikir verin, XIII əsrdə yaşayan  bir türk sufisi XX əsr Fransasında doğulub yetişən bir yazıçıya ilham və ideya qaynağı olursa, deməli, Avropa insan əliylə dağıdılan, qürubunu yaşadığı çox məsələlərdə xilas yolu, harmoniya axtarışındadır. Bu axtarış proseslərinə, Nizami özünün  ahəngə, sahmana addımı ifadə edən, buna çatmağı yalnız qlobal sosial strukturda deyil, həm də fərdi-mənəvi "məndə" arayan sənəti ilə daha etalon ola bilər. Yetər ki, onu bəşəriyyətlə görüşdürməyin uyğun prinsiplərini tapa bilək. Şairin dünya, əbədiyyət (ədəbiyyat!) və bəşər kontekstində poetik qüdrət və zənginliyi ancaq bu halda görünə bilər.

 

"Ədəbiyyat  qəzeti", 2021, 5 mart

SİZƏ MARAQLI OLA BİLƏR