Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Nizami Gəncəvi - 880

Nizamini dərin hissiyyatlı kadrlar öyrənməlidir - Cavanşir Yusifli

01-03-2021 [ 11:45 ] [ oxunub:241 ]
printerA+ | A-
100605

Nizami Gəncəvi haqqında sanballı nələrsə eləmək üçün onu dərk eləmək, müasir elm səviyyəsində normal öyrənmək lazımdır. Bunsuz mümkün olmayacaq.

İndi burda çox görüləsi işləri sadalamaq olar, ancaq onların hər birini Nizamini bilmədən, mövcud biliklərə arxayınlaşıb eləsək, onda həmişə olduğu kimi formal nələrsə alınacaq. Mən “Nizami anlamaq üçün çox dil bilmək lazımdır” deyəndə elə anlaşılmasın ki, təkcə əsərlərini yazdığı dil nəzərdə tutulur, indi ərəb və fars dilini doğrudan çox mükəmməl bilən alimlər var, ancaq hər bir şairin ayrıca, yazdığı təbii dildən fərqlənən dili, yaxud dilləri olur. Yəni, kadrlar düzgün, təyinatı üzrə hazırlanmalıdı, ancaq məsələ odu ki, kadr qıtllığı yaşanır.

Mütəxəssis hər şeydən əvvəl düzgün əxlaq və münasibət deməkdir, o, ustadına baxıb elə məziyyətləri götürməlidir ki (hamı ustaddırsa, kimdir müəqssir?), yazdığı hər sətirdə məsuliyyət və vicdan hissindən başqa nəsə olmasın. Elmlə məşğul olmağın yolu məşəqqətdir, indi yazılan işlərin çoxu, “arxeologiyadır”, yəni, başqalarının fikir və ideyaları üstündə qazıntı aparmaqla alim olmaq olmaz. Baxın, Füzuli haqqında nə qədər iş yazılıb, biri o birinin əkiz tayıdır, yəni, klassiklər haqqında ancaq ümumi səciyyəli əsərlər yazılacaqsa, bu o demək olacaq ki, biz bu imzanı tanımırıq (tanınma işarəsi yoxdur...-!), tanımaq fərq deməkdir, klassiki aid olduğu poetik sistemə uyğun şəkildə, həm də fərqlərin (dövrünə, zəmanəsinə qarşı müqavimətdən doğan fərqlər) qovşağında araşdırmaq zənnimizcə daha perspektivlidir. Bu və digər arqumentlərin hamısını sadalasaq, məlum olacaq ki, əslində Nizami kimi bir klassiki araşdırmaq çox çətindir, xüsusi təlim, xüsusi və ixtisaslı təhsilin olmasını tələb edir. Bunlar hazırda yoxdur. Nə etməli?

Yaxşı ki Prezident sərəncam imzaladı, bu sərəncamın mənası həm də qarşıdan gələn illərə aid edilməlidir, yəni, bunu biz belə anlamalıyıq, statistika xətrinə işlər çox az olmalıdır.

Nizami dünya ədəbiyyatı və fəlsəfi-estetik firkinin elə fiqurlarındandır ki, bütün zamanları kapsayır, gənc ədiblər bütün kitablardan öncə onu oxumalıdırlar, çünki onun verdiyi informasiya enerjisi tükənməzdir, Nizami poeziyası insanın daxilində təkcə yazı üçün gözəl intibalar yaratmır, insanın, mütəxəssisin, yazarın formalaşmasında böyük rol oynayır. Sovet dönəmində icra edilən poetik tərcümələrə baxın, bu nəhəng və çətin işin o təcüməçi şairlərin yaradıcılığına təsiri danılmazdır. Rəsul Rzanın poetik istedadı ən çox “Xosrov və Şirin”in tərcüməsindən görünür. Səməd Vurğunun fəlsəfi çalarlı epik əsərlərinin hamısında Nizamidən qətrələr var. Elə işlər görmək lazımdır ki, insanlar çox yazmaqdan bezsinlər və qorxsunlar, zənnimizcə bizə bu indilərdə çox lazımdır. Orhan Pamukun nailiyyətlərinin yüzdə yüzü klassikadan gələn böyük və qarşısıalınmaz təsirlərin hesabınadı. Bir sıra Avropa yazarları da Nizamidən bəhrələniblər. Nizamidən keçməyən yazarın nə yazması çox maraqsızdı.

Nizami haqqında ən yaxşı araşdırmalar təkrar nəşr edilməlidir.

İndiyə qədər dilimizə çevrilməyən araşdırmalar varsa, tapılıb nəşr edilməlidir.

Ən ümdəsi, Nizamini “izm”lərə uymayan, dərin hissiyyatlı kadrlar öyrənməlidir. Füzulini “izmlər”lə öyrənməyin nümunələrinə baxın – hər şey var, Füzuli yaddan çıxıb.

SİZƏ MARAQLI OLA BİLƏR