"Nizami Gəncəvi haqqında kimlər yazmışdır?" sualına cavab vermək, "Nizami Gəncəvi haqqında kimlər yazmamışdır?" sualı üzərində baş sındırmaq qədər çətindir. Müasirlərindən ta bu günə qədər Nizaminin həyatı və irsi barədə ən yüksək fikirlər, mülahizələr söylənilmiş, dahi şairin yaradıcılığının bənzərsizliyi, toxunduğu problemlərin aktuallığı, əhəmiyyəti, əsərlərinin dil, üslub, sənətkarlıq məziyyətləri və söz sənətinin inkişafında mütəfəkkir şairin misilsiz xidmətləri layiqincə qiymətləndirilmişdir. De Erbel, X.Purqştal, E.Braun, F.Erdman, F.Şarmura, A.Krımski, Y.Marr, İ.Höte, V.Bartold, Y.Bertels... kimi qələm və kəlam sahibləri, eləcə də görkəmli Azərbaycan alimləri Həmid Araslı, Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cəfəroğlu, Ələşrəf Əlizadə, Mikayıl Rəfili, Əkbər Ağayev, Mübariz Əlizadə, Mirzağa Quluzadə, Qulamhüseyn Beqdeli, Rüstəm Əliyev, Azadə Rüstəmova, Xəlil Hüseynov, Xəlil Yusifov və başqaları Nizami yaradıcılığını yüksək dəyərləndirmişlər. Böyük ustadın Şərq ədəbiyyatına göstərdiyi təsiri təsəvvür etmək üçün onun əsərlərinə yüzlərlə nəzirə və bənzətmələr, saysız-hesabsız şərh və təfsirlər yazıldığını qeyd etmək kifayətdir.
Azərbaycan nizamişünaslığı XX əsrin əvvəllərindən inkişaf etməyə başlasa da, ötən illər ərzində bu sahədə misilsiz uğurlar qazanılmışdır. Nizami Gəncəvi həyatı, yaradıcılığı ilə bağlı fundamental tədqiqatlarla yanaşı, bir sıra bədii və publisistik əsərlərdə, ədəbi irsin tədqiqində elmi əhəmiyyət kəsb edən təzkirə, hədiqə, dəhvə, səfinə, töhfə, cünglərdə, məcmuə, dərgi, qəzet səhifələrində, digər mənbələrdə kiçikhəcmli, epizodik xarakterli maraqlı məlumatlar, xəbərlər də əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürülür. İndiyədək diqqətdənkənar qalan bu qəbildən olan bəzi parçaları oxucuların nəzərinə təqdim edirəm.
General, xeyriyyəçi, məktəb qurucusu, yazıçı, publisist İsmayıl bəy Qutqaşınlı (1809-1861) Məkkə ziyarətinə gedərkən yolüstü Gəncədə dayanır və Nizami türbəsinə baş çəkir. O, "Səfərnamə" əsərində bu barədə ətraflı bəhs edir. "Öz əlim ilə saldığım bağda bir gün istirahət edib" təkrar yola çıxdığını qeyd edən Qutqaşınlı bu bölgənin Hacallı kəndindən Ərəş mahalına, sonra "Kürün üstündən Mingəçevir yanında qurulmuş parom ilə keçib, öz vilayətimizdən ayrılıb Gəncə torpağına ayaq basdığı"nı yazır. Qədim Gəncənin təsviri maraqlı və diqqətçəkəndir. Bu şəhər generalın yadına özünün də zabit kimi iştirak etdiyi döyüş səhnələrini xatırladır. Müəllifin izaholunmaz hisslərilə qələmə aldığı "...bizi Yaradanın evinin ziyarətinə haman məkandan keçirəm" - cümləsini həyəcansız oxumaq mümkün deyil. Qutqaşınlı qələminin gücü, qüdrəti hər sətirdə, hər abzasda görünür. Nizaminin məzarını ehtiramla ziyarət edən dahi şairə xitabən tükənməz məhəbbətlə yazır: "Ey Şeyx Nizami, qəbrini görüb, rəhmət oxuyub ruhundan təvəqqe edirəm: kamalının nöqtə qədərini bizə bəxş edəsən. Rütbətə çatmaq mümkün deyil". Məlum olduğu kimi, bir müddət sonra - 1879-cu ildə Məkkə ziyarətinə gedən Seyid Əzim Şirvani də Nizaminin məqbərəsini ziyarət edir və onun acınacaqlı vəziyyətindən təsirlənərək məşhur rübaisini söyləyir:
Ey Şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü-ehtişamı dağılan.
Olmayıbdır cahanda bir səninlə məntək,
Beyti, evi, məktəbi, kəlamı dağılan.
Türkçülük ideologiyası və hərəkatının aparıcı simalarından, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türk Tarix Qurumunun başqanı, "Türk Dərnəyi" və "Türk Ocağı" təşkilatlarının qurucularından biri və məşhur "Türk Yurdu" jurnalının baş redaktoru Yusif Akçura (1876-1935) 1924-cü ildə İstanbul Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümünə həsr olunmuş konfransda Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında geniş və dərin məzmunlu nitq söyləyir. Azərbaycana böyük məhəbbət bəsləyən dünya şöhrətli ideoloq Yusif Akçura çıxışının ədəbiyyata həsr etdiyi hissəsində klassiklərimizdən, o cümlədən Nizami Gəncəvidən də ilhamla bəhs edir: "Azərbaycan üləma və üdəbasından bir qismi bütün İslam Şərqində tanınılmışdır. Bəzilərini Avropa da tanıyır və təqdir edir" söyləyən natiq Şeyx Nizami Gəncəvinin adını birinci çəkir (ətraflı bax: "Yeni Qafqasya", №17,1925).
"Yeni Qafqasya" kimi Azərbaycan mühacirlərinin digər mətbu orqanları da Nizami irsinə tez-tez müraciət etmiş, dahi şairin yaradıcılığı haqqında çox sayda sanballı tədqiqat əsərləri qələmə almış, eyni zamanda qardaş Türkiyədə və digər Avropa ölkələrindəki Nizamişünaslıqla bağlı yenilikləri öz səhifələrində dərc etmişlər. Ankarada nəşr olunan "Mücahid" dərgisinin iyul - avqust nömrəsində "Nizaminin bir əsərinin türkcə tərcüməsi tapıldı" adlı xəbər bu baxımdan maraq doğurur. Xəbərdə deyilir: "Polşa səfirliyinin polyak şərqşünaslarının fəaliyyəti ilə bağlı mətbuata verdiyi açıqlamalarda professor Zajackovskinin çalışmalarına dair bu fikirlər də mövcuddur: "Professor Zajackovski bu arada XII yüzillikdə böyük şair Nizami tərəfindən orijinalını iranca tanzim etmiş olduğu və türkcə mənzuməsini tapmış 1342-ci ilə aid olduğu anlaşılan və ən əski əl yazısıyla yazılmış bu mənzumənin tərcüməsini etməyə müvəffəq olmuşdur. Professor Zajackovski bu əlyazma üzərində illərlə işləmişdir. Məşhur İran kralının gözəl prinses Şirinə olan eşqini 6 min beytlə anladan bu çox gözəl kitab əsasən bir romandır. Bununla birlikdə bu olay fəna nəticələnir, çünki gözəl prinses sevgilisinin məzarı üzərində intihar edir. Çox maraq doğuran bu əsəri professor ta Napoleon zamanında olan Paris Milli Kitabxanasından tapmışdır. Ehtimal olunur ki, bu əsərin üzü Misirdə yenidən köçürülmüş və Napoleonun əsgərləri tərəfindən Parisə aparılmışdır".
Yuxarıdakılarda bu qənaətə gəlmək olar ki, "söz dünyasının günəşi" Nizami haqqında müxtəlif məxəzlərdə, mənbələrdə maraqlı, Nizamişünaslığa və ümumiyyətlə, ədəbiyyatşünaslığımıza faydalı ola biləcək yeni materiallar sahə mütəxəssislərinin yolunu gözləyir.
"Ədəbiyyat qəzeti", 13 fevral, 2021