Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Nizami Gəncəvi - 880

Nəvizadə Ətayinin "Xəmsə”sində Nizami ənənələri - Nüşabə Araslı

29-01-2021 [ 12:12 ] [ oxunub:147 ]
printerA+ | A-
100488

Ni­za­mi Gən­cə­vi­nin dün­yə­vi şöh­rət qa­za­nan öl­məz ir­si or­ta əsr türk epik şei­rin­də ge­niş ya­yı­la­raq türk məs­nə­vi ədə­biy­ya­tı­nın in­ki­şa­fı­na mü­hüm tə­sir gös­tər­miş­dir. Or­ta əsr klas­sik türk poe­zi­ya­sı­nın gör­kəm­li nü­ma­yən­də­lə­ri da­hi şai­rin qa­baq­cıl ənə­nə­lə­ri­ni, sa­də­cə, da­vam et­dir­mə­miş, ona za­ma­nın mə­nə­vi-es­te­tik tə­lə­bi ba­xı­mın­dan ya­naş­mış, şai­rin bə­dii fi­kir ta­ri­xi­nə gə­tir­di­yi yük­sək bə­şə­ri ide­al­la­rı öz ədə­biy­yat­la­rı­nın spe­si­fik cə­hət­lə­ri­lə bir­ləş­di­rə­rək, ya­ra­dı­cı mü­na­si­bət­lə­ri, fər­di sə­nət­kar tə­bi­ət­lə­rin­dən irə­li gə­lən əla­və­lər­lə zən­gin­ləş­dir­miş­lər. Məhz bu­na gö­rə də türk epik poe­zi­ya­sı özü­nün mil­li sə­ciy­yə­si­ni bü­tün dövr­lər­də qa­ba­rıq gös­tə­rə bil­miş və onun gör­kəm­li təm­sil­çi­lə­ri Ni­za­mi ənə­nə­lə­ri­nin təq­lid­çi­lə­ri de­yil, da­vam­çı­la­rı, əsl mə­na­da, la­yiq­li xə­ləf­lə­ri ki­mi şöh­rət­lən­miş­lər. 
 Ni­za­mi ənə­nə­lə­ri­ni mil­li zə­min­lə bağ­lı ye­ni məz­mun və ori­ji­nal poe­tik bi­çim­də da­vam et­di­rən türk "Xəm­sə” mü­əl­lif­lə­ri içə­ri­sin­də XVI-XVII əsr­lər­də ya­şa­mış Nə­vi­za­də Əta­yi xü­su­si­lə se­çi­lir. 
 Əta­yi 1583-cü il­də zə­ma­nə­si­nin ta­nın­mış bi­li­ci­lə­rin­dən olan alim-şa­ir Nə­vi­nin ailə­sin­də dün­ya­ya göz aç­mış­dır. Əsər­lə­rin­də ata­sı haq­qın­da tez-tez söh­bət açan şa­ir bə­dii ya­ra­dı­cı­lı­ğı və özü­nün di­ni-fəl­sə­fi gö­rüş­lə­ri­lə ata­sı­nı iz­lə­di­yi­ni qü­rur his­si ilə bil­di­rə­rək de­yir:
 
Anın feyzidür dildə olan gühər, 
Həm ustaddır bana, həm pedər. 
Nola pişuva etsem ol arifi, 
O Camiyi-əsr idi, bən Hatifi[1]. [1, s.21]
Gör­dü­yü­müz ki­mi, şa­ir sə­ləf­lə­ri­nin hə­ya­tın­dan nü­mu­nə gə­ti­rə­rək ata­sı­nı Şər­qin mü­tə­səv­vif sə­nət­ka­rı Əb­dür­rəh­man Ca­mi­yə, özü­nü isə onun ba­cı­sı oğ­lu Ha­ti­fi­yə bən­zə­dir. Əta­yi baş­qa bir yer­də də: 
 
Peyrov oldum o piri-danaya, 
Bənzəmək xoşdur adam ataya. [2, s.152]
 
– de­yə­rək ata­sı­nı bi­li­ci us­tad ki­mi xa­tır­la­yır.
Əta­yi 1598-ci il­də ata­sı­nı itir­dik­dən son­ra təh­si­li­ni Əxi­za­də Əb­dül­hə­lim Əfən­di­nin ya­nın­da da­vam et­dir­mə­yə baş­la­yır. 1601-ci il­də İs­tan­bul Can­ba­zi­yə məd­rə­sə­si­nə mü­əl­lim tə­yin olu­nur. 1608-ci il­də Lo­fa­da, son­ra­lar Ba­ba Əs­ki, Var­na, Si­list­re, Tek­bur­da­ğı, He­zar­dağ, Ti­mo­va, Tur­ha­la, Ma­nastr və Us­kup­da qa­zi­lik edir. 
1635-ci il­də İs­tan­bu­la qa­yı­dan şa­ir ora­da dün­ya­sı­nı də­yi­şir. 
Əta­yi "Xəm­sə”si­nə da­xil məs­nə­vi­lə­rin­də öz uca şəx­siy­yə­ti ilə bağ­lı ma­raq­lı qeyd­lər edir, tez-tez mü­qəd­dəs­lər­lə xə­ya­li gö­rü­şün­dən söh­bət açır ki, bu da onun döv­rü­nün el­mi və di­ni-fəl­sə­fi gö­rüş­lə­ri­lə ya­xın­dan ta­nış olduğunu, mü­qəd­dəs şey­x ki­mi məş­hur­laş­dı­ğı­nı bil­di­rir. 
 Şa­ir "Xəm­sə”si­nin 2-ci əsə­ri "Nəf­xə­tül-əs­rar”da ba­ba­sı­nın XV əs­rin məş­hur xəl­və­tiy­yə şey­xi Gül­şə­ni ilə gö­rüş­mə­sin­dən bəhs edən böl­mə­də şey­xin cəz­bə­si, hik­mət və mö­cü­zə­lə­rin­dən da­nı­şar­kən bu gö­rüş za­ma­nı Gül­şə­ni­nin onun ba­ba­sı sa­lik Pir Əli­yə ev­lən­mə­yi töv­si­yə et­di­yi­ni və ona bir se­vim­li oğ­lu ola­ca­ğı haq­qın­da müj­də ver­di­yi­ni qeyd edir. Bu qey­ri-adi uşa­ğın gə­lə­cək­də maa­rif kəsb edə­rək uca mə­qa­ma ye­ti­şə­cə­yi­ni qa­baq­ca­dan ona söy­lə­yir. 
 Şai­rin bi­la­va­si­tə öz hə­ya­tı ilə bağ­lı olan bu və bu ki­mi he­ka­yə­lə­ri onun mü­qəd­dəs bir oca­ğın ye­tir­mə­si ol­du­ğu­nu bir da­ha təs­diq edir. 
 Mən­bə­lər Əta­yi­nin üs­kü­dar­lı Əziz Mah­mud Xu­dai­nin mü­ri­di ol­du­ğu­nu, Sul­tan II Mu­ra­da, Şey­xü­lis­lam Su­nul­la­ha, Yəh­ya bə­yə və döv­rü­nün di­gər nü­fuz­lu şəx­siy­yət­lə­ri və döv­lət adam­la­rı­na qə­si­də­lər həsr et­di­yi­ni qeyd edir­lər. Nə­vi­za­də Əta­yi­nin otuz bir qə­si­də, üç yüz üç qə­zəl, iki mər­si­yə, dörd mü­səd­dəs, bir mü­əş­şər, əl­li qi­tə, on üç rü­bai­dən iba­rət li­rik şe­ir­lər "Di­van”ı ol­du­ğu mə­lum­dur [3, s.40-42]. Bu­nun­la be­lə, türk ədə­biy­ya­tı ta­ri­xin­də şa­ir da­ha çox "Xəm­sə” mü­əl­li­fi ki­mi şöh­rət­lən­miş­dir. 
 Şai­rin "Sa­qi­na­mə”, "Nəf­xə­tül-əz­har”, "Söh­bə­tül-əb­rar”, "Həft xan” və "Xil­yə­tül-əf­kar” məs­nə­vi­lə­rin­dən iba­rət olan "Xəm­sə”si­nin ilk məs­nə­vi­si "Aləm­nü­ma” ("Sa­qi­na­mə”) 1617-ci il­də ya­zıl­mış­dır. Əsə­rin "Bai­se-təh­ri­ri-na­me və sə­bə­be-nəz­me-Sa­qi­na­me” ad­la­nan fəs­lin­də Əta­yi bir sə­hər ça­ğı sə­fa­lı ba­har nə­si­mi­nin də­rin dü­şün­cə­lə­rə da­lan şai­rə ye­ti­şə­rək ona feyz əy­ya­mı­nın gəl­di­yi­ni müj­də ver­di­yi­ni söy­lə­yir: Ba­ha­rın gö­zəl sə­hə­ri, ət­ra­fı bü­rü­müş əl­van çi­çək­lə­rin xoş ət­ri, quş­la­rın şən nəğ­mə­lə­ri, Sa­qi və Mü­ğən­ni onu ru­mi di­lin­də das­tan ya­rat­ma­ğa ruh­lan­dı­rır, öz­lü­yün­də fi­kir­lə­şir ki:
 
Niçün etməyə bunu bir dastan
Zühuri-pəsəndani-rumi zəban?
İdüb müstəqil yəni bir məsnəvi, 
Utandırmaya şiveye-Xosrovi?... [1, s.13]
 
 Əta­yi bu fə­sil­də ana­dil­li şei­rin tə­əs­süb­keş təb­li­ğat­çı­sı ki­mi çı­xış edir. Fars­dil­li poe­zi­ya­nın məs­nə­vi­də üs­tün­lü­yü­nü xü­su­si vur­ğu­la­yan şa­ir, məd­hiy­yə şei­ri və qə­zəl­də rum­lu qə­lə­mi­nin da­ha qüv­vət­li odu­ğu­nu diq­qə­tə çat­dı­rır. 
 "Aləm­nü­ma” əsə­ri baş­dan-ba­şa mil­li zə­min­də, doğ­ma ədə­biy­ya­tın ənə­nə­lə­ri üzə­rin­də mey­da­na gəl­miş­dir. Əta­yi əsər­də şe­ir, söz sə­nə­ti və sə­nət­kar­la bağ­lı mü­la­hi­zə­lə­rin­də də doğ­ma di­lin üs­tün­lük­lə­ri­ni dö­nə-dö­nə xa­tır­la­dır, fars­dil­li məs­nə­vi şei­ri­nin mü­hüm ro­lu­nu qeyd et­mək­lə ya­na­şı, ona ya­ra­dı­cı ya­naş­ma­ğı, təq­lid­dən, tər­cü­mə­dən çə­kin­mə­yi töv­si­yə edir. Bu­nu Əta­yi "Xəm­sə”si­nə da­xil di­gər əsər­lə­rin də bə­dii ru­hun­da, məz­mun və fik­ri is­ti­qa­mət­lə­rin­də ay­dın gör­mək olur. 
 
Ki mədhü təğazüldə Rumiqələm, 
Olub qalibi-sahirani-əcəm. 
Ço şəmşiri-xunriziye-Osmaniyan
Zühur etdi ricali-Türki zəban... [1, s.14]
 
 Bu ba­xım­dan Nə­vi­za­də Əta­yi döv­rün bə­dii mən­zə­rə­si­ni əks et­di­rən, poe­zi­ya­nın əcəm tə­si­ri və fars di­li­nin nü­fu­zun­dan xi­las olub mil­li­ləş­mə­yə doğ­ru in­ki­şa­fı­nı rəğ­bət­lə iz­lə­yən, təq­dir edən və­tən­pər­vər şa­ir ki­mi diq­qə­ti cəlb edir. 
 Əta­yi "Xəm­sə”si­nin bi­rin­ci məs­nə­vi­si olan "Aləm­nü­ma”nı Ni­za­mi­nin "İs­kən­dər­na­mə” poe­ma­sı­nın ilk his­sə­si "Şə­rəf­na­mə”nin tə­si­ri­lə qə­lə­mə al­mış­dır. Əsə­rin həm də "Sa­qi­na­mə” adı ilə məş­hur­laş­ma­sı da bu­nun­la bağ­lı­dır. 
 
"Xəmsə” ərbabına idüb təqlid
Eylədim pəncegiriye-xurşid. 
Əvvəla vadiyi-Şərəfnamə
Oldu caye-tətəbbüye-xamə... [1, s.275]
 
 
 
 "Xəm­sə”nin 2-ci əsə­ri "Nəf­xə­tül-əz­har” ("Çi­çək­lə­rin nə­fə­si”) ad­la­nır. Əta­yi bu məs­nə­vi­dən son­ra 1625-ci il­də "Söh­bə­tül-əb­kar” ("Ba­ki­rə­lə­rin söh­bə­ti”) məs­nə­vi­si­ni ya­zır. Ə.Ca­mi­nin "Söh­bə­tül-əb­rar”ı ("Mü­qəd­dəs­lə­rin söh­bə­ti”) mü­qa­bi­lin­də qə­lə­mə al­dı­ğı bu əsər­də şa­ir hər böl­mə­nin ilk his­sə­sin­də qoy­du­ğu di­ni-fəl­sə­fi və hə­ya­ti prob­lem­lə­ri son­ra­kı his­sə­də yer alan he­ka­yə­lər­də epik löv­hə­lər­lə şərh edir.
Əta­yi "Xəm­sə”nin "Həft­xan” ad­la­nan dör­dün­cü məs­nə­vi­si­ni Ni­za­mi­nin "Həft pey­kər” əsə­ri­nin tə­si­ri­lə, hət­ta ona nə­zi­rə ola­raq 1626-cı il­də yaz­mış­dır. 
 "Xəm­sə”nin son əsə­ri olan "Xil­yə­tül-əf­kar” Os­man­lı döv­lə­tin­də ya­şa­mış ülə­ma və şeyx­lə­rin hə­yat və fəa­liy­yə­ti­nə həsr olu­nur. Əta­yi on­la­rın əsər­lə­ri haq­qın­da da ət­raf­lı mə­lu­mat ve­rə­rək dövr və ic­ti­mai-mə­də­ni mü­hit­lə bağ­lı ay­dın tə­səv­vür ya­rat­ma­ğa ça­lı­şır. 
 Əta­yi əsər­lə­rin­də sə­ləf­lə­ri­ni tez-tez həm də bö­yük eh­ti­ram­la xa­tır­la­yır. Söz sə­nə­ti, döv­rün ədə­bi-bə­dii is­tə­yi, mə­də­ni-mə­nə­vi tə­lə­bat­la bağ­lı şəx­si dü­şün­cə­lə­ri­ni qə­lə­mə alır. Bu­nun­la be­lə, Əta­yi əsər­lə­ri­ni yük­sək qiy­mət­lən­di­rir, sə­ləf­lə­ri­nin ənə­nə­lə­ri­ni lə­ya­qət­lə da­vam et­dir­di­yi­ni də qü­rur his­si­lə bil­di­rir. "Həft xan”da oxuyu­ruq: 
 
Oldu "Aləmnüma” ki, surətyab, 
Saldı "Ayineyi-İskəndər”ə tab. 
Saniya oldu "Nəfxətül-əzhar”, 
Pərtovi-nəqşi "Mətləül-ənvar”. 
Buyi-dilkeş ke xəlqi məst etdi, 
"Məxzən”in payəsini pəst etdi. 
İrdi o gövhəri-miyanına dəst, 
Rövnəqi-Şeyxiyə irişdi şikəst. 
Salisa nəzmi "Söhbətül-əbkar”, 
Oldu silki gühər kibi həmvar. 
"Həft peykər” ki oldu pişnəhad, 
Oldu axər cəvabi-dəlqi-murad. 
Yeddi Məclis olub tərazəndə, 
"Həft əxtər”lə oldu nazəndə. [1, s.275]
 
 Gö­rün­dü­yü ki­mi, Əta­yi özü­nün şa­ir­lik is­te­da­dı­nı klas­sik Şərq poe­zi­ya­sı­nın gör­kəm­li si­ma­la­rı­nın əsər­lə­ri ilə mü­qa­yi­sə­də də­yər­lən­di­rir. Zə­ma­nə­si­nin ədə­bi-mə­də­ni hə­ya­tı, di­ni-fəl­sə­fi gö­rüş­lə­ri ilə ya­xın­dan ta­nış olan şa­ir Şərq bə­dii-fəl­sə­fi fik­ri­nin Möv­la­na Cə­la­ləd­din, Nə­si­mi, Xos­rov Dəh­lə­vi, Sə­di Şi­ra­zi, Ha­fiz, Nə­vai, Ca­mi, Gül­şə­ni, Taş­lı­ca­lı Yəh­ya, Şey­xi, Rə­va­ni və baş­qa gör­kəm­li nü­ma­yən­də­lə­ri­ni tez-tez xa­tır­la­yır, di­ni-ta­ri­xi şəx­siy­yət­lər, fi­kir adam­la­rı ilə bağ­lı ma­raq­lı mü­la­hi­zə­lər söy­lə­yir. Bu ba­xım­dan onun ta­nın­mış "Xəm­sə” mü­əl­lif­lə­ri, ilk növ­bə­də bu ənə­nə­nin ba­ni­si olan Ni­za­mi Gən­cə­vi­yə mü­na­si­bə­ti xü­su­si­lə diq­qə­tə­la­yiq­dir. 
 Ni­za­mi tə­si­ri, qeyd olun­du­ğu ki­mi, Əta­yi "Xəm­sə”si­nin ilk hal­qa­sı "Aləm­nü­ma”dan baş­la­ya­raq şai­rin ək­sər məs­nə­vi­lə­rin­də özü­nü gös­tə­rir. Bu­nu onun da­hi sə­lə­fi­nin məs­nə­vi­yə gə­tir­di­yi "Sa­qi­na­mə” və "Mü­ğən­ni­na­mə”lə­rə mü­ra­ciət­lə­rin­də da­ha ay­dın gör­mək olur. 
 Əta­yi­nin Ni­za­mi­nin "Məx­zə­nül-əs­rar”ına ca­vab ola­raq yaz­dı­ğı "Nəf­xə­tül-əz­har” əsə­ri qu­ru­luş, vəzn ba­xı­mın­dan ol­du­ğu ki­mi "nəf­xə” ad­la­nan böl­mə­lər­də qo­yu­lan ək­sər prob­lem­lər­lə də Ni­za­mi­nin "Məx­zə­nül-əs­rar”ına ya­xın­la­şır. "Nəf­xə­tül-əz­har” da, Ni­za­mi əsə­rin­də ol­du­ğu ki­mi, "Bis­mil­lah”ın tə­ri­fi ilə baş­la­yır.
 
Bismillahiərrəhmanir-rəhim
Fehrisi-ğərrayi-kitabi-kərim. 
Sərsoxəni-nüsxeyi-fəzlül-xitab, 
Taci-tərazəndeyi-ümmül kitab... [1, s.43]
 
 Əsə­rin Ni­za­mi tə­si­ri ay­dın du­yu­lan bu baş­lan­ğıc his­sə­si özü­nün məz­mu­nu, həc­mi­nin da­ha ge­niş­li­yi, xü­su­si­lə şai­rin "Bəs­mə­lə”ni təş­kil edən hərf­lər­lə bağ­lı dü­şün­cə­lə­ri­nin ifa­də­si ilə se­çi­lir. 
Əta­yi döv­rü­nün ic­ti­mai-mə­də­ni du­ru­mun­dan bəhs açır. Zə­ma­nə əh­li­ni dü­şün­dü­rən so­si­al-ideo­lo­ji prob­lem­lə­rə to­xu­nur. Əsər­də əda­lət və adil hökm­dar mə­sə­lə­lə­ri­nə cə­miy­yə­tin in­ki­şa­fın­da şa­hın mə­su­liy­yət­li ro­lu­na xü­su­si böl­mə­lər həsr edi­lir. Şa­ir özü­nün cəhl­dən, na­dan­lıq­dan uzaq ağı­la, bi­li­yə əsas­la­nan cə­miy­yət və qə­za et­mə­yi ba­ca­ran əda­lət­li ha­kim­lə bağ­lı ar­zu­la­rı­nı ifa­də edə­rək:
 
Xosrovi-adil ki, ədalət edər, 
Aləmi lütfilə imarət edər. 
...Hakim olan aqil u dana gərək, 
Qüvvətü əqildə tavana gərək. 
Gahi çəkib tiği-cəvahirfəşan
Tiğ kibi dəxi ola rütəblisan...[1, s.66], 
– deyir.
 Şa­ir bu əsə­rin­də eşq və onun tə­səv­vü­fi an­la­mı ilə bağ­lı gö­rüş­lə­ri­nə də ge­niş yer ve­rir. "Nəf­xə­tül-əz­har”da, "Sir­lər xə­zi­nə­si”ndə ol­du­ğu ki­mi, ya­zıl­dı­ğı döv­rün ic­ti­mai-si­ya­si mən­zə­rə­si, ak­tu­al prob­lem­lə­ri və şai­rin müa­sir­lə­ri­nin bə­dii ob­raz­la­rı ək­si­ni tap­maq­da­dır. Əta­yi də Ni­za­mi­ni iz­lə­yə­rək hər "nəf­xə”də qoy­du­ğu əx­la­qi-tə­li­mi mə­sə­lə­lə­ri ver­di­yi he­ka­yə­lər­də şərh et­mə­yə ça­lı­şır. Hər iki şai­rin əsə­rin­də şe­ir, şa­ir­lik, bə­dii sö­zün yük­sək də­yə­ri ilə bağ­lı ma­raq­lı mü­la­hi­zə­lər­lə qar­şı­la­şı­rıq. Doğ­ru­çu­luq, az da­nış­ma­ğın mə­ziy­yə­ti, ya­lan­çı za­hid­lə­rin tən­qi­di, hiy­lə­dən çə­kin­dir­mək, dün­ya­ya uy­ma­maq, hü­nə­rin, bi­li­yin fay­da­sı, el­mə rəğ­bət və baş­qa bu ki­mi etik-əx­la­qi gö­rüş­lə­rin təl­qi­ni də şai­rin bu əsə­ri­ni Ni­za­mi­nin "Məx­zə­nül-əs­rar”ına ya­xın­laş­dı­rır. Əta­yi də sə­lə­fi­nin yo­lu ilə ge­də­rək şöh­rət­pə­rəst, ta­mah­kar in­san­la­ra eti­ra­zı­nı bil­di­rir, müa­sir­lə­ri­ni tə­va­zö­kar, qə­na­ət­cil ol­ma­ğa, hü­nə­ri, ağı­lı yük­sək də­yər­lən­dir­mə­yə ça­ğı­rır. 
 Şai­rin doğ­ru­çu ol­maq, hə­qi­qə­ti uca tut­maq, hiy­lə­dən, ya­lan­dan çə­kin­di­rən öyüd­lə­ri də Ni­za­mi gö­rüş­lə­ri ilə ya­xın­dan səs­lə­şir. 
 
Doğru ilə himmət olur balüpər, 
Hər sifəti, hər sözü daşdan keçər. 
Rastlıq sərvi edər sərfəraz, 
Bağü bahar içrə bulur imtiyaz. 
Bid[2] ke zibi-çəmən ü bağ olur, 
Keçə-gələ yalımı alçaq olur. 
 
 
Tak[3] dirərkən nəəmi-bikəran[4], 
Turma yenə kəsmədədür bağban. 
Əqri olan kənduyə eylər ziyan, 
Dəstkeşi-aləm olur çun kəman. 
 
 Əta­yi­nin bu beyt­lə­ri Ni­za­mi­nin "Sir­lər xə­zi­nə­si” əsə­rin­də­ki 14-cü mə­qa­lə­də doğ­ru­luq­la bağ­lı de­yi­lən aşa­ğı­da­kı beyt­lə­ri­ni ya­da sa­lır:
 
از کژی افتی به کم و کاستی           از همه غم رستی اگر راستی
گل ز کژی خار در آغوش یافت      نیشکر از راستی آن نوش یافت 
[4, s.138] 
 
 (Əy­ri­lik­dən əskik­li­yə dü­şər­sən, düz ol­san, bü­tün qəm­lər­dən qur­ta­rar­san. Gül əy­ri­lik­dən qu­ca­ğın­da ti­kan tap­dı. Şə­kər qa­mı­şı ba­lı düz­lük­dən tap­dı.)
 Ni­za­mi "Xos­rov və Şi­rin” əsə­rin­də doğ­ru sö­zün möh­tə­şəm ol­du­ğu­nu bil­di­rər­kən ya­zır:
 
چو صبح صادق آمد راست گفتار     جهان در زر گرفتش محتشم وار
چو سرو از راستی برزد علم را       ندید اندر خزان تاراج غم را
 [4, s.138]
 
 (Süb­hi-sa­diq doğ­ru­çu ol­du­ğun­dan dün­ya onu qı­zı­la tu­tub möh­tə­şəm et­di. Sərv doğ­ru­luq­dan bay­raq qal­dır­dı­ğı üçün pa­yız­da qə­min ta­ra­cı­nı gör­mə­di.) 
"Nəf­xə­tül-əz­har”ı Ni­za­mi əsə­ri ilə bir­ləş­di­rən cə­hə­tlər­dən bi­ri də Əta­yi­nin söz sə­nə­ti ilə bağ­lı dü­şün­cə­lə­ri­nin ifa­də­sin­də özü­nü gös­tə­rir. Əta­yi də bə­dii sö­zü yük­sək də­yər­lən­di­rə­rək gö­zəl bi­çim­li, qa­fi­yə­li sö­zün, yə­ni şei­rin ila­hi mə­na­sı, mə­nə­vi hə­yat­da­kı çox­cə­hət­li funk­si­ya­sı üzə­rin­də ge­niş da­ya­nır:
 
Sözdür olan hasili-kani-vücud,
Sözdür olan gövhəri-dəryayi-cud,
Sözdür olan nəğmeyi-yahuye-raz,
Sözdür olan nəğmeyi-suzu-qodaz,
Söz ki olur meyveyi-tərdən ləziz,
Eşqlə cüllabi-şəkərdən ləziz,
Şerdir ilhami-nigahbani-qeyb, 
Şerdir ilhami-zəbandani-qeyb,
Şerilə fəhm oldu kəlami-xuda, 
Şeri süar eylədilər övliya. [1, s.70]
 
 Əta­yi sö­zün tə­ri­fin­dən ge­niş bəhs aç­dı­ğı "Nəf­xə­tül-əz­har”ın­da Ni­za­mi­nin bu möv­zu ilə bağ­lı fi­kir­lə­ri­nə ya­xın mü­la­hi­zə­lər söy­lə­mək­lə ya­na­şı, ye­ri düş­dük­cə Şər­qin gör­kəm­li söz us­tad­la­rı­nın da ad­la­rı­nı xa­tır­la­ya­raq Mol­la­yi Ru­mi, Ni­za­mi, Xos­rov Dəh­lə­vi, Sə­di, Ca­mi, Ha­fiz ki­mi sə­nət­kar­la­rın bə­dii sö­zün qüd­rə­ti sa­yə­sin­də uca­la­raq əbə­di şöh­rət qa­zan­dıq­la­rı­nı bil­di­rir. Şe­ir­lə bağ­lı dü­şün­cə­lə­ri­ni də Ni­za­mi­nin "Sir­lər xə­zi­nə­si” əsə­rin­də­ki: 
 
پیش و پس بست صف کبر         یا پس شعرا آمد و پیش انبیا [1, s.91] 
 
(Mü­qəd­dəs­lər ön və ar­xa­ya dü­zü­lüb sı­ra bağ­la­dı­lar. Əv­vəl pey­ğəm­bər­lər, son­ra şa­ir­lər gəl­di) – bey­ti­ni təz­min et­mək­lə təs­diq­lə­yir. 
Şa­ir öz şei­ri­ni sə­ləf­lə­ri­nin əsər­lə­ri ilə mü­qa­yi­sə edə­rək on­la­rın sə­viy­yə­si­nə yük­səl­mək üçün la­yiq­li bir pi­rin kö­mə­yi­ni zə­ru­ri sa­yır: 
Hər birinin qıl nəzər asarinə, 
"Məxzən”inə, "Mətləi-ənvar”inə. 
Hiç kəramətsiz olurmu bu kar?
Cümləmizin əqli var, idrakı var. 
Şeir bunun kibilərin halıdır, 
Bən dedigüm bunların oxşarıdır. [1, s.71]
 
 Əta­yi sə­ləf­lə­ri­nin əsər­lə­ri mü­qa­bi­lin­də öz "Nəf­xə­tül-əz­har”ını təq­lid he­sab edir. An­caq bu­nun özü­nün də asan iş ol­ma­dı­ğı­nı, bö­yük hü­nər tə­ləb et­di­yi­ni diq­qə­tə çat­dı­ra­raq sə­nət alə­min­də bö­yük sə­nət­kar­la­rı iz­lə­di­yi­ni ona nöq­san tu­tan müa­sir­lə­ri­nə də Ni­za­mi əsə­rin­dən təz­min et­di­yi aşağıdakı beytlə cavab vermişdir:
 
هست در این دایره لاجیورد             مرتبه مرد به مقدار مرد[1, s.105] 
 
(Bu ma­vi dai­rə­də in­sa­nın rüt­bə­si onun mərd­li­yi qə­dər­dir)
 
Əta­yi "Nəf­xə­tül-əz­har” əsə­rin­də söz sə­nə­ti­nə həsr et­di­yi 3-cü nəf­xə­də də bə­dii sö­zün yük­sək də­yə­ri ilə ya­na­şı, Ni­za­mi sə­nə­ti, "Xəm­sə” mü­əl­lif­lə­ri, Ni­za­mi ənə­nə­lə­ri­ni iz­lə­yən sə­nət­kar­la­rın ya­ra­dı­cı­lı­ğı, şai­rin əsər­lə­ri­nin sə­nət alə­min­də oyat­dı­ğı əks-sə­da haq­qın­da söh­bət açır. Əta­yi sə­ləf­lə­ri və on­la­rın əsər­lə­ri­ni sa­də­cə tə­rif­lə­mir, da­hi Ni­za­mi­ni fə­zi­lə­ti ha­mı­ya əyan olan uca şəx­siy­yət, zə­ma­nə­si­nin ta­yı-bə­ra­bə­ri ol­ma­yan ye­ga­nə göv­hə­ri ad­lan­dı­rır. "Xəm­sə” mü­əl­lif­lə­ri­nin heç bi­ri­si­nin onun mə­qa­mı­na yük­sə­lə bil­mə­di­yi­ni xü­su­si vur­ğu­la­ya­raq:
 
Fəzli həqiqətdə əyandır yenə, 
Gövhəri-yektayi-zəmandır yenə. 
"Xəmsə”sinin həmsəri nayabdır, 
Dürri-yeganə, göhəri-nabdır. 
"Xəmsə” deyən çünki deyil həmənan
Hiç bərabərmi olur beş bənan.[5] [1, s.72] 
 
– deyir. 
Əta­yi sə­lə­fi ilə bağ­lı mü­la­hi­zə­lə­rin­də döv­rü­nün şe­ir-sə­nət ma­raq­lı­la­rı, söz sə­nə­ti­nin oxu­cu və din­lə­yi­ci­lə­rə tə­si­ri mə­sə­lə­si­nə to­xu­nur. Şai­rə gö­rə, an­caq bə­dii sö­zün mə­na və bə­dii in­cə­lik­lə­ri­ni dərk edən sə­nət bi­li­ci­lə­ri, elm və ir­fan sa­hib­lə­ri tə­rə­fin­dən an­la­şı­lan şe­ir cəl­be­di­ci məz­mu­nu və za­hi­ri gö­zəl­li­yi ilə adi oxu­cu­la­rı hey­ran edən şe­ir­dən fərq­lə­nir:
 
Şeirin olur kimisi məqbuli-xas, 
Kimi bulur amiyyəyə ixtisas. 
Az düşər ki, ola lütfi-qədər, 
Xaspəsənd olavü həm amgər... [1, s.72]
 
 Əta­yi adı­nı xü­su­si qeyd et­mə­sə də, Ni­za­mi əsər­lə­ri­nin həm in­cə dü­şün­cə­li arif in­san­la­rın, həm də adi şe­ir-sə­nət se­vər­lə­rin zöv­qü­nə uy­ğun olub ümum­xalq mə­həb­bə­ti qa­zan­dı­ğı­na xü­su­si diq­qət ye­ti­rir, bu­nu Ni­za­mi sə­nə­ti­ni fərq­lən­di­rən əla­mət­dar ciz­gi ki­mi təq­dim edir.
Əta­yi­nin sə­ləf­lə­ri ilə bağ­lı be­lə ədə­bi-nə­zə­ri gö­rüş­lə­ri onun bu nəf­xə­də ək­si­ni ta­pan "Das­ta­ni-xa­bi-Xos­ro­vi-Hin­di və hü­cum kər­də­ne Şeyx Ni­za­mi və mə­dəd­rə­si­ye-qut­be-aləm Ni­za­məd­din Dəh­lə­vi qud­səl­la­hi-əs­ra­ri­hum” (Hin­du Xos­ro­vun yu­xu­su və Şeyx Ni­za­mi­nin hü­cum et­mə­si və alə­min qüt­bü Ni­za­məd­din Dəh­lə­vi­nin kö­mə­yə gəl­mə­si haq­qın­da das­tan) – qüd­səl­la­hi-əs­ra­ri­hum – he­ka­yə­sin­də də şərh olu­nur. 
He­ka­yə­nin məz­mu­nu Ni­za­mi­nin "Məx­zə­nül-əs­rar”ın­da­kı:
 
تیغی ز الماس سخن ساختم           هر که پس آمد سرش انداختم [4, s.76] 
(Söz al­ma­zın­dan bir xən­cər dü­zəlt­dim, ar­xam­ca gə­lən­lə­rin ba­şı­nı vu­rub sal­dım.)
 
– bey­ti əsa­sın­da qu­rul­muş­dur. 
He­ka­yə­də de­yi­lir ki, Ni­za­mi Gən­cə­vi­dən son­ra ikin­ci "Xəm­sə” mü­əl­li­fi ki­mi ta­nı­nan, şai­rin gör­kəm­li da­vam­çı­sı Xos­rov Dəh­lə­vi özü­nün gö­zəl qə­zəl­lə­ri, qi­tə və qə­si­də­lə­ri ilə məş­hur­laş­dıq­dan son­ra məs­nə­vi yaz­ma­ğa baş­la­yır, get-ge­də ka­mil­lə­şə­rək Şeyx Ni­za­mi­nin ar­dı­cı­lı olub "Pənc gənc” yaz­maq ar­zu­su­na dü­şür. 
 
Həzrəti-Şeyx ilə olub pəncəgir, 
"Xəmsə”yə əl vurdi ol qərrənde şir.
 
 
 Əta­yi sə­nət qüd­rə­tin­dən eh­ti­ram­la da­nış­dı­ğı Xos­rov Dəh­lə­vi­nin ya­ra­dı­cı­lı­ğı­nı yük­sək qiy­mət­lən­dir­sə də, Ni­za­mi ilə mü­qa­yi­sə­də üs­tün­lü­yü Gən­cə us­ta­dı­na ve­rir. Onun Ni­za­mi ilə be­lə cə­sa­rət­li rəf­ta­rı­nı təq­dir et­mir, sə­lə­fi qar­şı­sın­da öyün­mə­si­ni na­ra­zı­lıq­la bil­di­rir. 
Qürrə olub qüvvəti-bazusinə
Dimədi kəsr irişə nirusinə. 
Xeyli dəliranə zühur eylədi,
Tərki-ədəb etdi qürur eylədi 
Bilmədi ki, şeyxi-kəramətpənah
Eylədi hər beyti ilə səddi-rah. 
"Tiği ze əlmasi-soxən saxtəm, 
Hər ke pəs aməd sərəş əndaxtəm”. [1, s.71]
 
 Gör­dü­yü­müz ki­mi, sə­lə­fi­nin hər bey­ti ilə son­ra­dan gə­lən şa­ir­lə­rin yo­lu­nu kəs­di­yi­ni bil­di­rən şa­ir, onun "Sir­lər xə­zi­nə­si”ndə yer alan və yu­xa­rı­da qeyd et­di­yi­miz:
 
تیغی ز الماس سخن ساختم              هر که پس آمد سرش انداختم 
 
(Söz al­ma­zın­dan bir qı­lınc dü­zəlt­dim, ar­xa­dan gə­lən­lə­rin baş­la­rı­nı vu­rub sal­dım.)
– bey­ti­ni də təz­min edir.[6] He­ka­yə­də bey­tin mə­na­sı­nı şərh et­mə­yə ça­lı­şa­raq şa­ir ya­zır:
 
Qəsdi bu ki, olmaya hərgiz qoşad, 
Qala tilism ilə bu gənci-murad. 
..Ərseye-nəzminin olub kamili, 
Sonra gələn bulmaya bu mənzili. 
Kənduyə bu dövlət ola münhəsir,
Olmaya bir fərdə müyəssər bu sirr,
Xatimeye-dövləti-irfan ola, 
Ol da bu vadidə Süleyman ola. [1, s.71]
 
 Əta­yi Ni­za­mi­nin sö­zü ge­dən bey­tin­də şai­rin fəx­riy­yə şei­ri­nə xas ob­raz­lı tərz­də ifa­də olu­nan bə­dii məq­sə­di­nin iza­hın­da da­ha çox sub­yek­tiv gö­rüş­lə­rin­dən çı­xış et­sə də, şai­rin Ni­za­mi­nin bu bey­ti üzə­rin­də da­yan­ma­sı, fik­ri­ni  "Məx­zə­nül-əs­rar”dan et­di­yi təz­min­lər­lə sü­but et­mə­si onun Ni­za­mi ir­si­nə də­rin­dən bə­ləd­li­yi­ni və sə­lə­fi­nin sə­nət qüd­rə­ti­nə ina­mı­nı gös­tə­rir. 
He­ka­yə­də Deh­li şə­hə­rin­də o za­man­lar Xos­rov Dəh­lə­vi­yə bö­yük mə­həb­bət bəs­lə­yən uca mə­qam­lı bir şey­xin ya­şa­dı­ğı nəql olu­nur. Əta­yi Xos­rov Dəh­lə­vi­nin öz "Xəm­sə”si­ni yaz­dıq­dan son­ra özü­nə qür­rə­lə­nə­rək Ni­za­mi­nin "Xəm­sə”si haq­qın­da xo­şa­gəl­məz söz­lər söy­lə­di­yi­ni de­yir. Hə­min ge­cə yu­xu­da onun göz­lə­ri­nə Gən­cə­də­ki xə­zi­nə, yə­ni Ni­za­mi gö­rü­nür. An­caq o, şai­rin tə­biə­ti ilə uy­ğun­laş­ma­yan bir tərz­də qə­zəb­li, hid­dət­lə xə­lə­fi­nə hü­cum edə­rək ona qı­lınc çə­kir. 
Əta­yi bu səh­nə­ni ma­raq­lı bir şə­kil­də təs­vir edə­rək he­ka­yə­də Ni­za­mi­nin ob­ra­zı­nın şai­rin öz bey­ti­nə uy­ğun bir tərz­də Xos­ro­va gö­rün­dü­yü­nü gös­tə­rir. 
 
Oldu haman nitə ki, ruzi-şümar, 
Gəncədəki gənci-dəfin aşikar. 
Gənc, vəli əjdərivar səhmnak, 
Tiğ tilisimindən olur zəhrnak. 
Yəni gəlib Həzrəti-şeyxi-füzin, 
Ərreyi-omr idi cəbinində çin. 
Zahir idi hiddəti manəndi-bərq, 
Tiği əlində nitə kim şahi-Şərq. 
Yürüdü üstünə o Mərrixçehr, 
Etməyə qəltidə sərin həmçü mehr. [1, s.191]
 
Əlac­sız qa­lan Xos­rov Dəh­lə­vi Al­la­ha yal­va­rıb on­dan kö­mək is­tə­yir. Bu za­man Əmir Xos­ro­vun öz şey­xi onun kö­mə­yi­nə gə­lir. Əli­ni qı­lın­cın qa­ba­ğı­na si­pər edə­rək Xos­ro­vu qur­ta­rır. Qı­lınc şey­xin qo­lu­nu ya­ra­la­yır, Xos­rov töv­bə edə­rək xi­las olur. 
Sə­hər ol­caq Xos­rov gə­lib şey­xi­nə gör­dü­yü yu­xu­nu da­nı­şır, Şey­xi qo­lu­nu açıb iki qı­lınc ya­ra­sı­nı ona gös­tə­rir. Bu əh­va­lat­dan son­ra Xos­rov Dəh­lə­vi­nin şey­xi­nə olan ix­la­sı da­ha da ar­tır. O, Ni­za­mi­yə də ürək­dən eti­qad edə­rək ona da­ha çox mə­həb­bət bəs­lə­yir: 
 
Dinlədi bu vaqiəni Dəhləvi, 
Eylədi ixlas ilə sidqin qəvi. 
Şeyx Nizamiyə idub etiqad, 
Qədrini gündən-günə bildi ziyad. [1, s.73]
 
 Ni­za­mi bey­ti­nin xalq içə­ri­sin­də do­ğur­du­ğu, bəl­kə, elə Əta­yi­nin özü­nün ya­rat­dı­ğı rə­va­yə­tə əsas­la­nan bu sim­vo­lik sə­ciy­yə­li he­ka­yə bir da­ha Ni­za­mi əsər­lə­ri­nin türk ədə­bi ic­ti­ma­iy­yə­ti­nin diq­qət mər­kə­zin­də du­ra­raq mə­həb­bət­lə iz­lə­nil­di­yi­ni gös­tə­rir. 
 Əv­vəl də qeyd et­di­yi­miz ki­mi, Ni­za­mi sə­nə­ti Əta­yi "Xəm­sə”si­nə da­xil olan əsər­lə­rin, de­mək olar ki, ha­mı­sın­da bö­yük eh­ti­ram və mə­həb­bət­lə xa­tır­la­nır. Şa­ir bi­la­va­si­tə Ni­za­mi tə­si­ri­lə yaz­dı­ğı əsər­lə­rin­də ("Aləm­nu­ma”, "Nəf­xə­tül-əz­har”, "Həft xan”) ol­du­ğu ki­mi, şai­rin da­vam­çı­la­rı olan Ə.Ca­mi, T.Yəh­ya və baş­qa "Xəm­sə” ("Həft ourəng”) mü­əl­lif­lə­ri­nin əsər­lə­ri­nin tə­si­ri­lə qə­lə­mə al­dı­ğı məs­nə­vi­lə­rin­də də Ni­za­mi şei­ri­nə mü­na­si­bət bil­dir­miş, sə­lə­fi­nin ənənə­lə­ri­ni va­si­tə­li yol­la da­vam et­dir­miş­dir. Nü­mu­nə üçün, Əta­yi­nin Ə.Ca­mi­nin "Süb­hə­tül-əb­rar” məs­nə­vi­sin­nin tə­si­ri ilə yaz­dı­ğı "Söh­bə­tül-əb­kar” əsə­ri­nə nə­zər sa­laq. Ni­za­mi ilə bağ­lı­lıq bu əsər­də­ki "Söh­bət” ad­la­nan böl­mə­lər­də ək­si­ni ta­pan ic­ti­mai-əx­la­qi prob­lem­lər­lə ya­na­şı, şai­rin sə­nət dü­ha­sı­nın ge­niş şə­kil­də tə­ri­fi, Əta­yi­nin xalq içə­ri­sin­də ya­yıl­mış ta­rix­lə bağ­lı rə­va­yət­lə­rə, xalq he­ka­yət­lə­ri­nə, onun öz qeyd­lə­ri­nə mü­ra­ciə­tin­də də ay­dın gö­rü­nür. Əta­yi "Xəm­sə”si­nin 3-cü əsə­ri olan bu məs­nə­vi­də "Sö­zün fə­zi­lə­ti və gö­zəl­li­yi”nə həsr olu­nan 33-cü söh­bət­də yer alan "Das­ta­ni-Qı­zıl Ars­lan ba Şeyx Ni­za­mi qəd­də­sə sir­rə­hu (Qı­zıl Ars­lan ilə Şeyx Ni­za­mi ilə (qəb­ri nur­la dol­sun)” das­ta­nın­da oxu­yu­ruq:
 
Qıldı çun Gəncədə gəncinə qoşa
Həzrəti-şeyxi-Nizamiye-xoda. 
Oldu ərbabi-dilə hadiye-rah, 
Qəddəsəllah təaliye-sirrah. 
Şeirlə qədri irub Şərayə, 
Verdi feyzi şüərayə vayə. [1, s.191]
 
 Şai­rin şöh­rə­ti­nin sə­da­sı gə­lib zə­ma­nə hökm­da­rı Qı­zıl Ars­la­na ça­tır. Şah onun­la gö­rüş­mək is­tə­yir və onu sa­ra­yı­na də­vət edir. 
 
Çunke quş etdi Atabək anı, 
Əsrinin yəni Qızıl Arslanı. 
Canilə mayil olub söhbətinə, 
Eylədi dəvət onu məclisinə... [1, s.191]
 
 Şa­ha Ni­za­mi­nin xəl­vət­də mə­qam tut­du­ğu­nu, onun hü­zu­ru­na gə­lə bil­mə­yə­cə­yi­ni xə­bər ve­rir­lər. Şah özü onun ya­nı­na get­mə­yi qə­ra­ra alır. Ni­za­mi­nin ix­la­sı­nı, söz ilə əmə­li­nin uy­ğun­lu­ğu­nu göz­lə­ri ilə gör­mək is­tə­yir. Qı­zıl Ars­la­nın bu niy­yə­ti qeyb­dən Ni­za­mi­yə əyan olur. İlk gö­rüş an­la­rın­da o, şa­hın gö­zü­nə zər ge­yim­li məc­lis əh­li ara­sın­da daş-qaş­la bə­zə­dil­miş bir təxt üzə­rin­də ba­şın­da qı­zıl tac otur­muş hal­da gö­rü­nür. Şah dər­hal onun aya­ğı­na dü­şür, səc­də edir. Elə bu an­da özü­nü bir ma­ğa­ra­nın önün­də də­ri üzə­rin­də otur­muş, qar­şı­sın­da təşt, vu­zu al­maq üçün sü­ra­hi, Qu­ran, səc­ca­də, mö­hür, təs­bih və əsa­dan baş­qa heç nə ol­ma­yan bir qo­ca­nın qa­ba­ğın­da gö­rür. Qı­zıl Ars­lan şai­rin, hə­qi­qə­tən, mə­na­lar alə­mi­nin pad­şa­hı ol­du­ğu­nu an­la­yır və sidq­lə onun qar­şı­sın­da baş əyir. 
Şeyx özü­nün him­mə­ti­lə dün­ya şa­hı­nı şad edə­rək onu mədh­lə­ri ilə göy­lə­rə qal­dı­rır. Şa­hın şöh­rə­ti Şey­xin "Xəm­sə”si ilə dün­ya­ya ya­yı­lır.
 Əta­yi Ni­za­mi­nin "Xos­rov və Şi­rin” poe­ma­sın­da ək­si­ni ta­pan bir əh­va­la­tı nəql edə­rək şai­rin Gən­cə­nin 30 ağac­lı­ğın­da Qı­zıl Ars­lan­la olan gö­rüş səh­nə­si­nin təs­vi­rin­də or­ta əsr təz­ki­rə mü­əl­lif­lə­ri­nin mə­lu­mat­la­rı­na əsas­la­nan bu he­ka­yə­sin­də Qı­zıl Ars­la­nın şai­rə olan eh­ti­ra­mı­nı xü­su­si vur­ğu­la­ya­raq Şah və sə­nət­ka­rı qar­şı­laş­dı­rır. Sə­nət­ka­rın rüt­bə­si­nin da­ha uca ol­du­ğu­nu təs­diq­lə­yə­rək Ni­za­mi sə­nə­ti­nin onun kə­ra­mə­tin­dən qat-qat üs­tün ol­du­ğu­nu bil­di­rir. 
 Ni­za­mi ənə­nə­lə­ri Əta­yi "Xəm­sə”si­nin 4-cü əsə­ri "Həft xan” məs­nə­vi­sin­də də özü­nü ay­dın gös­tə­rir. Əta­yi­nin 1628-ci il­də bi­tir­di­yi bu əsər Ni­za­mi­nin "Həft pey­kər” poe­ma­sı vəz­nin­də olub, yed­di rə­qə­mi­nin qey­ri-adi­li­yi, rəng­lə­rin fəl­sə­fi şər­hi, eş­qin tə­səv­vü­fi mə­na­sı və baş­qa hə­ya­ti mə­sə­lə­lə­ri əha­tə edir. Poe­ma, əsa­sən, yed­di he­ka­yə­dən iba­rət ol­du­ğu üçün "Həft xan” ad­la­nır. 
 "Həft xan” klas­sik ədə­biy­yat­da "Şah­na­mə” qəh­rə­man­la­rı Rüs­tə­min, İs­fən­di­ya­rın gös­tər­dik­lə­ri igid­lik­lər­lə bağ­lı ter­min ki­mi məş­hur­dur. Bu söz "yed­di süf­rə” mə­na­sın­da da an­la­şı­la bi­lər. Möv­zu ba­xı­mın­dan Ni­za­mi ilə bağ­lı olan bu əsər onun "Həft pey­kər” əsə­ri­nə ca­vab ola­raq ya­zıl­sa da, əsa­sən mən­sub ol­du­ğu ədə­biy­ya­tın sə­ciy­yə­vi ciz­gi­lə­ri, şai­rin ya­ra­dı­cı­lıq ax­ta­rış­la­rı­nın ək­si ilə özü­nə­qə­dər­ki ey­ni möv­zu­lu poe­ma­lar­dan iba­rət­dir. 
Əsə­rin məz­mu­nu ta­ma­mi­lə ye­ni­dir. Mi­na­cat, nət, zə­ma­nə şa­hı­nın məd­hi və baş­qa ənə­nə­vi fə­sil­lər­dən son­ra gə­lən "Sə­bə­bi-tə­li­fi-ki­tab və bai­si-nəz­mi-göv­hə­ri-nab” fəs­lin­də əsə­rin ya­zıl­ma sə­bəb­lə­ri açıq­la­nır. Əta­yi "Xəm­sə”si­nə da­xil di­gər məs­nə­vi­lər ki­mi bu əsə­ri­ni də dost­la­rı­nın is­rar­lı tək­li­fi ilə yaz­dı­ğı­nı bil­di­rir. 
Bir ba­har gü­nün­də dost­la­rı ilə gəz­mə­yə çı­xan şa­ir on­lar­dan bi­ri­nin əlin­də Ni­za­mi­nin "Yed­di gö­zəl” əsə­ri­nin ol­du­ğu­nu gö­rür:
 
Nagəhan açdı bir feriştəxisal
Bir kitabi-bədii-fərruxfal. 
"Həft petkər” xücəstə nami idi, 
Nəzmi-Şeyxi-fəni-Nizami idi. 
Oxuyub biz güzel hikayətini
Dinlədik işk ilə rivayətini. 
Olunub midhətində haqqı əda, 
Oldu nəzmi müsəlləmi-zürəfa. [2, s.217]
 
 Dost­lar Ni­za­mi­nin bu əsə­ri­ni oxu­yub onun haq­qın­da müx­tə­lif rəy­lər söy­lə­yir, mü­ba­hi­sə edir­lər. Əta­yi bu mü­ba­hi­sə­lər­də Ni­za­mi sə­nə­ti­ni yük­sək qiy­mət­lən­dir­mək­lə ya­na­şı, şai­rin mə­həb­bət­lə bağ­lı gö­rüş­lə­ri üzə­rin­də da­ha çox da­ya­na­raq sə­lə­fi­nin dün­yə­vi eşq, re­al in­sa­ni duy­ğu­la­rı, şai­rin öz di­li­lə de­sək, "mə­ca­zi mə­həb­bə­ti”[7] tə­rən­nüm et­mə­si­nə tən­qi­di ya­na­şır, Ni­za­mi əsər­lə­rin­də mə­həb­bə­tin hə­ya­ti ma­hiy­yə­ti­nin əks olun­ma­sı­na eti­raz edir:
 
İşk idər Kuhi-Qafi əfkəndə, 
İşk qandavu bu nəva qanda?
İşk olur aşiqə dəlili-fəna, 
İşk edər padşahi-dəhri-gəda. 
İşk tərki-səri əmanidir, 
Bəlkə məhvi-vücudi-fanidir...
İşkmidur bu kim olub tənha, 
İde məhbubəsilə zövqü səfa?... [2, s.217]
 
 Əta­yi Ni­za­mi­nin Bəh­ram ob­ra­zı ilə də ra­zı­laş­mır. Şa­hın yed­di rəng­də gün­bəd­lər tik­di­rib, hər gün mü­va­fiq rəng­li pal­tar ge­yi­nib bir gün­bə­də ge­dib, bir öl­kə­nin şah­za­də­si ilə ge­cə­ni ke­çir­mə­si­nə eti­raz edir. Şa­ir Ni­za­mi qəh­rə­man­la­rı­nın hə­yat­se­vər­li­yi, dün­ya ne­mət­lə­rin­dən fay­da­lan­maq, hə­ya­ti gö­zəl­lik­lər­dən zövq al­ma­la­rı­nı tən­qid edə­rək zə­ma­nə­si­nin ha­kim gö­rüş­lə­rin­dən olan tə­səv­vü­fi möv­qe­də du­rur. Müt­ləq gö­zəl­li­yi, hər cü­rə nəf­sa­ni eh­ti­ras­dan uzaq ila­hi eş­qi tə­rən­nüm edə­cə­yi­ni bil­di­rir. 
Məz­mu­na keç­məz­dən əv­vəl ata­sı­nı xa­tır­la­yan şa­ir onu yu­xu­da gör­dü­yü­nü, ata­sı­nın ona bir za­man­lar baş­la­dı­ğı işi da­vam et­di­rib ba­şa vur­ma­ğı tap­şır­dı­ğı­nı qeyd edə­rək, məhz ata­sı­nın bu və­siy­yə­tin­dən son­ra "Həft­ xan” əsə­ri­ni yaz­ma­ğa qə­rar ver­di­yi­ni bil­di­rir. 
Əsə­rin qı­sa­ca məz­mu­nu be­lə­dir:
 "Kons­tan­ti­ni­yə şə­hə­rin­də bir nə­fər aşiq vi­ra­nə­lər kün­cün­də qa­lıb ge­cə-gün­düz ahu fər­yad et­mək­də­dir. Ona kö­mək et­mək is­tə­yir­lər, nə­si­hət ve­rir­lər, an­caq heç bir fay­da­sı ol­mur. Dost­la­rı bir ye­rə yı­ğı­şıb ça­rə ax­tar­ma­ğa baş­la­yır­lar. Ki­mi­si ona Kə­bə­yə, öv­li­ya dər­ga­hı­na ge­dib tə­va­fı ic­ra et­mə­yi, ki­mi­si onu Qa­ra­ca Əh­məd mə­za­rı­na apar­ma­ğı, ki­mi­si qı­zıl sərf edib onu sa­rı­lıq xəs­tə­li­yin­dən qur­ta­rıb Sa­rı Sal­tık Ba­ba­ya qur­ban ver­mə­yi məs­lə­hət gö­rür. Bi­ri­si de­yir ki, bu, bir səbz­xət­tə aşiq ol­du­ğu üçün ya­şıl­lıq­la­rı seyr et­mə­li­dir. Baş­qa bi­ri­si onun qan­lı göz yaş­la­rı­nı gös­tə­rərək bağ­rı­nın qan ol­du­ğu­nu bil­di­rir və Qı­zıl Də­li Sul­tan­dan kö­mək is­tə­mə­yi la­zım bi­lir. Ki­mi­si onun bə­də­nin­də göy ni­şa­nın sa­ğal­maz ya­ra ol­du­ğu­nu söy­lə­yib onu Göy Su­ya qoy­ma­ğı, ki­mi­si Sən­dəl şə­ra­bı içir­mə­yi töv­si­yə edir, ki­mi­si Ağ Ba­ba­nın su­yu­nu iç­mək­lə şə­fa ta­pa­ca­ğı­nı bil­di­rir. 
Be­lə­lik­lə, yed­di rəng­lə bağ­lı xəs­tə­lik və şə­fa yol­la­rı xa­tır­la­nır. 
Nə­ha­yət, yed­di sa­diq dost onun ba­şı­na top­la­şıb on­lar­dan hər gün bi­ri­si­nin aşi­qa­nə he­ka­yə söy­lə­mə­yi, bu yol­la ona təs­kin­lik ve­rib qəm-qüs­sə­ni unut­dur­ma­ğı qə­ra­ra alır­lar. Dost­la­rın yed­di gün ər­zin­də söy­lə­dik­lə­ri he­ka­yə­lə­rin ço­xu da müt­ləq gö­zəl­lik və tə­səv­vü­fi eşq haq­qın­da­dır. 
Hər he­ka­yə­dən son­ra bir qə­dər aram tu­tan aşiq yed­di he­ka­yə ta­mam olun­ca özü­nü mə­şu­qə­si­nin mə­ka­nın­da gö­rür. 
 Ni­za­mi tə­si­ri, əv­vəl­də də qeyd et­di­yi­miz ki­mi, şai­rin "Xəm­sə”si bo­yu özü­nü bu və ya di­gər də­rə­cə­də gös­tə­rir. Onu da qeyd edək ki, şa­ir, ey­ni za­man­da öz bö­yük sə­lə­fi­nin ar­dı­cıl­la­rı olan Xos­rov Dəh­lə­vi, Ca­mi, Taş­lı­ca­lı Yəh­ya və baş­qa gör­kəm­li sə­nət­kar­la­rın ir­si ilə ya­xın­dan ta­nış ol­muş, ye­ri düş­dük­cə özü­nə qə­dər­ki ədə­bi-bə­dii nai­liy­yət­lər­dən bəh­rə­lən­miş­dir. Bu­nun­la be­lə, məz­mun­dan da ay­dın gö­rü­nür ki, möv­zu­nun Ni­za­mi ya­ra­dı­cı­lı­ğı ilə bağ­lı ol­ma­sı­na və şai­rin özü­nün Ni­za­mi­dən tə­sir­lən­mə­si­nə, hət­ta əsər­lə­rin­də onu təq­lid et­mə­si­ni də­fə­lər­lə qeyd et­mə­si­nə bax­ma­ya­raq, Əta­yi heç bir əsə­rin­də Ni­za­mi­ni tək­rar et­mə­miş, Ni­za­mi­nin "Həft pey­kər” əsə­ri­nə bi­la­va­si­tə nə­zi­rə ki­mi qə­lə­mə al­dı­ğı "Həft xan” əsə­rin­də də ta­ma­mi­lə ori­ji­nal bir yol­la ge­də­rək da­ha çox türk mü­hi­ti, doğ­ma məi­şə­tin­dən ay­rıl­maz­lı­ğı ilə se­çil­miş­dir. Şa­ir bu əsə­ri­ni özü­nün hə­ya­tı ilə əla­qə­lən­dir­di­yi­ni qeyd edə­rək ya­zır:
 
 
Gərçi ustadlar idüb icad,
Urdular həft günbədə bünyad. 
Hər kitab oldu rəşki-səbiyyat, 
Səbədur hasili o türfə nükat. 
...Etmədüm məşq o vadiyə bu həqir, 
Eylədim həsbi-halımı təhrir. 
Həsbi-hal olsa dastan deyicək, 
Kimə yalan isə bana gerçək. [1, s.220]
 
 Qu­ru­luş, kom­po­zi­si­ya ba­xı­mın­dan ori­ji­nal cə­hət­lə­rə ma­lik olan bu əsər­də­ki das­tan­lar öz tə­səv­vü­fi sə­ciy­yə­si ilə Ni­za­mi poe­ma­sın­da­kı he­ka­yə­lər­dən fərq­lə­nir. Əta­yi əsə­rin­də Ni­za­mi­nin rəng­lər ba­rə­də­ki fəl­sə­fi-bə­dii dü­şün­cə­lə­ri­ni xey­li sa­də­ləş­dir­miş, məz­mun­la bağ­lı bə­dii təs­vir­lə­ri­ni gün­bəd, gö­zəl­lə­rin ge­yi­mi və ul­duz­lar­la de­yil, tə­bi­ət alə­mi, sə­ma­nın, gü­nün müx­tə­lif çağ­la­rın­da al­dı­ğı əs­ra­rən­giz gör­kəm və tə­bi­ət­də­ki əl­van­lıq­la əla­qə­lən­dir­miş­dir. Əta­yi məz­mun ba­xı­mın­dan ol­du­ğu ki­mi, əsə­ri­nin poe­tik ru­hu, türk mü­hi­ti, türk məi­şə­tin­dən gə­lən bə­dii va­si­tə­lər­də də ənə­nə­vi­lik­dən uzaq­laş­ma­ğa ça­lış­mış, doğ­ma xalq mə­səl­lə­ri, türk xal­qı­na məx­sus adət-ənə­nə­lə­rin təs­vi­ri, qə­dim türk söz­lə­ri, "Ki­ta­bi-Də­də Qor­qud”da qar­şı­laş­dı­ğı­mız de­yim və ifa­də­lər, türk ata­lar söz­lə­ri, xalq mə­səl­lə­ri iş­lət­mək­lə əsə­rin məz­mun və bə­dii üs­lu­bun­da­kı türk əhva­li-ru­hiy­yə­si­ni bir da­ha qüv­vət­lən­dir­miş­dir. 
 Bü­tün bun­lar­la ya­na­şı, Əta­yi "Xəm­sə”si­ni təş­kil edən di­gər məs­nə­vi­lər ki­mi, "Həft xan” əsə­rin­də ədə­bi tə­sir də özü­nü qa­ba­rıq gös­tər­mək­də­dir. Əta­yi, xü­su­si­lə öl­kə­nin əda­lət­lə ida­rə­si, hökm­dar və xalq mü­na­si­bət­lə­ri, şa­hın rə­iy­yə­tə qay­ğı­sı və baş­qa bu ki­mi ic­ti­mai mə­sə­lə­lə­rə yer ver­mək­lə Ni­za­mi­ni iz­lə­miş­dir. Şa­ir, hət­ta mə­həb­bə­tə həsr et­di­yi he­ka­yə­lə­rin­də də, ye­ri düş­dük­cə, öl­kə­nin ida­rə­si mə­sə­lə­lə­ri­nə to­xu­nur və sə­lə­fi ilə səs­lə­şən mü­la­hi­zə­lər söy­lə­yir. 
 Bu ba­xım­dan "Həft xan”da yer alan Mah­mud Sə­buk­tə­kin ilə Ayaz haq­qın­da­kı das­tan xü­su­si­lə ma­raq­lı­dır. He­ka­yə­də ha­ki­miy­yə­tə ye­ni­cə keç­miş gənc Mah­mu­da onu əha­tə edən bəd­xah və­kil-vü­kə­la da­im təz­yiq gös­tər­dik­lə­ri və öl­kə­nin əda­lət­lə ida­rə olun­ma­sı­na ma­ne­çi­lik tö­rət­dik­lə­ri təs­vir olu­nur. Nə­ha­yət, gənc hökm­da­ra yal­nız öz fi­ra­van ya­şa­yış­la­rı­nı dü­şü­nən, xal­qın qay­ğı­sı­na qal­ma­yan bu döv­lət adam­la­rı­nın əsas si­ma­sı mə­lum olur, onu göz­lə­yən acı­na­caq­lı aqi­bə­ti dərk edən şah ya­tar­kən yu­xu­da nu­ra­ni bir qo­ca­nın ona:
 
Yeni tərh içrə köhnələr neylər?
Bağı-novdə quru şəcər neylər?
Xasü xaşakı eyləyib kəndə, 
Bisəmər şaxı etsün əfkəndə. [2, s.321]
 
– de­yə­rək öyüd ver­di­yi­ni gö­rür. Şah ayı­lan ki­mi nu­ra­ni pi­rin et­di­yi nə­si­hət­lə­rə əməl edir, bu­nun­la da öl­kə­ni və özü­nü fə­la­kət­dən qur­ta­rır. 
Bu əh­va­lat bi­zə Ni­za­mi­nin "Sir­lər xə­zi­nə­si” əsə­rin­də 15-ci mə­qa­lə­də­ki Mərv­də ya­şa­yan ca­van şah­za­də­nin he­ka­yə­si­ni xa­tır­la­dır. Bu he­ka­yə­də də köh­nə döv­lət adam­la­rı­nın öl­kə­nin ida­rə­si­nə mü­da­xi­lə­sin­dən ca­na gəl­miş gənc şah­za­də yu­xu­sun­da ona nu­ra­ni qo­ca­nın be­lə nə­si­hət et­di­yi­ni gö­rür:
 
کای مه نو برج کهن را بکن         وای گل نو شاخ کهن را بزن
تا به تو ملک مقرر شود              عیش تو از خوی تو خوشتر شود[5, s.198] 
 
 (Ey ye­ni ay, köh­nə bür­cü qo­par. Ey tə­zə gül, köh­nə bu­da­ğı sın­dır. Ta ki, mülk­də ra­hat qə­rar tu­ta­san. Sə­nin əh­va­lın xa­siy­yə­tin­dən xoş ol­sun). 
Gö­rün­dü­yü ki­mi, hər iki şa­ir gənc­li­yə üz tu­ta­raq köh­nə döv­lət xa­dim­lə­ri­nin zə­rər­li fəa­liy­yə­ti­ni pis­lə­mək­lə ona öl­kə­nin in­ki­şa­fı­na ma­ne­çi­lik tö­rə­dən­lər­dən bir­də­fə­lik ya­xa qur­tar­ma­ğı töv­si­yə edir. 
 Əta­yi ye­nə hə­min he­ka­yə­də Aya­zı bir ço­ban ki­mi təs­vir edə­rək onun di­li ilə ço­ba­nın sü­rü­yə nə­za­rə­ti­ni şa­hın öl­kə­yə və rə­iy­yə­tə qay­ğı­sı ki­mi mə­na­lan­dı­rır:
 
Güsfəndim rəiyyətim kibidür, 
Səglər avani-mülkətim kibidür. 
...Bəndə daim olub himayətdə, 
Payidarım məqami-xidmətdə. 
Birisi gürgdən görüb bidad, 
Şəbi-tar içrə eyləsə fəryad. 
Bilirəm eyni ilə nalanı, 
Varub azad eylərün anı. [2, s.223] 
 
 Əta­yi­nin bu mis­ra­la­rı məz­mun və bə­dii təq­dim tər­zi­lə Ni­za­mi­nin "Yed­di gö­zəl” əsə­rin­də ov za­ma­nı qar­şı­laş­dı­ğı iti­ni ağac­dan asan ço­ba­nın sər­gü­zəş­tin­dən ib­rət alan Bəh­ram şa­hın de­di­yi aşa­ğı­da­kı mis­ra­lar­la ya­xın­dan səs­lə­şir:
 
گفت با خود کزین شبانه پیر              شاهی آموختم زهی تدبیر
در نمودار آدمیت من                      من شبانم گله رعیت من
این که دستور تیزبین من است           در حفاظ گله امین من است
[4, s.784] 
 
 (Öz-özü­nə de­di ki, bu qo­ca ço­ban­dan şah­lıq öy­rən­dim, mən in­san­lıq öy­rən­dim, Mən in­san­lıq əla­mə­ti­mə gö­rə ço­ba­nam, sü­rü mə­nim rə­iy­yə­tim­dir. Mə­nim iti gö­rən və­zi­rim isə sü­rü­nü qo­ru­maq­da inan­dı­ğım kəs­dir.) 
Gə­ti­ri­lən bu nü­mu­nə­lər­də Ni­za­mi­nin "Xəm­sə”də özü­nün ay­dın ək­si­ni ta­pan xalq içə­ri­sin­dən çıx­mış sa­də zəh­mət ada­mı, müd­rik el ağ­saq­qa­lı­nın di­li ilə şa­ha nə­si­hət et­mək, əda­lət yo­lu­nu öy­rət­mək ki­mi bə­şə­ri ide­ya­nı Əta­yi də əsə­rin­də özü­nə­məx­sus tərz­də əks et­di­rir. 
 Bü­tün bun­lar bir da­ha təs­diq edir ki, Nə­vi­za­də Əta­yi Ni­za­mi­nin bə­dii ya­ra­dı­cı­lıq­da əsas­lan­dır­dı­ğı qa­baq­cıl ədə­bi ənə­nə­lər­dən kə­nar­da qal­ma­mış­dır. Sə­lə­fi­nin Şər­qin bə­dii fi­kir ta­ri­xi­nə gə­tir­di­yi yük­sək bə­şə­ri ide­al­la­rı mil­li ədə­biy­ya­tın sə­ciy­yə­vi xü­su­siy­yət­lə­ri, zə­ma­nə və mü­hi­tin ədə­bi-bə­dii is­tə­yi ilə mə­ha­rət­lə uyuş­du­ra­raq Ni­za­mi ya­ra­dı­cı­lı­ğı­nın ic­ti­mai-si­ya­si ma­hiy­yə­tin­dən özü­nün bə­dii məq­sə­di və döv­rün tə­ləb­lə­ri­nə mü­va­fiq tərz­də fay­da­lan­mış­dır. 
[1] Ətayinin əsərlərindən gətirilən nümunələr müasir Azərbaycan əlifbası ilə verilmiş və dilimizin üslubuna uyğunlaşdırılmışdır.
[2] Bid – söyüd
[3] Tak – tənək
[4] Bikəran – ucsuz-bucaqsız, sahilsiz
[5] Bənan – barmaq
[6] Beytin birinci misrası Ətayinin "Nəfxətül-əzhar”ında تیغ از الماس سخن ساختم yazılmışdır.
[7] Məcazi eşq dedikdə şair burada həyati, real eşqi nəzərdə tutur.

SİZƏ MARAQLI OLA BİLƏR