Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Nizami Gəncəvi - 880

Kosmik sirlər əhatəsində... Nizaminin kəfkiri - Cavanşir Yusifli

29-01-2021 [ 11:35 ] [ oxunub:169 ]
printerA+ | A-
100460

Ara-sıra, bəzən də yeri gəldi-gəlmədi Nizami Gəncəvi, onun əsərlərinin poetik və filoloji tərcüməsi, Nizaminin şair və filosof kimi miqyası və sair haqqında mübahisələr başlayır və su qumluqda necə birdən-birə yox olursa, o mübahisələr də qəfildən havaya sovrulur, efirə qarışır, heç olmamış kimi. Bunun bircə səbəbi var ki, məsələnin qoyuluşu bütün təsadüflərdə səhvlərlə müşayiət olunur. Bəzən insanlar özlərində bərk təşviş, narahatlıq, dünya boyda boşluq və mənasızlıq hiss etdikdə xaotik şəkildə "bir qocaman dağ kimi dəryada duran" ismlərin üstünə yürüş edir, olur ki, yarı yolda bu xaotik durum düzəlmiş kimi olur, elə o saat bayaq təlaşdan bağrı çatlayan şəxslər geriyə dönüş yolunu axtarırlar və bu zaman onlara məhz həmin dağ kimi dəryada duran mayak kömək edir. Bu məqamda "İsgəndərnamə"də adıkeçən "Cənnət şəhəri" xatırlanır. Böyük fateh İsgəndər qoşunu yolun kənarına çəkir, bir neçə nəfərlə bayaq gördüyü çox qəribə, indiyə qədər rastlanmadığı bir şəhərin qapılarından içəri keçir. Onu kamali-ədəblə qarşılayır, saraya gətirirlər. İsgəndər şəhərdəki dükanların, ev-eşiyin qapılarının açıq olduğunu görüb heyrət içində onlardan soruşur ki, siz bu qədərmi güclüsünüz, siz özünüzdən bu qədərmi əminsiniz ki, mal-mülkün qarət edilməsindən qorxmursunuz? Cavab verilir ki, biz güclü deyilik, zəifik, çox zəifik, ancaq bizim imanımız, dinimiz var. Bu mənada Nizami əsərlərinin yolgöstərən, hikmət qaynağı olması sıradan bir hadisə deyildir, əksinə, dünya tarixi və mədəniyyətinin, heç şübhəsiz ki, ilahi mənbənin gələcək üçün (yəni olan-qalan bütün zaman üçün -!) hazırladığı fenomendir. Yəni Nizami Gəncəvi hadisəsinin mədəniyyətin daxilindəki saf materiyanın tədriclə, illər, əsrlər boyu toplanıb ərsəyə gəlməsilə bərabər bu ilahi faktor da nəzərə alınmalıdır. Bir qayda olaraq bu kosmik hadisədən sonra mədəni inkişaf tənəzzülə də tuş gələ bilər və çox zaman belə də olur, belə bir nəhəng epik ənənə, fəlsəfi vüsət zirvəsi zamanla daha görünməz və əlçatmaz olur; missiya o böyük, ucsuz-bucaqsız ərazidə ucalan zirvənin ətrafında sanbalca ona yaxın olan zirvələrin yaranması və bütün dünyanı, insanın daxili aləminin bütün incəliklərini kapsayan sistemin yaradılmasıdır. Yəni bu hadisədə ətrafı, mədəniyyətə aid "kəsikləri" tənəzzülə uğratmaqla onları yenidən canlandırmaq, dolğunlaşdırmaq funksiyası bir ruhun, bir sistemin içindədir. Ona görə də ən ultra-müasir mədəni, ədəbi-bədii hadisədən baxanda Nizami zirvəsi hökmən fəhm edilir.  

Və bütün mübahisələr bir qayda olaraq ciddi araşdırmaların sayı tükənəndə, yaxud bu sahədə heç bir ciddi hadisə baş verməyəndə başlayır. Ancaq vaxtilə deyək ki, Mikayıl Rəfili bu mövzulardan yazanda yaranan suallar şairin əsərlərində sözün dərinliyi, mənanın kosmik ölçüsü... və sair bu kimi cəhətlərlə bağlanardı. Nizami Gəncəvi yaradıcılığı belə deyək, hər hansı mövzu haqqında ən müxtəlif yönlərdən fikir yürütməyə, təhlillər aparmağa imkan verir, sən bir təsadüfdə bu yönlərdən yalnız biri haqqında yaza bilirsənsə, demək, digər sirli qapıları açmağa fürsətin və imkanın olmursa və sənin yazıda cızdığın xətlə Mikayıl Rəfilinin (eyni zamanda digər böyük filoloqların) yazdıqları bir nöqtədə assosiativ olsa belə qovuşmursa, problemin özündə olduğunu düşünməlisən.

Yaxud başqa bir misal, müasir poeziya ilə müqayisədə klassik təfəkkürün parlaqlığı məsələsi. Bu iki təfəkkür tipinin bir-birinə uyuşmaması, yadlığı, bir-birini dəf etməsi problemi. Başqa sözlə, Nizamini sirli, əbədi, tükənməz edən nədir? Klassik poeziyada relyativlik - sözlər arasındakı əlaqələr R.Bartın yazdığı kimi, bu poeziyanın icad yox, ifadə aləmi olmasıyla səciyyələnir. Bart elə belə də yazır: sözün, sanki qürurun qeyzli və gözlənilməz hücumuna tab gətirməyib fərdi insan təcrübəsinin bütün dərinliyinivə təkrarolunmazlığını aşkara çıxardığı sonrakı epoxadan fərqli olaraq, klassik poeziyada onlar (sözlər) incə və dekorativ nizamın tələblərinə tabe olaraq səth üzərində düzülürlər. Bizi onların gücü və gözəlliyi deyil, vəhdəti heyran edir. Və həmişə bu əlaqələrin, bu vəhdətin sayəsində hər an yeni-yeni məna intensiyaları dikəlib-qalxır. Klassik dildəki söz həmişə eyni, təkrarlanan münasibətlərin çəmbərində yeyilərək ritorik fiqurların alətinə çevrilir.

Vaxtilə Höte Aleksandrin şeirindən gələn ənənənin müasir şeir üzərindəki təzyiq gücünü azaltmaq istəyirdi - nitqin relyativ intensionallığını məhv edib onun yerinə ayrı-ayrı sözlərin partlayış gücünü qoymaq. Klassik poeziyada, məsələn, Nizaminin lirikasında əsas olan sözlərin bətninə hopduqca hopan, orada dünyalar inşa etmiş həqiqəti göstərmək inadı güclüdür, müasir poeziyada hərəkət, hisslərin dinamikası və musiqililik önə çıxır. Həqiqət adında dərin-dərin dəryalardan sözdəki partlayış gücünə qədərki yol dünyadan qoca və müdrikdir, hər şey onların təmas tapdığı məqamlardadır və bu kontakt, bu dəruni təmas heç zaman vizuallaşmır, sadəcə baş verir və mənalar səltənətini qurub-yaradır. Rus poeziyasında Brodski niyə ayrıca bir ada təsiri bağışlayır, yaxud fransızlarda Anri Mişo və ya Pyer Emmanuel? Klassik poeziya ilə modern ədəbiyyatın heç zaman qırılmayan bir əlaqə, bağlantı nöqtəsi var - bunu hifz etdiklərinə görə. O mənada sovet dövründə Nizami Gəncəvidən edilən poetik tərcümələr bizim ədəbi prosesə böyük təsir etdi. Nizami Gəncəvi lirikasında söz iki ölçüdə - üfüqi və şaquli ölçüdə mövcuddur, müasir poeziyada bunlardan yalnız biri - şaquli ölçü hökm sürür. Müasir poeziya sözlər arasındakı relyasiya əlaqələri itdiyindən dərinlik və səth bir nöqtədə qərar tutur. Mütaliə, öyrənmə yolu ilə klassikanın modern poeziya və ədəbiyyata təsiri bu iki "bitişmiş" səviyyəni bir-birindən aralayır, yeni dünya qurur, nəticədə yerlə göy arasında insan hisslərinin burulğanı sözlərin dəf edilməsi ilə sonuclanır.

 

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,

Hər nəfəs çəkdim, hədər getdi o saat sənsiz...

...Yenə tövbə evimi eşq xərab etmədədir,

Aşiq iftarını sevda meyi-nab etmədədir...

 

Janr nə qədər qəliblər içində olsa da, mütləq başlanğıcdır və belə olduğu üçün də yaradıcılığı azadlıq aktına çevirə bilir. Anın və əbədiyyətin qəzəldə anidən birləşib hisslərin bütün tarixini göstərməsi əslində, nə qədər aydın ifadə olunsa da "izahsızlıq aktını" önə sürür. Başlyar demişkən, "Obraz həyatın üzərində elə bir yüksəkliyə ucalır ki, həyat onu izah etmək gücündən məhrum olur". Çünki "şair peşə vərdişlərini tətbiq edirsə, bunu yalnız ikinci dərəcəli vəzifələrin icrası naminə edir - yəni obrazları biri-birilə əlaqələndirmək üçün. Ancaq obrazın bütün həyatı bir parlaq anın ömrünə sığınır, bu onunla əsaslanır ki, obraz bizə hiss orqanlarımızın ötürdüyü istənilən informasiyanın sərhədlərindən çox-çox uzaqlarda yerləşir". 

 

***

Bu il Nizami ilidir. Nizami Gəncəvi haqqında sanballı nələrsə etmək üçün onu dərk eləmək, müasir elm səviyyəsində normal öyrənmək lazımdır. Bunsuz mümkün olmayacaq. İndi burda çox görüləsi işləri sadalamaq olar, ancaq onların hər birini Nizamini bilmədən, mövcud biliklərə arxayınlaşıb eləsək, onda formal nələrsə alınacaq, həmişə olduğu kimi. Mən "Nizamini anlamaq üçün çox dil bilmək lazımdır" deyəndə elə anlaşılmasın ki, təkcə əsərlərini yazdığı dil nəzərdə tutulur, indi ərəb və fars dilini doğrudan çox mükəmməl bilən alimlər var, ancaq hər bir şairin ayrıca, yazdığı təbii dildən fərqlənən dili, yaxud dilləri olur. Yəni kadrlar düzgün, təyinatı üzrə hazırlanmalıdı, ancaq məsələ odur ki, kadr qıtlığı yaşanır. Mütəxəssis hər şeydən əvvəl düzgün əxlaq və münasibət deməkdir, o, ustadına baxıb elə məziyyətləri götürməlidir ki (hamı ustaddırsa, kimdir müqəssir?), yazdığı hər sətirdə məsuliyyət və vicdan hissindən başqa nəsə olmasın. Elmlə məşğul olmağın yolu məşəqqətdir, indi yazılan işlərin çoxu, "arxeologiyadır", yəni başqalarının fikir və ideyaları üstündə qazıntı aparmaqla alim olmaq olmaz. Baxın, Füzuli haqqında nə qədər iş yazılıb, biri o birinin əkiz tayıdır, yəni klassiklər haqqında ancaq ümumi səciyyəli əsərlər yazılacaqsa bu o demək olacaq ki, biz bu imzanı tanımırıq (tanınma işarəsi yoxdur... -!), tanımaq fərq deməkdir, klassiki aid olduğu poetik sistemə uyğun şəkildə, həm də fərqlərin (dövrünə, zəmanəsinə qarşı müqavimətdən doğan fərqlər) qovuşağında araşdırmaq zənnimizcə, daha perspektivlidir. Bu və digər arqumentlərin hamısını sadalasaq məlum olacaq ki, əslində, Nizami kimi bir klassiki araşdırmaq çox çətindir, xüsusi təlim, xüsusi və ixtisaslı təhsilin olmasını tələb edir. Bunlar hazırda yoxdur. Nə etməli? Yaxşı ki, Prezident Sərəncam imzaladı, bu Sərəncamın mənası həm də qarşıdan gələn illərə aid edilməlidir, yəni bunu biz belə anlamalıyıq, statistika xətrinə işlər çox az olmalıdır.

Nizami dünya ədəbiyyatı və fəlsəfi-estetik firkinin elə fiqurlarındandır ki, bütün zamanları kapsayır, gənc ədiblər bütün kitablardan öncə onu oxumalıdırlar, çünki onun verdiyi informasiya enerjisi tükənməzdir, Nizami poeziyası insanın daxilində təkcə yazı üçün gözəl intibalar yaratmır, insanın, mütəxəssisin, yazarın formalaşmasında böyük rol oynayır. Sovet dönəmində icra edilən poetik tərcümələrə baxın, bu nəhəng və çətin işin o tərcüməçi şairlərin yaradıcılığına təsiri danılmazdır. Rəsul Rzanın poetik istedadı ən çox "Xosrov və Şirin"in tərcüməsindən görünür. Səməd Vurğunun fəlsəfi çalarlı epik əsərlərinin hamısında Nizamidən qətrələr var. Elə işlər görmək lazımdır ki, insanlar çox yazmaqdan bezsinlər və qorxsunlar, zənnimizcə, bizə bu, indilərdə çox lazımdır. Orhan Pamukun nailiyyətlərinin yüzdə yüzü klassikadan gələn böyük və qarşısıalınmaz təsirlərin hesabınadı. Bir sıra Avropa yazarları da Nizamidən bəhrələniblər. Nizamidən keçməyən yazarın nə yazması çox maraqsızdı.

Nizami haqqında ən yaxşı araşdırmalar təkrar nəşr edilməlidir.

İndiyə qədər dilimizə çevrilməyən araşdırmalar varsa, tapılıb nəşr edilməlidir.

Ən ümdəsi Nizamini izmlərə uymayan, dərin hissiyatlı insanlar öyrənməlidir.

Sonda tamamlayıcı olmayan, son nöqtənin qoyulmasını aradan qaldıran bir şey deyim: Abbas Kiarostaminin "Şirin" filmi var, ancaq filmi seyr edən qadın tamaşaçıların üzlərini görürük və filmin həyəcan və təlaşla dolu səhnələri bu insanların üzlərindən oxunur. Yəni, biz istəsək də, istəməsək də daim Nizaminin qələmə aldığı əfsanələri izləyirik və taleyin bəlli məqamında o səsləri eşidirik də... Saatın kəfkiri tərpənir, tərpəndikcə içimizdəki həyəcanları həmin əfsanələrin məğzinə qatır...

"Ədəbiyyat qəzeti". 2021, 13 yanvar

SİZƏ MARAQLI OLA BİLƏR